Stentlə bağlı BİLMƏDİKLƏRİMİZ
Stent burulmuş bir cisimdir. O, açılanda tamamilə genişlənir və tutulmuş damarı da genişləndirir. Bunun nəticəsində qan axımını bərpa etmiş olur.
Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, stentlər iki qrupa bölünür: dərmanlı və dərmansız stentlər.
Stentin üstünlükləri:
- Stent implantasiyası qısa zamanda icra olunur (30-60 dəqiqə).
- Xəstə bir neçə günə normal həyatına geri dönür.
- Daha az travmatikdir, bərpa prosesi sürətlidir.
- Narkozsuz qapalı ürək əməliyyatıdır. Sadəcə giriləcək damar bölgəsi yerli keyləşdirilir.
- Açıq ürək əməliyyatı ilə müqayisədə riskləri daha azdır.
Əgər təkcə damarda problem var və bu damar ana damar deyilsə, quruluşu da uyğundursa, stent taxmaq tövsiyə olunur. Lakin hər daralmış damara stent taxılmaz.
Əgər çox damarda daralma varsa, xüsusən yanaşı olaraq diabet xəstəliyi mövcuddursa, stent taxmaq əvəzinə Bypass tövsiyə olunur. Bədənə qan daşıyan arteriya damarlarının tutulması varsa və əgər bu tutulma qısa məsafəlidirsə, o cümlədən həyatı orqanlarda geridönülməz proseslər törədə bilərsə, bu zaman stent metoduna müraciət edilir.
Stent damar içində açıldıqdan sonra, yəni damara stent qoyulduqdan sonra bütün ömür boyu orada qalır, heç vaxt yerindən tərpənmir. Stent koronar damarda olan darlığı tam aradan qaldırır.
Tarix: 31-12-2021, 08:46