27-08-2021, 12:51 | Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda təsdiq etdiyi əməliyyatların məbləğini açıqlayıb - FOTO

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2021-ci ilin iyulunadək Azərbaycan üçün 140 477 504 avro məbləğində səkkiz əməliyyatı təsdiq edib.
Bu barədə Trend-in Yunanıstana ezam olunmuş müxbiri Salonikidə "Qara dəniz regionu post-pandemiya dövründə: QDTİB rəhbərliyi ilə strateji dialoq" adlı tədbirdən xəbər verir.
Qeyd olunur ki, əməliyyatlar üçün artıq ayrılmış məbləğ 131 195 562 avro, ödənilməmiş məbləğ isə 84 950 868 min avro təşkil edib.
Ümumiyyətlə, QDTİB-in İdarə heyətinin 2021-ci ilin iyulunadək təsdiq etdiyi əməliyyatların sayı 164, məbləği 3,6 milyard avrodan çox təşkil edir.
27-08-2021, 12:14 | Tarixə yazılan əbədi Zəfər

Dünya hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsi tək 30 il işğal altında qalan torpaqların azad olunması ilə deyil, həm də xalqın qürur hissini özünə qaytarmış oldu. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri dövlət başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.
Ötən gün çıxışında da prezident tarixi ədaləti bərpa edən Azərbaycanın uğuruna bir daha qayıdıb. Dövlət başçısı bildirib: "Müharibədən əvvəl hər dəfə görüş əsnasında deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq. Və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı".
Ölkə prezidenti canlarını Vətən uğrunda qurban verən şəhidlərin qəhrəmanlığını xüsusi qeyd edib. Həqiqətən də, prezidentin vurğuladığı kimi, bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu ədaləti bərpa etdi, düşməni torpaqlarından qovdu və müzəffər xalq kimi dünya tarixinə öz adını yazdı.
Postsovet məkanına nəzərə salaq. Münaqişəli vəziyyətdə olan neçə neçə ölkə, torpaqları işğal altında olan dövlət var. Hər biri ərazi itkisi ilə yaşayır və torpaqlarının geri dönəcəyi günü səbirsizliklə gözləyir. Azərbaycan xalqı isə prezidentinin rəhbərliyi və müdrik siaysəti ilə cəmisi 44 gün ərzində düşməni darmadağın etdi. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərdi, sözün əsl mənasında, ölümə getdilər. Düşmən itkilərini gizlətsə də, dəqiq məlumata görə ən azı 7-8 min hərbçisi məhv edilib.
Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb. Və dövlət başçısının da vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Azərbaycan işğalçıları məcbur etdi ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Budür, sözün əsl mənasında xalq və hakimiyyət birliyi və bu birlik əbədi sürəcək, buna da heç kəs şübhə etməsin.
Kamran Seyidov
Milli.Az
26-08-2021, 15:32 | Azərbaycan Prezidenti: Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir

Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib.
Bunu Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən dövlət qayğısından danışarkən bildirib.
Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik".
Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. "Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib", - deyə dövlətimizin başçısı vurğulayıb.
AZƏRTAC
26-08-2021, 15:26 | Prezident İlham Əliyev: Bu günə qədər şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb

Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülübr. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq.
Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.
"Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir", - deyə Prezident vurğulayıb.
Bu sahədə Azərbaycanın dünya miqyasında nümunəvi ölkə olduğunu bildirən dövlətimizin başçısı deyib: "Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar".
AZƏRTAC
26-08-2021, 15:24 | Prezident İlham Əliyev: Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir

Son illər ərzində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə mənim çoxsaylı görüşlərim olub. Müharibədən əvvəl hər dəfə görüş əsnasında mən deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı.
Bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib: "Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq".
Prezident qeyd edib ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir.
"Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir", - deyə Prezident İlham Əliyev vurğulayıb.
AZƏRTAC
26-08-2021, 15:22 | Prezident İlham Əliyev Moldova dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Dost Moldova Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələrə malik Azərbaycan-Moldova münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin möhkəmləndirilməsi, birgə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əsirgəməyəcəyik.
Belə bir əlamətdar tarixdə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"
AZƏRTAC
26-08-2021, 14:50 | Mehriban xanım Əliyeva: Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

Bu gün dünyanın əksər nöqtələrində Azərbaycan sözü inkişaf, uğur, sabitlik və tolerantlıq anlayışları ilə assosiasiya olunur. Təbii ki, ölkəmizin müasir dünyaya daha yaxından tanıdılması, xalqımızın milli-mənəvi dəyərlərinin təqdimatı olduqca çətin bir işdir. Burada xüsusi bir plan, bir fəaliyyət gərəkdir ki, ölkə başçısının rəhbərliyi ilə bu fəaliyyət çox uğurla həyata keçirilib. Uzun illərdir Azərbaycanın öz milli kimliyinin tanıdılması, milli dəyərlərimizə sahib çıxılması və inkişaf etdirilməsi, ən əsası humanizmin və vətəndaş birliyinin daha yüksək səviyyəyə gətirilməsi işində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin birinci müavini, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu olduqca yüksəkdir.
Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın Birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verməkdədir. Mehriban xanımın vaxtilə Milli Məclisin deputatı kimi də çoxşaxəli fəaliyyəti diqqət çəkir. O, təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, fəal deputat kimi seçiciləri ilə daim təmasda olub. Mehriban Əliyevanın fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bu təşəbbüslərin dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi sayəsində minlərlə məhbus azadlığa qovuşub.
UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi ölkə daxilində və xaricində mühüm layihələrə imza atan Mehriban Əliyeva Azərbaycanın Birinci xanım statusunu da şərəflə daşıyıb. Ölkənin Birinci xanımı Prezidentin ən yaxın silahdaşına çevrilməklə, sosial sahəyə xüsusi diqqətlə yanaşıb, öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə çalışıb. 2017-ci il fevral ayının 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edib. Ölkənin Birinci xanımı bu illər ərzində öz fəaliyyəti ilə milli dövlətçilik tariximizdə daha bir ilkin əsasını qoymuş oldu, müstəsna xidmətləri ilə bu tarixin yeni ənənələrini formalaşdırdı. Azərbaycanda Birinci xanım institutunun fəaliyyəti, Heydər Əliyev Fondu kimi ölkə miqyasından kənarda da böyük nüfuza malik olan qurumun uğurları, milli mədəniyyətimizin dünyada təbliği ilə bağlı effektiv həllər, mədəniyyət diplomatiyasının nailiyyətləri bilavasitə bu şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycanda Birinci vitse-prezidentlik institutunun ən gözəl fəaliyyət örnəyini də məhz Mehriban xanım Əliyeva yaratdı.
Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşmışdır. Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil etmişdir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilmiş, qəsəbələr salınmış, yeni iş yerləri yaradılmış və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunmuşdur.
Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.
Mehriban xanım Əliyevanın genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə diqqəti çəkir. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanı ləyaqətlə daşıması xalqına böyük sevgisinin ifadəsi idi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva belə bir tədbirin möhtəşəm olmasından ötrü əsl azərbaycançılıq sevgisi, vətənpərvərlik duyğusuyla çalışdı. I Avropa Oyunlarının uğurla başa çatmasından böyük sevinc hissi yaşayan Birinci xanımın bağlanış mərasimindəki çıxışını xalqımız yəqin ki, hələ də unutmayıb. Vətənə və xalqa bəslədiyi məhəbbətin səsində və sözündə kövrək notlarla ifadə olunması o gün həmin tədbiri izləyən bütün insanları təsirləndirdi, könülləri duyğulandırdı. Bütün ölkə və Avropa dövlətləri Mehriban xanımın sevincini, böyük qələbədən doğan həyəcanını duydu, onu sanki bir daha kəşf etdi. I Avropa Oyunlarının uğurla başa çatmasında “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması zənnimizcə ona indiyədək layiq görüldüyü saysız mükafatlardan daha çox sevinc hissi yaşatdı, duyğulandırdı.
Respublikamızın Birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur. Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülür. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl Ürək” beynəlxalq mükafatı, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeni və UNESCO-nun “Qızıl Motsart” medalı, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalı, Polşa Respublikasının xidmətlərinə görə “Böyük Komandor Xaçı” ordeni, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu, Azərbaycanda “Heydər Əliyev” ordeni, Rusiyada “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni, İtaliyanın xidmətlərinə görə “Böyük Xaç Kavaleri” ordeni ilə təltif olunub. Mehriban xanım Əliyeva, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə də Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə mükafatlandırılıb. O, daha neçə-neçə mükafatlara, fəxri təltiflərə layiq görülüb, bundan sonra görüləcək də! Ancaq Mehriban xanımın ən böyük ödülü ona olan böyük xalq inamı, xalq məhəbbətidir! Verilən yüksək adlar, onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə nüfuz və şöhrətə malik olduğunun göstəricisidir.
Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alır. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.
Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həyata keçirdiyi bütün layihələr xalqa layiqli xidmət prinsipinə söykənir. Onun dövlət idarəçiliyi fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal yenə də ön plandadır. Əminik ki, Mehriban xanım Əliyeva bu xeyirxah, nəcib missiyanı bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfələrini verəcəkdir. Sözsüz ki, Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycanın inkişaf tarixində xüsusi yerə malikdir. Qeyd etdiyi kimi “ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” devizini bu gün də layiqincə davam etdirir.
Fuad Hacıyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
26-08-2021, 14:41 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan "Gənclik" parkının açılışında iştirak ediblər.
Xəbər yenilənəcək
AZƏRTAC
26-08-2021, 14:05 | Mehriban Əliyeva doğum günündə bakılılara nəhəng bir park hədiyyə etdi

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günündə Xətai rayonu ərazisində nəhəng park açaraq şəhər sakinlərinə hədiyyə edib.
Virtualaz.org-a məlum olduğu kimi, 43 hektar ərazisi olan park 8 Noyabr prospektində yerləşir. Prospektin adı daha əvvəl Vətən Müharibəsində Qələbə Günü şərəfinə dəyişdirilib.
Parkın açılışından fotoşəkillər bir az sonra təqdim olunacaq.
26-08-2021, 13:59 | Rusiyanın mədəniyyət xadimləri Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər

Rusiyanın tanınmış mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.
"Vestnik Kavkaza" müxbirləri ilə söhbətində məşhur Rusiya teatr və kino rejissoru, "Nika" mükafatının bədii rəhbəri Yuli Qusman Mehriban Əliyevanın simasında qadın gözəlliyi və təşkilatçılıq istedadının birləşdiyini qeyd edib.
"O, ilk gündən olduğu kimi, dahi qadın olaraq qalır. İnsanın mahiyyəti, Allahın, təbiətin, valideynlərin və ya genetikanın, necə istəyirsiniz, ona bəxş etdiyi qanadlardır və bu qanadlar, əlbəttə, Mehriban Əliyevada var. O, Azərbaycanda mədəniyyətin, incəsənətin, Olimpiya hərəkatının, ümumiyyətlə idmanın inkişafında və həmçinin Rusiya-Azərbaycan münasibətlərində çox böyük rol oynayır, çünki biz yaxın qonşuyuq və bizim hər zaman gözəl münasibətlərimiz olmalıdır", - deyə o bildirib.
"Ən əsası, o bunu, diplomatik səylər və çox vaxt müxtəlif səviyyələrdə aparılan danışıqlara xas saxtakarlıq olmadan asanlıqla edir. O, taleyin və xalqın iradəsi ilə onun liderlərindən biri olan təbii, sadə insandır. O, bu böyük və çətin yükü ləyaqətlə, məhəbbət və anlayışla daşıyır. Mən ona xoşbəxtlik, sağlamlıq və malik olduğu böyük iş qabiliyyətinin yalnız doğum günündə deyil, daim qorunmasını diləyirəm. Onu sevən milyonlarla insan mənim kimi düşünür", - deyə Yuli Qusman vurğulayıb.
Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski qeyd edib ki, Mehriban Əliyeva Rusiya ilə Azərbaycan arasında əməkdaşlıqda mühüm rol oynayır. "O, mədəniyyətə və münasibətlərə heç vaxt biganə yanaşmır. Biz çox gözəl başa düşürük ki, bu gün artıq fərqli dövlətlərdə yaşadığımız zaman dövlətlərarası təmaslardakı mədəni əlaqələr bizim yaxın qalmağımız və bir-birimizi anlamağımız üçün çox böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Qriqori Zaslavski deyib: "Mehriban xanımın bir çox teatr, muzey və sərgi layihələrində fəal, ilhamlı, şəxsi iştirakı bu gün Azərbaycanı təkcə sevimli və möhtəşəm mətbəxi ilə deyil, eyni zamanda, himayəçisi Azərbaycanın Birinci vitse-prezidenti olan müxtəlif mədəni hadisələrlə bizə yaxın olan dövlət kimi hiss etməyə imkan verir".
Dövlət Teatr Sənəti İnstitutunun rektoru vurğulayıb ki, Mehriban Əliyeva dəfələrlə Azərbaycanda Rusiya teatrlarının qastrol səfərlərini və digər irimiqyaslı layihələrini dəstəkləyib. "Onun mədəni əməkdaşlıq məsələlərinə qayğıkeş münasibəti bu gün də Azərbaycanla mütəmadi əlaqə saxlamağımıza kömək edir. Hətta indi, pandemiya dövründə də bu əməkdaşlıq davam edir. Məsələn, yazda Şərq Muzeyində "Nizaminin süjetləri və obrazları" sərgisi keçirildi. Yəni, hər şeyin asan olmadığı bu gün də Mehriban Əliyevanın diqqəti sayəsində ölkələrimiz arasında mədəni dialoq davam edir".
"Kinolestnitsa" yaradıcılıq birliyinin baş prodüseri Yelena Tverdoxleb bütün kollektivi adından Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. "Azərbaycanın Birinci vitse-prezidentinə, Heydər Əliyev Fondunun prezidentinə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, yüksək vəzifədə uğurlar arzulayıram", - deyə o bildirib.
"Mehriban Əliyeva Rusiyada tanınır və dəyərləndirilir, ölkələrimizi mədəniyyət və incəsənət də daxil olmaqla, möhkəm dostluq, mehriban qonşuluq və müxtəlif sahələrdə əməkdaşlıq ənənələri birləşdirir. Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir, humanitar sahədə isə nümunəvi xarakter daşıyır və bu işdə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük rol oynayır", - deyə Yelena Tverdoxleb vurğulayıb.
"Kinolestnitsa"nın baş prodüseri deyib: "Mənə Mehriban Əliyeva ilə görüşmək nəsib olub. Onun cazibədarlığını, səmimiliyini, erudisiyasını, problemlərin optimal həllini tapmaq bacarığını qeyd etmək istəyirəm. Böyük bir yaradıcı kollektivin baş prodüseri olaraq, mənim üçün, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva insanlararası ünsiyyətin xüsusilə vacib olduğu sahədə məqsədyönlü və nümunəvi lider, qadın olaraq isə gözəllik və zəriflik nümunəsidir".
Yelena Tverdoxleb söhbətini belə yekunlaşdırıb: "Mehriban Əliyevanın adı görkəmli şəxsiyyət kimi artıq müasir tarixə yazılıb. O, təbiətin, cəmiyyətin və mənəvi ehtiyacların əvvəlcədən müəyyən edildiyi bütün sahələrdə özünü reallaşdırmağı bacaran bütün ahəngdar, məqsədyönlü və güclü qadınlar üçün bir nümunə oldu".
Tarixçi və yazıçı Nataliya Zazulina-Muzıkantskaya Mehriban Əliyevanın ən parlaq qadın siyasətçilərdən biri olduğunu bildirib. "O, postsovet məkanında son 30 ilin ən parlaq birinci xanımdır. Həm nüfuzuna, həm də apardığı humanitar missiyaya görə dünya miqyasında da diqqəti cəlb edir. Azərbaycanın müasir mədəniyyətinə və Rusiya-Azərbaycan münasibətlərinə verdiyi töhfəyə görə mənim ona çox dərin hörmətim var", -deyə o bildirib.
"Mehriban Əliyevanın Rusiya mədəniyyət xadimlərinə necə münasibət bəslədiyi çox vacibdir. Mən, məsələn, Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın həm Rusiya, həm də Azərbaycan üçün son dərəcə əhəmiyyətli şəxsiyyət olan Müslüm Maqomayevin xanımına və ya dahi Azərbaycan yazıçısı, ortaq mədəniyyətimizdə böyük bir sütun olan Maqsud İbrahimbəyovun həyat yoldaşına necə hörmətlə yanaşdığını görmüşəm. Dünya incəsənətində ayrıca üslubun yaradıcılarından sonuncusu, bu yaxınlarda vəfat edən dahi sənətkar Tahir Salahovun xatirəsinə Azərbaycanın necə münasibət bəslədiyini də qeyd etməmək olmaz. Bütün bunlar, əlbəttə, hörmətə layiqdir", - deyə Nataliya Zazulina -Muzıkantskaya vurğulayıb.
Trend


















