Azərbaycanlı alim: Xüsusi karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığının qorunması üçündür
Azərbaycanlı alim: Xüsusi karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığının qorunması üçündür


Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı dekabrın 8-də verdiyi qərara münasibət bildirib.

Tibb elmləri doktoru bununla bağlı AZƏRTAC-a açıqlamasında deyib ki, karantin tədbirlərinin daha da sərtləşdirilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də son aylarda yaşanan yüksək yoluxma səviyyəsi ilə əlaqədardır.

Onun sözlərinə görə, həyata keçirilən bütün zəruri tədbirlər vətəndaşların sağlamlığının qorunması üçündür: "Həm virusun ölkəmizdə yeni yayıldığı vaxtlarda, həm də yay aylarındakı çoxsaylı yoluxma hallarından sonra karantin qaydalarına və eləcə də virusdan qorunmaq üçün deyilən qızıl qaydalara əməl olunmaması vəziyyəti daha da ağır duruma gətirib çıxardı. İlk vaxtlarda insanlar arasında inamsızlıq karantin qadağalarının pozulmasına səbəb olurdu. Amma təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Bundan da daha pis nəticələr görməmək üçün hər kəs bilməlidir ki, bu dəfə tətbiq edilən sərt karantin qaydalarına əvvəlki vaxtlarla müqayisədə daha da ciddi riayət olunması hər bir vətəndaşın borcudur".

Azərbaycanlı alim bildirib ki, bu cür sərt karantin tədbirlərinin həyata keçirilməsinin ölkə iqtisadiyyatına, turizminə və digər sahələrə mənfi təsirləri qaçılmazdır: "Karantin tədbirlərinin iqtisadi zərərlərini göstərən və bu zərərin hətta virusa yoluxanların sayı ilə olan asılılığını sübut edən kifayət qədər elmi tədqiqatlar var. Amma bu tədbirlərin həyata keçirilməsi ilə dövlətimiz digər zərərlərin onun üçün ikinci planda olduğunu və əsas məqsədin vətəndaşların sağlamlığı olduğunu bir daha göstərdi. Bu, bir daha onu göstərir ki, Azərbaycan vətəndaşı, onun sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi dövlətimiz üçün əsas prioritet istiqamətlərdəndir. Eyni zamanda, karantin rejiminin sərtləşdirilməsi yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasına və vətəndaşların sağlamlığının qorunmasına hesablandığı kimi, eləcə də səhiyyə sisteminə dəstək olaraq onun müəssisələrinin də yüklənməsinin qarşısını almağa xidmət edəcək. Bununla da səhiyyə sistemi vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərə biləcək".
Tarix: 10-12-2020, 06:25