13-05-2024, 11:48 | Qubadlının iki kəndində tikinti işlərinə başlanıldı

Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb.
Trend-ə istinadən xəbər verir ki, hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qazılıb və beton işləri görülür.
Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40.27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, çayxana da nəzərdə tutulub.
Qubadlıda Zilanlı kəndinin də tikintisinə başlanılıb. Bu kənd rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir və onun ümumi ərazisi 180.04 hektar təşkil edir. Birinci mərhələdə 43,5 hektar ərazidə 193 evin tikintisi və 926 nəfərin məskunlaşması nəzərdə tutulub. Bu kənddə də məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma və idman mərkəzi yaradılacaq.
Hər iki kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Kəndlərin birinci fazası üzrə nəzərdə tutulan inşaat işlərinin bu ilin sonunadək yekunlaşdırılması və tikilən evlərə əhalinin ilk köçü də planlaşdırılır.
11-05-2024, 09:12 | Yunus Oğuza "Qızıl ulduz" medalı təqdim olundu

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə Azərbaycan təmsilçilərindən həmin Akademiyanın "Türk Dünyasında İlin Ziyalısı" Beynəlxalq Diplomu və "Qızıl Ulduz" Medalı ilə təltif edilmək üçün namizədliyi verilən yazıçı-publisist Yunus Oğuz artıq ödülləndirilib.
Müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk dünyası ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza "Qızıl Ulduz" medalı artıq təqdim edilib.
Xatırladaq ki, Yunus Oğuz onlarla tarixi romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.
Romanları Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.//olaylar.az/
11-05-2024, 08:10 | Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
bizim.media məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.
Penitensiar Xidmətin mətbuat katibi Tanrıverdi Mustafayev cavab olaraq bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir:
"Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır".
O qeyd edib ki, Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur:
"Həbs edilmiş şəxslərə həftədə bir dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər".
11-05-2024, 08:04 | Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir? Milli.Az xəbər verir ki, məsələ ilə bağlı

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur.
Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, respublika əhalisinin böyük bir hissəsi Bakı, Abşeron və Xızıda yaşayır.
Onun sözlərinə görə, bu ərazilərdə xəstəliklərin çoxalması təbiidir:
"Kənd əhalisi ilə müqayisədə şəhər əhalisində xüsusilə allergik xəstəliklərin rast gəlmə tezliyi daha yüksəkdir. Alimlərin fərziyyələrinə görə, kənddə yaşayan insanlar allergenlərlə daha çox təmasda olduğu üçün onlarda allergik xəstəliklərin yaranması da çox az müşahidə olunur. Yəni insan nə qədər steril şəraitdə yaşayırsa, antigenlər, bakteriyalar və viruslarla nə qədər az təmasda olursa, onun xəstələnmə ehtimalı da bir o qədər yüksək olur. Həmçinin qidalanma da təsir göstərir. Şəhərdə yaşayan insanlar yarımfabrikatlar, "fast food" kimi qidalara daha çox üstünlük verir. Kənd əhalisi isə daha çox orqanik və təbii məhsullarla qidalanır. Bu da xəstəliklərə öz təsirini göstərir. Bundan əlavə həmçinin iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrdə şəkərli diabet xəstəliyinin rast gəlmə tezliyi daha yüksəkdir. Bakı, Abşeron və Xızı kimi əhalinin sıx olduğu yerlərdə infeksion xəstəliklər daha çox yayılır. Bu göstəricilər təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur".
11-05-2024, 08:01 | Boşanmaq üçün elektron müraciət necə etmək olur? - CAVAB

Respublica.Az bildirir ki, lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu boşanmaqla bağlıdır.
Maraqlıdır, boşanmaq üçün elektron müraciət necə etmək olur?
Lent.az xəbər verir ki, vətəndaşlar nikahın pozulması üçün elektron müraciət edə bilər. Bunun üçün Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından "Nikahın pozulması üçün elektron müraciət" xidmətini seçməlidirlər.
Açılan formanın içində "Qeydiyyat orqanı" sətrində lazımi qeydiyyat orqanının adını seçdikdən sonra, nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (kişi) bölməsində nikahı pozanın adı, soyadı (nikah pozulanadək), soyadı (nikah pozulandan sonra), atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyyəti və s. məlumatlar daxil edilməlidir.
Növbəti mərhələdə nikahı pozanlar haqqında məlumatlar, nikahı pozan tərəf (qadın) bölməsində nikahı pozanın adı, soyadı (nikah pozulanadək), soyadı (nikah pozulandan sonra), atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı, milliyyəti və s. məlumatlar daxil edilməlidir.
Qeyd olunmuş sətirlərin hamısını şəxsi məlumatlarla doldurduqdan və ləğv edilən nikah haqqında aktın qeyd nömrəsi ilə tarixini qeyd etdikdən sonra "Təsdiq" düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərilməlidir.
Rüsumun ödənilmə qaydası
Dövlət rüsumunun ödənilməsini həyata keçirmək üçün təsdiq düyməsi sıxıldıqdan sonra açılan pəncərədən müvafiq linkə keçmək lazımdır. Açılan pəncərədən "Xidmətin növü" - "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" seçildikdən sonra "Qurumun adı" xanasından müraciət edəcəyiniz orqanın adını seçilir. Daha sonra "Ödənişin təyinatı" xanasından "Nikahın pozulmasının qeydə alınması" seçərək "Seç" xanasından nikahın pozulmasının əsası seçilir və buna uyğun müvafiq ödənişin məbləği hesablanılır. Ödənişi həyata keçirən şəxsin vəsiqəsinin seriya və nömrəsi müvafiq xanalara yazılaraq axtarılır və "Növbəti" düyməsi sıxılır.
Bu xanada daxil etdiyiniz məlumatların düzgünlüyünü yoxlamağa imkan verilir. Əgər hər hansı bir səhv varsa "Düzəliş et" düyməsi sıxılaraq düzəliş edilir. Heç bir səhv yoxdursa "Ödəniş" düyməsi sıxılaraq ödəniş həyata keçirilir. Ödəniş hissəsində müvafiq məlumatlar doldurularaq "Təsdiq" düyməsi sıxılaraq ödəniş həyata keçirilir.
10-05-2024, 09:05 | Azad edilmiş ərazilərdə 118,5 min hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə bu günədək 118 min 503 hektar sahə, o cümlədən yaşayış məntəqələri üzrə 18 min 143 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
Bu göstəricilər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin AZƏRTAC-dakı məqaləsində yer alıb.
Samir Nuriyev qeyd edib ki, bütün ölkədə olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun gördüyü işlər və həyata keçirdiyi layihələr xüsusi önəm daşıyır: "Əminliklə demək olar ki, Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələri, sosial problemlərin həllinə dəstəyi, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği sahələrində həyata keçirdiyi layihələr ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır".
10-05-2024, 08:10 | Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək

Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qanunsuz tikililər və sənədsiz evlərin taleyidir. Belə evlərin əksəriyyəti Bakı və Abşeron rayonu ərazisində yerləşir.
İllər keçsə də, vaxtilə tikinti təyinatı olmayan ərazilərdə tikilmiş bu evlərə çıxarış verilmir. Lakin son vaxtlar sənədsiz evlərə amnistiya tətbiq edilməsi gündəmdədir.
Bəs bu proses necə aparılacaq və hansı evlərə şamil olunacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz ev var: "Hazırda ölkə ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Bakı və böyük şəhərlərdə hazırda bu tip evlərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, bu bir nəticə vermədi".
Ekspert yaxın vaxtlarda bu istiqamətdə portalın fəaliyyətə başlayacağını qeyd edib: "2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi nəzərdə tutulub. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə işlər aparılır və çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək".
10-05-2024, 08:07 | Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik? - VİDEO

Bələdiyyə sənədi olan elə torpaq sahələri var ki, onları almaq riskli deyil. Amma bu zaman bəzi məqamlara diqqət etmək çox vacibdir.
Hüquqşünas Şamil Paşayev bildirib ki, müəyyən arxiv sənədləri torpaq sahəsinin qeydiyyata alınmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, çıxarış 1 dekabr 2007-ci ilə qədər olan bələdiyyə sənədlərinə verilir. Bunun üçün bələdiyyənin protokolu, alqı-satqı sənədi və s. lazımdır.
Daha ətraflı videoda:
29-04-2024, 14:10 | Nazirlik bu müəssisələrin lisenziyalarını ləğv etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-ə istinadən xəbər verir ki, bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı "Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri", eləcə də "Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası" fəaliyyət növləri üzrə lisenziyaya malik "Con-Sol Group" və "Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri" fəaliyyət növü üzrə lisenziyaya malik "Prokon" Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.
Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb.
Qeyd edilib ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.
Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
6-03-2024, 11:24 | COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.

COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.
Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil etməkdədir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalq təşkilatdan, 44 şirkətdən yüksək səviyyəli nümayəndələrin iştirakı onların əhəmiyyətini bir daha nümayiş etdirdi.
Tədbir zamanı Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub. Cənab Prezidentin səsləndirdiyi “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı” fikri ölkəmizdə bu sahədən səmərəli istifadə olunduğuna dair mesaj idi. Çünki Azərbaycan nefti inkişafa çevirdi və bu təbii sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu. Bunu faktlar da təsdiqləyir. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuş infrastruktur, əhalinin rifahının getdikcə daha da yaxşılaşdırılması məhz neft və qazdan əldə edilən gəlirlər hesabına mümkün olub. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil.
Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyaların olduğunu diqqətə çatdıraraq bildirdi ki, bu barədə nikbin və bədbin düşünənlər var idi. Bəzilərinə isə elə gəlirdi ki, Azərbaycan bu layihəni reallaşdıra bilməyəcək. Ancaq unudurdular ki, ölkəmiz artıq iri infrastruktur layihələrinin reallaşdırılmasında zəngin təcrübəyə malikdir. Hətta bu gün bir sıra iri layihələrin həyata keçirilməsi Azərbaycanla razılaşdırılır. Təbii ki, belə bir əhəmiyyətli layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də öz maliyyə imkanları ilə bizə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr və şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Nəticə göz qabağındadır. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki Azərbaycanın təbii qazının yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları var.
Prezident İlham Əliyev müsahibəsində COP29-dan da söhbət açmışdır. Jurnalistin bu məsələ ilə bağlı sualına cavabında COP29-un bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil etdiyini vurğuladı. Diqqətə çatdırdı ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Həm də buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Azərbaycan Prezidenti burada təhdid yaradan amillərin olduğunu da qeyd edib. Diqqətə çatdırıb ki, biz iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.
Hakim Mustafayev,
Salyan rayon Aşağı Noxudlu bələdiyyəsinin sədri


















