10-05-2022, 09:05 | Zelenski Ukraynanın iyunda Aİ-yə namizəd statusu alacağını gözləyir

Zelenski Ukraynanın iyunda Aİ-yə namizəd statusu alacağını gözləyir


Bu gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün xüsusi sorğunun cavablarının ikinci hissəsini təqdim edib.

APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Bu gün biz Avropa İttifaqına gedən yolda çox vacib bir addım atdıq. Ukrayna hər bir ölkənin doldurmalı olduğu xüsusi sorğu anketinə cavabların ikinci hissəsini təqdim edib.

Bunun üçün adətən aylar sərf olunur. Amma biz hər şeyi bir neçə həftə ərzində etdik", - deyə prezident bildirib.

O, bu sənədin minlərlə səhifədən ibarət olduğunu vurğulayıb.

"Və bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Avropaya inteqrasiyamız haqqında söhbətimiz oldu. Xanım Ursula qeyd etdi ki, rəsmilərimizin sürətinə heyran qalıb. Anketi doldurdu", - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukraynanın Aİ-yə namizəd statusu alması ilə bağlı iyunda müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün sənəd imzalayıb.

Martın 18-də Zelenski Avropa Komissiyasının prezidenti ilə söhbətindən sonra AK-nın üzvlük müraciəti ilə bağlı rəyinin bir neçə ay ərzində hazırlanacağını açıqlayıb.

10-05-2022, 08:49 | Azərbaycan Kosta Rika prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan Kosta Rika prezidentinin andiçmə mərasimində təmsil olunub


Azərbaycanın Kosta Rikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş prezidenti Rodriqo Çaves Roblesin andiçmə mərasimində iştirak edib.

Səfirlikdən verilən məlumata görə, paytaxt San Xosedə, ölkənin parlament binasında keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə təmsil olunan diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirilən görüş zamanı M.Talıbov Kosta Rikanın dövlət başçısı Rodriqo Çaves Roblesə Kosta Rika xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Kosta Rika Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident R.Çaves hökumətinin Kosta Rikanın Azərbaycanla arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Mərasimdə iştirak edən Kosta Rikanın yeni Xarici Əlaqələr və Etiqad naziri Arnoldo Andre Tinoko ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Kosta Rika Konqresinin sədri Rodriqo Arias Sançes ilə baş tutmuş söhbət zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin vacibliyi vurğulanıb.

Həmçinin, mərasimdə iştirak edən Kolumbiya Respublikasının prezidenti İvan Duke və Panama Respublikasının prezidenti Laurentino Kortizo ilə səfir Məmməd Talıbov arasında baş tutmuş söhbət zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamları çatdırılıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

10-05-2022, 08:44 | Britaniyanın müxalifət lideri istefa verə bilər

Britaniyanın müxalifət lideri istefa verə bilər


Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Kir Starmer bildirib ki, əgər polis onu koronavirus qaydalarını pozmaqda günahkar hesab edib cərimə yazarsa, tutduğu vəzifədən istefaya verəcək.

"Report"a istinadən bildirir ki, mayın 6-da Durham polisi, Starmer və partiyanın bir neçə digər üzvləri tərəfindən koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin mümkün pozuntularını araşdıracaqlarını söyləyib.

Söhbət 30 aprel 2021-ci ildə baş verən hadisədən gedir. Həmin gün Hartlpul seçki dairəsindən Böyük Britaniya parlamentinə təkrar seçkilər ərəfəsində şəhərə gələn Starmer həmkarları ilə birlikdə yerli deputatın kabinetində nahar edib və bir şüşə pivə içib. O dövrdə qüvvədə olan qaydalara görə bir evdə yaşamayan insanların qapalı yerlərdə toplaşmaları qadağan idi.

"Mən şərəfə, dürüstlüyə və qaydaları yaradanların onlara əməl etməli olduğu prinsipinə inanıram. Çox açıq deyirəm ki, heç bir qanun pozulmayıb, onlara daim riayət olunub. Gec işləyəndə sadəcə qəlyanaltı yedim. Bununla belə, əgər polis məni cərimələmək qərarına gəlsə, o zaman təbii ki, düzgün qərar verib, istefa verəcəm"-deyə, Starmer bildirib.

Partiyanın sədr müavini Angela Rayner də bildirib ki, əgər polis tərəfindən cərimələnsə vəzifəsini tərk edəcək.

10-05-2022, 08:35 | Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür


Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.



1966-cı ildə Moskvada DTK-nın F. E. Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.




1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.



2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

28-12-2021, 13:22 | Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb

Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb

Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb

Azərbaycan son illərdə ordu quruculuğu sahəsində böyük uğurlar qazanıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən etibarən başlanmış nizami ordu quruculuğu prosesi 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızdan qovulması ilə başa çatıb. Ordumuz ən müasir silahlarla təchiz edilib, ən peşəkar səviyyədə hərbi təlimlərdə bərkiyib. Nəhayət, XXI əsrin müharibəsini böyük rəşadətlə başa vurub, dünyanın ən yaxşı orduları sırasında özünə yer tutub.

Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib.

Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Bütün bunların müsbət nəticəsini isə biz ötən 44 günlük Vətən müharibəsində gördük.

Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq.

Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq.

Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da deyilənlərə sübutdur. Açılışdakı çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də bəyan etdiyi kimi Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır, Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq. Bütün bunlar isə həm əsgərlərdə, həm də ümumilikdə xalqımızda xüsusi ruh yüksliyi yaradır.

Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.



Seyran Ağalarov,
Salyan rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru

28-12-2021, 13:16 | Xalq-Prezident birliyi sarsılmazdır

Xalq-Prezident birliyi sarsılmazdır


Xalq-Prezident birliyi sarsılmazdır

Vətən savaşında qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın solmuş arzuları yenidən yaşardı, sınmış qürurları özünə qayıtdı. Bu Qələbə onu da göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətin vətəndaşı olmağımızla qürur duyuruq.

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən cənab İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu.

Xalq ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəldib. Hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında dövlət başçısının əzmini, peşəkarlığını, qətiyyətini, humanizmini, xeyirxahlığını yüksək qiymətləndirərək, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Artıq 18 ildir ki, Azərbaycan xalqı uğurlarımızın əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyətinə şahidlik edir.

Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu. Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi. Xalqın Prezidentinə olan birmənalı dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bu Qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı.

Burada bir incə məqamı da xüsusi vurğulamaq istərdik ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevlə bağlı paylaşımları xalqımız tərəfindən böyük maraqla, sevgi ilə qarşılanır. Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövründə müsahibələrinin, xalqa müraciətlərinin hər birində, eləcə də işğaldan azad edilmiş ərazilərimizə səfərlərində keçirdiyi qürur hissi, duyğuları Azərbaycan xalqına çatdırılır. Videogörüntülərdə cənab Prezidentin sevincinə, qüruruna, duyğulu anlarına şahidlik edirik.

Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin özünün 60 illik yubileyinin məhz işğaldan azad edilmiş Qarabağ torpağında qeyd etməsi xalqımız tərəfindən maraq və sevgiylə qarşılanmışdır. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışında iştirak edən Prezident müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan etdi.

Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə gəlmişdir. Ölkə başçısının Şuşaya növbəti səfəri 60 illik yubileyinə təsadüf edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edərək sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirdi.

18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir. Prezidentin qeyd etdiyi kimi “Bu dəstək iradəmi möhkəmləndirir və bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.




Tofiq Qarayev,
Salyan rayon Kürsəngi kənd inzibati
ərazi dairəsi üzrə nümayəndə.

28-12-2021, 11:25 | Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq

Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq


Azərbaycan Respublikasının müstəqilliyi olunanda ölkənin indiki dövlət başçısının cəmi 30 yaşı var idi. Bu günlərdə isə Prezident İlham Əliyevin 60 yaşı tamam oldu. Bu ömrün tən yarısı – 30 ili müstəqillik tariximizdir. Dövlət müstəqilliyimizin 30-cu ilində 60 yaşa çatan cənab İlham Əliyevin Prezident vəzifəsində 18 illik fəaliyyəti çağdaş siyasi tariximizə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf dövrü kimi yazılmaqdadır. Bu inkişafın arxasında vətənpərvər bir insanın böyük dövlət xadimi İlham Əliyevin heç bir ölçü vahidi ilə hesablana bilməyən gərgin və fədakar əməyi, görünən və görünməyən tərəfləri olan geniş əhatəli fəaliyyəti dayanır.

Dünyanın ən qüdrətli superdövləti hesab olunan Sovet İttifaqının liderlərindən biri Heydər Əliyevin ailəsində yaşanan tələbəlik və gənclik ömrü, müstəqilliyimizin dramatik hadisələrlə başlayan ilk illəri və ulu öndər Heydər Əliyevin sınaqlar­la dolu 10 illik hakimiyyəti dövrü İlham Əliyevi siyasi müdrikliyə yaşından daha tez yetişdirmişdi. Gənc siyasətçi kimi o, müstəqilliyimizin təməli qoyulan həmin dövrün, sadəcə, şahidi deyildi, həm də Prezident Heydər Əliyevin Azərbaycanın siyasi suverenliyinin möhkəmləndirilməsi, ölkədə sabitlik, milli birlik, sosial-iqtisadi inkişaf yaradılması və ərazi bütövlüyü­nün bərpası uğrunda mübarizəsinin fəal iştirakçısı idi.

Həlledici an isə 2003-cü ildə gəldi. Azərbaycan xalqı Heydər Əliyev kimi bir siyasət dahisinin yolunu davam etdirə biləcək şəxsin yalnız İlham Əliyev olduğu­na inanaraq, məhz onu özünə prezident seçdi. Ümummilli lider Heydər Əliyevin uğurlu dövlət quruculuğu ilə başa çatan XX əsr yeni və müasir Azərbaycanın qurulması ilə başlayan XXI əsrə belə keçdi. Bu, həm də xalqımız üçün yeni bir həyata keçidin başlanğıcı idi. Bu keçidin ən yaddaqalan hadisələri, taleyüklü qərarları və addımları Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Son iki onillikdə həyatımızı dəyişən sözləri və ifadələri ilk dəfə İlham Əliyevdən eşitdik. Belə ki, Sovet İttifaqının dağıl­masından sonra müstəqillik əldə etmiş ölkələrə siyasi-publisistik leksikada “postsovet ölkələri” deyilirdi. Ətalət düşüncəsinin əlaməti kimi istifadə olunan bu ifadə insanları gələcəyə baxmağa yox, sanki, sovet keçmişindən ayrılma­mağa səsləyirdi. İlk dəfə İlham Əliyev məqsədəyönlü şəkildə “postsovet ölkələri” deyimindən imtina etdi, əvəzində “müstəqil ölkə”, “suveren dövlət” anlayışlarını dil düşüncəmizin üst qatına çıxardı. Məram aydın idi: ictimai-siyasi təfəkkürdən “post-sovet” qalıqları təmizlənməli idi ki, insan­lar keçmişdən asılılığa son verib sovet nostalgiyasından birdəfəlik qurtulsunlar və müstəqillik, suverenlik ideyalarına və davranışlarına köklənsinlər.

İlk dəfə İlham Əliyev 2009-cu ildə “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq” bəyanatını səsləndirdi. Prezidentin sözləri yeni inkişaf dövrünə başlamağın anonsu idi: həmin illərdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi tərəqqisi üçün güclü zəmin yaranırdı. Keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrünün aktuallaşması zərurəti yaranmışdı. Məhz bu zərurətdən çıxış edən dövlət başçısı ölkənin çoxşaxəli, dinamik, müasir innova­siyalara əsaslanan iqtisadi inkişaf dövrünə qədəm qoyduğunu elan etdi.

İlk dəfə İlham Əliyev Azərbaycanın “Dördüncü Sənaye İnqilabı” proseslərinə qoşulması zərurətindən bəhs etdi və dünyanın bu aparıcı tendensiyasında Azərbaycanın lider dövlət olmaq məramını bəyan etdi. İlk süni peykimizi də ilk dəfə İlham Əliyev fəzaya göndərdi və Azərbaycanın adını dünyanın kosmik ölkələri sırasına yazdırdı. Son iki ildə təkcə Azərbaycanda yox, dünyanın hər yerində milyonlarla Azərbaycanlının qəlbində işıq yandıran, Azərbaycan Ordusunun şüarına, marşına və zəfər andına çevrilən “Qarabağ Azərbaycandır!” ifadəsini də belə qətiyyət və əzəmətlə ilk dəfə İlham Əliyevin dilindən eşitdik! Əlbəttə, ondan əvvəl də bu ifadəni deyirdik. Amma heç kimin deyimi Qarabağı bu qədər Azərbaycanlaşdıra bilməmişdi.

İlk dəfə məhz Ali Baş Komandan İlham Əliyev “Biz qalib xalqıq!” hökmü ilə xalqımızın milli öyünc və özünəgüvəncini yüksək bir səviyyəyə qaldırdı. Hər cümləsi xalqın yaddaşında silinməz iz buraxan, hər bəyanatı xalqın taleyində böyük dəyişikliklər yaradan Prezident İlham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur. Yenilməz, məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan bir Azərbaycan.

Ulu öndərin ideya və əməllərinin ən sadiq davamçısı İlham Əliyev şüarlarla deyil, xalqın etimadı ilə hakimiyyətə gəldi. Prezidentlik vəzifəsinin icrasına başladığı zaman müqəddəs bayrağımızı öpərək Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Prezident öz andına sədaqətini əməlləri ilə sübut etdi. O nəyi, necə və nə zaman etməli olduğumu­zu nəzəri ideyalarla yox, şəxsi nümunələri ilə göstərdi.

Dövlət atributlarımızın təbliği, üçrəngli bayrağımıza ümummilli ehtiram əxlaqının formalaşdırılması, dövlətçiliyimizin, milli-mənəvi, dəyərlərimizin qorunması ölkə rəhbəri İlham Əliyevin yürütdüyü milli siyasətin ən qabarıq istiqamətləri oldu. Azərbaycanın yeni iqtisadi inkişaf və tərəqqi yoluna çıxması, bölgənin ən yüksək iqtisadi potensialı olan ölkəsi kimi tanın­ması, etibarlı tərəfdaş kimi qəbul olunması və əsl müstəqil dövlət kimi dünya birliyinə uğurlu inteqrasiyası məhz İlham Əliyevin prezidentliyi dövründə və onun apardığı uğurlu xarici siyasət nəticəsində reallaşdı.

Dövlət müstəqilliyimizin 20-ci ildönümündə (2011) Prezident İlham Əliyev daha sonrakı 10 il ərzində ümummilli potensialın inkişafına dair fundamental istiqamətlərin müəyyənləşdirilməsinə qərar verdi – “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlandı. Azərbaycan Respublikasının perspektiv inkişafında böyük tarixi-siyasi əhəmiyyət daşımış bu konsepsiya qarşıya qoyulan hədəflərə çatmaq üçün xalqın intellektual potensialının səfərbər olunmasını, dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsini və və bütün bu işlərdə vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını nəzərdə tuturdu.

Azərbaycanda bu konsepsiyanın, digər zəruri struktur layihələrinin və islahatların həyata keçirilməsi, milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin müəyyən edilməsi və s. 2020-ci ilədək ölkəmizi beynəlxalq miqyasda rəqabətə davamlı siyasi subyektə çevirdi. Ölkənin dayanıqlı inkişafına pillə-pillə təməl qoyul­du. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra digər dövlət proqramlarının uğurlu icrası İlham Əliyevin hədəflədiyi nəticələrə gətirib çıxardı.

Möhtərəm İlham Əliyevin prezident olduğu illərin qaynar ictimai, iqtisadi, siyasi, mədəni həyatı, hər ilin gətirdiyi çoxsaylı yeniliklər, günbəgün dəyişən və güclənən Azərbaycanın müasirləşmə tempi siya­si praqmatizmin, rasional idarəetmənin və məqsədəyönlü səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Dövlət başçısının yürütdüyü çoxvektorlu və çoxqatlı siyasət bir sıra fenomenal xüsusiyyətlərin sonda vəhdətə gələn bənzərsiz uzlaşmasını təşkil edir.

Böhranların, ziddiyyətlərin, münaqişə və müharibələrin tüğyan etdiyi dünyada gənc milli dövləti xarici təsirlərdən qo­rumaq, ölkəni tərəqqiyə qovuşdurmaq, iqtisadi potensialı hərəkətə gətirərək inkişafın davamlılığını təmin etmək, ümumdaxili məhsulun həcmini qat-qat artırmaq Prezident İlham Əliyevin ayrı-ayrı istiqamətlərdə apardığı düşünülmüş siyasətin ümumi uğurlu nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursuna, azərbaycançılıq ideolo­giyasına, Türk dünyası ilə bütövləşmə stra­tegiyasına sadiq qalmaqla bərabər, onları yeni keyfiyyətlərlə zənginləşdirən Prezident İlham Əliyev bu yolu heç kimin proqnozlaş­dıra bilmədiyi novatorluqla davam etdirdi. O, müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaratdı.

“Siyasətimiz işimizdir”, “Sözümüz imzamızdır” kimi məzmunca qısa, mahiyyətcə dərin inam və etibar doğu­ran ifadələri də ilk dəfə siyasi leksikona gətirən İlham Əliyev oldu. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruk­tivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni-humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan öz rəhbəri İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.

Nəhayət, müstəqilliyimizin 30-cu ildönü­mü ərəfəsində etibarlı beynəlxalq dəstəyə, sarsılmaz xalq-iqtidar birliyinə, güclü iqti­sadiyyata, vətənpərvər gəncliyə, yenilməz orduya və hərbi qüdrətə, bir sözlə, Vətəni işğaldan azad etməyin bütün resurslarına sahib olan Azərbaycan müstəqillik dövrü­nün ən böyük sınağına girdi və bu sınaq­dan möhtəşəm qələbə ilə, üzüağ çıxdı. 2020-ci ilin Vətən müharibəsindəki qələbə qəhrəman Azərbaycan xalqının ikili stan­dartlara əsaslanan ədalətsiz qlobal siyasət üzərində tarixi qələbəsi oldu. Bu qələbə xalqımızı bir yumruq kimi birləşdirməyə və monolit gücə çevirməyə nail olmuş İlham Əliyev siyasətinin ən böyük təntənəsi oldu.

Bu günlərdə ölkə əhalisi, xaricdəki soy­daşlarımız və dostlarımız Prezident İlham Əliyev 60 illik yubileyini müdrik dövlət başçısı, bütün dünya Azərbaycanlılarının lideri və Vətənimizin ərazi bütövlüyünü təmin etmiş qalib sərkərdənin ömür yolu­nun təntənəli məqamı kimi qeyd etdi. Öz xalqının ən müqəddəs arzusunu – Qara­bağın işğaldan azad olunmasını həyata keçirən və ölkəmizin ərazi bütövlüyünü təmin edən İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl həflərlə yazıldı. Xalq bu mi­silsiz qəhrəmanlığı və təmənnasız xidməti heç vaxt unutmayacaq.

Qarabağ Zəfərindən 1 ay sonra – 2020-ci il dekabrın 10-da Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan zəfər salnaməsinin son cümləsininə qoyulan nida işarəsinə bənzədi. Bu parad elə Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribatına cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsinin sonundakı nida işarəsi idi.

Yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı göynəkli düşüncələr də yaşadır. Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. Bü­tün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var – itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. Lakin yeganə bir fərq var– tərəflərdən yalnız birinə nəsib olan zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi Azərbaycan xalqı oldu. Ötən il ölkənin baş meydanında keçirilən Zəfər paradı qalib ordumu­zun düşmən üzərində tam və birdəfəlik qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgi­sinin təzahürü idi.

İtkilərimiz olsa belə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı möhtəşəm zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt və firavan həyata səslədi. Zəfər paradında hərbçilərimizin torpağı möhürləyən sərrast addımları yal­nız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımları kimi səsləndi. Bu addımlar xalqımızı və dövlətimizi yeni və daha parlaq zəfərlər yoluna çıxartdı.

Prezident İlham Əliyevin ikionillik liderlik fəaliyyətinin tarixə yazılmış uğur­ları təkcə bu zəfərlə bitməyib həyatımızın bütün sferalarını əhatə edir:

– Beynəlxalq siyasət sahəsində çoxvektorlu müstəqil siyasətin aparılması, bütün beynəlxalq platformalarda dövlət müstəqilliyimizin və suverenliyimizin qoru­nub saxlanması;

– ölkənin iqtisadi-sosial inkişafı, şaxələnmiş və rəqabətədavamlı iqtisadiy­yatın yaradılması;

– Azərbaycanın bir çox istehlak məhsullarını idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi;

– ölkəmizin Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində regional və qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya marşrutlarının qovşağına çevrilməsi;

– cəmiyyət daxilində ictimai-sosial münasibətlərin innovativ əsaslarda yenidən qurulması;

– Azərbaycan Ordusunun qısa bir müddət ərzində dünyanın ən güclü hərbi qüvvələrdən birinə çevrilməsi;

– Azərbaycanın neft ölkəsindən təbii qaz ixracatçısına çevrilməsi və Avropa­nın enerji təminatında yeganə alternativ təchizatçı kimi xüsusi rola sahiblənməsi;

– Azərbaycanın mədəniyyətlərarası dia­loq məkanı kimi tanınması, Bakının dünya­nın azsaylı multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, ölkəmizin çoxsaylı qlobal tədbirlərə evsahibliyi etməsi,

– davamlı olaraq yüz minlərlə yeni iş yerlərinin yaradılması, vətəndaşlara yeni sosial dəstək mexanizmlərinin tətbiqi.

Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin yalnız xalq tərəfindən açıq-aşkar görünən tərəfləri və ümumiləşdirilmiş nəticələridir. Sadalanan nəticələrə nail olmaq üçün hər bir bəndin altında nə qədər və hansı həcmdə işlərin hansı çətinliklər üzərindən görüldüyünü təsəvvür etməyə çalışsaq, bütün bunların cəmi 18 il ərzində baş verdiyinə heyrət etməmək mümükün deyil. Bu tarixi nailiyyətlər Azərbaycan xal­qının gözləri qarşısında baş verən reallıq­dır, çağdaş tariximizdir.

2003-cü ildə Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qoruyaca­ğına and içmiş prezident İlham Əliyev öz andına hər zaman sadiq qaldı. Ötən illərdə həmişə Vətən torpaqlarının işğaldan azad olunacağına əminliyini qətiyyətlə bildirdi və bu müqəddəs vəzifənin öhdəsindən gəlmək üçün yorulmaq bilmədən çalışdı. Ardıcıl olaraq işğalçıya, eləcə də aşkar və gizli şəkildə işğalçını dəstəkləyən qlobal güc sahiblərinə qarşı tək mübarizə apardı. Hər yerdə, savaş meydanında olduğu kimi, beynəlxalq siyasət meydanında da təklənmiş Azərbaycanın milli maraqla­rını cəsarətlə müdafiə etdi. Xarizmatik yanaşması və bənzərsiz siyasi məharəti ilə Azərbaycanın haqlı mövqeyini dünya birliyinə qəbul etdirdi. Fasiləsiz olaraq Vətənin hər bir qarışını düşmən tapda­ğından azad etmək üçün canını belə əsirgəməyəcək gənc vətənpərvər nəsil yetişdirdi. İstənilən şəraitdə istənilən yol­larla Ali Baş Komandan tərəfindən qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazır olan yenilməz ordu yaratdı.

Qarabağ zəfərinə baş verənlər və bütün bunlara necə bir əzmkarlıqla nail olunduğu heç də hamıya məlum deyildi. Bütün bunlar İlham Əliyevin prezident­lik fəaliyyətinin görünməyən və ya az görünən tərəfləri idi. Üzləşdiyimiz tarixi şərait bunu tələb edirdi. Nəhayət, bütün bu fəaliyyətlərin möhtəşəm nəticəsini keçən ilin payızında həm xalqımız, həm də bütün dünya gördü.

Prezidentin özünün də dediyi kimi, “həqiqət anı gəlib çatdı”. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan xalqının qəzəbindən bükülmüş “dəmir yumruq” müzəffər ordumuzun timsalın­da düşmənin başına endirildi. Müstəqil Azərbaycan dövlətinin Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi İlham Əliyev Azərbaycan xalqlının qarşısında duran ən böyük vəzifəni və ən müqəddəs missiyanı ləyaqətlə yerinə yetirdi. Doğma torpaqlarımız işğaldan azad olundu. Həm ölkə daxilində, həm də xaricdə çoxlarının mümkünsüz hesab etdiyi möhtəşəm zəfər Azərbaycanın son min illik tarixinin qızıl səhifəsinə yazıldı. Bu tarixi zəfərin müəllifi də 50 milyonluq Azərbaycan xalqının vahid lideri İlham Əliyev oldu.

Prezident İlham Əliyev son 18 illik fəaliyyəti ərzində öz xalqının xoşbəxtliyi naminə prezident vəzifəsində mümkün olan və hətta mümkün olmayan bütün işləri gördü– dövlət müstəqilliyimizi və suveren­liyimizi əbədi etdi, ölkəmizin ərazi bütövlü­yünü təmin etdi və bununla da Azərbaycan xalqını daimi xoşbəxtliyə qovuşdurdu. Bü­töv bir xalqın ləyaqətini və qürurunu özünə qaytaran, bütün dünya qarşısında öz xalqı­nın başını ucaldan lider sonsuz rəğbətə və ümumxalq məhəbbətinə layiqdir.

Bu gün Azərbaycan xalqı onu zamanın ən çətin sınaqlarından uğurla və qələbə ilə çıxaran liderinin 60 illik yubiley yaşını sonsuz rəğbət və böyük məhəbbətlə qeyd edir. Bu günlərdə Azərbaycan xalqının ən xoş arzuları və ən səmimi duyğuları qalib xalqın müzəffər sərkərdəsi İlham Əliyevə ünvanlanıb.

Məhəd Vəkilov ,
Qazax Suvarma Sistemləri İdarəsinin rəisi .

28-12-2021, 11:06 | Xalq Prezident İlham Əliyevə böyük etimad bəsləyir

Xalq Prezident İlham Əliyevə böyük etimad bəsləyir


Prezident İlham Əliyev Vətən müharibəsinə qədər adətən doğum günlərini məcburi köçkünlərlə görüşlərdə keçirirdi. Hər dəfə də bu görüşlərdəki çıxışlarında onların doğma yurdlarına dönəcəklərinə əminlik ifadə edirdi. Yurd-yuvasından didərgin düşən hər bir kəs də, təbii ki, dövlətimizin başçısına inanırdı. Onların bu inamını Prezident İlham Əliyev ötən il reallaşdırdı – 30 ilə yaxın bir müddətdə düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad olundu.


Bu gün İkinci Qarabağ müharibəsində əldə edilən zəfərdən bir il ötür. Prezident İlham Əliyev də artıq ad günlərini düşməndən təmizlənən torpaqlarımızda qarşı­layır. Müzəffər Ali Baş Komandan qəhrəman hərbçilərimizi ziyarət edir, onlarla görüşür, onların qayğıları ilə maraqlanır, zəruri göstərişlərini verir.

Ötən il ad gününü Qubadlı və Zəngilan rayonlarında hərbçilərlə görüşdə keçirən ölkə rəhbəri bu il artıq əsası qoyulan həmin ənənəni Hadrut və Şuşada davam etdirdi. Ötən ildəki kimi, indi də istər Had­rutda, istərsə də Şuşada keçirdiyi görüşlərlə həm xalqımıza, həm də bütün dünyaya mesajlar verdi: Azərbaycan 2021-ci ildə qarşıya qoy­duğu məqsədə nail oldu – 30 il işğal altındakı ərazilərimizi sülh danışıqları heç bir nəticə vermədiyindən güc yolu ilə azad etdi. Azərbaycan lideri öz xalqına, ordusuna arxalanaraq bu vəzifəni reallaşdırdı.

Yeri gəlmişkən, ötən bir il həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər zamanı burada hərbi hissənin açılışında çıxış edərək, son illər ərzində Azərbaycan ərazisində yeni hərbi hissələrin, hərbi şəhərciklərin salınması­nın diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə genişmiqyaslı tədbirlər görül­düyünü bildirdi. Ölkə rəhbəri bununla bağlı dedi: “Biz bu sahəyə çox böyük diqqət yetirirdik, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tuturdu və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir”.

Dövlətimizin başçısı açılışında iştirak etdiyi hərbi hissənin işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda fəaliyyətə başlamasının çox böyük əhəmiyyət daşıdı­ğını, hərbçilərin xidmət şəraitinin yaxşı­laşdırılmasına müsbət təsir göstərəcəyini vurğuladı, eyni zamanda, onların mənzil-məişət problemlərinin həllinə indiyədək olduğu kimi, bundan sonra da daim önəm veriləcəyini qeyd etdi.

Prezident İlham Əliyev orduya Ali Baş Komandan tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini, müvafiq fərmanla 20 il orduda qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər ayrıldığını xa­tırlatdı. Ölkə rəhbəri Vətən müharibəsində parlaq qələbəmizi şərtləndirən cəhətlərdən birinin də silahlı qüvvələrimizə məhz bu həssas münasibət olduğunu qeyd etdi.

Dövlətimizin başçısı daha sonra Hadrut uğrunda gedən döyüşlərin İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik bir əməliyyat olması barədə fikirlərini diqqətə çatdırdı: “İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuş­dur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünki mənfur düşmən 30 il ərzində işğal altında olan bü­tün torpaqlarda güclü istehkamlar qurmuş­du, bir neçə xətdən ibarət müdafiə sədrləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlar­da, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Hadrut döyüşlər zamanı strateji ba­xımdan mühüm əhəmiyyətə malik idi. Ona görə də düşmən bu yaşayış məntəqəsini heç bir vəchlə əldən vermək istəmirdi. Hətta qəsəbə qəhrəman döyüşçülərimiz tərəfindən işğalçıdan təmizləndikdən sonra belə Ermənistan yenə də uydurmalarını davam etdirərək, Hadrutu nəzarət altında saxladığını bildirirdi. Halbuki həmin iddialar yayıldığı zaman qəhrəman Azərbaycan Ordusu artıq qəsəbədə dövlət bayrağı­mızı qaldırmışdı. Hadruta və bütün ətraf yüksəkliklərə silahlı qüvvələrimiz nəzarət edirdi.

Ermənistanın hərbi əməliyyatların həmin mərhələsində uydurmalara əl atmasının əsas səbəbi işğalçı ordusunun onsuz da tam sarsılan mənəvi-psixoloji vəziyyətinin iflasa uğramasının qarşı­sını almaq idi. Amma bu məğlubiyyəti gizlətmək mümkün deyildi. Ona görə də həqiqət tez bir zamanda üzə çıxandan sonra Ermənistan ordusunda fərarilik hal­ları daha da geniş vüsət aldı.

Yeri gəlmişkən, Ermənistanın “məğlubedilməz” hərbi birləşmələrinin süqutu döyüşlərin lap əvvəlində fərariliklə başladı və düşmənin özünün etiraf etdiyinə görə, müharibənin sonunda ordudan yayınan əsgər və zabitlərin sayı 10 minə çatdı. Azərbaycan Ordusunun qələbə əldə etmək gücündə olmadığını iddia edən işğalçının bu məqsədli uydurması da ifşa edildi: silahlı qüvvələrimizin sıralarında əməliyyatlar zamanı bir nəfər də olsun belə fərariyə təsadüf edilmədi. Bu da təsadüfi deyildi. Çünki, əvvəla, ordumuz haqq-ədalət uğurunda döyüşürdü, digər tərəfdən əsgər və zabitlərimizdə Vətənə, torpağa dərin bağlılıq olması bu cür halın mövcudluğunu istisna edirdi. Başqa sözlə, orduda ruh yüksəkliyi, torpağımızın yağıdan geri alınması qətiyyəti var idi. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müasir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni real­laşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabına Hadrut və digər ərazilərimiz düşməndən təmizləndi.

Eyni zamanda, ordumuzun döyüş hazırlığı da yüksək səviyyədə idi. İşğal dövründə irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlan­dırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi də qələbəmizi şərtləndirdi.

O da vurğulanmalıdır ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı müasir texnologiyalar əsasında hazırlan­mış silahlardan istifadə edərək həyata ke­çirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – silahlı qüvvələrimizin hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi.

Prezident İlham Əliyev çıxışında qazilərimizin, hərbçilərimizin qanı bahasına işğalçının torpaqlarımızdan qovulduğunu, düşməndən təmizlənən bütün torpaqlarda Azərbaycan bayrağının ucaldılması ilə tarixi ədalətin və milli qürurun bərpa edildi­yini diqqətə çatdırdı: “Mən işğal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Ermənistan rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıq­ları yalana özləri də inanmağa başlamışdı­lar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarak­terli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusu­nun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordu­su isə müzəffər ordudur”.

Ali Baş Komandan, həmçinin bil­dirdi ki, Hadrut əməliyyatından sonra Azərbaycanın Ordusunun şərəfli missiya­sı davam etdi, 8 gün sonra Füzuli azad olundu, az müddət ərzində Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi düşməndən təmizləndi. Həmçinin Laçın dəhlizi nəzarətə götürüldü. Bununla da artıq Ermənistanın məğlubiyyəti qaçılmaz oldu. Təəssüf ki, düşmən bunu anlasa da, namərd əməllərindən əl çəkmədi, dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdu. Bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldu. Azərbaycan Ordusu isə bütün savaş dövründə müharibə qanunlarına əməl edərək döyüşü ləyaqətlə apardı, dinc əhaliyə qarşı silah işlətmədi. Silahlı qüvvələrimiz əsas hədəfi ancaq düşmənin hərbi birləşmələrinə, texnikalarına və silah anbarlarına yönəltdi. Bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərdi.

Yazının əvvəlində qeyd etdiyim kimi, Prezident çıxışında, həm də Ermənistan və havadarlarına mesajlarını da çatdırdı: “Mən dəfələrlə demişəm, bax, burada – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayo­nunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər han­sı bir təhdid yaradılsın…”.

Dövlətimizin başçısı daha sonra bildirdi ki, əgər bu təhdid ölkə hüdudla­rından kənarda olsa belə, yenə də bizi heç kim dayandıra bilməyəcək. Vətən müharibəsində də nə qədər bizi dayan­dırmağa çalışsalar da, nə qədər bizi hədələsələr, təhdid etsələr də, Azərbaycan haqq yolundan dönmədi, sona qədər mübarizə aparıb ədaləti bərpa etdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərində olarkən, dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə çıxış edərək, əvvəlcə xalqımıza həm ad gününü təbrikə, həm də göstərilən dəstəyə görə minnətdarlığını çatdırdı: “Mən bu dəstəyi 2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.

Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıt­mışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan–Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edil­miş torpaqlarda, o cümlədən, Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Dövlətimizin başçısı çıxışında daha sonra Hadrutda qəhrəman Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqada­sının hərbi hissəsinin açılışında iştirak etdiyini, hərbçilər qarşısında yeni vəzifələr qoyduğunu bildirməklə, Ermənistana və havadarlarına bir daha mesaj ünvanladı: Azərbaycan bundan sonra da ərazisini qorumaq üçün ordusunu gücləndirəcək, müasirləşdirəcək, istənilən təhdid və təzyiq qarşısında qəti sözünü deyəcək


Sərdar Əhmədov,
Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri.

27-12-2021, 12:04 | Gələn il Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək

Gələn il Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək


2022-ci ilin yanvar-aprel aylarında ölkəmiz ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək.

Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, ATƏT-in hərbi siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik bir tərəfdən çox məsuliyyətlidir.

"Digər tərəfdən isə bu mövzu ilə bağlı olaraq ölkəmizin mövqeyinin çatdırılmasının və inkişaf etdirilməsi üçün çox əlverişli bir platformadır. Hesaab edirəm ki bu da ölkəmiz üçün uğurlu bir sədrlik dönəmi olacaq", - deyə o qeyd edib.

27-12-2021, 12:02 | Yaxın zamanlarda beynəlxalq məhkəmələrə müaricət edəcəyik - Ceyhun Bayramov

Yaxın zamanlarda beynəlxalq məhkəmələrə müaricət edəcəyik - Ceyhun Bayramov


Azərbaycan yaxın zamanlarda bir neçə konvensiya üzrə - azad olunmuş ərazilərdə ekologiya, ətraf mühitə vurulan ziyan, həmçinin enerji resurslarının, təbii sərvətlərin qanunsuz istifadəsinə dair müvafiq konvensiyalara uyğun olaraq Beynəlxalq məhkəmələrə müaricət edəcək.

Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, üçtərəfli bəyanatın müddəalarının icra edilməsi istiqamətində praktiki addımlar atılması zərurəti var idi.

"Mövcud olan platformalarda, həmçinin 2021-ci ildə bu məqsədlə yaradılan yeni platformalarda Azərbaycan dövləti öz mövqeyini ifadə edərək bu istiqamətdə işlər aparıb.

Xarici siyasətimizin əsas prioritetləri həm ikitərəfli, həm çoxtərəfli, eyni zamanda Vətən müharibəsinin yaratdığı yeni reallıqlar kontekstində bu münasibətləri inkişaf etdirməkdir", - deyə o, bildirib

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.