5-11-2021, 09:17 | Tariximizin şanlı səhifəsi

Müharibənin aparılması qaydaları ilə bağlı beynəlxalq konvensiyalarda müvafiq müddəalar təsbit olunub. Dövlətlər, ordular qarşısında müəyyən şərtlər müəyyənləşdirilib. Bütün bunların çoxu iki dünya müharibəsinin baş verdiyi ötən əsrdə bəşəriyyətin ümumi narahatlığı kimi formalaşıb. Amma bu müddəaların formalaşmasından yüz illər əvvəl də Azərbaycan sərkərdələri, Qafqazda hökmranlıq edən əcdadlarımız hərbi bu qaydalarla, əxlaq çərçivəsində aparardılar. Ən kəskin döyüşlərdə belə, şərəf və ləyaqəti, comərdlik prinsipini öndə tutardılar.
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində də Azərbaycan ulularımızın bu mənəvi mirasına sadiqlik göstərdi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Ölkəmiz tətbiq etdiyi innovativ silahlarla XXI əsrin müharibəsini apardı və hərbi əməliyyatları dinc əhaliyə, mülki insanlara ziyan vurmadan həyata keçirməyin mümkünlüyünü bütün dünyaya göstərdi. Gəncəni, Tərtəri, Bərdəni, Goranboyu, Mingəçeviri, Naftalanı və cəbhə xəttindən xeyli uzaq digər yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutan düşməndən fərqli olaraq onun kimi davranmadı. Halbuki, ordumuzdakı müasir silahlarla bundan qat-qat artığını edə bilərdik. Bununla belə, Azərbaycan bu cür namərd davranışı özünə əsla rəva görmədi. İtkilərimizin qisası savaş meydanında alındı. Ordumuzun gücü qarşısında qaçıb canını qurtarmağa çalışan, silahını atıb təslim olan, əsir götürülən erməni hərbçilərinə də yaşamaq, öz yanlışlarını anlamaq şansı verildi.
Xalqımız otuz ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələrinin işğalında qalan vətən torpaqlarının nisgilini, nigaranlığını çəkirdi. Bu elə bir dərd idi ki, hər bir azərbaycanlının qürurunu incidir, ürəyini dağlayırdı. Ən böyük təsəlli və ümid isə dövlət başçısı İlham Əliyevin bu fikirləri uca kürsülərdən səsləndirməsi idi: “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”.
Azərbaycan dövləti illər boyu məqsədyönlü işlər görərək güclü ordu qurmağa müvəffəq oldu. Xalq uzun illər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozdular. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlamalı oldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var”.
O gün dövlət başçısı xalqa müraciətinin sonunda vurğuladı: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” O gündən Azərbaycan xalqı eyni amal uğrunda döyüşdü…
2020-ci il sentyabrın 27-də cənab İlham Əliyev qismən səfərbərlik elan etdi. Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşılayan Azərbaycan xalqı o anlardan torpaqlarımızı qısa müddətdə Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək üçün bir yumruq kimi birləşdi. Erməni qəsbkarlarının otuz ilə yaxın davam edən işğalına 44 gündə - İkinci Qarabağ müharibəsində son qoyuldu. Bu 44 günün hər saatı, hər anı Azərbaycan tarixinə yazıldı.
Vətənin qəhrəman övladları ilk gündən könüllü yazılaraq ordu sıralarına cəbhəyə yollandılar. 44 gün davam edən döyüşlərdə iştirak etməyənlər, əlinə silah almayanlar da özlərini Azərbaycanın əsgərləri bildilər. Hər bir azərbaycanlı cəbhədən gələn xəbərləri böyük həyəcan, ümid və inamla gözlədi.
Azərbaycan xalqı öz gücünə, dövlətinin qüdrətinə, ordusunun qələbəsinə inandı. Bu inam o qədər möhtəşəm və sarsılmaz idi ki, qarşısında düşmən tab gətirə bilməzdi. Haqq yolunda döyüşdüyünə, ədalətli mübarizə apardığına əmin olan Azərbaycan Ordusu bu zəfərə layiq idi. Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin əminliklə, vüqarla söz açdığı Azərbaycan Ordusunun möhtəşəm gücünü yalnız biz deyil, bütün dünya İkinci Qarabağ müharibəsinin ilk günlərindən gördü. Döyüşlərdə ən müasir silahlardan istifadə edən ordumuz sürətlə irəliləyərək, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan əsgəri öz torpağı uğrunda mərdliklə, qəhrəmancasına döyüşdü. Erməni əsgəri isə döyüş əməliyyatlarında mövqelərini, hərbi texnikasını, silah-sursatını qoyub qaçdı. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində xüsusi olaraq qeyd etmişdi: “Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.
İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu.
İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.
Azərbaycanı qüdrətli dövlətə çevirən İlham Əliyev başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə bir çox mühüm işlər görülüb.
Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması da bunu təsdiqləyir. İndi qarşıda duran vəzifə Qarabağın dirçəlişidir. Vətən müharibəsindən sonra qalib ölkə kimi qarşısında yeni perspektivlər açılan Azərbaycan indi tam başqa bir mərhələnin astanasındadır.
Artıq bir ilə yaxındır ki, quruculuq işlərinə start verilib və reallıqlar göz önündədir. Azərbaycan öz iqtisadi qüdrəti hesabına həm dünyanı bürümüş qlobal pandemiya ilə mübarizə tədbirlərini, həm də işğaldan azad edilmiş torpaqlarda müasir infrastrukturların qurulması prosesini uğurla davam etdirir.
Fuad Hacıyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
5-11-2021, 06:16 | 44 günlük Vətən müharibəsinin xronikası: 5 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.
- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub.
- Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu.
- Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub.
- Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb.
- Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.
- Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib.
5-11-2021, 06:05 | Prezident İlham Əliyev: Azərbaycan özü münaqişəni həll etdi

Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Toxunmaq istədiyim digər bir mövzu, Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzudur - Ermənistan-Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi".
5-11-2021, 06:03 | Prezident İlham Əliyev: Bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb

Bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək".
5-11-2021, 06:02 | Prezident İlham Əliyev: Biz “peyvənd millətçiliyi” haqqında danışan ölkələrdənik

Biz qlobal səviyyədə "peyvənd millətçiliyi" və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi. Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə "peyvənd millətçiliyi" və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bizim təşəbbüsümüzlə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Qoşulmama Hərəkatının sədri qismində biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı etmişik. Biz təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək".
5-11-2021, 06:01 | Prezident İlham Əliyev: Qlobal Bakı Forumu aparıcı platformalardan birinə çevrilib

Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz burada - Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, birinci növbədə onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə, əlbəttə ki, həmçinin onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib".
5-11-2021, 05:59 | Prezident: İndi biz postmünaqişə vəziyyətindəyik

İndi biz postmünaqişə vəziyyətindəyik və biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb.
Təxminən 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Bu barədə müxtəlif təkliflər var. Ola bilsin, siz onlar haqqında eşitmisiniz. Hesab edirəm ki, hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır. Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək. Demək olar ki, bir ildir susurlar. Hesab etmirəm ki, hazırda onlar Azərbaycanın konstruktiv təklifinə qarşı çıxmaq mövqeyində deyillər. Əgər, onlar əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər".
5-11-2021, 05:57 | İlham Əliyev: Hər şey Ermənistanın mövqeyindən asılı olacaq

Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki bizim mövqeyimiz tam aydındır.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Bu gün bir daha deyirəm ki, biz hazırıq, sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq. Görəcəksiniz ki, Ermənistandan cavab gəlməyəcək. Demək olar ki, bir ildir susurlar. Hesab etmirəm ki, hazırda onlar Azərbaycanın konstruktiv təklifinə qarşı çıxmaq mövqeyində deyillər. Əgər, onlar əvvəlki danışıqlar illərində bizi dinləsəydilər, özlərini normal insan kimi aparsaydılar, bugünkü vəziyyətə düşməzdilər".
5-11-2021, 05:53 | YAP siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət etdi

Yeni Azərbaycan Partiyasının noyabrın 4-də təşkil etdiyi "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri" mövzusunda konfransda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
Müraciətdə deyilir:
"Azərbaycanın qalib gələrək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş ərazilərini azad etdiyi Vətən müharibəsindən bir il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədərək bir neçə istiqamətdə Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalisini müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə atəşə tutdu. Ermənistan rəhbərliyinin məkrli planının - yeni torpaqlar işğal etmək məqsədinin qarşısını almaq üçün Azərbaycanın əks-həmləyə keçməkdən və düşmənə layiqli cavab verməkdən başqa seçimi qalmadı.
44 gün davam edən Vətən müharibəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsi, milli qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Ordusunun inamlı və qətiyyətli Zəfər yürüşü nəticəsində qazanılan Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, eyni zamanda, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparan şanlı Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərərək 300-dən çox yaşayış məntəqəsini, həmçinin mühüm strateji yüksəklikləri işğaldan azad etməklə müasir hərb tarixində yeni səhifələrə imza atdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin təsdiqi olmaqla yanaşı, daha böyük itkilərin qarşısını almış oldu. Belə ki, Ermənistan üçtərəfli Bəyanata imza atmaqla Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur oldu və ölkəmiz 30 ilə yaxın davam edən işğal faktına öz hərbi-siyasi gücü ilə son qoydu. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etməklə separatizmə son qoydu. Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Şuşa şəhərinin azad olunduğu gün - noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib. Bu, ən yeni tariximizin parlaq səhifəsi olan Zəfər salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Vətən müharibəsindən sonra ötən bir ildə Azərbaycan tərəfindən atılan addımlar tarixi Qələbəmizin nəticələrinin iqtisadi, siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsini təmin edir. Artıq bütün dünya ictimaiyyətinə azad edilmiş ərazilərdə işğal dövrü ərzində törədilmiş dağıntıların miqyası, Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin, dini, mədəniyyət abidələrinin yerlə bir edilməsi, Ermənistanın misli görünməmiş ekoloji cinayətləri ilə tanış olmaq imkanı yaradılmışdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə ardıcıl və sistemli abadlıq-quruculuq işləri aparılır, kənd, qəsəbə və şəhərlərimiz, tarixi, dini və mədəni abidələrimiz bərpa edilir. Həmin ərazilərdə müasir yol infrastrukturunun yaradılması, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının inşası və digər addımlar uzun illərdir öz evlərindən didərgin salınan, hüquqları pozulan yüz minlərlə azərbaycanlının öz doğma yurduna dönməsinin - Böyük Qayıdışın qısa zamanda və ən yüksək səviyyədə həyata keçirilməsinə geniş imkanlar yaradır. Şübhəsiz ki, müasir bərpa-quruculuq konsepsiyaları əsasında reallaşdırılan tədbirlər - görülən işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına səbəb olacaq, 30 illik hərbi-siyasi əsarətdən xilas edilmiş ərazilərimizə yeni həyat və nəfəs verəcək. Lakin Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərin dəqiq mina xəritələrini verməkdən yayınması bərpa-quruculuq işlərinin həyata keçirilməsi prosesini ləngitməklə yanaşı, bu gün də insan tələfatına səbəb olur. Bununla da müharibə zamanı Azərbaycanın yaşayış məntəqələrini qadağan edilmiş silahlardan da istifadə etməklə atəşə tutaraq 100-dən artıq mülki sakinin ölümünə səbəb olan Ermənistan insanlığa qarşı yeni cinayətlərin baş verməsinə zəmin yaradır.
Artıq münaqişə və müharibə tarixə çevrilib - geridə qalıb, regionda post-müharibə dövrü başlayıb. Bu mərhələdə qarşılıqlı etimadın yaradılması, sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması mühüm vəzifə və prioritet kimi müəyyənləşdirilib. Azərbaycan uzun illər bölgədə sabitliyə, tərəqqiyə ciddi təhdid mənbəyi olan münaqişəni həll etməklə regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün geniş imkanlar yaradıb. Zəngəzur dəhlizinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq şəraitinin formalaşması, Cənubi Qafqazın bütün potensialı ilə işbirliyi məkanına çevrilməsi deməkdir. Bu isə həm Azərbaycan, həm Ermənistan, həm də region ölkələri üçün geosiyasi, geoiqtisadi cəhətdən faydalı və perspektivlidir, rifah və inkişaf vəd edir.
İndi mövcud reallıqlar fonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiq müəyyənləşdirilməsi, sülh şəraitində xalqların birgəyaşayışının təmin olunması mühüm çağırış kimi qarşıda duran əsas strateji vəzifələrdən biridir. Azərbaycan bu istiqamətdə öz üzərinə düşənləri yerinə yetirir, qəti və birmənalı mövqe sərgiləməklə müvafiq təkliflərlə, təşəbbüslərlə çıxış edir. Ermənistan da öz növbəsində dəqiq və konkret yanaşma ortaya qoymalı, üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməlidir.
Azərbaycan Respublikasının aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da beynəlxalq hüququn norma və prinsipləri əsasında regionda sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarına sadiqlik nümayiş etdirilməsinin vacibliyini qətiyyətlə bəyan edir. Hesab edirik ki, dünya ictimaiyyəti, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar, siyasi partiyalar da Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməsinə səy göstərməlidir. Ermənistan Azərbaycanın regionda dayanıqlı etimad, etibarlı təhlükəsizlik və faydalı əməkdaşlıq mühitinin yaradılması ilə bağlı çağırışlarına müsbət yanaşmalı, bəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına əsaslanan təşəbbüslərinə adekvat cavab verməlidir. Cənubi Qafqazda möhkəm sülh, barış və qarşılıqlı etimadın bərqərar edilməsi üçün bütün siyasi qüvvələri və təşkilatları birgə fəaliyyətə və səmərəli əməkdaşlığa çağırırıq".
Milli.Az
5-11-2021, 04:49 | Dünya liderləri Bakı Qlobal Formuna müraciət edir

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu öz işinə başladı.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.
Qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bugünədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib.
VIII Qlobal Bakı Forumu isə bugündən fəaliyyətə başlayıb. Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunə modeli, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi və digər önəmli məsələlərə toxundu.
VIII Qlobal Bakı Forumuna dünya liderlərinin böyük diqqəti və marağındadır. Formun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun, Latviya Prezidenti Egils Levitsin, Molova Baş naziri Natalia Gavrilitanın, Roma Papası Fransiskin, ÜST-ün direktoru Tedros Adhanom Qebreyesusun, Böyük Britaniyanın sabiq Baş naziri, BMT-nin Qlobal təhsil üzrə xüsusi elçisi və Ümumdünya Səhiyyə Təşkilatının Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun və digər nüfuzlu şəxslərin müraciətləri oldu.
Foruma dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində olan geniş maraq Azərbaycanın düyada artan nüfuzunun, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların və siyasi gücünün göstəricisidir.
Politoloq Ceyhun Əhmədli Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin VII Qlobal Bakı Forumunda çıxışı regionda müharibə və münaqişədən sonra yaranmış yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından da müstəsna əhəmiyyətə sahibdir. Cənab Prezident çıxışı zamanı müharibədən sonrakı reallıqların obyektiv təqdimatını etdi:
"Postkonflikt dövrünün reallıqlarından çıxış edən dövlətimizin başçısı Azərbaycanın regionun gələcəyi ilə bağlı baxışlarını növbəti dəfə bəyan etdi. Ölkəmizin sülh danışıqlarına hazır olduğunu bildirən cənab Prezident Ermənistandan hələ də bu istiqamətdə adekvat cavabın gəlmədiyini beynəlxalq birliyin diqqətinə çatdırdı. Yəni biz sülh müqaviləsini imzalamağa hazırıq. İndi top Ermənistanın meydanındadır. Məhz bu məqam Ermənistanın qlobal informasiya məkanında növbəti dəfə küncə sıxışdırılması baxımından son dərəcə önəmlidir.
Bu forum həm də dünya liderlərinin müraciətləri ilə yadda qaldı. Bu da Azərbaycanın, Azərbaycan Prezidentinin artan siyasi nüfuzunun, siyasi gücünün göstəricisidir. Bu gün Azərbaycan nəyinki regionun lider ölkəsidir, artıq Azərbaycan dünya səviyyəsində öz sözünü deməyi bacan, öz həll yollarını təklif edən bir dövlətə çevrilib".
Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə qeyd edib ki, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə görülən işlər ölkəmizin beynəlxalq nüfuzunu əsaslı şəkildə qaldırıb: "VIII Qlobal Bakı Forumu bu nüfuzun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib, beynəlxalq arenada öz siyasi çəkisi, mühüm rolu var.
"COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumda hibrid formatda təşkil olunan beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın nüfuzlu qonaq iştirak edir. Onların arasında ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, siyasətçilər, politoloqlar, ekspertlər var. Bu gün Bakı dünyanın siyasi diqqət mərkəzinə çevrilib.
Foruma qatılmış məşhur dövlət, siyasət və diplomatiya xadimlərinin Forumun panellərindəki çıxışları da bir daha sübut edir ki, Forumun Bakıda keçirilməsinin ciddi əsaslara malik olması yetərincə dərk edilir. Dünya liderləri Azərbaycan prezidentinin qlobal və regional məsələlərin həllində təşəbbüskar mövqeyinə böyük önəm verir və hər bir ekstremal vəziyyətdən çıxış yollarının axtarışında İlham Əliyevin təklif və təşəbbüslərinə xüsusi ümidlə baxırlar".
Baş redaktor bildirib ki, Azərbaycan prezidentinin Forumda çıxışı dünya üçün sülh, sağlamlıq, ədalət və rifah hədəflərinə yetişməkdə Azərbaycanın nə qədər məqsədyönlü işlər gördüyünü bir daha göstərdi: "Prezident Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsinin təkcə milli nailiyyət yox, həm də qiymətli təcrübə örnəyi kimi əhəmiyyətini yetərli səviyyədə izah etdi. Dünya bir daha bildi ki, Azərbaycan pandemiya ilə mübarizənin ən səmərəli mexanizmini yaratmış təşəbbüskar ölkədir. Dünya bilir ki, COVİD - lə uğurlu mübarizənin milli və qlobal mexanizmlərinin formalaşmasında İlham Əliyevin şəxsi təşğbbüskarlıq, təşkilatçılıq keyfiyyətləri və məsuliyyəti həlledici faktorlar oldu.
Dünya ilk dəfə olaraq bu həqiqəti duydu ki, Azərbaycan əsas təminatçı olduğu qaz bazarlarının iştirakçıları qarşısında maksimum məsuliyyətlidir və süni qiymət tərəddüdlərinin yaranmasına səbəb olan davranışlardan çox uzaqdır.Prezidentin nitqində özünə yer almış tezislər Azərbaycanın etibarlı tərəfdaş imicinin daha da möhkəmlənməsinə öz təsirini şübhəsiz göstərəcək.
Ən vacib məqamlardan biri budur ki, Prezident İlham Əliyev Azərbaycanı təcavüzkarlıqda və müharibəyə başlamaqda suçlayan Ermənistan siyasətçilərinin arqumentlərini bütün dünyanın gözü qarşısında bir daha alt-üst etdi. Prezident İlham Əliyev növbəti dəfə sübut etdi ki, müharibənin səbəbkarı və təcavüzkar məhz Ermənistandır. Prezidentin çox aydın nesajları oldu ki, Ermənistan BMT qətnamələrini icra etmədiyi, status - kvonu saxlamağa çalışdığı və yeni ərazilərin işğalına cəhd göstərdiyinə ğörə müharibənin bütün fəlakətləri üçün məsuliyyət daşıyan tək tərəfdir.
Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.
Trend


















