28-05-2021, 14:08 | Prezident İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
Xəbər yenilənəcək
AZƏRTAC-
28-05-2021, 14:02 | Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlini qoyub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
Xəbər yenilənəcək
AZƏRTAC-
28-05-2021, 13:50 | Estoniya və Kamerun dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib

Kamerun Prezidenti Pol Biyadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
AZƏRTAC bildirir ki, təbrikdə deyilir:
"Cənab Prezident. Ölkənizin milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizə səmimi və xoş təbriklərimi çatdırır, Azərbaycan xalqına sağlamlıq və firavanlıq arzulayıram.
Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
x x x
Estoniya Prezidenti Kersti Kalyulayddan:
"Zati-aliləri. 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ümidvaram ki, biz dünyamızdakı bütün cəmiyyətlərə böyük təsir göstərmiş qlobal çağırışa qalib gəldikdən sonra ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq daha da genişlənəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı, həmçinin Azərbaycan Respublikasına və onun xalqına əmin-amanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
28-05-2021, 13:42 | Qarabağ Zəfəri ilə qeyd edilən ilk Resbublika günü - Trend TV-nin REPORTAJI

28 may Respublika günü bu il tamamilə başqa ab-havada, başqa əhval-ruhiyyədə qeyd edilir. 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra Azərbaycan xalqı Respublika gününün sevincini daha böyük fəxr və qürurla yaşayır. Azad Qarabağda üçrəngli bayraqlarımız dalğalanır, ərazi bütövlüyümüz bərpa edilib, qürurumuz özümüzə qayıdıb, tarixi ədalət öz yerini tapıb. Azərbaycan tarixdə heç vaxt olmadığı kimi müstəqildir, güclü, qüdrətli, azaddır.
Bayram gününü qarabağlılar, üzərindən məcburi köçkün adı götürülən vətəndaşlarımız indi daha böyük ruh yüksəkliyi ilə qeyd edir. Çünki, doğma ata yurdları düşmən tapdağından təmizlənib, Qarabağ sürətlə bərpa edilir və tezliklə Böyük Qayıdış başlayacaq.
Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağdamın Quzanlı qəsəbəsində məskunlaşan bir neçə ziyalı ilə görüşüb, onların bayram təəssüratlarını öryənib. Qarabağlılar Zəfərlə qeyd edilən ilk Resbublika gününün qürurunu, sevincini böyük ruh yüksəkliyi və xüsusi məmnunluqla keçirirlər.
Videoreportajı tədim edirik.
28-05-2021, 13:40 | Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və düşünülmüş siyasət Azərbaycanı daha da gücləndirir və dünyada söz sahibinə çevirir.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, dünya liderlərinin Azərbaycan Prezidentinə Respublika Günü münasibətilə ünvanladığı məktublarda açıq şəkildə görünür ki, dünyanın nəhəng dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar və mövcud münasibətləti genişləndirmək və inkişaf etdirmək niyyətindədirlər:
"Bu təbriklərdə Prezident İlham Əliyevin dünya çapında böyük bir siyasətçi, lider obrazının formalaşdığı aydın görsənir və dünya liderləri tərtəfindən cənab Prezidentin şəxsi nüfuzuna böyük hörmət var. Bu mənada bir sıra misallar da gətirmək olar. Misal üçün, ABŞ Prezidenti tərəfindən cənab İlham Əliyevə ünvanlanan məktubda ABŞ-ın təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlığı və bundan sonra da bu əməkdaşlığın genişləndirilməsi məsələsi qeyd olunur.
Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstək xüsusi vurğulanır. Digər tərəfdən ABŞ Prezidentinin məktubunda Azərbaycanın dünyanın, xüsusilə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə mühüm töhfə verən bir ölkə kimi əhəmiyyəti vurğulanır. Azərbaycanda demokratik idarəetmə sahəsi də ABŞ Prezidenti tərəfindən yüksək qiymətləndirildi".
Deputat bildirib ki, eyni zamanda dünyanın daha bir nəhəng dövləti olan Çin Xalq Respublikasının Sədri də öz təbrik məktubunda Azərbaycanla mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsini və Azərbaycan münasibətlərin birbaşa Çin dövlət rəhbərinin birbaşa nəzarətində olduğunu vurğulayıb: "Eyni zamanda Çin rəhbəri "bir kəmər bir yol" təşəbbüsündə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanı Avrasiyanın ən əlverişli logistika mərkəzinə və nəqliyyat dəhlizinə çevrildiyini vurğulayıb. Eyni zamanda qlobal təhdidlərə, xüsusilə dünyada bir ildən artıq höküm sürən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərində Azərbaycan Prezidentinin liderlik etməsi Almaniya Prezidentinin məktubunda öz əksini tapıb. Məktubların məzsmununda açıq şəkildə görünür ki, dünyanın nəhəng dövlətlərinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ölkə Prezidenti cənab İlham Əliyevə çox böyük hörmət bəsləyirlər, etimad göstərirlər və bundan sonra daha geniş əməkdaşlıq maraqlarından çıxış edirlər".
28-05-2021, 13:37 | ATƏT sərhədimizdə baş verənlər haqda: Bütün həll olunmamış məsələlər...

ATƏT Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə gələn təkrar məlumatlardan narahatdır.
Trend bildirir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici İşlər Naziri Ann Linde Twitter səhifəsində yazıb.
O bildirib: "Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə təkrar gələn məlumatlar bizi narahat edir. Bütün həll olunmamış məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli bir atmosfer yaratmaq üçün kömək göstərməyə və etimadın möhkəmləndirilməsi üçün tədbirlər görməyə hazırdır".
20-05-2021, 06:43 | Laçın və Qubadlının bəzi yaşayış məntəqələri də geri alınıb - SON VƏZİYYƏT

"Qaragöl ətrafındakı məsələlərə görə narahatçılığa səbəb yoxdur".
Bunu milli.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Azərbaycan Ordusu hazırda öz sərhədlərini bərpa etməklə məşğuldur:
"O istiqamətdə Ordumuzun qarşılaşdığı bir problem yoxdur. Artıq delimitasiya ilə bağlı bu məsələlər hamısı öz həllini tapıb. Nikol Paşinyanın və onların müdafiə nazirliyinin "Qara göl yaxınlığındakı dövlət sərhədlərini qorumaq üçün əlavə qüvvələrin cəlb olunduğunu elan etdik və məsələni hərbi yolla həll etməyə hazır olduğumuzu bildir "Qara göl yaxınlığındakı dövlət sərhədlərini qorumaq üçün əlavə qüvvələrin cəlb olunduğunu elan etdik və məsələni hərbi yolla həll etməyə hazırıq" kimi açıqlamaları gözlənilən reaksiyadır. Gözlənilən ona görədir ki, ermənilər heç vaxt sərhəd tanımayıblar, çünkü onlar Azərbaycan torpaqlarını işğal ediblər. Geninə-boluna Azərbaycan ərazisində istədikləri yerə gediblər, istədikləri yerdə olublar və istədikləri işləri görüblər.
Digər tərəfdən səbəb ondan ibarətdir ki, bilirik ki, hazırda orada seçkilər prosesinə hazırlıq gedir. Seçki qabağı bu prosesləri müəyyən bir şəkildə gərginliyə çevirmək istəyən və gərginlik səviyyəsinə gətirib çıxarmaq istəyən qüvvələr var. İnsanlar da hansı ki, mariflədirilməyiblər ki, Azərbaycan tərəfi indi sadəcə olaraq sərhədlərini bərpa edir, bu sərhədlərin bərpası hansı əsasla aparılır, hansı sənədlərə əsasən gedir, hansı xəritələrə uyğun gedir. Bilirik ki, üçtərəfli (10 noyabr) bəyanatda Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı bənd var. Azərbaycanın öz sərhədlərini bərpa etməklə bağlı orada qarşı tərəfləin razılıq məsələsi var. Sadəcə indi Ermənistanda eə bir siyasi vəziyyətdir ki, müəyyən siyasi qüvvələr hərşeydən divident qazanmaq istəyirlər və sərhədlərin delimitasiyası məsələsindən manipulyasiya etmək istəyirlər. Əgər Azərbaycanla sərhəd zonasında yaşayan erməni əhaliyə çatdırılsa ki, münaqişədən öncə bu sərhəd sovet respublikaları arasında mövcud olan xəritəyə əsasən qurulur, o zaman əhali bəlkə də prosesləri anlayışla qarşılayar. Əhali arasında marifəndirmə çox zəifdir.
İş orasındadır ki, bu gün o ərazidə Rusiyanın da hərbi qüvvələri var. Sərhəddi dəqiqləşdirəndə Rusiya tərəf də bu prosesdə iştirak edir. O xəritələr 1976-cı ildə çap edilmiş xəritələrdir, və Rusiya tərəfində də, erməni tərəfində də, Azərbaycan tərəfində də o xəritələr var. Və onun əsasında indi bu saat sərhədlərin dəqiqləşdirilməsi gedir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək o deməkdir ki, Azərbaycan öz sərhədlərini bərpa edir. Və sərhəd hansı xəttlə gedirsə, hansı ərazidən keçirsə o ərazidə də artıq Azərbaycan öz sərhəd xidmətinin atributlarını qoyacaqlar və xidmətini təşkil edəcəklər. Ermənilər istəsələr də, istəməsələr də Azərbaycan bunu edəcək.
Artıq Laçın və Qubadlının bəzi yaşayış məntəqələrindən ermənilər geri çəkiliblər. Yəni, delimitasiya, demarkasiya prosesi gedir. Ermənistanla sərhəd xəttinin çəkilməsi yolunun əvvəlindəyik, təzə başlamışıq. İndi orada istər Nikol Paşinyan, istər müdafiə nazirliyi tərəfindən olsun bu kimi hallar, reaksiyalar, belə açıqlamalar, populist söhbətlər, çağırışlar və s. olacaqdır. Çünkü onlar indi seçkiqabağı marafondadırlar. Paşinyanın dövləti həmişə populizmlə məşğul olub. Bizim bundan artıq məlumatımız var.
Prezident, Ali Baş Komandan İlham Əliyev birmənalı deyib, Azərbaycan torpağına əgər hər hansı bir təcavüz olarsa, Dəmir yumruğu yenidən işə salacağıq. Ona görə də Azərbaycanın heç bir qarış torpağında heçkimin gözü olmamalıdır, Azərbaycanın da heç bir dövlətin torpağında gözü yoxdur, o cümlədən Ermənistan torpağında.
İndi məndə olan məlumata görə tərəflər Qaragöl ətrafında müəyyən razılığa gəliblər. Bir şeyi bilin, Azərbaycanın maraqlarına zidd heç bir qərar qəbul edilə bilməz. Bu proses belə də davam edəcək. Ermənistan bu gün elə bir durumda deyil ki, Azərbaycana, Azərbaycanın maraqlarına zidd addım ata bilsin. Digər tərəfdən də rəsmi xəritə var, peyk vasitəsi ilə də o xəttin keçməsi metrəyə qədər dəqiq görünür. Əgər bu xətt buradan keçirsə, kim mənə deyə bilər ki, bu xətti geri çək? Bu xəritəni də Azərbaycan çəkməyibki?! Sovet dövründə mövcud olan bu sərhəddi də Azərbaycan müəyyən etməyib heç. Bu, o vaxtkı sərhəddir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü məhz bu sərhədlər çərçivəsində tanıyıb.
İndi Azərbaycanın hər bir addımı ermənilərdə qıcıqla qarşılanır. Təbii ki, yaraları hələ təzədir. Və indi orada müəyyən qüvvələr var ki, aranı qarışdıran, insanları çaşbaş salan müxtəlif məlumatlar yayırlar. İndi onlarda sosial şəbəkələrdə də vəziyyətləri xaotkdir. Vəziyyətdən istifadə edən müəyyən qüvvələr seçkiqabağı vəziyyəti gərgin saxlamaq üçün guya "Azərbaycan onların ərazilərini işğal edir" kimi yalan məlumatlar yaymaqla erməni əhalisi arasında gərginliyi saxlayırlar.
Silahlı Qüvvələrimizin 15 min şəxsi heyyətlə başlayan təlimlərinin də Qaragöldəki vəziyyətlə bir bağlılığı yoxdur. Bu, planlı təlimlərdir və bu təlimlərdə də qarşıya qoyulan hədəflərə nail olacağıq. O hədəflər də bəllidir.
Azərbaycan maraqlarına zidd, torpaqlarının bir metrəsini də olsun işğal etməyə heç kəsə imkan verməyəcək və adekvat addımın layiqincə atacaq".
Təhməz Əsədov
Milli.Az
20-05-2021, 06:39 | Birləşmiş Krallığın İxracat üzrə naziri Qraham Stuart Azərbaycana gəlir

Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart, iki ölkənin mövcud ticarət və iqtisadi əlaqələrini gücləndirmək məqsədilə Azərbaycana üç günlük səfər gəlir.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, cümə axşamı, 20 may tarixindən etibarən başlayacaq səfərdə bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.
Nazir Stuart, yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək COP26 İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və "net zero" planını qəbul etmək üçün Birləşmiş Krallığa qoşulmağa təşviq edəcək.
Səfər çərçivəsində Böyük Britaniya naziri, həmçinin iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər nazirləri ilə də görüşlər keçirəcək.
Nazir, həmçinin Birləşmiş Krallıq Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında və Azərbaycanda yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında iştirak edəcək. Səfər Birləşmiş Krallıq və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini inkişaf etdirəcək, eyni zamanda bərpa olunan enerji, səhiyyə və İKT kimi qeyri-neft və qaz sektorlarında əməkdaşlığı gücləndirəcəkdir.
Səfərdən əvvəl Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart səfərlə bağlı fikirlərini paylaşıb:
"Uzun illərdir ki, Birləşmiş Krallıq ilə Azərbaycan ticarət və enerji sahəsində əməkdaşlıq edirlər. Xalqlarımız arasında güclü əlaqələr mövcuddur və hazırda ölkəmizin müstəqil ticarət tərəfdaşı olması bizi daha güclü edəcək.
"Ölkə rəsmiləri ilə görüşməyi və Azərbaycanı bərpa olunan enerjiyə keçid prosesinə göstərdiyimiz dəstək üçün qeyri-neft və qaz sahələrindəki əlaqələrimizi gücləndirməyimizə kömək edəcək Birləşmiş Krallıq Höküməti və Azərbaycan Respublikasının Höküməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iclasında iştirak etməyi səbirsizliklə gözləyirəm."
Nazir Stuart, həmçinin Britaniyanın təcrübəsini paylaşaraq British Council-ın təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətini müzakirə etmək məqsədilə Təhsil Naziri ilə də görüşəcək. Bundan əlavə, Nazir Stuart, dövlət və ticarətin müxtəlif sektorlarını təmsil edən Böyük Britaniya universitetlərinin məzunları ilə də görüş keçirəcək.
20-05-2021, 05:58 | Prezident İlham Əliyev ilə Vladimir Putinin telefon söhbəti olub

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon söhbəti olub.
AZƏRTAC bildirir ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.
İkitərəfli gündəliyin mühüm aspektlərinə dair fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev Rusiya vaksinlərinin göndərilməsinə görə səmimi minnətdarlığını ifadə edib. Bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv təmaslar buna yönəldiləcək.
19-05-2021, 07:14 | Sahibə Qafarova Manlio Di Stefano ilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Manlio Di Stefano Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyaya gerçəkləşən rəsmi səfərin uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycana son səfərini məmnunluqla xatırlayan Di Stefano ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə təşəkkür edərək, rəsmi səfərin İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellatinin dəvəti əsasında baş tutduğunu bildirib, Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, İtaliya Prezidenti Sercio Mattarella 2018-ci ildə Azərbaycana, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri əlaqələrin inkişafına böyük töhfə verib.
Mədəni əlaqələrin inkişafına toxunan Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun və UNESCO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələri vurğulayıb. Qeyd edilib ki, bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Daha sonra Milli Məclisin Sədri 44 günlük Vətən müharibəsi və artıq başa çatmış münaqişə barədə məlumat verib. Qeyd edilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb.
Ermənistanın münaqişə başa çatdıqdan sonra da tutduğu qeyri-konstruktiv mövqeyə toxunan Sədr bildirib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir və bu yolla ərazilərdə bərpa işlərini və məcburi köçkünlərin öz torpaqlarına dönüşünü ləngidir. Eyni zamanda Ermənistan həqiqəti əks etdirməyən məlumatlar yayaraq, münaqişə başa çatdıqdan sonra saxlanılan terrorçuları "hərbi əsir" kimi qələmə verməyə çalışır. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır, regionda bütün insanların sülh içində yaşamasını istəyir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.