"Biz düşünmürük ki, "Qarabağ" büdcəsi özündən 10-20 qat yüksək olan klublarla savaşa bilməz"
Respublica.Az "Qarabağ"ın direktoru Emrah Çelikelin qol.az saytına müsahibəsini təqdim edir
- Emrah bəy, başa çatmaqda olan 2023-cü il "Qarabağ" üçün müəyyən əlamətdar hadisələrlə yadda qaldı. Siz bu ili necə dəyərləndirirsiniz?
- Əvvəlcə sizin və bütün Qol.az oxucularının qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını təbrik edirəm. Bəli, 2023-cü il bizim üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ümumi götürsək, komandamız üçün uğurlu olduğunu düşünürəm. Hər mövsümdə bir dönəm müəyyən azarkeşlər tərədindən komandaya qarşı narazılıqlar olur. Amma biz həmişə sonda görmüşük ki, baş məşqçimiz Qurban Qurbanovun qərarı düzgün olub. Bu il "Qarabağ"ın klub kimi inkişafında da yeni addımlar atmışıq. Komandanın nəticələri ilə yanaşı klubun administrasiyasında da inkişaf gedir. Bu ildən klubumuzun iki əməkdaşı öz işini təkmilləşdirmək üçün xarici universitetdə təhsil almağa başlayıb. Klubumuzun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyində idarə heyətinin üzvü seçildi. Bu, seçki yolu ilə və çoxunun Asif bəyə səs verməsi ilə baş verdi. Bu, ayrıca bir fəxr olunası hadisədir. Cənab Prezidentimizin onu "Tərəqqi" medalı ilə təltif etməsi isə həm Asif Əsgərov, həm də klubumuz üçün daha böyük bir şərəfdir. Təbii ki, bunlar bizim üçün həm də böyük bir məsuliyyətdir. Çünki biz həmişə çalışırıq ki, hər il daha yaxşısını edək. Şükürlər olsun ki, bu, "Qarabağ"da alınır. Bundan sonra da onun davamının gəlməsi üçün əlimizdən gələni edəcəyik.
- 2023-cü il həm də "Qarabağ"ın Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəlməsi və Xankəndidə oyun keçirməsi ilə tarixə düşdü.
- Birinci Xankəndinə səfərimizi qeyd etmək istəyirəm. Bu, bizim üçün Avropa Liqasının pley-off mərhələsindən daha üstündür. Orda oyun keçirmək böyük sevinc və fəxr idi.
Avropa Liqasına gəldikdə biz məsuliyyətimizi dərk edirik. Nə etməli olduğumuzu bilirik. Komandanın oyunu haqda heç vaxt danışmırıq. Bizim işimiz ondan ibarətdir ki, komandaya nə dərəcədə dəstək ola, nə qədər irəli apara bilərik. Baş məşqçimizin istəklərini tez və yerində həll etmək də əsas işimizdir. İşlərimizi bu yöndə inkişaf etdiririk.
- Avropa Liqasında pley-offa yüksəlmək hər halda komandanın həvəsini artırıb. Bu həvəsə, istəyə nələr daxildir?
- Əlbəttə ki, "Qarabağ"ın çörəyini yeyən bir işçi, həm "Qarabağ"ı sevən bir azarkeş kimi çox istəyərəm ki, lap finala qədər gedək. Bu istək hamıda olduğu kimi məndə də var. Amma indiyə kimi bizdə heç vaxt mövsümün əvvəlində və ya ortasında rəhbərlik tərəfindən komandanın qarşısına şərt qoyulmayıb ki, siz bu il mütləq pley-offa çıxmalı və ya finala yüksəlməlisiniz. Bu nəticələr hamısı özü gəlir. Mənə görə, bunlar görülən doğru işlərin nəticəsidir. Bu işlər nə qədər ki, belə davam edəcək, "Qarabağ"ı daha da yüksəklərdə görmək bizə nəsib olacaq.
- Pley-offdakı rəqibiniz "Braqa" haqda nə deyə bilərsiniz? Portuqaliya klubu "Qarabağ" üçün necə rəqibdir?
- Bu mərhələdə zəif rəqib olmur. Burada hansısa bir münasib rəqib gözləmək yersizdir. Bilirəm ki, Braqa şəhəri ilə Bakı arasında 8 saatlıq uçuş var. Çox uzaq məsafədir. Amma biz ora getdiyimiz kimi, onlar da Bakıya gələcək. Biz hamımız bir yerdə ən yaxşısını etməyə çalışacağıq. Burada rəqibin kim olmasının fərqi yoxdur.
- Avropa Liqasının pley-off mərhələsindəki komandaların büdcələri "Qarabağ"dan qat-qat çoxdur. "Qarabağ" siyahıda sonuncudur. Əslində bu, bir tərəfdən "Qarabağ"ın uğurudur. Sizcə, bunun çətinliyi necə, özünü göstərəcəkmi?
- Konfrans Liqasındakı komandaların büdcələri də bizimkindən yüksəkdir. Əslində biz bununla ancaq fəxr edə bilərik. Yetərincə fəxr ediləsi bir faktdır. Bunlar görülən işlərin, edilən transferlərin düzgünlüyünü göstərir. Elə bir qayda yoxdur ki, uğur qazanmaq üçün mütləq çox pul xərcləməlisən. Mənə görə, az büdcə ilə yüksək nəticə əldə edən ən yaxşı komandadır. Bunu bir futbol funksioneri kimi deyirəm. Biz düşünmürük ki, "Qarabağ" büdcəsi özündən 10-20 qat yüksək olan klublarla savaşa bilməz. Heç vaxt bunu fikirləşməmişik. Bu cür rəqiblərə qalib də gəlmişik, məğlub da olmuşuq. Hamı da görüb ki, komanda ən yaxşısını etməyə çalışıb.
- "Qarabağ"ın futbolçularının parlaq oyunlarından sonra onlara təkliflər gəlibmi? Məsələn, Andrey Lunyov özünü yaxşı tərəfdən göstərdi. Romao və digər futbolçuların da xarici klubların maraq dairəsində olması haqda xəbərlər yayılıb.
- Bu xəbərlər həmişə olub, bundan sonra da olacaq. Amma əsas kluba rəsmi təklifin gəlib-gəlməməyi məsələsidir. Demək istəyirəm ki, bizim hər hansı bir oyunçumuz üçün rəsmi təklif gəlməyib. Biz də belə xəbərləri eşidirik və üzülürük. Çünki futbolçularımızın başlarını qarışdırırlar. Menecerlər arasında, yaxud futbolçuların özləri ilə birbaşa danışanlar olur. Biz bunun qarşısını almırıq. Çünki futbolçulara telefonu qadağan edə bilmərik.
Bizim komandamızın gözəlliyinin biri də odur ki, aramızdakı mənəvi bağlar maddiyatdan daha güclüdür. İnanın ki, bütün futbolçularımıza aid olan məsələdir. Dəfələrlə şahidi olmuşam ki, futbolçumuza bizdə aldığı puldan dəfələrlə artıq gəlir təklif ediblər, ancaq o, komandada qalmağı üstün tutub.
- Bəlkə, maraq üçün o faktlardan birini deyəsiniz.
- Bunlar keçmişdə qaldığına görə çox danışmaq istəmirəm. Əsas mövzunun özüdür ki, futbolçular məhz "Qarabağ"da oynamağa üstünlük verir. Qeyd etdiyim hal bir yox, bir neçə dəfə təkrarlanıb.
- "Qarabağ" bu qış transfer edəcəkmi?
- Transfer işləri davam edir. Bizim komandamızda oyunçulara baxan 4-5 nəfərdən ibarət bir qrup var. Onlar həmişə axtarırlar və dəyərləndirirlər. Artıq futbolçunun transferi ilə bağlı maliyyə məsələləri danışılanda biz işə qoşuluruq. Hazırda bu iş getmir, amma nə vaxt belə bir istək olsa, sponsorumuz və klub rəhbərliyi həmişəki kimi bizə dəstək olacaq.
- Xankəndidə MOİK-lə keçirilən oyundan sonra baş məşqçi Qurban Qurbanov bildirmişdi ki, orada yenə kubok oyunu keçirmək istəyirsiniz. Bununla bağlı müvafiq qurumlara müraciətiniz olub?
- Belə bir müraciət hələ ki, etməmişik. Amma biz böyük məmnuniyyətlə ora gedərik. Xankəndidə olmaq özü bizim üçün şərəfdir. Xankəndi bizim müqəddəs torpağımızdır. Bəli, Qurban Qurbanov oyundan sonrakı açıqlamasında kubok oyunlarımızla bağlı istəyimizi dedi. Mənə də elə gəlir ki, biz kubok oyunlarımızı yenidən Xankəndidə keçirə bilərik. Amma hansı oyunun olacağı üçün məsləhətləşməyimizə ehtiyac var. İcazə olsa, oynamağa hazırıq.
Respublica.Az
Tarix: 29-12-2023, 06:02