Uşaqlar telefondan istifadəni “ana bətnində öyrənir”..
Uşaqlar telefondan istifadəni “ana bətnində öyrənir”..




Telefona aludəçiliyin fəsadları yaxın illərdə üzə çıxacaq

Uşağın telefondan istifadəsini məhdudlaşdırarkən kəskin etirazla qarşılaşmamaq üçün tədricən hərəkət etmək vacibdir. Bu barədə rusiyalı müəllim və psixoloq Viktoriya Savkova danışıb.

“Hər hansı qayda və məhdudiyyətlərin mərhələli şəkildə tətbiq edilməsi, uşağa bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi, qadağanın şərtlərinin dəqiqləşdirilməsi tövsiyə olunur. Əgər yeniyetməlik dövründə olan insandan danışırıqsa, ardıcıl və öncədən düşünülmüş formada davranmaq xüsusilə vacibdir. İzahat olmadan nəyisə məhdudlaşdırmaq olmaz”, - psixoloq vurğulayıb. Valideynlər unutmamalıdır ki, telefon şəxsi əşyadır və onu xəbərdarlıq etmədən götürmək uşağın şəxsi sərhədlərini pozmaq deməkdir.

“Telefonu niyə uşaqdan götürməliyəm” sualını özünüzə verib cavablandıra bilməlisiniz. “Ola bilsin ki, bu, uşağın tapşırığı yerinə yetirməkdən yayınması və ya onlayn oyunlara daha az vaxt sərf etməsi üçün lazımdır. İndi cavabınızı müsbət şəkildə yenidən formalaşdırmağa çalışın”, - deyə Savkova tövsiyə edib.

Cavab belə səslənə bilər: “Mən istəyirəm ki, uşağım daha çox gəzsin, məktəbdə və həyətdə dostları ilə daha çox ünsiyyətdə olsun, ailəsi ilə vaxt keçirsin”. Mütəxəssis belə qənaətə gəlib ki, bu formul bizə bütün pisliklərin mənbəyi kimi telefonu görməməyə imkan verəcək və uşağın düzgün inkişafına yönəldəcək.

Mütəxəssislər bildirir ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq. Məlumatlara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadır. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.

İngilis mütəxəssislər 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.

Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.
Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Sürix və Fribourg universitetlərinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.

Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşıdır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.

Həmçinin məlumatlara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya, eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır.


Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün “Sar” dəyərinə diqqət etmək lazımdır. “Sar” faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.

Mobil telefonların uşaqlara təsiri MR görüntüləri ilə sübut olunub. Telefon danışıqlarının uşaqlarda korteksə daha çox təsir etdiyi araşdırılmışdır. Yəni mobil telefonlardan 15 yaşından əvvəl istifadə etmək daha çox təsir edir. Çünki o yaşda uşaqların şəxsiyyətinin formalaşdığı dövrlərdir. Mobil telefonun istifadəsinin dəqiq bir yaşı yoxdur. Belə bir yaş qrupu müəyyənləşməmişdir. Ancaq kiçik yaşlarda uşaqlarda elektromaqnetik zonaların həssaslığı daha çox olur. Buna görə kiçik məktəblilərə mobil telefonların alınması məsləhət görülmür. Psixoloqların tövsiyəsini nəzərə alsaq, lazım olmadıqda uşaqlara telefon alınmamalıdır. Uşaqlar üçün cib telefonu çox zərərlidir. Yeniyetmələrin bundan uzun müddət istifadəsinin nəticələrini hələ bilmirik. Əgər bu, çox vacib olarsa, uşağa, sadəcə, mesaj şəklində istifadəsi uyğun görülə bilər. Böyük şəhərlərdə uşaqların cib telefonuna ehtiyacı ola bilər. Ancaq onun fiziki və mənəvi ziyanlarını düşünsək, kiçik məktəbli uşaqların çox da ehtiyacı yoxdur və mümkün qədər alınmamalıdır. Nə qədər gec istifadə etsələr o qədər faydalıdır. Ətraf mühit çox önəmlidir. Bəzən valideynlər bəhsə girir uşaqların yerinə. Ancaq mobil telefon valideynlərin bir zənginlik simvolu olmamalıdır. Ailələr cəza və mükafat sistemində də cib telefonundan istifadə edə bilərlər. Çünki ondan müəyyən qaydalara uyğun istifadə edilərsə, (məsələn, dərs saatlarının çıxış saatlarında valideynlərlə əlaqə saxlamaq üçün) çox da ciddi problemlər olmaz. Uşaqlara telefon almadan əvvəl ailə uşaqla bir şərt kəsməlidir. Müəyyən qaydalar çərçivəsində istifadəsinə icazə verilməlidir.


Ağlayaraq istəyən uşağa əsla cib telefonu alınmamalıdır. Bu zaman uşağa “bizim pulumuz yoxdur onu almağa” deyilməməlidir. Çünki bu zaman uşaq şüuraltı bunun onun haqqı olduğunu və valideynlərin telefonu ala bilməyəcəyini düşünürlər. Amma doğrusu, bunu uşağa izah etmək, hələ telefona ehtiyacı olmadığını ona başa salmaq lazımdır. Bəzən valideynlər pulumuz yoxdur deyə qısa izahat verirlər ki, bu da uşaq üçün yetərli bir cavab deyil. Bunu valideyn qərarlı bir şəkildə izah etməli və sözündə durmalıdır.

Amma uşaqların teıefondan istifadə müddəti ilə bağlı mütəxəssis məsləhətləri də var. Azyaşlıların telefonlardan istifadəsi zamanı valideynlər müəyyən nüanslara diqqət etməlidir. 3 yaşa qədər uşaqlar 4 saat fasilə ilə gündə 30 dəqiqə, 7-8 yaşa qədər uşaqlar isə gündə 3 dəfə 1 saat olmaqla telefondan istifadə edə bilər. 10 yaşa qədər uşaqların texnoloji vasitələrdən həddindən artıq istifadəsi daha ciddi fəsadlara gətirib çıxara bilər. Bununla bağlı uşaq bağçası, məktəblərdə xüsusi təlimlərə ehtiyac var, uşaqlar elə kiçik yaşlarından bu barədə savadlanmalı, özləri də dərk etməlidirlər. Ən yaxşı yol isə valideynlərin uşaqları ilə daha çox praktik vaxt keçirmələridir.

musavat.com
Tarix: 8-02-2024, 09:13