23-09-2021, 06:15 | Norveç Avropada təbii qazın qiymətinin artması fonunda hasilatı artırmağı vəd edib

Norveç Avropada təbii qazın qiymətinin artması fonunda hasilatı artırmağı vəd edib.
Krallıq artıq Avropa ölkələrinə təbii qaz ixracının həcmini artırmağa razılıq verib.
Avropa İttifaqı ölkələrində qaz ehtiyatlarının azalması, Asiyada tələbatın kəskin artması, Rusiyadan qaz hasilatının azalması, bərpa olunan enerji istehsalının aşağı səviyyədə olması və nüvə elektrik stansiyalarının işində yaranan fasilələr səbəbi ilə Avropada yanvar ayından bu yana mavi yanacağa olan qiymətlər orta hesabla 3,5 dəfə artıb.
Təbii qazın qiymətinin kəskin artması səbəbindən, həm də gübrə zavodlarının bağlanması digər sahələrədə bir çox problemlərin yaranmasına səbəb olub. Həmçinin avropalı istehlakçılar yaxınlaşan qış aylarında isitmə xərclərinin artması ehtimalı ilə də üzləşib.
Bütün bunları nəzərə alaraq, Rusiyanın "Qazprom" şirkətindən sonra Avropanın ikinci ən böyük qaz hasilatçısı olan Norveçin "Equinor" şirkəti ölkənin "Troll" və "Oseberg" yataqlarından oktyabrın 1-dən başlayaraq illik təbii qaz ixracını 2 milyard kubmetr artırmaq niyyətində olduğunu elan edib. Ekspertlərin hesablamalarına görə, bu artım Norveçin boru kəməri ilə illik qaz ixracatının təxminən 2 faizinə bərabərdir.
AZƏRTAC-
23-09-2021, 06:11 | Yeni Zelandiyada karantin rejimini pozanları böyük məbləğdə cərimə gözləyir

Yeni Zelandiyanın hakimiyyət orqanları karantin qaydalarını pozan fiziki şəxsləri 4 min (2,8 min ABŞ dolları), hüquqi şəxsləri isə 12 min (8,5 min ABŞ dolları) Yeni Zelandiya dolları məbləğində cərimə edəcək.
Bu barədə Baş nazir Casinda Ardern onlayn-brifinq zamanı bəyan verib.
Hökumətin başçısı bildirib ki, Yeni Zelandiya COVID-19 ilə mübarizədə irəliləyişə məhz vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində nail olub.
Baş nazir, həmçinin bildirib ki, karantin qaydalarını pozanlar üçün cərimə 300 Yeni Zelandiya dollarından (212,7 ABŞ dolları) 4 min dollaradək (2,8 min ABŞ dolları) qaldırılacaq. Epidemioloji qaydaları pozan müəssisə və təşkilatların rəhbərləri isə 1 min Yeni Zelandiya dolları (709 ABŞ doları) əvəzinə 12 min dollar (8,5 min ABŞ dolları) cərimə ödəyəcəklər. Bununla yanaşı, sanitar qaydaları qəsdən pozanları məhkəmə hökmü ilə altı ay azadlıqdan məhrumetmə cəzası gözləyəcək.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yeni Zelandiyada virusa yoluxanların sayı 4095 nəfərə çatıb, onlardan 27-si həyatını itirib.
AZƏRTAC
23-09-2021, 06:03 | Bayden və Makron oktyabrın sonunda görüş keçirəcəklər

Bayden və Makron oktyabrın sonunda görüş keçirəcəklər.
Fransa prezidenti Emanuel Makron və amerikalı həmkarı Cozef Bayden telefon danışığı aparıblar.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat verib.
Liderlər iki ölkə arasında etimadın qurulması üçün şərait yaratmağa yönəlmiş geniş ikitərəfli məsləhətləşmə prosesinə başlamaq qərarına gəliblər.
Danışıqlar zamanı iki dövlət başçıları, həmçinin, Avstraliya, İngiltərə və ABŞ-ı da əhatə edən yeni təhlükəsizlik ortaqlığının (AUKUS) yaradılmasını müzakirə ediblər.
Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.
23-09-2021, 05:57 | Fransada elektrik enerjisinin qiyməti artıb

Fransada təbii qaz və yanacağın qiymətinin artmasından sonra elektrik enerjisinin də qiyməti artıb. Artıq ölkədə bir ailə elektrik enerjisinə ildə 1550 avro yox, 1700 avro ödəyəcək.
Fransada hər bir ev elektrik enerjisi üçün ildə 150 avro artıq ödəməli olacaq. Ölkədə 2007-ci ildən bu günədək elektrik enerjisinin qiyməti 60 faiz artıb.
Fransada təbii qaz satışının qiyməti iyulda 10 faiz, avqustda 5 faiz, sentyabrın 1-dən isə 8,7 faiz artıb. Təbii qazın qiymətinin artma səbəbi bütün dünyada baş verən artımla əlaqələndirilir.
AZƏRTAC
23-09-2021, 05:53 | HƏYƏCANLI ANLAR: sərnişin öldü, təyyarə məcburi eniş etdi

İslamabaddan Londona uçan "British Airways" şirkətinə məxsus "Boeing-777" təyyarəsi sərnişinin ölümü ilə əlaqədar Daşkənd hava limanına təcili eniş edib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qadının ölümünün ilkin səbəbi ürək tutmasıdır.
Mərhumun hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.
Hazırda təyyarənin sərnişinləri Daşkənd hava limanının terminallarından birindədir və yola düşməyi gözləyirlər.
(publika.az)
23-09-2021, 05:50 | Yunanıstan ölkə daxilində səyahət məhdudiyyətlərini sərtləşdirib

Yunanıstanda koronavirus əleyhinə tədbirlər sentyabrın 27-dək uzadılıb.
Yeniliklərə görə, bütün ictimai nəqliyyat növləri ilə ölkə daxilində səyahət etmək üçün turistlərdən ya COVID-19 əleyhinə peyvənd sertifikatı, ya da səfərdən ən azı 72 saat əvvəl edilən PCR testinin mənfi nəticələrini və ya 48 saatdan gec olmayaraq edilən ekspress test təqdim etmələri tələb olunur. İaşə müəssisələrinə daxil olmaq üçün əvvəllər tətbiq olunan tələblərin dəyişmədiyi qeyd olunur. Buraya yalnız peyvənd olunmuş və xəstəliyi keçirən vətəndaşlar daxil ola bilər. Eyni zamanda, PCR və ya ekspress testin mənfi nəticələri ilə qapalı məkanlara, muzeylərə daxil olmağa icazə verilir. Bütün ziyarətçilərin açıq havada olan muzeylərə daxil olmalarına icazə verilir.
Sentyabrın əvvəlində Yunanıstan hökuməti koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirib və yerli sakinlər və səyahət edənlər üçün yeni məhdudiyyətlər tətbiq edib. Beləliklə, sentyabrın 13-dən başlayaraq 2022-ci il martın 31-dək əcnəbilər və Yunanıstan vətəndaşlarının stadion və əyləncə mərkəzlərini ziyarət etməsi, peyvənd sənədi və ya son altı ayda xəstəliyi keçirməsi haqqında arayış təqdim etmədən mümkün deyil.
AZƏRTAC
22-09-2021, 06:10 | Vaşinqtonda atışma olub, 5 nəfər yaralanıb

ABŞ-ın Vaşinqton şəhərində silahlı insident baş verib.
Bildirir ki, bu barədə "The Washington Post" qəzeti Kolumbiya dairəsinin polis idarəsinin rəisi Robert Kontiyə istinadən xəbər verir.
Məlumata əsasən, naməlum silahlı şəxs ərzaq mağazasının yaxınlığında dayanan bir qrup insana odlu silahdan atəş açıb. İnsident nəticəsində biri 13 yaşlı yeniyetmə olmaqla 5 nəfər yaralanıb.
Bildirilir ki, onlardan 3-ü xəstəxanaya çatdırılıb, yeniyetmə və digər yaralı şəxs isə özləri həkimə müraciət ediblər.
R.Konti mətbuat konfransında baş vermiş hadisəni qəbuledilməz adlandırıb.
Trend
22-09-2021, 06:03 | Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi və səlahiyyətli nümayəndəsi təyin edib.
Sərəncam bu gün imzalanıb.
Başqa bir sərəncamla Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Şvedovu bu vəzifədən azad edib.
Mikael Ağasandyan 2015-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini vəzifəsinə təyin edilib. BMT Təhlükəsizlik Şurasının fəaliyyəti, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, sanksiyalar siyasəti, Balkan münasibətləri ilə bağlı məsələlərə nəzarət edib. Bundan əvvəl o, Rusiyanın BMT yanında daimi nümayəndəliyində çalışıb.
"Report"
22-09-2021, 05:56 | "Twitter" və "Instagram"ın işində qüsurlar yaranıb

"Twitter" və "Instagram" sosial şəbəkələrinin işində bir sıra ölkədə fasilələr yaranıb.
Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Instagram"ın işində qüsurlar barədə əsasən ABŞ, "Twitter"in işində isə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya və Niderland sakinləri şikayət edir.
Bildirilir ki, 61 faiz istifadəçi "Twitter"in saytının, 28 faiz mobil tətbiqinin işindən, 11 faiz isə serverə qoşulmaqda yaranan çətinliklərdən şikayət edib.
"Instagram" istifadəçilərindən 46 faizi tətbiqin işində, 24 faizi saytın işində, daha 24 faizi isə şərhlərin yazılmasında problemlərlə üzləşiblər.
Trend-
21-09-2021, 19:57 | Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb.
Bu barədə Türkiyə prezidentinin işlər idarəsindən bildiriblər ki, səfərin sentyabrın 29-da həyata keçirilməsi gözlənilir.
Qeyd olunur ki, R.T.Ərdoğanın rusiaylı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Səfər bir gün davam edəcək.
Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanla V.Putin arasında görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələləsin müzakirə olunacağını bildirmişdi.
Trend


















