21-10-2021, 08:50 | Dostunu yandıran yeniyetmə 2 il şərti həbs cəza aldı

Rusiyada Ryazan vilayət məhkəməsi 13 yaşlı yeniyetməni benzin tökərək yandırmaqda təqsirli bilinən 17 yaşlı oğlana 2 il şərti həbs cəzasına məhkum edib.
Bu barədə vilayətin İstintaq Komitəsi məlumat yayıb.
Yeniyetmə məhkəmədə bunun bədbəxt hadisə olduğunu deyərək günahını qismən etiraf edib.
Xatırladaq ki, hadisə 2020-ci ilin aprel ayında Skopinski rayonunun Pavelets stansiyası ərazisində baş verib. Təqsirləndirilən şəxs sərxoş halda dostu ilə mübahisə edib, onun üzərinə benzin tökərək yandırıb. Nəticədə oğlanın bədən səthinin 33 %-i yanıb.
21-10-2021, 08:45 | Çexiyada karonavirusa qarşı tədbirlər sərtləşdirilir

Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq hökumət bir sıra epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib. Xüsusilə qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.
Bunu ölkənin səhiyyə naziri Adam Voytek jurnalistlərə açıqlamasında bildirib.
Nazir əlavə edib ki, eyni zamanda peyvənd sertifikatlarına nəzarət gücləndiriləcək.
"Ötən gün respublikada koronavirusa yeni yoluxanların sayı ötən həftənin eyni günü ilə müqayisədə iki dəfə artıb. Xəstəliyin daha çox yayılması məyusluq doğurur. Bununla əlaqədar olaraq hökumət bəzi epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib.
Yeni qərar oktyabrın 25-dən qüvvədə olacaq. Noyabrın 1-dən isə kafe, restoranlarda, dövlət və özəl müəssisələrdə çalışanlardan peyvənd sertifikatı da tələb ediləcək", deyə Adam Voytek vurğulayıb.
20-10-2021, 09:40 | BMT TŞ Şimali Koreyanın raket sınaqlarını müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası bu gün Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqlarını qapalı formatda müzakirə edəcək.
Trend-in məlumatına görə, bu barədə "TASS"a BMT-dəki mənbə xəbər verib.
Mənbə bildirib: "Oktyabrın 20-si "müxtəlif" bölməsində müzakirə ediləcək". "Müstəlif" bölməsindəki sualların müzakirəsi mətbuata qapalı formatda keçirilir.
Xatırladaq ki, daha əvvəl KXDR oktyabrın 19-u sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib.
20-10-2021, 09:37 | İsraildə koronavirusun yeni ştammı aşkarlanıb

İsraildə xarici ölkədən qayıdan uşaqda koronavirusun "AY.4.2" adlı yeni ştammı aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
"Daha əvvəl bir neçə Avropa ölkəsində aşkarlanan "AY.4.2" ştammı bu gün İsraildə xaricdən qayıtmış və artıq Ben Gurion hava limanında testdən keçmiş 11 yaşlı uşaqda qeydə alınıb".
Qeyd edilir ki, uşaq ölkəyə qayıtdıqdan sonra təcrid edilib və heç kimlə əlaqədə olmayıb.
Trend
20-10-2021, 09:33 | ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxub

ABŞ-ın daxili təhlükəsizlik naziri Alehandro Mayorkas koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı nazirliyin nümayəndəsi Marş Espinosaya istinadən xəbər verir.
Bildirilir ki, nazir səyahətdən əvvəl müntəzəm protokolun bir hissəsi olaraq test verib və onun testinin nəticəsi müsbət olub:
"Nazir tam peyvənd olunub, o, təcrid olunacaq, Xəstəliklərə Nəzarət Mərkəzləri və tibbi tövsiyələr əsasında vəzifəsini evdən icra edəcək.
Qeyd edilir ki, hazırda nazirin təmasda olduğu insanların müəyyən edilməsi üzrə işlər aparılır.
20-10-2021, 09:31 | "Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb

Dünyada ABŞ-ın "Netflix" korporasiyasının ödənişli abunəçilik xidmətlərindən istifadə edənlərinin sayı 214 milyonu ötüb.
Bu barədə korporasiyasının son rüb üzrə hesabatında deyilir.
Bildirilir ki, sentyabrın 30-u bitən 3 aylıq dövr ərzində "Netflix"in abunəçilərinin sayı 4,4 milyon artıb. Təqdim edilən proqnozlara əsasən, bu ilin dördüncü rübünün sonuna qədər abunəçilərin sayı daha 8,5 milyon artaraq 222 milyona çatacaq.
Qeyd edilir ki, hesabat dövrü ərzində şirkətin gəliri 7,4 milyard dollar, qazancı isə 1,4 milyard dollar təşkil edib.
Trend
20-10-2021, 09:26 | Britaniyada koronavirusdan daha 223 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 43 738 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 541 192 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 223 nəfər, hazırkı dövrədək isə 138 852 nəfər vəfat edib.
20-10-2021, 09:21 | Ankara Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatını rədd edib

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Komissiyasının 2021-ci il üçün Avropa İttifaqının (Aİ) genişləndirilməsi strategiyasına dair hesabatının Türkiyəyə həsr olunmuş hissəsini tənqid edib.
XİN-dən bildirilib ki, sənədə Ankaranın Aİ ilə yüksək səviyyəli dialoqa başladığı və blokla daha müsbət siyasi gündəm hazırlamağa çalışdığı bir vaxtda, Aİ-nin Türkiyə qarşısındakı öhdəliklərə məhəl qoyulmur:
"Ankara Aİ-nin səlahiyyətlərinə daxil olmayan mövzularda tutarsız və qərəzli Yunan-Kipr tezislərini özündə ehtiva edən Avropa Komissiyasının hesabatını rədd edir".
Trend
20-10-2021, 09:19 | Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb

ABŞ-ın paytaxtı Vaşinqtonda polislər Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə bir neçə küçəni bağlayıblar.
Trend bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində "Axios" portalının müxbiri Endryu Solender yazıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Əmək Nazirliyində partlayış təhlükəsi" ilə əlaqədar yolların bağlanması barədə bildirişlər göndərilib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
20-10-2021, 09:18 | KXDR sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib

Şimali Koreya oktyabrın 19-da sualtı qayıqdan yeni tipli ballistik raket buraxdığını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Koreya Xalq Demokratik Respublikasının rəsmi KİV-lərinə istinadən xəbər verib.
Bildirilir ki, sualtı qayıqlar üçün nəzərdə tutulan yeni ballistik raket ölkənin müdafiə texnologiyasında daha da irəli aparacaq: "Donanmamız sualtı əməliyyatlar üçün əlavə imkanlar əldə edəcək".
Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildəki səkkizinci raket sınağıdır.


















