Cəlil Xəlilov: "Münhen debatı Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməlidir"
Cəlil Xəlilov: "Münhen debatı Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməlidir"

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskussiyada Prezident İlham Əliyevlə Paşinyan arasında baş tutan debat bütün dünyada ciddi marağa səbəb olub. İlham Əliyevin dəmir məntiqi qarşısında deməyə söz tapa bilməyən, əsassız və gülünc arqumentlərlə öz mövqeyini müdafiə etməyə çalışan Paşinyan, nəticə etibari ilə daha rüsvayçı vəziyyətə düşüb.

Münhen debatı ilə bağlı Trend-ə açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Münhen diskussiyasını Azərbaycanın böyük siyasi qələbəsi kimi səciyyələndirib:

"Münxen diskussiyasında Azərbaycan Prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi, Paşinyanın absurd iddialarını darmadağın etdi. Ölkə başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu.

Prezident İlham Əliyevin arqumentləri qarşısında aciz duruma düşən Paşinya, Azərbaycan torpaqlarını işğal etdiklərini, bu torpaqları qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da, Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir. Həmçinin bu etiraf onu göstərir ki, Ermənistanın problemi sülh yolu ilə həll etmək niyyəti yoxdur və Azərbaycan Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalıdır.

İşğaldakı torpaqlarını azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan haqqıdır və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var.

Bu baxımdan, Münxen debatı Prezident İlham Əliyevin parlaq siyasi qələbəsi kimi dəyərləndirilməli və bu qələbənin nəticələrindən səmərəli şəkildə faydalanmağa səy göstərməliyik".
Tarix: 17-02-2020, 13:47