29-12-2023, 14:17 | Azərbaycanın daha bir bölgəsində güzəştli mənzillərin satışına başlanılacaq

Azərbaycanın daha bir bölgəsində güzəştli mənzillərin satışına başlanılacaq.
Respublica.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib.
Belə ki, Naxçıvan şəhərində mənzil bazarının araşdırılması, mövcud vəziyyətin təhlili və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi işlərinə başlanılır.
İlkin olaraq, vətəndaşların mənzil şəraiti, mənzili dəyişmək planları, onların mənzil ehtiyacları, mənzil əldə etmək niyyətləri, ailə təsərrüfatlarının gəlirliliyi, yeni tikili mənzillərə dair alıcılıq qabiliyyəti, müəyyən ediləcək ərazidə vətəndaşların yeni tikiləcək mənzilləri əldə etmək marağı öyrəniləcək. Bununla bağlı üz-üzə sorğular həyata keçiriləcək.
Həmçinin güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin sayı müəyyənləşdiriləcək.
Respublica.Az
29-12-2023, 06:33 | Oddan da təhlükəli yeniyetmələr... - Onlarla necə davranmalı?

Azərbaycanda cinayət törədən yeniyetmələrin sayı artıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son doqquz ayda 341 nəfər yeniyetmə cinayət hadisəsi törədib. Belə ki, törədilmiş cinayətlərin daha çox 16-18 yaş aralığında olan uşaqlar arasında baş verir. Daha çox isə oğurluq cinayəti üstünlük təşkil edir.
Respublica.Az xəbər verir ki, məsələ ilə bağlı həkim-psixiatr Azad İsazadə "Yeni Sabah"a danışıb.
O, yeniyetmələri inqilabçı adlandırıb:
"Yeniyetmələr risk qrupu sayılır. Bu səbəbdən belə hallar onlara xasdır. Bu yaşda olanlar inqilabçıdırlar. Söhbət hansısa siyasi inqilabdan getmir. Yeniyetməlik dövründə olanlar hər şeyi öz bildikləri kimi etmək istəyirlər. Cəmiyyət tərəfindən qəbul edilən qaydaları qəbul etmirlər. Sözsüz ki, belə davranış istər-istəməz cinayətə yaxın əməllər törətməyə səbəb olur. Yeniyetmələr cinayət törədib-törətməmək arasındakı sərhədi çox tez pozurlar. Çünki həyat təcrübələri yoxdur. Həmçinin onlarda empatiya hissi də çox az olur. Yeniyetmələr böyüklərə nisbətən daha qəddar olurlar. Ətrafdakıların nə hiss etdiyini və düşündüyünü dərk etmirlər deyə onlar üçün vurub-qırmaq, dağıtmaq çox asan görünür və problem hesab edilmir. Bir dəfə bu dövrdə olan qızların davasına şahidlik etmişəm. Çox dəhşətli səhnə idi. Oğlanlar elə əlbəyaxa olmurlar. Qız uşaqları daha həssas və aqressivdir. Məktəblərdə bullinqlərin təşəbbüskarı da adətən qızlardır. Oğlanlar da onların təşəbbüsünü həyata keçirən tərəf olur. Burada cinsiyyətin heç bir fərqi yoxdur. İstər oğlanların, istərsə də qızların yeniyetməlik çağında olan vaxtda yaşadığı problemlər və sərgilədiyi davranışların formaları fərqli olsa da, kökü eynidir".
Ekspert bu dövrdə ailənin böyük rol oynadığını vurğulayır:
"Yeniyetmələri bütün bu analoji hallardan çəkindirən yeganə amil var. Bu sadəcə ailə tərəfindən övlada aşılanan tərbiyədir. Ailə tərbiyəsi olmayan zaman yeniyetməlik dövründə olan şəxs üçün vurmaq, döymək, daş atmaq çox normal hesab olunur. Ailə tərəfindən bu məsələyə nəzarət edildikdə, yeniyetmələrin qeyri-formal davranışının sürəti azalır. Belə izah edək ki, yeniyetmə daş atmasa da silləni vuracaq. Taxta ilə döyməyəcək, ancaq davada itələyib-yıxacaq. Bu fiziki enerjinin çox olması ilə bağlıdır. Ailə təsiri olduqda bunun tempi azalır. Yaxşı olar ki, belə vaxtlarda valideynlər övladlarını hansısa idman növü ilə məşğul olmağa cəlb etsinlər. Bu zaman yeniyetmələrin həddən artıq dərəcədə olan fiziki enerjisi daha xeyirli bir məqsəd üçün sərf edilir. Ancaq burada bir məsələ də idman müəllimi ilə bağlıdır. Yaxşı məşqçi və idman müəllimi olan şəxs uşaqlarda olan bu enerji və aqressiyanı düzgün yönləndirməyi bacarır. Lakin elələri də var ki, qeyri-sosial davranış sərgiləyərək yeniyetlərin psixologiyasına mənfi təsir edirlər. Bu kimi mövzularda diqqətli olmaq da vacibdir".
Respublica.Az
29-12-2023, 06:00 | Taksi operatorlarının təqdim edəcəyi informasiyaların dairəsi müəyyənləşdirilir

Taksi operatorlarının təqdim edəcəyi informasiyaların dairəsi müəyyənləşdirilir.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısının üç ay müddətində hazırlanacaq.
Respublica.Az
29-12-2023, 05:58 | Daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Dekabrın 30-dan 173A və 173B nömərli şəhərətrafı, eləcə də 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Respublica.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
173A və 173B nömərli avtobuslar "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən, 55 nömrəli avtobuslar isə Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən marşrut üzrə hərəkət edirlər.
"Sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir", - AYNA bəyan edib.
Respublica.Az
28-12-2023, 06:24 | Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakı və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Mingəçevir şəhəri, Gəncə şosesində aztəminatlı ailələr üçün inşa edilmiş binaların qazlaşdırılması ilə bağlı yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin "Daş Butka" QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə "Mingəçevir 1 xətt" ölçü qovşağı üzərində quraşdırılmış kollektordan qidalanan orta təzyiqli qaz xəttindən və "Sərdarov zavodu" orta təzyiqli qaz xəttindən 28.12.2023-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Mingəçevir şəhərinin bir hissəsinin, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Respublica.Az
26-12-2023, 06:43 | Bu gün bu ərazilərdə qaz olmayacaq

"Ağdam-Hindarx-Ağcabədi" avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar "Qaz İxrac" İdarəsinə məxsus "Bərdə-Ağcabədi" yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 26.12.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək "Ağcabədi" QPS-dən və 26.12.2023-cü il saat 09:00-dan etibarən isə işlər başa çatanadək "Beyləqan", "Allahyarlı", "Əhmədbəyli", "Horadiz" QPS-lərdən, "AZAQROTAXIL" MMC və "Füzuli-Diaqnostika" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Respublica.Az xəbər verir ki, bu "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Respublica.Az
24-12-2023, 18:23 | DİM Naxçıvanda imtahan keçirdi

Bu gün Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Respublica.Az xəbər verir ki, bu haqda DİM məlumat yayıb.
İmtahan Naxçıvan şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi‑müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.
Dekabrın 25-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Respublica.Az
24-12-2023, 17:38 | Prezident və birinci xanım "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak edib.
"AzərEnerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində "AzərEnerji" tərəfindən 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyası inşa edilib. "Ağdam" qovşaq yarımstansiyasına "Ağdam-1" yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.
Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, "Ağdam" qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda "Ağdam" qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq "Şuşa" və "Füzuli" yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da "Ağdam" qovşaq yarımstansiyasından təmin ediləcək.
"Ağdam" qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və "AzərEnerji"nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.
Dövlətimizin başçısı "Ağdam" qovşaq yarımstansiyasını işə saldı.
Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "AzərEnerji"nin yeni tikilən 110/35/10 kV-luq "Ağdam-1" yarımstansiyası və onun yaxınlığında tikilən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.
Respublica.Az
24-12-2023, 13:41 | DYP il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb

Bu gün il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər Baş Dövlət Yol Polisi (DYP) tərəfindən mükafatlandırılıb.
Respublica xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə nümünəvi sürücü adı qazanan 37 sürücüyə müxtəlif hədiyyələr təqdim edilib.
Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak edib və sürücülərə mükafatlar onlar tərəfindən təqdim olunub.
İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq və yollarda təhlükəsizliyi təmin etməkdir.
Respublica.Az
24-12-2023, 12:02 | FHN əhaliyə müraciət etdi - Onlardan uzaq durun!

Fövqəladə Hallar Nazirliyi (FHN) mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.
Nazirlikdən bildirilib ki, hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin dekabrın 25-dək davam edəcəyi proqnozlaşdırılır.
"Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - nazirlikdən bildirilib.
Respublica.Az


















