17-05-2021, 07:39 | Fransanın XİN rəhbəri Ceyhun Bayramova zəng etdi - Sərhəddəki vəziyyətə görə

Bu gün qarşı tərəfin təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovla Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
XİN-dən milli.az-a verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistanla sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən, Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib.
Nazir Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.
Nazirlər, həmçinin, münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.
16-05-2021, 20:38 | Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.
Parlamentin növbəti plenar iclasının mayın 21-də keçirilməsi nəzərdə tutulur.
Trend
13-05-2021, 08:49 | Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan rəsmi "İnstagram" hesabında bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Trend bildirir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!
Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!
Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"

13-05-2021, 07:58 | Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Ramazan Bayramı münasibətilə paylaşım edilib - FOTO

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Ramazan Bayramı münasibətilə paylaşım edilib.
Paylaşımı təqdim edir.
12-05-2021, 06:56 | Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır

Prezident İlham Əliyevin hər hansı bir bölgəyə səfəri həmin yerin inkişafına və bölgənin gələcək perspektivləri ilə bağlı əlavə qapıların açılmasına xidmət edir. Dövlət başçısının belə səfərlərindən biri də mayın 10-da Naxçıvan Muxtar Respublikasına reallaşdı. Hər dəfə olduğu kimi, Prezident İlham Əliyev bu dəfə də bir çox mühüm açılışlarda iştirak etdi.
Dövlət başçısı ilk olaraq Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak elədi, daha sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışını etdi. Bu da təsadüfi deyildi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi aerodromu və digər infrastrukturlar Zəngəzur dəhlizinin o biri başında hərbi-iqtisadi cəhətdən çox güclü bir qüvvənin dayandığını göstərdi. Prezident İlham Əliyev bu açılışla Zəngəzur dəhlizinin hər iki ucunda iki böyük qüvvənin olduğunu misilsiz ustalıqla nümayiş etdirdi.
Ali Baş Komandan burada Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etdi. Bilirsiniz ki, Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq "dəmir yumruğ"un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid övladlarımız vahid milli ideya uğrunda canlarından keçdi. Xalqımız şəhidlər versə də ruhdan düşmədi, böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi.
Səfər çərçivəsində dövlət başçısı Naxçıvan şəhərində "ASAN xidmət" Mərkəzinin binasının tikintisi ilə də tanış oldu. Bu arada qeyd edək ki, hazırda ölkədə 20 "ASAN xidmət" Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır.
Prezident İlham Əliyev, həmçinin "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun və "Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin açılışını etdi, eyni zamanda Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış oldu.
Dövlətimizin başçısının səfər çərçivəsində Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olması da təsadüfi deyildi. Ona görə də bu məsələnin üzərindəbir qədər dayanmaq istərdik. Bilirsiniz ki, Azərbaycan Prezidenti mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həmin müsahibədə bəzi beynəlxalq ünvanlara münaqişənin artıq həll edildiyi barədə daha qəti mesajlarını verdi. İlham Əliyev Naxçıvanda 10 noyabr sənədinin ilk dəfə olaraq yeni strateji keyfiyyətini açdı. 10 noyabr sənədinin tək barışıq yox, daha geniş mənada münaqişənin həll sənədi olduğu bir daha bəyan edildi. Prezidentimiz Naxçıvanın blokadadan çıxışına nəyin bahasına olsa da nail olunacağını ciddi inamla nümayiş etdirdi. Xüsusilə də Naxçıvanın inkişaf və güc göstəricilərinin qabardılması təsadüfi xarakter daşımır.
Naxçıvanın böyük iqtisadi-sosial inkişafı, Ordubada qədərki avtomobil və dəmir yolunun yüksək vəziyyətdə olması barədə Prezidentin bəyanatları Zəngəzur dəhlizi ilə bağlı heç bir güzəştin olmayacağını göstərir. Bütün dünyaya nümayiş etdirildi ki, Horadizdən Ağbəndə, Mehridən Naxçıvana qədərki Zəngəzur dəhlizinin iki mühüm hissəsi artıq hazırlanıb və bunu Azərbaycan Prezidenti hazırlayıb. Dəhlizin işləməsi üçün qalan cəmi 40 kilometrlik hissənin hazırlanması birmənalı olaraq Ermənistanın məsuliyyətinə daxildir.
Heç şübhəsiz ki, Prezident Naxçıvana bu gedişi ilə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafında yeni mərhələ açacağını göstərmiş oldu.
Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsindən bir parçaya diqqət edək: "Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.
Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır".
Azərbaycan Prezidenti Ermənistan ərazisində olan hissənin taleyinə də aydınlıq gətirdi. Bildirdi ki, Ermənistanda dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur: "Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın".
Göründüyü kimi, Zəngilan dəhlizinin tezliklə istifadəyə verilməsi istiqamətində Azərbaycan üzərinə düşən bütün işləri layiqincə həyata keçirir. Xoşbəxtlikdən Ermənistanın dəmir yollarına hakim olan Rusiya da bu məsələdə Azərbaycanla həmfikirdir. Ona görə də əminliklə söyləyə bilərik ki, Zəngəzur dəhlizi, digər adı ilə Naxçıvan dəhlizi çox yaxında istifadəyə veriləcək. Beləliklə, bu dəhliz Ermənistanın özü də daxil olmaqla bölgənin iqtisadi inkişafına yeni təkan verəcək.
Belkəliklə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının timsalında bölgələrə səfəri regionların, ümumilikdə cəmiyyət həyatının yeniləşməsi və müasirləşməsi, müxtəlif sahələrin inkişafı, əhalinin rifah halının yüksəlişi kimi ali məramlara xidmət edir. Bütün bunlar isə əminlik yaradır ki, Azərbaycan sürətli inkişaf tempini bundan sonra da qoruyub saxlayacaq. Trend
11-05-2021, 07:54 | Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik

Biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik.
Bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Hörmətli Sergey Viktoreviç, sizi Bakıda yenidən salamlamağa şadam. Sizin bu səfəriniz ərəfəsində mən bundan əvvəlki görüşümüzü xatırladım. Şadam ki, sizin Bakıya sonuncu səfərinizdən yarım il sonra biz münasibətlərimizdə müsbət dinamikanın davam etməsini məmnuniyyətlə qeyd edə bilərik. Elə bu gün mənim Vladimir Vladimiroviç Putin ilə telefon söhbətim olub. Biz bir-birimizi ümumi Qələbəmiz münasibətilə, faşizm üzərində Qələbə münasibətilə şəxsən təbrik etdik və faşistlərin, faşist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri ilə əlaqədar yanaşmalarımızın vahid olduğunu bir daha bildirdik, dünyanı faşizmdən xilas etməyə imkan vermiş, Avropanın və dünyanın bir çox xalqlarını azad etmiş bu böyük Qələbəyə əcdadlarımızın töhfəsini qeyd etdik.
Sizin bildiyiniz kimi, Vladimir Vladimiroviç ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız. Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə Bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. Bildiyiniz kimi, bu yaxınlarda - iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin - nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.
Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin.
Bununla bərabər, Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq. Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan deyil. İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb. Ona görə də işğalın bizim hətta güman edə bilməyəcəyimiz, - çünki biz həmin ərazilərə gedə bilmirdik, - dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq.
Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə bir daha deyirəm, mən əminəm ki, Cənubi Qafqazda yaranmış yeni vəziyyət artıq bu gün bizim münasibətlərimizə yeni xüsusiyyətlər verir. Biz yaxın qonşular, mehriban dostlar kimi aktiv fəaliyyət göstəririk və bu sıx əlaqələrimiz, sizin bugünkü səfəriniz buna daha bir sübutdur.
Sizi görməyə çox şadam. Bir daha xoş gəlmisiniz".
AZƏRTAC
11-05-2021, 07:45 | Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı

Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Rusiya XİN başçısı bildirib:
"Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk. Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır. Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik. Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır. Biz bunu mümkün edəcək şəraitin yaradılmasına kömək etməyə hazırıq. Kömək etməyə hazır olan başqa beynəlxalq təşkilatlar da var. Təbii ki, biz bununla əlaqədar razılaşmalarda maraqlı tərəflərin mövqeyini nəzərə almalıyıq. Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var. Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin".
AZƏRTAC
10-05-2021, 13:09 | Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü bu il ilk dəfədir ki, ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edilir. Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
Bunu Trend-ə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, məlum olduğu kimi, hələ Azərbaycana rəhbərliyinin birinci mərhələsində ulu öndər Heydər Əliyev həm Dağlıq Qarabağın inkişaf etdirilməsi, həm də bu regionda tarixi reallıqlara uyğun olaraq Azərbaycan faktorunun daha da genişləndirilməsi üçün mühüm tədbirlər həyata keçirib:
"Vaxtilə Şuşa şəhərində Qarabağ diyarından çıxmış görkəmli ədəbi-tarixi şəxsiyyətlərin ev muzeylərinin yaradılması və orada onlardan bir çoxunun heykəlləri və ya büstlərinin ucaldılması dövlət səviyyəsində həmin istiqamətdə atılmış mühüm addımlar idi. Dağlıq Qarabağda yeni sənaye sahələrinin yaradılması zamanı respublikanın rəhbəri Heydər Əliyevin tapşırığı ilə azərbaycanlı mütəxəssislərin işə cəlb edilməsinə diqqət yetirilməsi də bölgədə azərbaycanlı əhalinin qanunauyğun balansının qorunmasına xidmət edib.
Eyni zamanda, 1982-ci ildə Şuşa şəhərində görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə böyük şair və tanınmış dövlət xadimi Molla Pənah Vaqifin əzəmətli məqbərəsinin ucaldılması da Qarabağ torpağının tarixi Azərbaycan torpağı olmasını bir daha təsdiq edən mühüm əhəmiyyətə malik hadisə idi. Eyni zamanda, Şuşada keçirilmiş Vaqif poeziya günləri Qarabağda yaranmış Azərbaycan ədəbiyyatı və mədəniyyətini ardıcıl şəkildə təbliğ etmək məqsədi daşımışdır.
Çox təəssüf ki, erməni vandalları Dağlıq Qarabağı işğal etdikləri dövrdə bu torpaqlarda Azərbaycan izlərini silmək üçün qəbiristanlıqları, muzeyləri və heykəlləri, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini də vəhşicəsinə dağıdıblar".
Akademik bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə Qarabağın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir:
"Bu, Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə və xalqımıza qazandırdığı tarixi bir Zəfərdir.
Vətən müharibəsində - Qarabağ savaşında qazanılmış Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir. İkinci Qarabağ müharibəsində, 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri azad edilərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qalib Ali Baş Komandan kimi ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməklə bu böyük dövlət xadiminin də arzularını həyata keçirdiyini bəyan etmişdir. Bu mənada, Dağlıq Qarabağda Prezident İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılmış tarixi Zəfər həm də müstəqil Azərbaycan dövlətinin strateji məqsədlərinin həyata keçirilməsi deməkdir.
Hazırda Qarabağ ərazisində Şuşa şəhərinə çəkilən Zəfər yolu - İlham Əliyev yoludur. İlham Əliyev yolu Azərbaycan xalqının Zəfər və Uğur yoludur.
İlham Əliyevin Dəmir yumruğunun açdığı Zəfər və Uğur yolu ümummilli lider Heydər Əliyevin arzusunun həyata keçməsini təsdiq edən və xalqımızı daha böyük qələbələrə aparan böyük magistraldır.
Zəfər və Uğur yolu Azərbaycan xalqının Qəhrəmanlıq yoludur.
Zəfər və Uğur yolu - Böyük Qayıdışın magistralı və əbədi xoşbəxtliyin bələdçisidir".
10-05-2021, 12:29 | Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Heydər Əliyevin - bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümüdür. O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb - bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Dahi lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

10-05-2021, 12:25 | Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, bu, diplomatiya sahəsində həyata keçirilən addımlardır:
"Münaqişə başlayan ilk gündən bəri bununla bağlı müvafiq tədbirlər görülüb, hüquqi müstəvidə addımlar atılıb. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı həm cinayət təqibi qaydasında, həm mülki qaydada iddiaların qaldırılması təmin ediləcək".