Mikayıl Cabbarovdan yeni təyinat
Mikayıl Cabbarovdan yeni təyinat



İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

qaynarinfo-ya istinadən xəbər verir ki, Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bu təyinatadək o, həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini "İqtisadi kibernetika" ixtisası üzrə bakalavr,
2010-cu ildə isə "İdarəetmənin informasiya texnologiyası" üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

O.Xaliyev 2010-2012-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC" şirkətində məsləhətçi vəzifəsində çalışıb.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
Tarix: 19-02-2024, 12:52