26-11-2020, 14:55 | “Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
2020-ci ilin ilk 10 ayı ərzində Ukraynanın "Ukrtransnafta" şirkəti 13,2 milyon ton neft nəql edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.
Bu barədə şirkət məlumat verir.
Bu ilin yanvar-oktyabr aylarında Ukraynanın neft emalı zavodları üçün nəql olunan həcmi 2,2 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox), neft tranziti isə 11,1 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox) təşkil edib.
2020-ci ilin oktyabrında neft nəqlinin ümumi həcmi ötən ilin oktyabrı ilə müqayisədə 3,5 faiz azalaraq 1,4 milyon tona bərabər olub:
"Ukrayna ərazisində boru kəməri ilə neft tranziti 7,3 faiz azalaraq 1,2 milyon ton təşkil edib. Eyni zamanda Ukrayna neft emalı zavodları üçün nəql olunan həcmi 19 faiz artıb və 250,8 min tona çatıb. Bunun 137,5 min tonu "Azeri Light" markalı Azərbaycan nefti olub".(milli.az)
26-11-2020, 10:05 | Dünya bazarlarında təbii qaz ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.
Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,41% azalaraq 2,933ABŞ dolları təşkil edib.
11-11-2020, 12:28 | Manatın məzənnəsi
Azərbaycan Mərkəzi Bankı 11 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 11-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0101 manat təşkil edir. 1 türk lirəsi 0.2076 manat, 1 rus rublu 0.0222, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5152 manatdır.
11-11-2020, 12:19 | Təbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,88% artaraq 2,971 ABŞ dolları təşkil edib.
10-10-2020, 09:53 | Neft yenidən ucuzlaşıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 1,13% azalaraq 1 barelə görə 42,85 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,43% azalaraq 40,60 dollar təşkil edib
18-09-2020, 15:20 | Mərkəzi Bank uçot dərəcəsini endirdi
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul edib.
Bankdan verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.
Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilmişdir. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcəkdir.
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0.2% azalmış, illik inflyasiya isə 2.8% təşkil etmişdir. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş vermişdir. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0.5% aşağı düşmüşdür. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməmişdir. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olmuşdur.
Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalmış, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməmişdir. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.
İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilmişdir. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olmuşdur. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.
Qlobal mühit və xarici sektor göstəriciləri. Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir.
Sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlmişdir.
Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlmişdir. Avqustda brent markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42.1 ABŞ dollarına enmişdir. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur.
Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51.4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0.6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.7% artmışdır.
Monetar şərait. Pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir.
Pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artmışdır. İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.
Bank sistemində izafi likvidlik şəraitində Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.
Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayında artmışdır. Kredit qoyuluşlarında da son ayda artım davam etmişdir.
Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam etmişdir. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcəkdir.
İqtisadi aktivlik. Məhdudiyyətlərin nisbətən yumşalması ilə əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngimişdir. Rəsmi statistikaya görə cari ildə qeyri-neft sektoru üzrə Ümumi Daxili Məhsulun real azalmasının dib nöqtəsi 2.5% (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1.7% olmuşdur.
Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə olunmuşdur.
İlin qalan dövründə iqtisadi aktivlik kontr-tsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırılmış antiböhran tədbirləri ilə dəstəklənəcəkdir.
İnflyasiya riskləri. Risklər balansına təsir edən başlıca amil pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVİD-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bu meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiqtisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcəkdir.
Bu qərar 18 sentyabr 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il oktyabr ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
6-05-2020, 13:54 | Sahil Babayev: Cari ilin ilk 4 ayı DSMF-nin daxilolmaları 39,6 faiz artıb
"Yanvar-aprel aylarında DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 39,6 faiz çox olub".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.
S.Babayevin sözlərinə görə, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub:
"Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə isə, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır".
Nazir diqqətə çatdırıb ki, ötən il DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat sosial ödənişlərin davamlılığının təmin olunmasında əhəmiyyətli dəstək olub.
( Trend)
17-02-2020, 14:52 | Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 12,06 faiz artaraq 22,307 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ilin yanvarında Türkiyənin kimyəvi məhsul ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 10,6 faiz artıb və 1,7 milyarda bərabər olub.
Yanvar ayında Türkiyənin kimyəvi məhsul ixracının payı ümumi ixracın 11,5 faizini təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı əvvəlki illə müqayisədə 5,07 faiz artaraq 322,295 miilyon dollara bərabər olub.
17-02-2020, 13:08 | Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.
Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.