4-11-2021, 09:50 | Binəli Yıldırım Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydasından danışdı

Binəli Yıldırım Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydasından danışdı



Zəngəzurun dəhlizinin açılması istiqamətində çalışmalar davam edir.

Bunu Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumundan öncə jurnalistlərə açıqlamasında deyib.

B.Yıldırım bildirib ki, Bu dəhlizin açılması bütün region ölkələrinin daha çox əlaqələr qurmasına kömək edəcək. Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydası var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.


Trend

4-11-2021, 05:23 | 44 günlük Vətən müharibəsinin xronikası: 4 noyabr

44 günlük Vətən müharibəsinin xronikası: 4 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib.

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan Tovuz və Ağstafa istiqamətində atəşkəs rejimini pozub.

- Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayılıb. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edilib.

- Düşmən Tərtəri atəşə tutub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.

Trend

3-11-2021, 18:08 | Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədrini qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

AZƏRTAC bildirir ki, görüşdə "COVID-19-dan sonrakı dünya" adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun bir çox mühüm məsələlərin müzakirəsi üçün qlobal platforma olduğu bildirildi, pandemiyaya baxmayaraq, tədbirdə iştirak etmək üçün Bakıya çox sayda qonağın gəlməsinin bu Foruma və ölkəmizə olan marağın göstəricisi olduğu vurğulandı.

Görüşdə Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlığından məmnunluq ifadə olundu.

3-11-2021, 18:06 | Prezident İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Prezident İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

AZƏRTAC bildirir ki, söhbət zamanı "COVID-19-dan sonrakı dünya" adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulandı.

Görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya səfəri və həmin səfər zamanı Kolinda Qrabar-Kitaroviçlə görüşü məmnunluqla xatırlandı, bu səfərin əlaqələrimizin genişləndirilməsində rolu qeyd edildi.

3-11-2021, 06:09 | Azərbaycan bütün imkanlarını səfərbər etdi - Heç kim, heç hara yaddan çıxmır

Azərbaycan bütün imkanlarını səfərbər etdi - Heç kim, heç hara yaddan çıxmır

"44 günlük müharibə nəticəsində Azərbaycanın işğaldan azad olunan ərazilərində geniş miqyaslı quruculuq, bərpa işlərinin aparılmasına baxmayaraq ölkənin digər bölgələrində də sosial-iqtisadi inkişafla bağlı layihələrin reallaşdırılması zəruridir".

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, dövlət başçısı ölkədə mövcud olan iqtisadi, sosial çağırışlara kifayət qədər adekvat şəkildə reaksiya verir:

"İşğaldan azad olunan ərazilərlə yanaşı ölkənin digər bölgələrində də sosial-iqtisadi inkişafla bağlı layihələrin reallaşdırılması Prezidentin və ölkənin Birinci vitse-prezidentinin siyasətində öz əksini tapır. Görürük ki, ölkədə reallaşdırılan iri sosial, iqtisadi layihələr bilavasitə dövlət başçısı və birinci xanım tərəfindən həyata keçirilməkdədir. Onların təşəbbüsləri ilə bu proseslərə start verilir və reallaşdırılır. Bu da bir daha onu deməyə əsas verir ki, ölkədə mövcud olan iqtisadi, sosial çağırışlara ölkə rəhbərliyi kifayət qədər adekvat şəkildə reaksiya verir.

Prezident İlham Əliyevin ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlaması, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi, Azərbaycanın müasir simasının formalaşdırılması istiqamətində fəaliyyəti hamımızın gözü önündədir. Baxmayaraq ki, Vətən müharibəsinin bitməsinin 1 ili heç hələ tamam olmayıb və işğaldan azad edilən ərazilərimizin öz gücümüz hesabında yenidən qurulması, bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi sürətlə davam edir, bununla paralel dövlət başçısı digər rayonlarımızda şəhərlərimizdəki quruculuq işlərinin davam etdirilməsi üçün müvafiq sərəncamlar, fərmanlar imzalayır, həmin şəhər, kəndləri də gəzərək son proseslərlə yerində tanış olur.

Hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir. Biz bunu Prezidentin son İsmayıl, Şamaxı səfərləri zamanı da gördük.

Eyni zamanda hesab edirəm ki, aidiyyatı dövlət qurumları da proseslərin məhz bu istiqamətdə getməsindən müvafiq nəticə çıxarmalıdır. Şübhəsiz ki, həmin qurumların da fəaliyyətində effektiv yanaşmaların olmasına böyük ehtiytac var. Dövlət başçısı və ölkənin Birinci vitse-prezidenti tərəfindən irəli sürülən təşəbbüslər, verilən tapşırıqlar, o cümlədən regional iqtisadi inkişafla, regional sosial inkişafla bağlı olan tapşırıqlar aidiyyatı dövlət qurumları tərəfindən effektiv şəkildə icra olunur".

Təhməz Əsədov

3-11-2021, 06:03 | 44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabr

44 günlük Vətən müharibəsinin xronikası: 3 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Bir gündə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Azərbaycan Ordusu düşmən üzərində tam üstünlüyə malikdir.

- Düşmənin daha bir PUA-sı məhv edilib.

- Düşmən Füzulini "Smerç" ilə atəşə tutub.

- Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb.

- Düşmənin snayper qrupu məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb.

- Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.

- Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb.

- Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib.

- Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayılıb.

- Düşmənin motoatıcı alayının komandiri məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilməsinin videogörüntüsü yayılıb.


Trend

1-11-2021, 21:26 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak ediblər - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTACbildirir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma Mərkəz barədə məlumat verdi.

Bildirildi ki, Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Mərkəzdə dördü yerli - Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokserayaya davamlı anaclıqlar da yetişdiriləcək. 1,2 hektar sahədə salınan Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.

Onu da deyək ki, burada aqrar mühəndislik, budama, şpalerlərin çəkilməsi və digər istiqamətlər üzrə qısamüddətli və peşəyönümlü kursların təşkili, xəstəlik və zərərvericilərlə mübarizədə elmi-praktiki dəstəyin göstərilməsi, tarla məktəblərinin yaradılması, sort xüsusiyyətlərinin öyrədilməsi planlaşdırılır. Bununla yanaşı, yerli sortlardan ibarət gen banklarının formalaşdırılması, invitro şəraitində yetişdirilən tinglərdən ibarət bağların yaradılması, nümunə şərabların istehsalı və təşviqi, şərab kolleksiyalarının formalaşdırılması da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Azərbaycan üzüm istehsalına görə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında aparıcı respublikalardan biri olub. Ölkəmizdə 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilib və bunlardan təxminən 400-ü yerli üzüm sortlarıdır. Buna misal olaraq Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərlərini göstərmək olar. Hazırda ölkədə yerli üzüm sortlarından daha məhsuldar və yerli şəraitə uyğun 38 üzüm sortu geniş yayılıb və onlar sahibkarlıq subyektləri tərəfindən becərilir. Onu da deyək ki, 2020-ci ildə ölkədə 208 min tondan çox üzüm istehsal olunub. Bu da 2019-cu il ilə müqayisədə 3.1 faiz çoxdur.

1-11-2021, 21:20 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Aprel şəhidinin valideynləri ilə görüşüblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Aprel şəhidinin valideynləri ilə görüşüblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı şəhərindəki Gənclər Parkında görülmüş işlərlə tanışlıq zamanı Aprel şəhidi Samir Kaçayevin valideynləri ilə görüşüblər.

Dialoqu təqdim edir:

Tahir Məmmədov: Cənab Prezident, gördüyünüz bu əsər Şamaxıda böyüyüb başa çatmış heykəltaraş Samir Kaçayevin əsəridir.

Prezident İlham Əliyev: Bəli, bilirəm.

Tahir Məmmədov "Küləklə sovrulanlar" adlanır. Mehriban xanım, Sizin diqqət və qayğınızın nəticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm də turistlər üçün diqqətçəkən bir əsərdir.

Prezident İlham Əliyev: Nə yaxşı ki, burada da bu lövhə var. Buradan keçən görəcək, biləcək ki, müəllif kimdir.

Tahir Məmmədov: Bəli

Samir Kaçayevin atası: Diqqətinizə görə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz sağ olun ki, Vətən üçün, dövlət üçün belə övlad yetişdirmisiniz. Qəhrəmancasına həlak olub, şəhadət zirvəsinə ucalıb və istedadlı bir gənc idi, vətənpərvər gənc idi. Siz sağ olun ki, belə övlad böyütmüsünüz, o da canını Vətən uğrunda fəda edib.

Samir Kaçayevin atası: Çox sağ olun.

Prezident İlham Əliyev: Təsəlli o ola bilər ki, qanı yerdə qalmayıb. O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimizin qanını aldıq. Torpaqlarımızı geri qaytardıq, böyük Zəfər əldə etdik və Aprel döyüşlərinin bu Zəfərdə də öz rolu var, öz payı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da onun xatirəsinə özü tərəfindən yaradılmış bir əbədi abidə olacaq.

Birinci xanım Mehriban Əliyeva: Əsərin fonunda şəkil çəkdirək.

X X X

Xatirə şəkli çəkdirildi.

X X X

Samir Kaçayevin atası: Çox sağ olun.

Prezident İlham Əliyev: 22 yaşı var idi.

Samir Kaçayevin atası: Bəli, təzə tamam olmuşdu. Bir ay idi ki, 22 yaşı tamam olmuşdu. Magistraturaya qəbul olmuşdu. Dedim, oxu qurtar sonra. Dedi yox, gedim Vətənə borcumu verim. Ondan sonra davam edəcəm.

Mehriban xanım, Sizə də çox sağ olun. Siz bizə ev tikdirmisiniz. Çox sağ olun. Çox minnətdarıq, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Samir Kaçayevin ailə üzvü: Şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərirsiniz, çox sağ olun.

Prezident İlham Əliyev: Şəhidlərin xatirəsi bizim üçün müqəddəsdir.

Şamaxı rayonunda indi işlər yaxşı gedir. Böyük quruculuq işləri aparılır. Bütün sahələrdə insanların rahatlığı üçün çalışırıq. Şəhidlərimiz də bax, bu gün üçün öz canlarını fəda etmişlər ki, xalqımız rahat yaşasın, sülh, təhlükəsizlik şəraitində yaşasın, öz doğma torpağına qayıtsın və artıq qayıdıbdır. Biz bir neçə gündən sonra tarixi Zəfərin birinci ildönümünü qeyd edəcəyik. Bütün şəhidlərimizin bu Zəfərdə böyük payı var, öz payı var hər bir şəhidin.

Birinci xanım Mehriban Əliyeva: Əsər də simvolikdir. Sanki şəhidlərin ruhları zirvəyə qalxır.

Prezident İlham Əliyev: Bəli, elədir.

Samir Kaçayevin ailə üzvü: Bu onun son işlərindən biridir. Bu görüşə görə sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.


Trend-

1-11-2021, 21:15 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.

AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.

Qeyd edək ki, yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

1-11-2021, 21:14 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - FOTO

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

AZƏRTAC bildirir ki, 80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var. Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.








������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.