Antibiotiklərdən özbaşına istifadə edilməsi yan təsirlərə səbəb ola bilər
[
Antibiotiklərdən özbaşına istifadə edilməsi yan təsirlərə səbəb ola bilər


Son vaxtlar mövsümlə əlaqədar olaraq xüsusilə uşaqlar arasında geniş yayılan soyuqdəymə, zökəm, qrip kimi kəskin respirator virus infeksiyalarında ilk günlərdən ev şəraitində həkim məsləhəti olmadan müəyyən antibiotik preparatlardan istər sirop, istərsə də inyeksiya şəklində istifadə edirlər. Bu, qətiyyən doğru deyil. Mütəxəssislər bildirirlər ki, antibiotik viruslara deyil, yalnız bakteriyalara təsir edir.

Həkim-pediatr Məlahət Qasımova AZƏRTAC-a deyib: "Uşaqda bakterial angina, məsələn, sətəlcəm varsa, antibiotikdən istifadə edilməsi ağır fəsada səbəb ola bilər, hətta ölümlə nəticələnməsi mümkündür. Antibiotik bəzən həyatı xilas edir. Uşaqda sidik yolu infeksiyası, bakterial mənşəli ishal olduqda təbii ki, antibiotikdən istifadə olunmalıdır. Ancaq onun istifadəsinə də həkim qərar verməlidir. Bəzi antibiotiklərin isə uşaqlara istifadəsində məhdudiyyətlər var. Elə antibiotiklər var ki, 8, eləsi var ki, 12 yaşından sonra istifadə olunmalıdır".

Ümumiyyətlə valideynlərin ən böyük məsuliyyəti uşaqların həm fizioloji, həm də psixoloji sağlamlığı haqqında məlumatlara yiyələnməsidir. Belə olanda həkim göstərişi əsasında övladına antibiotik vurduran valideyn mütləq sınaq qoyulmasını həm tələb etməli, həm də nəzarətdə saxlamalıdır. Valideyn məsuliyyətsizliyi nəticəsində bəzən onlar bunu ya tələb etmir, ya da pis nəticə ilə üzləşir.

Həkim-pediatr deyib: "İlk növbədə, uşaqlarda antibiotiklər çəkiyə uyğun miqdarda və müəyyən müddətdə qəbul edilməlidir. Məsələn, bəzi antibiotiklər minimal olaraq 5, digərləri 7, bəzən isə 10 gün qəbul olunmalıdır. Bundan qısa müddətdə və çox aşağı dozada qəbul olunarsa, bakteriyada antibiotikə rezistentlik yaranır, yəni növbəti dəfə ondan istifadə etdikdə antibiotik orqanizmə təsir etmir. Belə olanda daha güclü antibiotiklərdən istifadə etmək zərurəti yaranır. Antibiotiklərin digər bir yan təsiri allergik reaksiyalardır. Bu, özünü müxtəlif səpgilər, dodaqda, üzdə, ətraflarda şişkinliklər və anafilaktik şok şəklində özünü göstərə bilər. Ona görə antibiotik iynədən istifadə mütləq tibb müəssisəsində və həkim nəzarəti altında olmalıdır, çünki allergik reaksiyalar zamanı dərhal həkim müdaxiləsi olmalıdır".

Digər tərəfdən antibiotiklər bağırsaq mikroflorasını pozur, yəni bağırsaqlarda faydalı bakteriyaların olduğunu nəzərə alsaq, antibiotiklərdən yerli-yersiz istifadə həmin bakteriyaların məhv olmasına, ishal, göbələk infeksiyalarının aparıb çıxarır. Bu baxımdan antibiotiklərin yan təsirlərini nəzərə alaraq ondan yalnız həkim təyinatı zamanı istifadə edilməlidir.
Tarix: 15-11-2021, 08:55