Vətən müharibəsində xüsusi döyüş tapşırığı yerinə yetirən qazi
Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsində olduğu kimi, Hadrut döyüşlərində də düşmənə gözləmədiyi mövqedən zərbə vurmaqla ordumuz döyüş meydanında, sözün əsl mənasında, bir tarix yazdı. Bu döyüşlərdə iştirak edənlərdən biri Cəlilabadın Mirzəli kəndindən olan xüsusi təyinatlı qazi Səməd Mirzəyevdir.
Səməd Mirzəyev 14 ayın əsgəridir. Fiziki hazırlığı yüksək olduğu üçün ordu sıralarına qatılanda o, ordumuzun xüsusi təyinatlı qüvvələri sırasına seçilib. Elə döyüşlərə də xüsusi təyinatlı əsgər kimi qatılıb.
İgid döyüşçü cəbhənin şimal istiqamətində düşmənə qarşı döyüşdükdən sonra xüsusi döyüş tapşırığı yerinə yetirmək məqsədilə cənub istiqamətinə yollanıb. O, Hadrut döyüşlərində düşmənə gözlənilməz zərbə vurmaq üçün çətin relyefli, sıx meşələrdən keçənlərdən biri olub.
Cəlilabadlı qazi ağır döyüşlərdə aldığı zərbədən özünə gələ bilməyən düşmənin çarəsizlikdən mülki şəxsləri də döyüşlərə cəlb etdiyini deyir.
Düşmənlə ağır döyüşlər zamanı ayağından snayperlə vurulan Səməd Mirzəyev döyüş yoldaşları tərəfindən təxliyə olunub. O, bu barədə valideynlərinə xəbər verilməsini istəməyib.
Səməd Mirzəyevin də daxil olduğu Azərbaycan Ordusu keçilməz yollarda iz qoymaqla bizlərə Böyük Qələbəni yaşatdı. Qarabağ uğrunda müharibə artıq tarixin yaddaşına keçsə də, Azərbaycan əsgərinin qəhrəmanlığı illər ötəndən sonra da düşmənin yaddaşından çıxmayacaq.AZƏRTAC
Tarix: 10-12-2020, 06:30