Heydər Əliyev siyasətinin təntənəsi
Nizami ƏLİYEV,
"Qaradağ” şadlıq sarayının icracı direktoru.
Azərbaycan xalqının tarixində, dövlətin inkişafı prosesində müstəsna xidmətləri olmuş, illər, əsrlər ötsə də xalqın milli yaddaşında əbədi yaşayacaq Ümummilli Lider Heydər Əliyevin 10 may tarixində anadan olmasının 101-ci ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və “Ümummilli Lider” zirvəsinə yüksəlmişdir. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Taleyinə yalnız qurmaq və yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində millətimizi bir çox bəlalardan xilas etdi, ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələri ləğv etdi. Vahid komandanlığa tabe olan ordu yaratdı. Ulu Öndərin gördüyü böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təyin etmək üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü islahatlar aparılmışdır.
Ulu Öndərin rəhbərliyi illərində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmış, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyulmuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu Öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Dahi şəxsiyyət müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə nəinki dövlətçiliyimizi qurdu və gələcək inkişafının hərtərəfli sağlam təməlini qoydu, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı. Heydər Əliyevin bu barədə ifadə etdiyi aşağıdakı fikirlər dillər əzbərinə çevrilmişdir: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam! Müstəqil Azərbaycan dövlətinin ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.”
Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, qloballaşan dünyada Onun azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti və Ulu Öndərin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə 10 may 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu artıq 20 ildir ki fəaliyyət göstərir. Ümummilli Liderin adını daşıyan Fondu xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.
Ulu Öndərin adını nəcib və xeyirxah əməlləri ilə əbədiləşdirən Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gerçəkləşdirilən önəmli təşəbbüslər ölkə və dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ölkənin ictimai-siyasi həyatında uğurlu fəaliyyəti, dövlətimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının fəallığına nümunə və örnəkdir.
Mehriban xanım Əliyeva Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın da bütün təşəbbüslərinin təməlində Ulu Öndərin arzu və ideyaları dayanır.
Ümumiyyətlə, xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir. Fond ötən 20 illik fəaliyyəti dövründə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Həyata keçirilən proqram və layihələr Azərbaycanda təhsilin, mədəniyyətin qarşısında duran problemlərin həlli üçün yaşıl işıq yandırır. Eyni zamanda, insanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, fiziki hazırlığı, xüsusi qayğıya ehtiyacı olan, valideyin himayəsindən məhrum olan uşaqların məişət şəraitinin yaxşılaşdırılması, ekologiyanın təmizlənməsi, Azərbaycan mədəniyyətinin təbliği, milli-mədəni irsin qorunması Fondun diqqət mərkəzində saxladığı məsələlər sırasındadır. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib.
Bu gün qürur hissi ilə qeyd edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun müstəsna igidliyi nəticəsində artıq torpaqlarımız işğaldan azad edilib və 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!", – deyə bildirmişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimiz, məscidlərimiz bərpa olunub.
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün şərəfli bir dövrünü yaşayır. Ulu Öndərin dövlət quruculuğunda qoyduğu tarixi ənənə dövlət başçımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
44 günlük Vətən mühribəsində qazandığımız şanlı Zəfər əsası Ulu Öndərimiz tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq və unudulmaz səhifələrindən biri olacaq, heç bir zaman unudulmayacaq. Dövlətimizin, xalqımızın qüdrəti, qətiyyəti, həmrəyliyi sayəsində əldə olunan bu Qələbə, həm də dahi şəxsiyyət, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Çünki Ümummilli Liderimizin ən böyük arzusu və amalı məhz tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi.
Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və Onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması nəticəsində 44 günlük Vətən müharibəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Artıq üç ildən çoxdur ki, azad edilmiş ərazilərdə dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması üçün Prezidentin göstərişi ilə sürətli bərpa işləri həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə birinci xanım Mehriban Əliyevanın həmin torpaqlara hər bir səfərləri təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir.
Bütün bu nailiyyətlər və qürurverici reallıqlar Heydər Əliyev ideyaları və siyasətinin təntənəsi, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bütün bunlar bir daha əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır. Heydər Əliyev yolu ilə inamla irəliləyən, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir.
Ona görə də qarşıdakı illər üçün müəyyənləşdirilən strateji hədəflərin gerçəkləşdirilməsi üçün Ümummilli Lider Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməli, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməliyik.
Tarix: 10-05-2024, 10:27