11-12-2020, 05:27 | Azərbaycan Prezidenti: Biz Şuşaya Türkiyə şirkətlərinin inşa edəcəyi yeni avtomobil yolu ilə, inşallah, qardaşım Ərdoğanla bərabər gedəcəyik

Bu gün biz, eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların bərpası ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq və əminəm ki, bizim türk qardaşlarımızın yardımı ilə buna biz nail olacağıq. Bu gün artıq konkret layihələr - avtomobil və dəmir yolları, infrastruktur layihələri haqqında danışdıq. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər və bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək.
AZƏRTAC bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında Qarabağda həyata keçiriləcək layihələrdən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: "Mən bir daha Azərbaycan xalqı adından, öz adımdan qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək gördük, həmrəylik gördük".
Prezident İlham Əliyev qeyd edib ki, Cümhurbaşqanı başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları bizə dəstək verdilər. Türkiyənin media nümayəndələri öz həyatını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar və məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. "Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir".
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: "Bir daha əziz qardaşım, xoş gəlmisiniz. Doğma vətəninizə xoş gəlmisiniz. Sizi biz ürəkdən sevirik. Azərbaycan xalqı Sizə bu gün öz sevgisini küçələrdə göstəribdir. Biz danışdıq ki, Şuşa şəhərinə yeni avtomobil yolu, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu inşa ediləndən sonra bərabər, inşallah, Şuşa şəhərinə gedəcəyik".
11-12-2020, 05:21 | Azərbaycan Prezidenti: Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq, bu, çoxtərəfli platforma ola bilər

Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq.
AZƏRTAC bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı deyib: "Bu gün əziz qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikrimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər".
Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyinin olduğunu xatırladan Prezident İlham Əliyev qeyd edib ki, biz bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. "Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq", - deyə dövlətimizin başçısı əlavə edib.
11-12-2020, 05:19 | Azərbaycanın Zəfər paradı Rusiya KİV-lərinin diqqət mərkəzindədir - FOTO

Azərbaycanda keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Rusiya KİV-lərində diqqət mərkəzindədir. Bir çox xəbər resursları və telekanallar paradı səhifələrində, o cümlədən sosial şəbəkə hesablarında canlı yayımlayıblar.
AZƏRTAC bildirir ki, Rusiya mətbuatı Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakını xüsusi vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanını ziyarəti də diqqət mərkəzində olub.
Zəfər paradı haqqında reportajlarda Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.
11-12-2020, 05:12 | Prezident İlham Əliyev: Türkiyə müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu

Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir. Müstəqillik, mərdlik, cəsarət və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək.
AZƏRTAC bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında deyib.
"Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur "Bayraktar" Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədildiyini bildirən Prezident deyib: "Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlər boyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir. Bir-birinə qardaş deyir. Eyni zamanda bütün məsələlərdə biz bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu təbiidir".
11-12-2020, 05:07 | Azərbaycan Prezidenti: Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünyada güc mərkəzinə çevrilib

Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur.
AZƏRTAC bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib: "Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların mənafelərini müdafiə edir. Ədaləti, beynəlxalq hüququ bərpa edir".
9-12-2020, 07:26 | Ceyhun Bayramov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov cari ilin 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladaraq, səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə" ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini söylədi.
C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verdi. Nazir ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi.
Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, xüsusilə Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə bağlı fikir mübadiləsi apardılar.
Dövlət katibi Manlio Di Stefano regionda baş verən hadisələrlə bağlı yerində məlumat alınmasının daha faydalı olduğunu, bu səbəbdən Azərbaycana səfər etdiyini söylədi.
Görüş zamanı tərəflər, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.
9-12-2020, 04:37 | Birinci vitse-prezident Mehriban Əliyeva: Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır - FOTO

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır.
Trend bildirir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.
Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.
Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.
Əziz həmvətənlər,
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"

9-12-2020, 02:53 | Qələbəmizlə qürur duyuram

Noyabrın 10-da gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında videokonfrans formatında görüşə baxanda özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğunu eşitdikdə bir daha torpağımızda günahsız insanların qanının tökülməyəcəyini düşünərək sevindim. Üçtərəfli bəyanatı imzalayarkən Prezidentin də sevindiyini duyduqda bütün ailəliklə xoşbəxt olduq.
Elə cənab Putinin də yaranmış vəziyyətdən razı qaldığı görünürdü. O bildirdi ki, birgə bəyanatda şərh edilmiş qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsini dayandıracaq, həm də təsbit edilmiş razılaşmalara etibarlı nəzarət mexanizmi, regionda münasibətlərin inkişafı üçün əlverişli şərait yaradacaq.
Prezident İlham Əliyev isə Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulduğunu qeyd etdi: “Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması işi, əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq”.
Azərbaycan lideri bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi rolunu xatırladaraq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirdi. Bizim üçün ən sevindirici məqam bəyanatın bəndlərindən birində Rusiya və Türkiyənin birgə sülhməramlı missiyasında işrirakının göstərilməsidir. İnanırıq ki, bundan sonra problemin həlli Azərbaycanın istədiyi şəkildə baş tutacaq. Bunun üçün Prezident İlham Əliyev böyük diplomatik fəaliyyət göstərib. Bütün xalqımız onun hər bir addımını dəstəkləyib. Bu gün də hamılıqla dövlət başçımıza güvənirik və onun dəstəyindəyik.
Şanlı ordumuzun Şuşanı alması ölkəmiz üçün böyük qürurdur. Xüsusilə, demək olar ki, silah işlətmədən, əlbəyaxa döyüşlər nəticəsində bu qədim şəhərimiz azad olundu. Həm də heç bir dağıntıya yol verilmədi. Bu, xüsusi bir qəhrəmanlıqdır. Rus jurnalistlərindən birinin məqaləsində oxudum ki, Azərbaycan əsgərləri yaralanmış, hətta həlak olmuş yoldaşlarını belə yolda atmayaraq, çiyinlərinə alıb üzüyuxarı – Şuşaya qaldırırlarmış.
Şübhəsiz ki, bütün bunlar Ali Baş Komandanımızın böyük sərkərdəlik məharətinin nəticəsidir. Döyüşdə yaxşı komandan, əlbəttə, böyük perspektiv deməkdir. Bizdə də belə oldu. Cəsur komandanın əmri ilə ordumuz, demək olar ki, heç bir güllədən, mərmidən çəkinmədən irəlilədi və böyük uğurlar qazandı.
Hesab edirəm ki, birgə bəyanatda heç bir statusdan söhbət getməməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə müsahibələrində qeyd edib ki, Azərbaycan yeni reallıq yaradıb və indi hamı bununla hesablaşmalıdır. Bu da Ali Baş Komandanımızın cəsarəti sayəsində əldə olundu. Bu məsələdə Xalq-Prezident birliyi öz sözünü dedi. Prezident xalqa arxalandı, ondan güc aldı. Bütün Azərbaycan xalqı da gecə-gündüz Prezidentimiz, ordumuz üçün dualar etdi.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Rəfail Mehralıyev,
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi.
9-12-2020, 02:19 | Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
9-12-2020, 02:06 | Ömər Çelik: “Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir".
"Haber Global"ın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
"9-10 dekabrdakı bu ziyarətlər azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Azərbaycana aid olan torpaqlar əsl sahibinə (Azərbaycana) qayıtmışdır.
Silahlı qüvvələrimiz birgə fəaliyyət üçün hazırlıqlarını tamamladı, vəzifəyə hazırdır. Tezliklə atəşkəsi müşahidə üçün əsgərlərimiz bölgədə olacaq", - deyə Ö.Çelik bildirib.


















