19-06-2022, 13:19 | Müdafiə naziri Kəlbəcər və Laçında: Tapşırıqlar verdi - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən milli.az-a verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.
Məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Ətraflı
Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.
Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
18-06-2022, 07:03 | İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Qlobal Bakı Forumunun önəminə toxunuldu, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulandı. Tədbirin gündəliyinin çox geniş olduğu bildirildi. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edildi.
17-06-2022, 06:33 | "Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

Hazırda dünyada elə bir lider yoxdur ki, Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin.
"Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Putin qərar verməzdən əvvəl onun nəticələrini düşünmür.
"Onun nəyisə eşitməyə hazır olduğuna əmin deyiləm. Mənə elə gəlir ki, o, qərar qəbul etmə mərhələsindədir. O əvvəlcə hərəkətə keçir, sonra fikirləşir", - Zelenski qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, yalnız kollektiv şəkildə, birləşməklə Rusiyanı dayandırmaq olar.
Zelenski bundan əvvəl deyib ki, indi Ukraynanın sülh danışıqlarına başlamaq imkanı yoxdur. Rusiya rəhbərliyi dialoq aparmaq istəmir və buna hazır deyil.
15-06-2022, 19:02 | "Qarabağ orada törədilən təcavüzün simvoludur"

IX Qlobal Bakı Forumunda Cənubi Qafqazda dayanıqlı inkişaf barəsində də müzakirələr aparılacaq.
Bu barədə Trend-in sualına cavab olaraq Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya deyib.
Onun sözlərinə görə, Qarabağ yalnız Azərbaycanın bir parçası deyil, Qarabağ özündə bir neçə mənanı ehtiva edir.
"Qarabağ, eyni zamanda, orada törədilən soyqırımıların, təcavüzün, beynəlxalq hüququn tapdanmasının simvoludur", - deyə o əlavə edib.
15-06-2022, 18:40 | Xilaskarlıq və quruculuq missiyası

Tarixdə taleyini xalqına həsr etmiş böyük şəxsiyyətlər olub və onlar yenilməz iradə, qətiyyət, fədakarlıq və uzaqgörənliklə xalqını ən çətin sınaqlardan çıxardaraq tarixin gedişini dəyişməyi bacarıblar. Azərbaycan xalqı taleyində Heydər Əliyev kimi böyük şəxsiyyətin olduğuna görə xoşbəxtdir. Həm də ona görə xoşbəxtdir ki, dahi rəhbərin ömür yolu Vətən yolu, dövlətçilik yolu olub.
O, həyatını dövlətinin sabahına, torpağının bütövlüyünə, xalqının gələcəyinə, rifahına həsr edib. O, tarixdə dövlət müstəqilliyimizin memarı, qurucusu kimi yer tutub. Əzmi, iradəsi, zəkası, çoxşaxəli və zəngin fəaliyyəti ilə zəmanəmizin əbədiyaşar dahisinə, xalqın ümummilli liderinə çevrilib. Xalqımız onun qurtuluşunu təmin edən rəhbərinin, ona azadlıq, müstəqillik, firavan həyat, işıqlı ölkə bəxş edən xilaskarının xidmətlərini unutmur və 15 İyun Milli Qurtuluş Gününü böyük minnətdarlıq hissi ilə qeyd edir.
Azərbaycan xalqını qurtuluşa, uğura, dünya arenasında əsas söz sahiblərindən birinə çevrilməsinə aparan yol ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə baş verdi. Ölkəmiz yenidən müstəqilliyinə qovuşmuş, lakin dövlətin bütün təsisatlarında hökm sürən xaos, bir tərəfdən də Ermənistanın beynəlxalq hüquq normaları və BMT nizamnaməsinin prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsi, elan olunmamış müharibəyə başlaması vəziyyəti daha da gərginləşdirmişdi. Belə bir ağır dönəmdə, ölkəni düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək üçün xalq öz xilaskarına üz tutdu və ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.
Bu, sadə qayıdış deyildi, bu, dövlətimizin sütunlarının bərkidilməsi, xalqın işıqlı sabahı, uğurlarının təməl günü idi! Bu, müstəqilliyimizin əbədi olması, ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin həlli, ölkənin bölünməkdən xilası, Azərbaycanın səsinin dünyanın ən ali kürsülərindən eşidilməsi idi! Bu, həm də Milli Ordunun yaradılması, atəşkəsin elan olunması, hüquqi və milli dövlətin formalaşması, “Əsrin müqaviləsi”, qədim İpək Yolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin istismara verilməsi ilə dövlətin iqtisadi dayaqlarının daha da gücləndirilməsi idi.
Ölkəmiz bütün bu uğurlara ulu öndərin şəxsiyyəti, mükəmməl idarəetmə qabiliyyəti, uzaqgörənliyi sayəsində nail oldu. Cəmiyyət həyatının bütün mərhələləri sarmış xaosun, böhranın, daxili çəkişmələrin uğurlu siyasət, fəal diplomatiya ilə əvəzlənməsi Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini şərtləndirən əsas amildir. Çevik diplomatiya sayəsində beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq quruldu, xarici ölkələrə səfərlər, dünyanın ayrı-ayrı dövlətlərindən gələn nümayəndələrlə aparılan danışıqlarda Azərbaycana qarşı əsassız ərazi iddiaları zəminində Ermənistandan və Dağlıq Qarabağdan azərbaycanlı əhalinin didərgin salınması və soyqırımı nəticəsində gərginləşmiş sosial-siyasi vəziyyətin ciddi şəkildə pozulması haqqında tam təəssürat formalaşdırıldı.
İslam Konfransı Təşkilatı, ATƏT, BMT, Avropa Şurası ilə əməkdaşlıqda Azərbaycanın milli mənafelərini əks etdirən prinsiplər açıq şəkildə dəstəkləndi. İslam Konfransı Təşkilatı dövlət və hökumət başçıları səviyyəsində keçirilən bütün zirvə toplantılarında ölkəmizlə bağlı aydın və ədalətli mövqe sərgiləyərək Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi kimi tarixə düşdü. BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, torpaqların qeyd-şərtsiz azad edilməsi, Dağlıq Qarabağ və digər ərazilərin işğal faktını təsdiq edən 822, 853, 874, 884 saylı qətnamələri ilə yanaşı, qurumun Təhlükəsizlik Şurasının sədri və Baş katibi müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaydı.
1994-cü il dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və münaqişə bölgəsinə göndərilməsinin qərara alınması, ondan iki il sonra ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında münaqişənin nizama salınması istiqamətində ulu öndərin qətiyyəti, iradəsi, gərgin əməyi və diplomatik fəaliyyəti sayəsində qəbul edilmiş sənədin təşkilata üzv olan 53 dövlət tərəfindən müdafiə olunması, o cümldən İstanbul sammiti Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi oldu.
Ulu öndər həm də demokratik, hüquqi dövlət qurdu. Hər zaman çıxışlarında bildirirdi ki, “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Dahi rəhbərin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq konkret strategiyaya əsaslanan islahatlar həyata keçirilməyə başlandı və dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş və müəllifi ulu öndər olan ilk Konstitusiyamız hüquqi islahatların ən mühümü kimi tarixiləşdi.
Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradıldı, ölüm cəzası ləğv olundu, prokurorluq demokratik cəmiyyətə uyğun yenidən quruldu, hüquq sisteminin mahiyyətini müəyyən edən qanun və məcəllələr qəbul edildi.
Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan, öz ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir.
Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir.
Bugünkü müasir Azərbaycan ulu öndərin görmək istədiyi azad, müstəqil, qalib, ərazisi bütöv Azərbaycandır. Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı ilə dünyaya səs salan Azərbaycandır! Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərini yaşayan Azərbaycandır!
Şahin Şirinzadə,
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru.
15-06-2022, 15:49 | Xalqını tərəqqiyə qovuşduran lider

15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir.
Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Fuad Hacıyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru .
15-06-2022, 12:39 | Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb

Qarşıdan Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü gəlir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin gün Dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Şükürlər olsun ki, Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu.
Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Müasir Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.
Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Vüqar İbrahimov,
"Sahil Tradinq"MMC-nin Neptun marketlər şəbəkəsinin direktoru .
15-06-2022, 10:17 | Vətənin varlığı naminə göstərilən ən böyük fədakarlıq

Müasir müstəqil Azərbaycanın banisi və milli dövlətçiliyimizin xilaskarı Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti tariximizin mühüm bir dövrünü əhatə edir. Təsadüfi deyil ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə qızıl hərflərlə yazılıb. Onun 1969-1982-ci illərdə birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər milli özünüdərkin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev o vaxt keçmiş ittifaq daxilində geridən qalmış aqrar respublika kimi tanınan Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün qısa zaman ərzində qəti addımlar atmışdı. Ulu Öndər respublika rəhbəri seçiləndən sonra uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqram hazırlanmasını və icrasını təmin etmişdi. Xalq Ümummilli Liderin respublikanın gələcəyi naminə gördüyü işləri yüksək qiymətləndirərək Onun atdığı addımları rəğbətlə qarşılamışdı.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin dövrdə elmə, təhsilə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə hər il 2 min nəfərə qədər gənci keçmiş ittifaqın tanınmış ali məktəblərinə, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün ayrı-ayrı şəhərlərdəki hərbi təhsil ocaqlarına göndərib. Həmin illərdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasını da böyük və mühüm hadisə adlandırmaq olar. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Ona görə ki, müstəqil dövlətimizin gənc ordusunun formalaşmasında məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi mühüm rol oynamışdır.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə ölkəmiz bir çox təhlükələrlə üz-üzə idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi qalmamış, ölkəmizdə separatçılıq meyilləri artmış, real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükədə olduğu anda Ulu Öndər Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, ölkəmizi düşdüyü bu ağır vəziyyətdən, hərbi, siyasi və sosial-iqtisadi böhrandan yalnız Ümummilli Liderimiz xilas edə bilər.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıtdığı ərəfədə ölkəmiz olduqca ağır vəziyyətdə idi. Çünki, həmin vaxta qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik pik həddə çatmışdı. Bu fürsətdən istifadə edən işğalçı Ermənistanın silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan çox soydaşımızı öz doğma vətənində məcburi köçkünə çevirmişdi. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışı xalqda böyük inam yaratmışdı. Belə ki, Ulu Öndər hakimiyyətə qayıdandan sonra qətiyyətlə və inamla bəyan etmişdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
1993-cü ilin iyunundan başlayaraq Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə qarşı çıxan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası həyata keçirildi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” kimi nəhəng Saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Ölkənin bütün sahələrində hərtərəfli islahatlar həyata keçirildi. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ilk müstəqil Konstitusiya layihəsi hazırlandı və ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Siyasi plüralizm, demokratiya, söz və mətbuat azadlığı təmin edildi, humanizm prinsiplərinə əsaslanan qanunlar qəbul edildi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam”, - deyən Ulu Öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə nail oldu. Ümumiyyətlə, ölkədə müstəqil Azərbaycanın gələcək inkişafını şərtləndirən əlverişli mühit yaradıldı.
Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Ulu Öndərimiz Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların qarşısında “Gənclərin ən ümdə vəzifəsi müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” vəzifəsini qoymuşdu. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin himayədarı və dəstəkçisi olub. Təsadüfi deyil ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynayır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sevindirici haldır ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir. Bu mənada, dövlətimizin başçısı Azərbaycan gəncliyinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.
Yeri gəlmişkən, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların qəhrəmanlığı ilə əldə olunan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Qeyd edək ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, Azərbaycanın ədalətli mövqeyinin, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Təbii ki, gənclərimizin bu istiqamətdəki fəaliyyətləri bu gün də davam edir.
Bu gün inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. İndiki dövrdə bu məsuliyyətli yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə Mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - deyə söylədiyi fikirlər Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Beləliklə, birmənalı şəkildə, demək olar ki, regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız, o cümlədən Azərbaycan gəncliyi müstəqil dövlətimizin qurucusu və xilaskarı olan Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaq.
Məhəd Vəkilov,
Qazax Suvarma Sistemləri İdarəsinin rəisi.
15-06-2022, 09:55 | "Milli Qurtuluş günü Azərbaycan üçün yüksəliş dövrünün başlanğıcıdır" - FOTO

Azərbaycanın Milli Qurtuluş günü kimi qeyd olunan 15 iyun üçrəngli bayrağın altında əbədi olaraq müstəqil qalacaq Azərbaycan üçün yüksəliş dövrünün başlanğıcıdır.
Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
"Azərbaycanın ümummilli lideri Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün xalqın dəvəti ilə Naxçıvan Muxtar Respublikasında Bakıya qaytmış və iyunun 15-də Ali Sovetin sədri seçilmişdi. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində üzləşdiyi daxili təhdiddən və ağır iqtisadi və siyasi çətinliklərdən ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində qurtuldu", - deyə o bildirib.
Y.Topçu əlavə edib ki, işğal altında olan Qarabağ azad olunmaqla ümummilli lider Heydər Əliyevin vəsiyyəti Prezident, Vətən müharibəsinin müzəffər Ali Baş Komandanı İlham Əliyev və qəhrəman Azərbaycan xalqı tərəfindən yerinə yetirilib.
"Bir çox daxili və xarici problemləri geridə qoyan Azərbaycan bu beynəlxalq təşkilatlarda yer alan, müstəqil daxili və xarici siyasət yürüdən, inkşaf edən və beynəlxalq səviyyədə söz sahibi olan böyük dövlətdir. "Bir millət, iki dövlət" olduğumuz Azərbaycanı 15 iyun Milli Qurtuluş günü münasibətilə təbrik edir, Azərbaycanın Ulu öndəri Heydər Əliyevi rəhmətlə anır, Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqına hörmətimi ifadə edirəm", - Y.Topçu vurğulayıb.


15-06-2022, 09:28 | Heydər Əliyev Azərbaycan dövlətini və xalqını xilas etdi - VİDEO - FOTO

1993-cü ilin iyununda Azərbaycan ağrılı-acılı günlər yaşayırdı və ölkəmiz məvh olmaq, yenicə qazanılan müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə idi. İqtisadiyyat tamamilə çökmüşdü, ölkə idarəolunmaz durumda idi, erməni işğalı geniş vüsət almışdı. Daxildə isə vətəndaş müharibəsi, qardaş qırğını baş qaldırmışdı. İnsanların gələcəyə heç bir inamı yox idi. Belə bir çətin və mürəkkəb dövrdə Azərbaycan xalqı yeganə çıxış yolu kimi ümidini Heydər Əliyevə bağlayırdı. Beləliklə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı və tez bir müddətdə Azərbaycanı bu çətin durumdan çıxardı.
Bunu Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif layihəsinin Milli Qurtuluş Günü ilə bağlı buraxılışında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.
O, əlavə edib ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyindən söhbət gedə bilməzdi:
"Tam əminliklə demək olar ki, həmin illərdə ölkəmizi bu təhlükələrdən yalnız Heydər Əliyev çıxara bilərdi. Azərbaycan xalqı bunu yaxşı başa düşür, xilasını Heydər Əliyevdə görürdü. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkə idarəçiliyinin müxtəlif sahələrində nizam-intizam yarandı, ictimai-siyasi sabitlik bərqərar oldu, silhalı cianyətkar dəstələr zərərsizləşdirildi, cəbhədə vəziyyət nəzarətə alındı və Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Bu günkü güclü və qüdrətli Azərbaycanın təməlini Heydər Əliyev məhz həmin illərdə qoyub. Sonrakı illərdə isə ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı daha da inkişaf etdirdi və bu gün ölkəmiz dünyada xüsusi söz, hörmət sahibidir. Ən əsası isə Azərbaycan Vətən Müharibəsində tarixi Zəfər qazanaraq öz gücünü dünyaya göstərdi.
Siyasi şərhçi Tofiq Abbasov isə bildirib ki, 90-cı illərin əvvələrində Azərbaycanın üzləşdiyi problemlər insanlarda dəhşətli inamsızlıq, ümidsizlik yaratmışdı:
"İnsanların gələcəyə ümid yox idi. Hakimiyyətdə təmsil olunan səriştəsiz kadrlar ölkəni iflic vəziyyətə salmışdı. Dövlət idarəçiliyi sanki eksperimentlə həyata keçirilirdi. Həmin dövrdə biz mütəmadi insanlar arasında olur, jurnalist kimi sorğular keçirirdik. Xalqın bütün təbəqləri Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. Belə bir durumda Heydər Əliyev Bakıya gəldi və ölkəsini, xalqını xilas etdi. Heydər Əliyevin gəlişi insanlarda ümidi diriltdi, tariximizdə dönüş nöqtəsi oldu". T.Abbasov əlavə edib ki, ulu öndərin qətiyyəti sayəsində cəbhədə erməni işğalının qarşısı alındı, düşmənin təcavüzü dayandırıldı. Bütün sahələrdə uğurların təməli qoyuldu: Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində elə bir möhkəm təməl qoydu ki, sonrakı illərdə onun siyasi varisi Prezident İlham Əliyev bu vektorları böyük ustalıqla və uğurla inkişaf etdirdi".
Videomühasibəni təqdim edirik.






















