Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir
Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq da var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-də Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının iclasında 822 saylı Qətnamə qəbul edilmiş, Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunmuşdur. Ermənistan isə BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Sözsüz ki, bütün bu sadalananlar hərbi cinayət əməlləridir. Eynilə Ermənistan İkinci Qarabağ Savaşında da bu cinayətlərinə davam edirdi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu.
Bəli, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində tarixi ədalət bərpa edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən, Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün Kəlbəcərdə işğaldan azad olunmuş digər ərazilərimizdə də olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. İntensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.Cari ilin 16 avqust tarixində dövlətimizin başçısının və birinci xanımın Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin təməlqoyma mərasimində iştirakı, “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olması, daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi bunun bariz nümunəsidir.
Aparılan planlı işlərin sürətli şəkildə həyata keçirilməsi öz torpaqlarından didərgin düşmüş həmvətənlərimizin qayıdışı üçündür. Xüsusilə enerji və nəqliyyat infrastrukturunun müasir tələblər çərçivəsində qurulması gələcəkdə bu ərazilərə qayıdışın daha effektiv və tez reallaşmasını təmin edəcəkdir.
Dilbər Qurbanova,
Salyan rayon Pambıqkənd kənd tam orta məktəbin direktoru
Tarix: 22-11-2021, 20:53