Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasəti sayəsində uğurla reallaşan inkişaf, tərəqqi - qələbə konsepsiyasının əsas amilləridir
Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasəti sayəsində uğurla reallaşan inkişaf, tərəqqi - qələbə konsepsiyasının əsas amilləridir


Təcavüzkar Ermənistanın hökumət başçısının onun üçün sırf kapitulyasiya sənədi olan bəyanata Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər imza atması dünya hərb tarixinə düşən möhtəşəm qələbələr sırasında yeni bir səhifə təşkil edir. Ərazilərimizin 20 faizini qəsb etmiş nankor qonşularımızın 30 ildən bəri orada möhkəmlənərək sülhyaratma prosesindən hər vasitə ilə yayınmasının və status-kvonu dəyişməz saxlamaq cəhdlərinin, nəhayət, tam iflasa uğraması Azərbaycanın ilbəil artan siyasi, iqtisadi və hərbi qüdrətinin parlaq nümayişi oldu.
Bəli, böyük zəka, güc və cəsarət amillərinin birgə təzahürü olan ildırımsürətli əks-hücum əməliyyatları sayəsində qısa müddətdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa kimi 5 şəhərin, neçə-neçə qəsəbənin, 300-ə qədər kəndin və bir çox mühüm strateji yüksəkliklərin azad olunması, ermənilərin özlərinin də etiraf etdikləri kimi, onların canlı qüvvə və hərbi texnikasının kütləvi məhvi, ehtiyat sarıdan isə son dərəcə çıxılmaz duruma düşərək itkilərin yerini doldura bilməmələri Azərbaycan Ordusunun qələbəsini labüd etmişdir.
Böyük qələbə ona doğru keçib gəldiyimiz keşməkeşli yolun, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, unudulmaz dahi şəxsiyyətin yaratdığı möhkəm bazisin əsasında bərqərar olduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin inamla həyata keçirdiyi ictimai-siyasi, sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində davamlı surətdə möhkəmləndiyi qənaətini bir daha təsdiqləmiş oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider ilk gündən dərin düşünülmüş mühüm tarixi addımlar atmaqla Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik yaratmış, onu birdəfəlik məhvolma təhlükəsindən xilas etmişdir. Məhz, Heydər Əliyevin rəhbərliyi ilə hələ yenicə formalaşan silahlı qüvvələrimiz uğurlu Horadiz əməliyyatı sayəsində 1994-cü il yanvarın 5-də oranı düşməndən geri almış, daha sonra 22 kəndi də işğaldan qurtarmışdır. Bu qələbələr 1994-cü ilin may ayında cəbhədə atəşkəs rejiminin tətbiqini zəruri etmişdir. Həmin ilin sentyabr ayında isə Bakıda karbohidrogen ehtiyatlarının birgə istismarına dair "Əsrin müqaviləsi"nin imzalanması öz qurtuluşuna qovuşmuş Azərbaycanın dirçəliş və inkişaf yoluna çıxmasını, başqa sözlə desək, dövlət müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olmasını təmin etmişdir.
Böyük qələbəni döyüş meydanlarında Azərbaycan əsgərləri - Azərbaycan gəncləri qazanmışlar. Ölkəmizin inkişafında gənclərin rolunu yüksək dəyərləndirən ulu öndər 1999-cu ildə Azərbaycan gənclərinin ikinci forumundakı nitqində bu barədə fikirlərini böyük inamla ifadə etmişdir: "Vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız", - deyən ümummilli lider gəncləri ərazi bütövlüyümüzü təmin edəcək böyük qüvvə kimi görürdü. Hələ sovet dövründə Bakıda ali ümumqoşun komandirləri məktəbinin fəaliyyət göstərməsi, C.Naxçıvanski adına hərbi liseyin yaradılması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində, gələcək qəhrəmanların yetişib formalaşmasında mühüm rol oynamışdır. Bugünkü möhtəşəm qələbənin təməlində bu amillərin rolu danılmazdır.
Dünyada "Əsgərlər qazanır, dövlət rəhbərləri ona öz imzaları ilə möhür vururlar" şəklində işlənən bir ifadə var. Tarixin müxtəlif dövrlərində özünü göstərən belə bir hadisəni bu dəfə məhz Azərbaycan Ordusu təkrarladı. Bu, hərbi qələbənin diplomatik sənəd üzərinə qətiyyətlə daşınması deməkdir. Özü də bu sənədlə Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi vaxtdan bəri ilk dəfədir ki, özünün BMT tərəfindən tanınmış bütün ərazisində ölkəmizin suverenliyini təmin edən konstitusion haqları bərpa olunur.
Böyük qələbə heç də birdən-birə əldə edilməmişdir. Buna qədər də rəşadətli ordumuz dəfələrlə xalqımıza qələbə sevincini dadızdırmışdır. 2016-cı ilin tarixi Aprel döyüşləri - Böyük Qayıdışın başlanğıcı kimi yaddaşlara həkk olunmuşdur. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin arasında atəşkəs sazişi imzalandıqdan sonrakı dövrdə ilk şiddətli döyüşlər kimi tarixə düşmüş bu qarşıdurma bizim ordumuzun parlaq qələbəsi ilə sonuclanmışdır. Əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun strateji əhəmiyyət daşıyan Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 2018-ci ildə isə uğurlu hərbi əməliyyatlar nəticəsində Naxçıvan ərazisində, Sədərək rayonundakı Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi və ətrafı ordumuzun nəzarətinə keçmişdir. Düşmənlə üz-üzə olan rayonun Heydərabad qəsəbəsində yerləşən ərazi 30 il sonra əkin dövriyyəsinə qatılmış, xalqın Böyük qələbəyə inamı daha da artmışdır. Bir il sonra Babakər dağı istiqamətində uğurlar əldə edilib. Yəni müharibədə mənəvi-psixoloji üstünlük beləcə zərrə-zərrə əldə olunur, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif dağılırdı.
Birgə bəyanatın bir özəlliyi də ondadır ki, Sovet İttifaqı dağılandan sonra Gürcüstan, Ukrayna, Moldova və digər dövlətlərdən fərqli, ilk dəfə olaraq, məhz Azərbaycan öz ərazi bütövlüyünü təmin edən bir sənədi dünyanın gözü qarşısında Rusiya lideri ilə imzalamağı bacardı. İkinci Dünya müharibəsindən sonra bir dövlətin qələbə qazanmasına - digərinin təslimçiliyinə dair məhz bu şəkildə anlaşma nə yaxın Şərqdə, nə də digər regionlarda olmayıb. Həmçinin Azərbaycan-Rusiya, Türkiyə-Rusiya strateji balansı bizi müxtəlif güclərin sazişi pozması cəhdlərindən sığortalayır.
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri 27 il idi ki, kağız üzərində qalırdı. Beynəlxalq hüququn tələbləri yerinə yetirilmirdi. Azərbaycan ərazilərinin boşaldılması Ermənistandan tələb olunmurdu. Münaqişənin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bir növ fəaliyyətsiz idilər. Onların bəziləri həmsədrlik statusuna uyğun gəlməyən mövqe tuturdular.
Müzəffər Azərbaycan ordusu BMT TŞ-nın, ATƏT-in 28 ilə edə bilmədiklərini cəmi 44 günə gerçəkləşdirdikdən, Ermənistanın baş naziri təslim haqqında bəyanata imza atdıqdan sonra bəzi dairələrin yenə də erməni təəssübkeşliyinə xidmət edən, Azərbaycanın qələbəsinə dodaq büzən çıxışları heç cür anlaşılan deyil. Dünyanın taleyini həll etmək missiyasında yer almış Fransa rəhbərliyi, həmçinin Kanada rəsmiləri və başqaları bu gün də heç bir əsas olmadan sülh sazişinə, haqqın, ədalətin bərpasına kölgə salmaqdadırlar. Gizli deyil ki, onlar ötən dövrlər ərzində ermənilərin törətdiyi Xocalı qətliamı, Xocavənd, Malıbəyli, Daşaltı, Ballıqaya, Ağdaban, Başlıbel faciələrini beynəlxalq hüquq əsasında birmənalı olaraq soyqırım cinayəti aktı kimi qiymətləndirməyənlərdir.
Atəşkəs razılaşmasının qüvvədə olduğu illər ərzində Ermənistanın silahlı qüvvələri dönə-dönə atəşkəs rejimini kobudcasına pozublar. İlk dövrlərdə Azərbaycana qarşı qondarma DQR ordusunun vuruşduğunu və danışıqlar masası arxasında, məhz "Xankəndi hökuməti"nin olduğunu iddia edən təcavüzkar ölkənin rəhbərliyi həddini o dərəcədə aşmışdı ki, son illərdə artıq özünün birbaşa münaqişə tərəfi olduğunu gizlətmir, qalib ədaları nümayiş etdirir, işğal ərazilərini genişləndirmək niyyətini dilə gətirirdi. Ötən 26 ildə elə ay, elə həftə olmamışdı ki, atəşkəs rejimi şaraitində Azərbaycanın əsgərləri şəhid olmasınlar. Tarixi Aprel döyüşlərindəki məğlubiyyətdən də düşmən ibrət dərsi götürmədi. Bizsə yenə də sülh prosesinə sadiq qalır, münaqişənin dinc yollarla nizamlanmasına ümid bəsləyiridik. Lakin iki il öncə Soros Fondunun, Fransa kimi birtərəfli mövqeyi olan dövlətlərin dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyan özünün məsuliyyətsiz bəyanatları və yersiz hərəkətləri ilə status-kvonu saxlamağa çalışır və dinc sülhyaratma prosesinin perspektivini sıfıra endirirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də sülh danışıqlarının effekt verəcəyindən ümidini tamamilə üzən Azərbaycan Silahlı Qüvvələri erməni hərbçilərinin atəşkəs rejimini növbəti dəfə, özü də bütün cəbhə boyu pozmasına cavab olaraq əks-hücum əməliyyatına başladılar. Minsk qrupuna, digər havadarlarına arxalanan və cəzasız qalacağına tam əmin olan Ermənistanın silahlı qüvvələri növbəti təxribatlarının acı nəticəsini daddılar, müzəffər Azərbaycan Ordusu tərəfindən onların burunları lazımınca ovuldu.
Bir-birinin ardınca qələbələr gəldikcə, ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı sancılıb dalğalandıqca dövlətimizin başçısı müjdə dolu xəbərləri ilə xalqa müraciət edir, gözaydınlığı verirdi. Noyabrın 10-da imzalanan bəyanatdan sonra da cənab İlham Əliyev üzünü daim sədaqətlə xidmət etdiyi və varlığı ilə öyündüyü xalqına tutaraq tarixi nitqini söylədi: "Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir".
Danılmaz həqiqətin səmimi etirafı! Böyük qələbənin sevinci! Dünyanın ağıllı başları, sülhpərvər bəşəriyyət də bunu alqışlayır, Azərbaycanın haqq işini dəstəkləyirlər. Təkzibedilməz faktdır ki, Böyük qələbə, ilk növbədə, mükəmməl ordu quruculuğunun nəticəsində qazanılmışdır. Prezident seçildiyi illər ərzində cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqaməti ordu quruculuğu olmuşdur. Eyni zamanda, ciddi, yorulmaz diplomatik, siyasi səylər göstərilməli idi və Ali Baş Komandanımız buna da nail olmuşdur. Cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda güclü müdafiə sənayesi yaradılmışdır. Artıq biz ordumuzun tələbatını xeyli dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı müasir məhsul istehsal olunur. Ordu quruculuğu hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması ilə bərabər aparılmışdır. Bakının Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya Azərbaycanın gücünü göstərmişdir.
Möhtərəm Prezidentimiz döyüş qabiliyyətinin artırılmasını ordu quruculuğu sahəsində əsas amil sayır: "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə! Bax, belə ordu yaratmışıq biz!"
Azərbaycanın mərd, fədakar, qəhrəman oğulları bütün bu müddət ərzində əsl hərbi ləyaqət nümayiş etdirmiş, döyüş meydanlarında ölümün gözünə dik baxmışlar. Bu yolda şəhidlərimiz də az olmayıb. Elə möhtərəm Ali Baş Komandanımız da hər çıxışında onların ruhuna dərin ehtiramını ifadə edir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu qələbəyə görə onlara borcluyuq".
Bir mühüm məqam da düşmənə, eləcə də bədxahlarımıza qarşı informasiya müharibəsində Azərbaycanın qətiyyəti, öz sözünü mərdanə şəkildə deməsi olmuşdur. Bu müharibə dövründə Prezident 30-a yaxın müsahibə vermiş və demişdir ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, ədaləti müdafiə edirik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. İntiqamı düşməndən alırıq, işğalçıdan alırıq, mülki vətəndaşlarla işimiz yoxdur. Amma, təəssüf ki, bəzi xarici jurnalistlər müsahibələr zamanı birtərəfli, qərəzli və qıcıqlandırıcı suallar verməklə çaşqınlıq yaratmağa, necə deyərlər, ağızdan söz qoparmağa çalışır, məlum dairələrin tapşırıqlarını icra etdiklərini gizlədə bilmirdilər. Bu baxımdan ABŞ-ın "Fox News" telekanalının, Böyük Britaniyanın "BBS News" şirkətinin təmsilçiləri hədsiz canfəşanlıq göstərirdilər. Azərbaycan rəhbəri hər bir müsahibədə özünün müdrik, təmkinli, səbrli, yüksək dərəcədə mədəni davranışları ilə qarşı tərəfi sözün əsl mənasında tərksilah edirdi. Prezidentin bu xüsusda söylədikləri hər kəsin ürəyindən xəbər verir: "Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik".
Birgə bəyanatın bir önəmli özəlliyi də Naxçıvanla bağlıdır. Bu tarixi sənəddə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilmişdir. Naxçıvanla bütün kommunikasiyaların açılması, eyni zamanda, yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılacağı ayrıca bənddə qeyd olunmuşdur. Əslində, birbaşa münaqişə ilə bu bəndin əlaqəsi yoxdur. Amma möhtərəm Ali Baş Komandanımızın təkidi ilə bu bənd bəyanata salınmışdır. Beləliklə, Naxçıvanı Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atılmışdır. Məlum faktdır ki, mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər öncə Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı, bütün kommunikasiya xətləri kəsilmişdi. Həmçinin, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşməmiş, Prezident İlham Əliyevin müdrik fəaliyyəti və qayğısı sayəsində bu qədim diyar məhrumiyyətlərdən qurtararaq inkişaf etmişdir. Halbuki, erməni vandalları oranı da işğal etmək planlarının olmasını gizlətmirdilər.
Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmənin də olmaması Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir. Bildiyimiz kimi, Ermənistan tərəfi elə hey tələb edirdi ki, Dağlıq Qarabağa müstəqillik verilsin. Hətta döyüşlərin getdiyi günlərdə onlar bir ağızdan dünya güclərinə yalvarırdılar ki, tez qondarma "Artsax"ın müstəqilliyini tanısınlar və bu müharibə Azərbaycanın işğalçılıq müharibəsi kimi qəbul edilsin. Amma vaxtında Azərbaycan onlara muxtariyyət təklif edəndə razı olmamış və demişdilər ki, yox, bu, "müstəqil dövlətdir". Bu da nəticəsi: nəinki müstəqillik, heç muxtariyyət statusu barədə də bəyanatda heç bir qeyd yoxdur.
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasəti sayəsində uğurla reallaşan inkişaf, tərəqqi, qələbə konsepsiyasının əsas amilləri və ən fərəhli cəhətləri bunlardır. Biz xoşbəxt insanlarıq ki, Azərbaycanımızın öz tarixinin yeni, parlaq səhifələrini yazaraq daha xoşbəxt sabahlara yol açmasının şahidləri və iştirakçılarıyıq.


Ayaz Salehov,
Ağdaş rayon notariat ofisinin xüsusi natarusu.




Tarix: 24-12-2023, 18:43