24-09-2021, 06:36 | Ərdoğan: “Bizim üçün S-400 məsələsi bitib”
Türkiyənin Rusiyadan aldığı S-400 sistemlərinə görə ABŞ-ın təzyiqlərini qəbul etməsi mümkün deyil.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində keçirdiyi mətbuat konfransı zamanı bildirib.
"Baxın, biz F-35-ləri aldıq. 1 milyard 400 milyon dollar ödədik və F-35-lər bizə verilmədi. Amerika öncə bunu həll etməlidir. S-400-ləri bəhanə edib bizə F-35-ləri verməmək nə dövlətlərarası münasibətlər, nə də diplomatiya baxımından düzgün deyil. Əlbəttə ki, biz beynəlxalq hüquq nəyi tələb edirsə, onu edəcəyik. Ancaq S-400-lərə görə davamlı təzyiqləri qəbul etməyimiz mümkün deyil. Bizim üçün S-400 məsələsi bitib. Burada geri addım atmağımız da mümkün deyil. Amerikanın bu faktı ikitərəfli və beynəlxalq münasibətlərdə doğru şəkildə nəzərə alması lazımdır", - deyə Ərdoğan bəyan edib.
O, Türkiyənin özünü qorumaq üçün lazım olanı alacağını da bildirib.
"Sən bizə "Patriot" verməyəcək, sonra da "Niyə S-400 aldın" deyəcəksən? Türkiyə özünü qorumaq üçün lazım olanı alacaq. Gərəkərsə, onları istehsal da edəcək, artıq başladıq da", - deyə əlavə edib.
21-09-2021, 14:49 | Azərbaycanda yeni dərsliklərin çapına başlanılıb
2021-2022-ci tədris ili üçün peşə təhsili dərsliklərinin çapına başlanılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə tədrisin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili məqsədilə dərsliklərin çap edilməsinə başlanılıb. Peşə təhsilinin mühəndis-pedaqoji heyəti, həmçinin təhsilalanlar üçün ümumilikdə ümumtəhsil üzrə 33 adda 116 000 ədəd, ixtisas modulları üzrə isə 207 adda 213 350 ədəd dərs vəsaitinin çapı nəzərdə tutulub. İlkin mərhələdə 265 050 ədəd dərs vəsaitinin çapı yekunlaşıb. Növbəti mərhələ üzrə isə 64 300 dərs vəsaitinin çap olunması nəzərdə tutulub.
Nəşr edilən və peşə təhsil müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil sahələrini əhatə edir.
Çap edilən dərsliklər turizm istiqaməti üzrə turizm təşkilatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, mehmanxana inzibatçısı ixtisaslarını, kənd təsərrüfatı istiqaməti üzrə aqroservis mütəxəssisi, bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi, iaşə və xidmət istiqaməti üzrə isə geyim üzrə dizayner, dərzi və bu kimi digər ixtisasları özündə birləşdirir. Həmçinin, yeni tədris ilindən etibarən kənd təsərrüfatı istiqamətində üzümçülük və şərab ustası, meyvə ustası, tərəvəz ustası, arıçılıq, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer və sənaye istiqaməti üzrə mebel ustası ixtisasları üzrə dərsliklərin çapı nəzərdə tutulub.
Qeyd edək ki, 2020-2021-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə dərsliklərin nəşrinə başlanılıb. Ümumilikdə, peşə təhsil müəssisələri üçün 2020-2021-ci tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı həyata keçirilib.
20-09-2021, 07:01 | Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi)
Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi) - hazırda ən geniş yayılmış və dəbdə olan əməliyyatdır. Sadə görünməsinə baxmayaraq, bu prosedura yalnız kosmetik klinika şəraitində və yalnız çox yüksək dərəcədə ixtisaslaşmış və kifayət qədər təcrübəsi olan həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Qeyri peşəkarlıqla yerinə yetirilən bu əməliyyat dodaqların asimmetriyasına (əyriliyinə), üzün eybəcərləşməsinə, ağır allergik reaksiyaya səbəb ola bilər.
Dodaqların böyüdülməsi və onların korreksiya edilməsi əməliyyatının öz əks göstərişləri də vardır: istifadə edilən komponentlərin fərdi şəkildə uyğunsuzluğu; hamiləlik və laktasiya; əvvəllər keçirilmiş allergik şok; dəridə çapıqların əmələ gəlməsinə meyllilik; preparatın daxil edildiyi yerdə iltihabın olması; qanın laxtalanmasının pozulması; bədən temperaturunun artması; hər hansı bir xəstəliklərin kəskinləşməsi.
Ona görə də bu əməliyyatı yerinə yetirməzdən əvvəl həkim qadını diqqətlə müayinə etməlidir.
Dodaq ölçüsünün böyüdülməsi əməliyyatı sizdə ilk dəfə olaraq yerinə yetirilmirsə, bu barədə də həkimə məlumat vermək lazımdır. Çünki ilk dəfə aparılan əməliyyat zamanı istifadə edilən preparat 2-ci dəfə yeridilməli olan preparatla uyğun gəlməyə bilər.
Dodaq ölçülərinin artırılması və onun formasının korreksiya edilməsi, dodaq toxumasına "doldurucu" adlanan xüsusi preparatların (biopolimer, poliakrid gel, buğa kollagenindən hazırlanmış preparatlar, gialuron turşusu əsasında hazırlanmış preparatlar və s.) daxil edilməsi ilə əldə edilir.
Hazırkı dövrdə həkim kosmetoloqlar bu məqsədlə əksər hallarda gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə edirlər. Gialuron turşusu orqanizmin özündə də hazırlanır. Bu maddə dərinin nəmliliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Gialuron turşusu orqanizm üçün "doğma" olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur.
Dodaq ölçüsünün artırılması prosesindən əvvəl həkim-kosmetoloq qadının özü ilə müzakirə etməklə "dodaqların formasını" seçir. Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi gel və ya kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir. Dodaq ölçülərinin artırılması əməliyyatı orta hesabla 30-dəqiqəyədək davam edir. Əməliyyatın nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra, tam şəkildə qiymətləndirmək olar.
Gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə etməklə dodaq ölçülərinin artırılması əməliyyatını bir müddət keçdikdən sonra təkrar etmək lazımdır. Çünki, bu maddə tədricən sorulur. Aparılan əməliyyatın effektivliyi daxil edilmiş preparatdan, qadının yaşından, orqanizmin xüsusiy-yətlərindən asılı olaraq, 6 aydan bir neçə ilə qədər saxlanıla bilər.
Dodaq ölçülərinin artırılması üsullarından biri də dodaq toxumasına biopolimer və ya poliakrid gellərin daxil edilməsindən ibarətdir. Daxil edilən bu preparatlar sonradan sorulmadığı üçün bu üsul daha uzun müddət ərzində effekt verir. Bu preparatlardan istifadə edilməsinin əskikliyi isə, onlardan istifadə etdikdə allergik reaksiyaların inkişaf etməsi və daxil edilən preparatın digər sahələrə yayılması riskinin yüksək olmasıdır. Bunun nəticəsi olaraq dodağın forması da dəyişilə bilər.
Milli.Az
26-08-2021, 14:11 | “Azəriqaz”ın “Açıq mikrofon”u İsmayıllıda olacaq
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilir ki, bu dəfə “Səyyar qəbul otağ”ı İsmayıllı rayonunun Enişdibi kəndində təşkil olunacaq. Avqustun 27-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərd olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər. Onların çəkinməməsi, ehtiyat etməməsi, tam rahat olması üçün bütün zəruri tədbirlər görülür.
26-08-2021, 13:54 | COVID-19-a qarşı ən təsirli vasitə - VİDEO
Son günlər Azərbaycanda koronavirusa yoluxma və ölüm saylarının artması yenidən peyvəndlənmənin vacibliyini gündəmə gətirir. Sərt qapanmalar infeksiyanın yayılma sürətinin azalmasına xidmət etsə də, unutmaq olmaz ki, pandemiya ilə mübarizənin ən effektiv yolu məhz vaksinasiyadır. İstisna deyil ki, ölkə əhalisinin 75-80%-i tam peyvənd olunarsa, epidemioloji zəncirin qırılması da mümkün olar.
Real TV xəbər verir ki, aydın məsələdir ki, yeni növ koronavirusa qarşı istehsal edilən peyvəndlər infeksiyanın mutasiyaya uğramış variantları üçün də təsirlidir və xəstəliyin ağırlaşmasının qarşısını alır. Elə bu səbəbdəndir ki, COVİD-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçiləri, yaşı 60-dan yuxarı olan əhali və immun sistemi zəif şəxslərin 3-cü doza ilə peyvəndlənmələri tövsiyə edilir.
Aparılan tədqiqatlar onu göstərir ki, xəstəliklə mübarizədə tədbirləri çərçivəsində vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi gigiyena qaydalarına riayət olunması vacib şərtlərdəndir.
2-06-2021, 14:07 | Şəxsi avtomobillərdə tibbi maskadan istifadə tələb olunmur
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (NK) 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı ilə açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə olunmasına dair tələb ləğv olunub.
Nazirlər Kabinetindən virtualaz.org-a verilən məlumata görə, həmçinin, qanunvericiliyə əsasən şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) istisna olunmaqla, şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur.
31-05-2021, 06:30 | Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.
Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıqdır.
Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
8-05-2021, 08:29 | Evi olmayanlara ŞAD XƏBƏR - Qaydalar DƏYİŞDİ
Ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edilib.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.
Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin "bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması" tələb olunmur(milli.az)
24-04-2021, 00:30 | Bu gündən aprelin 26-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən aprelin 26-sı saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
28-12-2020, 11:09 | DSMF-nin büdcəsi ikinci oxunuşda təsdiq edildi
Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il büdcəsi müzakirə edilib.
Trend bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5146030160,0 manat məbləğində təklif edilib.
Müzakirələrdən sonra təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.