23-11-2023, 06:40 | Mariya Zaxarova: "Azərbaycanın verdiyi kəskin reaksiya təəccüblü deyil"

"Fransanın hərəkətlərinə Azərbaycanın verdiyi kəskin reaksiya təəccüblü deyil".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan prezidenti İlham Əliyevin Fransanın Ermənistanı Cənubi Qafqazda yeni müharibəyə doğru sövq etməsi ilə bağlı ittihamlarına münasibət bildirərkən deyib.
"Fransa və digər Qərb vasitəçilərinin Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirmək cəhdləri haqlı olaraq regionda, xüsusən də Azərbaycan tərəfindən mənfi reaksiyaya səbəb olur", - Zaxarova bildirib. //milli.az//
23-11-2023, 06:38 | Rusiya Zəngəzuru tələb edir, sülhə imkan vermir - Melkonyan

Rusiya bizə Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan verməyəcək ki, Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın.
Respublica.Az axar.az-a istinadən bildirir ki, bu sözləri hakim "Mülki müqavilə" partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib.
"Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Zəngəzur dəhlizinin həsrətini çəkir. Mariya Zaxarova bildirir ki, noyabrın 9-dakı razılaşmaya əsasən ruslar Zəngəzur yoluna nəzarət etməlidir. 9 noyabr razılaşmasının bir bəndini də yerinə yetirmədilər, Qarabağı ermənilərdən tam azad etdilər, indi 9-cu bənd qalıb, gəlib bu ərazidə dayanmaq istəyirlər. Məgər biz öz yollarımızın təhlükəsizliyini təmin edə bilmərik?"
O bildirib ki, Zəngəzuru ruslara versək, heç bir təminat yoxdur ki, bir aydan sonra azərbaycanlıları çağırıb, bu ərazilərin Azərbaycana aid olduğunu deməyəcəklər:
"Rusiya yenidən diktə edən olmaq, bizə qul statusu vermək istəyir".
Onun sözlərinə görə, Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, artıq tapılıb:
"Artıq bir çox ölkə ilə silah müqavilələrimiz var. Bu, rusların xoşuna gəlmir. Onlar daim Qərbi tənqid edirlər".
23-11-2023, 06:33 | Səfirimizdən Niderlandın qətnamələrinə etiraz

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Niderlandın bu ölkədəki səfiri Xilles Arno Besxoor Pluxla görüşüb.
Respublica.Az publika.az-a istinadən xəbər verir ki, görüşdə Niderland Krallığının Nümayəndələr Palatasının Ermənistanın destruktiv mövqeyini dəstəkləyən çoxsaylı anti-Azərbaycan qətnamələrinin qəbulu ilə bağlı narahatlığını bildirən Polad Bülbüloğlu deyib:
"Niderland parlamentarilərinin qərəzli mövqeyi Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanır, regionumuzda dinc birgəyaşayışın təmin edilməsi üzrə beynəlxalq səylərə kömək etmir və sülh sazişinin imzalanması üzrə danışıqların başa çatmasına mane olur".
Azərbaycan səfiri Niderland diplomatını işğaldan azad olunmuş ərazilərdə vəziyyət, o cümlədən cari ilin sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumatlandırıb. Xüsusilə vurğulayıb ki, erməni əhalisi regionu könüllü olaraq tərk edib, Azərbaycan tərəfindən onları heç kəs məcbur etməyib.
Görüşdə, həmçinin ölkələrimiz arasında bəzi qarşılıqlı fəaliyyət məsələlərinə toxunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycanın səfiri həmkarına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş "Qarabağ işğaldan əvvəl və sonra" kitabını hədiyyə edib.
22-11-2023, 19:54 | Azərbaycan yeni iri çaplı pulemyot hazırlayıb

Azərbaycan yeni "AH-12,7" iri çaplı pulemyot hazırlayıb.
Trend-ə istinadən xəbər verir ki, pulemyot noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgidə təqdim olunur.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.
22-11-2023, 13:44 | Prezident SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib

Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərginin açılışında iştirak edib.
Xəbər yenilənəcək
22-11-2023, 13:19 | İlham Əliyev Leo Dokertini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Azərbaycanın gözəl bir ölkə olduğunu qeyd edən Leo Dokerti səfərindən məmnunluğunu ifadə etdi, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğuladı.
Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını dedi, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirdi.
Leo Dokerti vurğuladı ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.
Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd etdi.
Dövlətimizin başçısı ölkəmizə qoyulan investisiyaların bizə göstərilən inamı nümayiş etdirdiyini məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlətimizin başçısı hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu dedi və bunun region üçün çox gözəl nümunə olduğunu bildirdi.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycan Prezidenti bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətinə toxundu.
Dövlətimizin başçısı vurğuladı ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğuladı.
Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə etdi.
22-11-2023, 13:15 | ERMƏNİSTAN “İrəvan Bakı ilə danışıqlara hazırdır”

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb:
"Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.
Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik".//Trend
21-11-2023, 19:58 | XİN-dən Ermənistana CAVAB

Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb.
Bu barədə XİN-dən məlumat verilib.
"Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir.
Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.
Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır.
Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik", - deyə məlumatda qeyd olunub.
21-11-2023, 19:53 | İlham Əliyev Aman Tuleyevin vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Aman Tuleyevin vəfatı ilə bağlı doğmalarına və yaxınlarına başsağlığı verib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığının mətnində deyilir:
"Rusiyanın görkəmli dövlət və ictimai-siyasi xadimi Aman Qumiroviç Tuleyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Aman Tuleyev Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad mühitinin möhkəmlənməsinə sanballı töhfə verib. O, Azərbaycan-Rusiya dostluq əlaqələrinin və əməkdaşlığının inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.
Ətraflı
Aman Tuleyevin Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinə münasibətini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.
Aman Qumiroviç Tuleyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür və sizə dərin hüznlə başsağlığı verirəm".
21-11-2023, 15:18 | İlham Əliyev: Fransa yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub

Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind okeanları regionlarında, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində əksini tapıb.
Müraciətdə Fransanın fəal surətdə məşğul olduğu qul ticarətinin insanlığın ən utancverici səhifələrindən birini təşkil etdiyini, milyonlarla afrikalının Fransanın qul siyasətinin qurbanı olduğunu xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd edib: "Mən Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa, eyni zamanda, 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsinə görə birbaşa məsuliyyət daşıyır".