Rəşad Sadıqov: "Rəqib keçilməz idi"
"Oyun bizim üçün bir az uğursuz başladı. 30-cu saniyədə qapımızda təhlükəli vəziyyət oldu".
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının IV turunda "Şamaxı"ya 0:1 hesablı məğlubiyyəti şərh edib: "Rəqib gözlədiyimiz kimi bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdular. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdıq. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik. Rəqibin qapıçısı çox yaxşı 3-4 seyv etdi. Avrokuboklarda məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Ağır məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq, gözəl oynadıq. Sadəcə rəqib keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdır".
Qeyd edək ki, "Zirə" mövsümdə ilk məğlubiyyətini alıb. //İdman.biz
Tarix: 26-08-2024, 08:17