Keşlə qəsəbəsində kollektorun daşmasının fəsadları aradan qaldırılır
Keşlə qəsəbəsində kollektorun daşmasının fəsadları aradan qaldırılır


Mart ayının son günlərində ümumən respublika ərazisinə, o cümlədən paytaxt Bakıya düşən normadan artıq yağıntı miqdarının yaratdığı çətinliklərə baxmayaraq, şəhər təsərrüfatı təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi.

Yağışların intensiv yağdığı həmin günlərdə yaşanan çətinliklərin aradan qaldırılması yönündə operativ qərarlar verən Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Coşqun Cəbrayılov vəziyyəti şəxsi nəzarətinə götürərək, Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) ərazidə problemli nöqtələri çevik müəyyən etmək, yağış sularının normal axını üçün drenaj xətlərini diqqət mərkəzində saxlamaq göstərişi verdi. Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Nizami Rayon Sukanal İdarəsi və Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları ilə canlı qüvvəsi koordinasiyalı şəkildə prosesə cəlb olundu. Görülmüş operativ işlər çərçivəsində rayonun müxtəlif ünvanlarında toplanmış yağış suları qısa müddətdə ərazidən çəkilərək kənarlaşdırıldı.
Xüsusi gücləndirilmiş iş rejimində çalışan kommunal xidmətlər tərəfindən nəqliyyatın və piyadaların hərəkətində fasiləsizliyi təmin etmək məqsədilə, yağış barmaqlıqlarının funksionallığının bərpası və yığılmış suların xüsusi nasoslarla kənarlaşdırılması üçün mütəmadi tədbirlər görüldü, yarana biləcək ciddi risklərin fəsadları vaxtında aradan qaldırıldı.
Güclü yağışların fəsadlarının aradan qaldırılması və şəhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə paytaxtda genişmiqyaslı iməciliklərin keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq, martın 30-da Nizami rayonunda da ümumrayon iməciliyi təşkil edildi. İməcilik çərçivəsində kommunal-təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlər, məhəllədaxili və ara yollar yuyuldu, bordürlər, işıq dirəkləri və məhəccərlər yuyularaq palçıqdan təmizləndi.
İməcilik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyuldu, ətrafı təmizləndi. Eyni zamanda, kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görüldü.
Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların zədələnmiş budaqları budanıb, yeni güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Bildiyimiz kimi, paytaxtın Nizami rayonunda aramsız yağan yağışın fəsadları daha çox Keşlə qəsəbəsində özünü göstərdi. Belə ki, 05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsi daşmışdı. Məlum olmuşdur ki, hadisəyə səbəb Xətai rayonu, R.Bağırov küçəsində, magistral kollektorda bir müddət öncə baş vermiş çökmədir. Çökmə nəticəsində tullantı sularının axın istiqaməti məcburi qaydada dəyişdirilərək alternativ xətlərə yönəldilmişdir. Qəza vəziyyəti drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq magistral xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olmuş, nəticədə M.Ə.Sabir küçəsinin relyef baxımından çökəklik ərazidə yerləşməsi, kənarlaşdırıla bilməyən suların məhz bu nöqtədə intensiv toplanmasına şərait yaratmışdır. Ərazidə suyun səviyyəsinin sürətlə yüksələrək 1.2-1.5 metrə çatması nəticəsində 31 fərdi yaşayış evinə su dolma halı yaranmış, sakinlərin təhlükəsizliyi risk altına düşmüşdür. Ərazidəki evlər əsasən 30-40 il əvvəl inşa edildiyi üçün köhnə tikililərin konstruksiyasına ciddi maddi ziyan dəymişdir.
Dərhal Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əraziyə FHN-in müvafiq qurumları, kommunal xidmət sahələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunmuşdur. FHN-in müvafiq xidmətləri və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərazidə 203 nəfər sakinlə bağlı operativ tədbirlər görülmüşdür. Eyni zamanda, ərazidə suyun səviyyəsinin aşağı salınması üçün xüsusi təyinatlı nasoslar və motopompalar cəlb olunmuşdur. Təxliyə olunan sakinlər yaradılmış qərargahda yerləşdirilərək qida, isti geyim və tibbi-psixoloji yardımla təmin olunmuşlar. Nizami RİH-nin başçısının Keşlə qəsəbə inzibati ərazi vahidi (İƏD) üzrə nümayəndəsi Anar Ağayev həmin günlərdə ərazidə suyun səviyyəsinin qısa müddətdə əhəmiyyətli dərəcədə azaldılmasına və sakinlərin gündəlik həyatına mənfi təsirinin minimuma endirilməsinə yönəlik tədbirlərə var gücü ilə dəstək vermişdir.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ərazidə ictimai asayişin qorunması və mühafizə tədbirləri həyata keçirilmişdir. Sonrakı günlərdə ərazidə bərpa və təmizləmə işləri fasiləsiz davam etdirilmiş, fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.
Bu günlər Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.
Həmçinin, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır.
Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Nisa Şirvanlı

Respublica.Az
Tarix: 12-04-2026, 06:45