15-10-2023, 06:13 | Tarix yazmış lider: Prezident İlham Əliyevin qələbə və uğurlarla dolu 20 ili

Tarix yazmış lider: Prezident İlham Əliyevin qələbə və uğurlarla dolu 20 ili


Düz 20 il bundan əvvəl, 15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi ölkənin Prezidenti seçərək öz gələcəyini ona etibar etdi. Sabitlik və inkişafın rəmzinə çevrilmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bugünkü Azərbaycan bu tarixi seçimin düzgünlüyünün ən yaxşı təsdiqidir.

Hələ 20 il bundan əvvəl Prezident İlham Əliyev geosiyasi tendensiyaları görərək ölkənin hansı istiqamətdə hərəkət etməli və strateji prioritetlərin harada müəyyən edilməli olduğunu bilirdi: Azərbaycan güclü iqtisadiyyat formalaşdırmalı, peşəkar və hərtərəfli təchiz edilmiş ordu qurmalı və dünya arenasında öz layiqli yerini tutmalı idi. Ölkə yalnız bu cür regionun lideri və böyük dünya siyasətinin aktoru ola bilərdi

Artıq 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların inkişafı üzrə ilk Dövlət Proqramı qəbul edilir. İlham Əliyev özü sonralar bu Dövlət Proqramını ilk ən ciddi siyasi qərarlardan biri adlandırıb, regionların inkişafı üzrə dövlət proqramları isə özlüyündə nəinki milli iqtisadiyatın inkişafının əsaslandığı təməl rolunu oynadı, həm də Azərbaycan tarixində ilk dəfə olaraq Bakı ilə ölkənin digər rayonları arasında infrastrukturun inkişafı baxımından qeyri-tarazlığı aradan qaldırıb.

Prezident İlham Əliyevin dövlət siyasəti ölkə qarşısında duran yeni çağırış və vəzifələrin həllinə yönəlmişdi. Prezident İlham Əliyev ölkəmizin yolunu dərhal müəyyən etdi: Azərbaycan transformasiya olunaraq inkişaf etmiş, müasir dövlətə çevrilməli, ardıcıl şəkildə siyasi, iqtisadi və sosial islahatların keçirməli idi.

Bunların həyata keçirilməsi üçün hələ 2004-cü ildə Prezident İlham Əliyev "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nı təsdiq etdi. Strategiya neft sektorundan gələn gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsini nəzərdə tuturdu.

Sonrakı illər davamlı inkişaf illəri oldu: Azərbaycanda 2 milyondan çox iş yeri, yüzlərlə yeni istehsalat müəssisəsi açıldı, kənd təsərrüfatının bir zamanlar boş qalmış ənənəvi sahə və istiqamətləri bərpa olundu. Yoxsulluq aradan qaldırıldı və həssas əhali qrupları üçün çoxsəviyyəli sosial dəstək sistemi icra edildi.

Bununla yanaşı, ölkəmizin qlobal bazarlarda mövqeyi də möhkəmlənirdi: Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) layihəsini həyata keçirməklə faktiki olaraq Avropanın enerji xəritəsini yenidən cızdı. Qitədəki ən iddialı layihələrdən biri olan bu layihə sözün əsl mənasında zamanın önünə keçdi. Bir çox skeptiklər və Azərbaycanın "yaxşılığını istəyənlər" CQD-nin inşasının və icrasının real olmayacağını deyirdi, Azərbaycan isə əksini sübut etdi. Sonralar, Avropada böhran baş verəndə isə, Bakının elə həmin tənqidçiləri Azərbaycan qazının öz istehlakçılarına tədarükü ilə bağlı danışıqlar aparmaq məqsədilə növbəyə düzüldülər.

Neft strategiyası və neft-qaz gəlirlərinin idarə olunması konsepsiyası ölkə iqtisadiyyatını yenidən formalaşdırdı: 2003-2022-ci illərdə Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 7,3 milyard ABŞ dollarından 78,7 milyard dollara, dövlət büdcəsinin xərcləri isə 1,2 milyard manatdan 36,6 milyard manata çatdı! Ölkənin strateji valyuta ehtiyatları 47 dəfədən çox artaraq,1,4 milyard dollardan 66,1 milyard dollara çatdı. 2003-cü ildə orta əmək haqqı cəmi 77,4 manat idisə, 2022-ci ildə 839,4 manat oldu. Görünməmiş rəqəmlərdir!

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xarici siyasətdə öz mövqeyini möhkəmləndirdi. Hələ 2011-ci ildə Azərbaycanın 155 səslə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini və iki il ərzində dünyanın böyük dövlətləri ilə yanaşı öz öhdəliklərini uğurla icra etdiyini xatırlamaq kifayətdir. Bu hadisə ölkəmizin və liderinin nüfuzunun dünya arenasında qlobal səviyyədə tanındığının ən mühüm təsdiqidir.

2019-cu ildə isə Azərbaycan yekdilliklə dünyanın ikinci ən böyük strukturu olan Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyevin sayəsində Qoşulmama Hərəkatı ikinci nəfəs qazandı, dirçəldi və qlobal strukturlardan biri olaraq yenidən əhəmiyyət qazandı. Azərbaycanın Qoşulmama Hərəkatının dirçəlməsindəki rolu o qədər yüksək qiymətləndirildi ki, təşkilat ölkəmizin sədrliyini daha bir il müddətinə uzatdı.

Dövlət başçısının siyasətinin ən mühüm istiqamətini Azərbaycan ordusunun əsaslı şəkildə modernləşdirilməsi təşkil etdi. Prezident İlham Əliyev özü ordu quruculuğunun təbii prioritet olduğunu vurğulayırdı, çünki Azərbaycan uzun illər ərzində erməni işğalçıları ilə mübarizə aparıb. Bu istiqamətdə də nəhəng yol qət edilib.

Azərbaycanın hərbi büdcəsi 2003-cü ildən etibarən 15 dəfədən çox artıb ki, bu da ölkənin Silahlı Qüvvələrinin ən müasir texnika və silahlarla təchiz olunmasına imkan verdi. Bundan başqa, ölkədə sıfırdan yeni müdafiə sənayesi yaradıldı, 20-dən çox hərbi zavod və müəssisə inşa olundu. Bu gün onlar 1200-dən çox müxtəlif növ hərbi təyinatlı məhsul buraxırlar.

Azərbaycan ordusunun hərbi potensialı, hərbçilərin peşəkarlıq səviyyəsi də əhəmiyyətli dərəcədə artıb. Hərbçilərin və onların ailələrinin təminat və sosial yardım sistemi təkmilləşdirildi, regionda qeyd-şərtsiz lider olan Azərbaycan ordusu isə dünyanın 100 ən güclü ordusu arasına daxil oldu.

Ordunun modernizasiyası ölkə başçısının əsas missiyasının - ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin - icrasında yekun mərhələ olmaqla, Prezident İlham Əliyevin adını Azərbaycan xalqının tarixinə əbədi həkk etdi. Vətən müharibəsində qələbə dövlət başçısının iqtisadi, xarici siyasət və müdafiə strategiyasının məntiqi nəticəsi oldu. Prezident İlham Əliyev sayəsində ölkəmiz postsovet dövlətləri arasında çox az ölkədəndir ki, həm bəşəriyyətə qarşı cinayətlərdə və etnik təmizləmələrdə təqsirkar olan hərbi cinayətkarları məsuliyyətə cəlb edə bilib.

Prezident İlham Əliyev azərbaycanlıların bir neçə nəslinin faciə və müsibətlərinə səbəb olmuş problemi birdəfəlik həll etdi, indi isə bu insanların və onların övladlarının arasından minlərlə insan işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura qayıdırlar. Yüzlərlə yaşayış məntəqəsinin bərpasını əhatə edən 2022-2026-cı illər üzrə "Böyük Qayıdış" dövlət proqramı qəbul olunub. Artıq onlardan 52-nin konseptual layihəsi hazırlanıb, Prezident İlham Əliyev şəxsən 29 yenidən qurulmuş şəhər və qəsəbənin təməlini qoyub. Bundan başqa, müharibə bitdikdən cəmi il yarım sonra - 19 iyul 2022-ci ildən etibatən keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə qayıtmağa başlayıblar. Bütünlükdə bu müddət ərzində artıq 679 ailə, yəni 2700-dən çox insan doğma torpaqlarına qayıdıb. İlin sonunadək təqribən 1400 ailənin, yəni 5 mindən çox insanın qayıdacağı gözlənilir.

Qarabağ və Şərqi Zəngəzur yenidən formalaşır, xarabalıqdan yenidən doğulur. Qısa müddət ərzində Füzulidə və Zəngilanda aeroportlar inşa edildi, Laçında aeroportun inşası başa çatmaq üzrədir. Yüzlərlə kilometr yol salınıb, Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam edir. Bu yollar bölgənin iqtisadiyyatının təşkil olunması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bundan başqa, bölgədə artıq 12 yeni elektrik stansiyası istismara verilib, digər zəruri infrastruktur bərpa olunub. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur normal həyata, inkişafa qayıdır. Artıq onların da ölkənin bütün digər əraziləri ilə birgə işıqlı, uğurlu və qələbələrlə dolu gələcəyi var.

Azərbaycan Respublikasında dövlətçiliyin beşinci dövrü ən uğurlu oldu. Yəqin ki, yalnız bizim övladlarımız Prezident İlham Əliyevin etdiklərinin tarixi miqyasını tam ölçüdə qiymətləndirə biləcəklər. Ölkəmizin tarixində dövlətin bütövlüyünü bərpa etmiş, onun uzunmüddətli inkişaf strategiyasını həyata keçirmiş, ətrafında milləti birləşdirmiş və milyonlarla soydaşını Qələbəyə doğru aparmış ikinci bu cür lider olmayıb.

Prezident İlham Əliyev ölkə lideri, tarixi miqyaslı şəxsiyyət, dünya səviyyəli siyasətçi, ölkəni işğalçılardan təmizləmiş Müzəffər Ordunun Ali Baş Komandanı, olduqca müasir Silahlı Qüvvələri formalaşdırmış, dövlətin ərazi bütövlüyünü bərpa etmiş və bütün dünyaya Azərbaycan dövlətinin gücünü göstərmiş, ölkəsinin nüfuzunu və Azərbaycan cəmiyyətinin dəyərini yüksəltmiş bir Prezidentdir.

Emin Əliyev
TREND

15-10-2023, 05:49 | Füzuliyə yola salınan daha 28 ailəyə mənzillərinin açarları verildi

Füzuliyə yola salınan daha 28 ailəyə mənzillərinin açarları verildi


Oktyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.



13-10-2023, 12:50 | Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı qarşıdakı illərdə də davam edəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı qarşıdakı illərdə də davam edəcək


Vahid Muradov,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
"2 №-li Yol İstismarı" MMC -nin direktoru.


Müstəqil Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində yüksək nüfuza sahib olan dövlətdir. 20 il öncə-15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu işlər görülüb. Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Ötən illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi.Bölgəmizdə reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Bundan əlavə, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Artıq bu layihələr reallığa çevrilib. Bununla da, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrildi. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində Azərbaycanı Qafqazda söz sahibinə çevirmişdir. Bu müddət ərzində maaşlar, pensiyalar dəfələrlə artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən məktəb, xəstəxana binaları tikilmiş, təmir edilmiş, bölgələrdə idman infrastrukturu yaradılmışdır. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmiş, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşübdür. Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu.
Tariximizə qızıl hərflərlə yazılmış zəfər tariximiz, qələbə salnaməmiz məhz dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik gərgin əməyinin, müdrik və məqsədyönlü siyasətinin, peşəkar və qüdrətli ordu quruculuğu prosesinin nəticəsi idi. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu qalibiyyət ədalətin, eləcə də Ermənistan tərəfindən pozulmuş beynəlxalq hüququn təmin edilməsi idi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Artıq qürurla və fəxarətlə bəyan edirik ki, 30 illik Vətən, torpaq həsrətimizə son qoyulub, biz ata-baba yurdlarımıza qovuşmaqla yanaşı, milli qürurumuzu özümüzə qaytarmışıq. Sevindirici haldır ki, artıq həmin ərazilərimizdə quruculuq və abadlıq işləri çox böyük sürətlə davam etdirilir. Ötən ay ordumuzun 24 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi.
Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcəkdir. Tam əminliklə demək olar ki, xalq-iqtidar birliyinin qarşılıqlı inamı sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq və müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaqdır.

13-10-2023, 11:53 | İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir



Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

AZƏRTAC-a istinadən bildirir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov iclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Xəbər yenilənəcək

13-10-2023, 09:46 | “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı keçiriləcək

“Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı keçiriləcək



Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində növbəti ümumrespublika bilik yarışı keçiriləcək.

"Heydər Əliyev və Azərbaycan tarixi" IX ümumrespublika bilik yarışı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

İştirakçılar "Heydər Əliyevin uşaqlıq və gənclik illəri", "Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri", "Heydər Əliyev və Qarabağ həqiqətləri", "Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü" və digər mövzularda biliklərini sınayacaqlar.

Qeyd edək ki, komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materiallarla tanış olub.

Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət komanda təmsil edəcək. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I, II və III yerləri tutan komandalar mükafatlandırılacaq.

12-10-2023, 19:52 | Azərbaycanı antiterror tədbirlərinə vadar edən səbəblər açıqlandı

Azərbaycanı antiterror tədbirlərinə vadar edən səbəblər açıqlandı


Sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələri tərəfindən törədilən ciddi təhlükəsizlik təhdidləri səbəbilə baş verib.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

Nazir müavini qeyd edib ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib:


"Lakin Ermənistan təxminən üç il Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Bu ilin iyulunda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Ermənistan qoşunlarının hələ də Qarabağda fəaliyyət göstərdiyini etiraf edib və onların bir neçə ay sonra geri çəkiləcəyini bəyan edib ki, bu, faktiki olaraq heç vaxt baş verməyib".

Elnur Məmmədov lokal antiterror tədbirlərinə qədərki bir neçə həftə ərzində Ermənistan qüvvələrinin Qarabağdakı fəaliyyətinin qorxulu dərəcədə intensivləşdiyini, bu qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyini, yeni döyüş istehkamları, səngərlər hazırladığını və Azərbaycanın hərbi mövqelərinə yaxın minalar yerləşdirdiyini qeyd edib.

Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.// Trend//



12-10-2023, 19:45 | Milli Məclis İlham Əliyev ilə bağlı bəyanat qəbul etdi - TAM MƏTN

Milli Məclis İlham Əliyev ilə bağlı bəyanat qəbul etdi - TAM MƏTN


Milli Məclis İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

Bəyanatda deyilir:

- Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir.

Ölkə iqtisadiyyatında sürətli və davamlı inkişaf dövrü yaşanmışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır. Energetika sektorunda əldə edilən nailiyyətlər nəinki ölkəmizin enerji müstəqilliyini təmin etmiş, həm də Avrasiyanın energetika xəritəsini dəyişdirmişdir. Hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində iş aparılır.

Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirmişdir. Ölkəmiz Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, informasiya texnologiyalarının və turizmin inkişafı dayanıqlı iqtisadi tərəqqi amillərindən biri olmuşdur.

2013-cü ildə ilk peykinin buraxılmasından sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir. Ölkəmizin kosmik strategiyası uzunmüddətli perspektivə yönəlmişdir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Həyata keçirilən əsaslı islahatlar dövlət idarəçiliyi sistemini müasir tələblər səviyyəsində qurmağa imkan vermişdir. Ölkənin siyasi həyatı müasir çağırışlara uyğunlaşdırılmış, çoxpartiyalı sistem təkmilləşdirilmişdir.

İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi həyatında önəmli rol oynayır. Digər siyasi qüvvələrin, o cümlədən müxalif partiyaların sərbəst fəaliyyəti üçün hüquqi əsaslar təkmilləşdirilmişdir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı sahəsində əməli addımlar atılmışdır.

Azərbaycanda qanunun aliliyi təmin edilmiş, insan hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədinə çevrilmiş, vətəndaş cəmiyyətinin inkişafına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən düşünülmüş tədbirlər sayəsində ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, bütün xalqların mədəni sərvətlərinin, müxtəlif dinlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır.

Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi ənənə halını almışdır. Bakı nüfuzlu beynəlxalq toplantılara, humanitar forumlara, mədəniyyətlərarası dialoq məclislərinə, böyük idman yarışlarına evsahibliyi edir.

Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Əliyev Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının mütəşəkkil qüvvə kimi formalaşmasının dəstəklənməsi üçün görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıtmasına kömək göstərilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasının həyata keçirilməsi sahəsində parlaq nailiyyətlər əldə edilmişdir. Bir çox dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, beynəlxalq təşkilatlar çərçivəsində fəal iş aparılmışdır. 2012-2013-cü illərdə dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük uğurlardan biri olmuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunu göstərən digər mühüm bir hadisə dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının yekdil qərarı ilə 2019-2022-ci illərdə dövlətimizin bu quruma sədr seçilməsi və yenidən yekdil qərarla sədrlik müddətinin daha bir il uzadılması olmuşdur. Hərəkata sədrlik dövründə Prezident İlham Əliyev ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorumuşdur. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın uğurlu sədrliyinin nəticələri olmuşdur.

Prezident İlham Əliyevin irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının bütün istiqamətlərində müsbət nəticələr əldə edilmişdir. Ən yüksək standartlara cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Qarabağı könüllü tərk etmək istəyən erməni sakinlərin ölkə ərazisindən təhlükəsiz və rahat çıxışına şərait yaradılmışdır. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Ermənistanla sivil dövlətlərarası münasibətlər qurulması məqsədi ilə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh danışıqları davam etdirilir.

Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət almışdır. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcəkdir.

Siyasi lider öz fəaliyyəti ilə zamanca qısa bir dövrü əhatə edir, milli lider isə uzunmüddətli perspektiv üçün ölkəsinin inkişafının optimal istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Milli Məclisi əmindir ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə Azərbaycanın müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Milli Məclis Vətənimizin və xalqımızın bu günü və sabahı naminə dəyərli fəaliyyətində dövlət başçısına yeni böyük uğurlar arzulayaraq, onun uzaqgörən daxili və xarici siyasətini, həmişə olduğu kimi, fəal surətdə dəstəkləyəcəyini, həyata keçirilən quruculuq işlərinin qanunvericilik bazasını möhkəmləndirmək və təkmilləşdirmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan edir.

14:39
--------

Oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.

AZƏRTACbildirir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunub.

Bəyanatı deputat Hikmət Babaoğlu səsləndirib.

Bəyanatda bildirilir ki, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyinin təmin etməklə bərabər, onu dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib.

Sənəddə həmçinin qeyd olunur ki, hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.// milli.az//

12-10-2023, 17:42 | Korotçenko: Paşinyanın imtinası siyasi şokun nəticəsidir

Korotçenko: Paşinyanın imtinası siyasi şokun nəticəsidir


MDB Şurasının iclasında iştirak bu gün Ermənistan hakimiyyətinin prioritetləri sırasında deyil. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlanması ilə əlaqədar erməni cəmiyyətinin, eləcə də erməni siyasi elitasının başına gələn fəlakət fonunda baş verir. Məncə, Ermənistan hakimiyyətinin atdığı addımlar şokun nəticəsidir. Həm də ermənilərin Rusiyaya qarşı ümumi mənfi münasibətindən qopmamaq istəyi ilə.

Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

"Ermənistanın Baş nazirinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan şəxsən imtina etməsi sırf siyasi və antirusiya xarakterli qərardır. Paşinyan göstərir ki, onun üçün postsovet məkanında inteqrasiya prosesləri və qarşılıqlı fəaliyyət əhəmiyyətsizdir və siyasi prioritet deyil. Nikol indiki sammitlərin əhəmiyyətsiz olduğunu göstərir", - o bildirib.

Korotçenko qeyd edib ki, İrəvanın MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının Bakıda keçirilən iclasında iştirakdan imtina etməsinin eyni səbəbləri var:

"Görünən o idi ki, Paşinyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərini Azərbaycan paytaxtına göndərmək qərarına gəlməsi mümkünsüzdür".axar.az



12-10-2023, 17:32 | Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib


Oktyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan və MDB ölkələri arasında müxtəlif sahələr üzrə, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, kommunikasiya, bağlantılar, humanitar, təhsil, idman və digər istiqamətlər üzrə faydalı əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib.

Təşkilat ilə əməkdaşlıq şəraitində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa və əlaqələrin inkişafına töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcək ikinci ən böyük şəhərimiz Gəncədə sözügedən idman tədbirinin həyata keçirilməsi üçün görülən işlərdən bəhs edib. Eyni zamanda, 2025-ci ilin İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə əlamətdar olduğu, bu xüsusda qələbənin qazanılmasına böyük töhfələr vermiş Azərbaycanın həyata keçiriləcək tədbirlərlə bağlı planın qəbul olunmasını dəstəklədiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edərək, bu xüsusda MDB çərçivəsində mütəmadi təşkil olunan siyasi məsləhətləşmələrin vacib rolundan bəhs edib, növbəti il ərzində də qəbul olunmuş məsləhətləşmələr planının münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə dair inamını ifadə edib.

MDB ölkələrinin coğrafi mövqeyi baxımından yerləşməsinin nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaratdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində təşəbbüsləri, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verən Bakı-Tbilisi-Qars dəmiryolunun təkmilləşdirilməsi məqsədilə görülən işlər, Ələt Azad İqtisadi Zonasının, o cümlədən Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması, investorlar üçün yaradılan imkanlar barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Son dövrlərdə ölkəmiz ilə Mərkəzi Asiya dövlətləri arasında artan təmasları məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ay Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvətinin inkişaf edən münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.

Daha sonra, tədbirin yekunlarına dair sənədlər qəbul edilib.


6-11-2022, 10:01 | Azərbaycanın və bütün regionun tarixi yaxşıya doğru dəyişdi

Azərbaycanın və bütün regionun tarixi yaxşıya doğru dəyişdi


Noyabrın 8-də Azərbaycan ikinci Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində növbəti təxribatına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, hökumətinin və ordusunun birliyi düşməni diz çökdürdü. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti sayəsində dəmir yumruq kimi birləşən Azərbaycan xalqı bütün dünyaya özünün gücünü göstərərək Ermənistan ordusunun "məğlubedilməzliyi" mifini darmadağın etdi. Bu gün bütün dünya Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışır.

Ermənilər guya keçilməz "Ohanyan xətti" haqqında mif yaratmışdılar. Lakin Azərbaycan ordusu onu çox tez məhv etdi. Azərbaycan ordusunun qüdrətini görən ermənilər qaçarkən nəinki silah-sursat, hərbi texnika, həm də hərbçi yoldaşlarının cəsədlərini qoyub qaçırdılar.

Bu qələbə Azərbaycan xalqının həmrəyliyinin, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin, Azərbaycan övladlarının qəhrəmanlığının, qorxusuzluğunun, əzmkarlığının və mərdliyinin təntənəsi idi. Bundan sonra bütün dünya əsrlər boyu Azərbaycanın qəhrəmanlarından, qüdrətindən danışacaq.

"Caspian Group Holding"in baş direktoru Rob Sobhani bazar günü Trend-ə bildirib ki, Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin qətiyyətli və balanslaşdırılmış siyasətinin nəticəsidir.

Onun fikrincə, Qarabağın erməni işğalından azad edilməsinin ildönümü Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyətinin Azərbaycanın və bütün regionun tarixini yaxşıya doğru necə dəyişdirdiyinin parlaq xatirəsidir.

"Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın azad edilməsi ilə bağlı müdrik qərarını onun ilkin istəyi - Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək kontekstində dəyərləndirilməlidir. Ermənistan işğal etdiyi əraziləri təslim etməkdən imtina edəndə, Qərb dövlətləri isə onu sülhə razılaşmağa məcbur edə bilməyəndə və 2020-ci il sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı təxribat törədəndə o zaman Prezident İlham Əliyev Azərbaycan xalqının mənafeyi naminə Qarabağın azad edilməsi barədə tarixi qərar verdi", - deyə R.Sobhani bildirib.

R.Sobhani Prezident İlham Əliyevin böyük müdrikliyini və Qarabağın işğaldan azad edilməsi səylərində müasir texnologiyalardan istifadəyə inamını qeyd edib.

Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert M. Katler öz növbəsində qeyd edib ki, Azərbaycanın qələbəsi Cənubi Qafqazda əsaslı dəyişikliklərin başlanğıcı olub.

Onun sözlərinə görə, bu dəyişikliklər möhtəşəmdir.

"44 günlük müharibənin başa çatmasının ikinci ildönümündə qətiyyətlə demək olar ki, Azərbaycanın qələbəsi Cənubi Qafqazın inkişafında hələ də tükənməmiş əsaslı dəyişikliklərin başlanğıcı oldu. Bununla belə, Ermənistanın hərəkətləri nəticəsində regionda çətin vəziyyət davam edir", - deyə Robert M. Katler bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdə Qərb dövlətləri üçün ən konstruktiv siyasət Ermənistanı Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamağa sövq etmək üçün konkret addımlar atmaq olardı.

Həmsöhbətlərimiz əmindirlər ki, 8 noyabr 2020-ci il bütün Cənubi Qafqaz üçün əsaslı və dönməz dəyişikliklərin başlandığı tarix olub və bu dəyişikliklər regiona yalnız sülh, sabitlik, proqnozlaşdırıla bilənlik və inkişaf gətirir. Ekspertlərin bəhs etdiyi yeni reallıq həm Azərbaycan, həm Cənubi Qafqazın digər ölkələri, hətta Ermənistan üçün də yeni imkanların geniş meydanıdır. 30 illik münaqişənin və Azərbaycan ərazilərinin işğalının tarixi indi əməkdaşlıq və perspektivlər dövrünün başlanğıcına çevrilir. Regiondakı bu vəziyyəti ərazilərimizin işğaldan azad edilməsi kimi tarixi missiyanı yerinə yetirməklə yanaşı, Cənubi Qafqazda ümidsiz kimi görünən dağılmış iqtisadi, nəqliyyat və digər əlaqələri sözün əsl mənasında yenidən dirçəltmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yaradıb.

Azərbaycana gəlincə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milyonlarla azərbaycanlının ətrafında birləşdiyi bir lider kimi Prezident İlham Əliyevin şəxsiyyəti amili məhz Qələbəmizdə həlledici rol oynadı. Azərbaycan Prezidenti həm insanları öz ətrafında birləşdirdi, həm də uğurun təməlini qoydu: sabit və inkişaf edən iqtisadiyyat yaradıldı, ölkənin Silahlı Qüvvələri köklü şəkildə modernləşdirildi, Azərbaycanın beynəlxalq aləmdə imici əhəmiyyətli dərəcədə artdı. Bütün bunlar Azərbaycanın qələbəsinin açarı oldu.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.