Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi)
Dodaq formasının korreksiyası (dodaqların böyüdülməsi) - hazırda ən geniş yayılmış və dəbdə olan əməliyyatdır. Sadə görünməsinə baxmayaraq, bu prosedura yalnız kosmetik klinika şəraitində və yalnız çox yüksək dərəcədə ixtisaslaşmış və kifayət qədər təcrübəsi olan həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Qeyri peşəkarlıqla yerinə yetirilən bu əməliyyat dodaqların asimmetriyasına (əyriliyinə), üzün eybəcərləşməsinə, ağır allergik reaksiyaya səbəb ola bilər.
Dodaqların böyüdülməsi və onların korreksiya edilməsi əməliyyatının öz əks göstərişləri də vardır: istifadə edilən komponentlərin fərdi şəkildə uyğunsuzluğu; hamiləlik və laktasiya; əvvəllər keçirilmiş allergik şok; dəridə çapıqların əmələ gəlməsinə meyllilik; preparatın daxil edildiyi yerdə iltihabın olması; qanın laxtalanmasının pozulması; bədən temperaturunun artması; hər hansı bir xəstəliklərin kəskinləşməsi.
Ona görə də bu əməliyyatı yerinə yetirməzdən əvvəl həkim qadını diqqətlə müayinə etməlidir.
Dodaq ölçüsünün böyüdülməsi əməliyyatı sizdə ilk dəfə olaraq yerinə yetirilmirsə, bu barədə də həkimə məlumat vermək lazımdır. Çünki ilk dəfə aparılan əməliyyat zamanı istifadə edilən preparat 2-ci dəfə yeridilməli olan preparatla uyğun gəlməyə bilər.
Dodaq ölçülərinin artırılması və onun formasının korreksiya edilməsi, dodaq toxumasına "doldurucu" adlanan xüsusi preparatların (biopolimer, poliakrid gel, buğa kollagenindən hazırlanmış preparatlar, gialuron turşusu əsasında hazırlanmış preparatlar və s.) daxil edilməsi ilə əldə edilir.
Hazırkı dövrdə həkim kosmetoloqlar bu məqsədlə əksər hallarda gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə edirlər. Gialuron turşusu orqanizmin özündə də hazırlanır. Bu maddə dərinin nəmliliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Gialuron turşusu orqanizm üçün "doğma" olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur.
Dodaq ölçüsünün artırılması prosesindən əvvəl həkim-kosmetoloq qadının özü ilə müzakirə etməklə "dodaqların formasını" seçir. Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi gel və ya kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir. Dodaq ölçülərinin artırılması əməliyyatı orta hesabla 30-dəqiqəyədək davam edir. Əməliyyatın nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra, tam şəkildə qiymətləndirmək olar.
Gialuron turşusu əsasında hazırlanmış preparatlardan istifadə etməklə dodaq ölçülərinin artırılması əməliyyatını bir müddət keçdikdən sonra təkrar etmək lazımdır. Çünki, bu maddə tədricən sorulur. Aparılan əməliyyatın effektivliyi daxil edilmiş preparatdan, qadının yaşından, orqanizmin xüsusiy-yətlərindən asılı olaraq, 6 aydan bir neçə ilə qədər saxlanıla bilər.
Dodaq ölçülərinin artırılması üsullarından biri də dodaq toxumasına biopolimer və ya poliakrid gellərin daxil edilməsindən ibarətdir. Daxil edilən bu preparatlar sonradan sorulmadığı üçün bu üsul daha uzun müddət ərzində effekt verir. Bu preparatlardan istifadə edilməsinin əskikliyi isə, onlardan istifadə etdikdə allergik reaksiyaların inkişaf etməsi və daxil edilən preparatın digər sahələrə yayılması riskinin yüksək olmasıdır. Bunun nəticəsi olaraq dodağın forması da dəyişilə bilər.
Milli.Az
Tarix: 20-09-2021, 07:01