15-12-2020, 18:15 | Kərbəla Ticarət Palatasının və İraq İş Adamları Birliyinin rəhbərləri Prezident İlham Əliyevi təbrik edib

Kərbəla Ticarət Palatasının və İraq İş Adamları Birliyinin rəhbərlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
AZƏRTAC bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Qarabağ bölgəsindəki döyüşlərdə əzmlə mübarizə apararaq qazandığınız Qələbə münasibətilə Azərbaycan Respublikasını və xalqını ürəkdən təbrik edirik. Biz öz qardaşlarımızı 30 illik işğaldan azad olunan torpaqlarda normal həyat şəraitinin geri qaytarılması və həmin ərazilərdəki məscidlərdə yenidən azan səsinin ucalması uğrunda Qarabağda apardıqları mübarizədən qalib çıxdıqları üçün təbrik edirik. Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyir, qəhrəmanlarınıza möhkəm cansağlığı, yaralananlara isə qısa müddət ərzində sağalmalarını arzu edirik. Azərbaycan döyüş meydanında və danışıqlar masasında çox mühüm nailiyyət əldə etdi.
Sizi əmin edirik ki, ölkəmiz bundan sonra da Azərbaycan Respublikasını dəstəkləməkdə davam edəcək.
Biz ölkələrimiz arasında ticarət üzrə işbirliyinin möhkəmləndirilməsini, biznes sahəsində mümkün imkanların dəyərləndirilərək əməkdaşlığın genişləndirilməsini, səmərəli ünsiyyətin dərinləşdirilməsini və inkişaf etdirilməsini səbirsizliklə gözləyirik".
15-12-2020, 05:04 | Hikmət Hacıyev: Prezident İlham Əliyev ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir

Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edir. NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib: "Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib.
Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır.
Dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan və Türkiyənin birliyinin növbəti nümunəsidir".
15-12-2020, 04:39 | Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı - Ərdoğan

Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında yaşananlar mərhum Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" ifadəsinin nə qədər doğru olduğunu bir daha təsdiq etdi. Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı.
Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində söyləyib.
Türkiyənin indiyə qədər olduğu kimi, bundan sonra da Can Azərbaycanın yanında olmaqda davam edəcəyini vurğulayan dövlət başçısı deyib ki, Bakı küçələrində Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıran qardaşlarımızın ruh yüksəkliyini birlikdə yaşadıq. Xüsusilə bölgə ölkələri bu zəfərdən məmnun olmalıdırlar. Prezident Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın daha da dərinləşəcəyinə inandığını bildirib. Trend
15-12-2020, 04:09 | Azərbaycanın beynəlxalq aləmin layiqli üzvünə çevrilməsində fədakar fəaliyyəti - TƏHLİL

Bu gün Azərbaycan beynəlxalq aləmin layiqli üzvü və dünya birliyinin etibarlı tərəfdaşıdır. Müstəqiliyinin ilk illərindən başlayaraq ərazisinin 20%-i işğal altında olan və bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan üçün bu statusu əldə etmək asan olmayıb, bu istiqamətdə uzun və məşəqqətli yol keçilib.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən etibarən dövlət, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin demək olar ki, sıfırdan qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılması bu hədəfə aparan ana sütunlar olmuşdur:
"Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 17 ildə bu məsələlər daha da genişləndirilmiş, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırmışdır. Elə bunun məntiqi izahıdır ki, daha əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qalib və qürurlu xalq kimi tanınır. Dünya mətbuatı və xalqları Azərbaycanı 21-ci əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq kimi tanıyır. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir.
Eyni zamanda, ölkəmizin bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu qəbildən olan məsələlərdir. Bütün bunlar ölkəmizin dünya dövlətləri arasında özünü etibarlı tərəfdaş kimi sübut etməsi, eyni zamanda, dünyada sabitlik məkanı kimi tanıtması nəticəsində mümkün olub. Bütövlükdə, ötən il tarixə əsaslı islahatlar ili kimi daxil oldu. Siyasi, iqtisadi, kadr, struktur və sosial sahələrdə aparılan islahatlar Azərbaycanın gücünü daha da artırdı. Regional və beynəlxalq layihələrin uğurlu icrası bu işlərə təkan verən əsas məsələlərdən oldu".
Politoloqun sözlərinə görə, bu gün dünya ölkələrinin bir çoxunda ictimai-siyasi həyatda hökm sürən gərginliyin, kütləvi etiraz aksiyalarının və münaqişələrin artdığının, hətta bəzi dairələrin dini amildən bir vasitə kimi istifadə edərək, sülhə və təhlükəsizliyə təhdid törətdiyinin şahidi oluruqsa, belə bir çətin şəraitdə Azərbaycanın, sözün həqiqi mənasında, əsl tolerantlıq nümunəsi olduğunu görürük:
"Məhz bu amilin əks-sədası ölkəmizin sərhədlərini aşaraq, dünyanın bir çox dövlətlərində də geniş rezonans doğurur. Ölkəmiz bu istiqamətdə bir çox mühüm beynəlxalq tədbirlərə də ev sahibliyi edib. Heç çəkinmədən deyə bilərik ki, bu gün Azərbaycan bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına öz mühüm töhfəsini verir və elə bu baxımdan da dünyaya nümunədir. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.
Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində respublikamız səylərini durmadan davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında hökm sürən harmoniya bu gün daha da möhkəmlənmişdir. Bunlarla yanaşı, bütün dünyanın COVID-19-dan əziyyət çəkdiyi bir zamanda koronavirus pandemiyasına qarşı aparılan mübarizədə də Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından dünyada nümunəvi dövlətlər sırasında yer alır. Əminliklə deyə bilirik ki, Azərbaycan dünya birliyinə inteqrasiya edərək beynəlxalq aləmin layiqli üzvünə çevrilməkdə fədakar fəaliyyətini davam etdirir".
11-12-2020, 05:48 | Mehriban Əliyeva: "Ulu Tanrı daim ölkələrimizi və xalqlarımızı qorusun" - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşım edilib.
Trend bildirir ki, paylaşımda deyilir:
"Təbrik edirəm! Ulu Tanrı daim ölkələrimizi və xalqlarımızı qorusun!".

11-12-2020, 05:43 | Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub

Dekabrın 10-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.AZƏRTAC
11-12-2020, 05:40 | Azərbaycan Prezidenti: Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünyada güc mərkəzinə çevrilib

Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur.
AZƏRTAC bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib: "Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların mənafelərini müdafiə edir. Ədaləti, beynəlxalq hüququ bərpa edir".
11-12-2020, 05:37 | Rəcəb Tayyib Ərdoğan: Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir

Bugünkü mərasimlər, bugünkü həyəcan təbii ki, fərqli bir vəziyyət ortaya qoydu. İndi inanıram ki, artıq Azərbaycan bu yeni vəziyyətdən sonra bölgədə çox ciddi infrastruktur formalaşdırmaq istiqamətində addımlar atacaq. Bu addımlarla yanaşı, bildiyimə görə, inşallah, yollar tikiləcək, dəmir yolları inşa ediləcək, bununla bağlı qərarı cənab Prezident verib və Naxçıvandan Zəngilana, Zəngilandan şimala bütün bu yollar tikildikdən sonra vəziyyət dəyişəcək.
AZƏRTAC bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında bölgədə infrastrukturu formalaşdırmaq istiqamətində atılacaq addımlardan danışarkən söyləyib.
Rəcəb Tayyib Ərdoğan sözünə davam edərək deyib: "Arzu edirik ki, inşallah, bu yolları başa çatdırdıqdan sonra yay mövsümündə yeni yollarla birlikdə Şuşaya gedək, inşallah, Şuşada birlikdə olaq. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik. Şəhidlərimizin ruhlarını da şad edək. Bu qədər şəhidlərimiz var, qazilərimiz yaralıdır. Onlara Allahdan şəfalar diləyirik. Şəhidlərimiz bir amala inanaraq şəhid oldular. Bütün şəhidlərimizin ruhunu şad etmək lazımdır. Onların ruhlarının məkanlarından bu sədanı duymalıyıq. Duya biləcəyikmi? İnşallah, duyacağıq. Çünki onlar ölməyiblər, onlar yaşayırlar. Bu gün qazilərimizi gördükdə xüsusilə məmnun olduq. Onlar boş yerə qazi olmadılar. Bu qaziliyin altında yatan bir amal var. O nədir? Bu qazilik Qarabağı əsl sahiblərinə qaytarmaq üçün idi və bu qazilər bunu şəhidlərlə birlikdə bacardılar".
11-12-2020, 05:35 | Rəcəb Tayyib Ərdoğan: Rusiya Prezidenti Putinin müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi

Təbii bu gün Qardaşımla Qarabağ münaqişəsinin həllinin nə üçün bu günə qədər uzadıldığını ətraflı müzakirə etdik. Nə üçün otuz il Qarabağda bu zülm çəkdirildi. Minsk qrupu deyilən bu üçlüyün işi nə idi? Onlar dünyanın ən güclü ölkələri idi - Amerika, Rusiya, Fransa. Nə üçün vaxt bu qədər uzadıldı, niyə nəticə hasil olmadı? Məgər bunu həll edə bilməzdilərmi? Edə bilərdilər. Onda niyə vaxtı uzatdılar?
AZƏRTA bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında səsləndirib.
Rəcəb Tayyib Ərdoğan sözünə davam edərək deyib: "Qardaşlarımız artıq bunu özümüz həll edəcəyik dedilər, addımı atdılar. Addımı atdıqdan sonra iş getməyə başladı. İş getməyə başladıqdan sonra biz cənab Putin ilə müzakirələr apardıq. Eyni qayda ilə bu işin diplomatik tərəfini xarici işlər naziri Mövlud bəy apardı. Xüsusilə bu məsələdə kəşfiyyat, müdafiə fəaliyyətləri aparıldı. Bütün bu fəaliyyətlərdən sonra vəziyyət xeyli fərqli şəkildə inkişaf etməyə başladı".
Türkiyə Prezidenti qeyd edib ki, xüsusilə Putinin müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi və iş bu səviyyəyə qədər gəlib çıxdı.
11-12-2020, 05:33 | Türkiyə Prezidenti: Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur

Burada Qardaşım İlham Əliyev bir az əvvəl ifadə etdiyi platforma məsələsinə toxundu, - sözün düzü, mən də buna böyük önəm verirəm, - lazım gələrsə altılı bir platforma da yarada bilərik dedi. Bunu cənab Putin də qəbul etdi. O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün formalaşdırılması nəzərdə tutulur.
AZƏRTAC bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında altılı platformadan danışarkən deyib.
"Təbii ki, bu regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu gün də Qardaşıma dedim, əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir", - deyə Türkiyə Prezidenti bildirib.
Türkiyədə yüz mindən çox erməninin yaşadığını qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib: "Bunların arasında vətəndaşlıq hüququnu əldə edəni də var, əldə etməyəni də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünki bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmalıyıq".