28-12-2020, 15:27 | Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulmuş hissəsində görülən işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib.
Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaq.
Prezident İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak etdi.
Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.


















25-12-2020, 12:10 | XALQIN MƏHƏBBƏTİ SONSUZDUR

Bu gün ölkəmizdə keçirilən islahatların bir mühüm cəhəti də kompleks xarakter daşımasındadır. Noyabr ayının 8-i Azərbaycan xalqı üçün yeni Qələbə bayramı günü oldu. Bu, Azərbaycanın dövlətçilik tarixində yaşadığı yurd sevgisini və müzəffər Azərbaycan Ordusunun bütün dünyaya nümayiş etdirdiyi gücünü bir daha sübut etdi.
30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları ilə 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad olunması ilə bitdi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi. Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi rəsmi Moskvanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi.
Bu bəyanat qan tökülməsinin qarşısının alınması, insanların yaşamaq hüququnun təmin olunması, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunması üçün çətinliklə əldə olunan davamlı qələbədir. Biz, eyni zamanda dünyaya meydan oxuyan COVİD-19-un imtahanından birinci mərhlələsindən həm dövlət kimi, həm də bir millət kimi çox yaxşı çıxdıq. Onu da xatırlayıram ki, ikinci Qarabağ savaşı ərəfəsində Azərbaycanda koronavirusa yoluxanların sayı cəmi 30-40 nəfər arasında idi. Bilirsiniz ki, soyuqların düşməsi, müharibə faktoru, o cümlədən şəhid dəfnləri, habelə qələbə sevincləri zamanı insanlarımızın kütləvi şəkildə bir yerə toplanmaları və digər səbəblərə görə sonralar yoluxmaların sayı arzuolunmaz səviyyəyə çatdı. Nəzərə alaq ki, bu mənfi tendensiya payızdan başlayaraq bütün dünyada müşahidə olunur. Əminəm ki, ölkəmiz pandemiyanın növbəti mərhələsini də uğurla keçəcək.
Bəzən kütləvi informasiya vasitələrində “ölkəmizdə son bir neçə ildə aparılan islahatlar” ifadəsi ilə rastlaşırıq. Əslində, həmin ifadədə incə bir məntiq var. Çünki, həqiqətən, son bir neçə ildə islahatlar daha da sürətlənib və hərtərəfli xarakter alıb. Ulu öndər Heydər Əliyevin hələ ötən əsrin son illərində və bu əsrin ilk üç ilində reallaşdırdığı hərtərəfli islahatlara 2003-cü ilin payızından sonra cənab İlham Əliyev xüsusi bir temp verdi.
Məhz həmin islahatların nəticəsidir ki, cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısında qoymuşdu. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu sahədə ilk genişmiqyaslı bir sənəd olub. Qeyd edək ki, ilk proqramın icrası nəticəsində ölkə regionlarının siması, sözün əsl mənasında, dəyişib, insanların həyat səviyyəsi dəfələrlə artıb. Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfəyə yaxın aşağı düşüb və bu gün, təqribən, 5 faiz təşkil edir. İşsizliyin səviyyəsi də sürətlə aşağı düşür. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri də ürəkaçandır. 15 min kilometrə yaxın yol çəkilib. Ölkə, sözün əsl mənasında, nəqliyyat qovşağına çevrildi. Nəqliyyat sahəsində görülən işlər - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolunda aparılan yenidənqurma və təmir işləri, Bakı-Tbilisi-Qars dəmir yolu ölkənin tranzit imkanlarını genişləndirdi. Təkcə bu ilin doqquz ayının yekunları üzrə göstəricilərdə qeyd edilir ki, qeyri-neft tranzit daşımalarının həcmi 43 faiz artıb. Sahibkarlıq ciddi inkişaf yolu keçdi. Bu gün Azərbaycanda möhkəm sahibkarlıq sinfi formalaşıb. Bütün bunlar, məhz aparılan hərtərəfli islahatların nəticəsidir.
Fakt odur ki, ölkəmiz öz kompleks keçid prosesinin inkişafında yeni mərhələyə qədəm qoydu. Bu mərhələ elitanın transformasiyası ilə bərabər, idarəetmə forma və üsullarının yeni postmodern tətbiqi imkanları ilə də seçilir. Dövlətçiliyin qurulması, suverenliyin ilbəil möhkəmləndirilməsi, dövlətlərarası mədəniyyətlərin dialoqu yolunda prinsipial çağırışlar Qoşulmama Hərəkatına 2022-ci ilədək olan müddətdə Azərbaycanın sədrlik etməsinin təminatını yaradır. Aparılan sosial-iqtisadi, mədəni siyasətin ardıcıllığına nəzər yetirdikdə proseslərin həm də ölkə başçısının seçki platformasında irəli sürdüyü müddəalarla üst-üstə düşdüyünü aydın görürük. Demokratiya şəraitində legitimliyin ən mühüm prinsiplərindən biri məhz islahatlar yolu ilə transformasiya və seçki platforması vədlərinin icrasıdır. Ölkəmizdə islahatların prinsipləri xalqın istəyi və dünya çağırışlarına adekvat aparılaraq Azərbaycanı dünyanın ən nüfuzlu ölkələri sırasına qaldırmış və hər bir azərbaycanlının maraqlarını müasir təlatümlü aləmdə təmin etməyə yönəlmişdir. Ölkə başçısının Valday görüşündə strateji əhəmiyyətli çıxışı, Ermənistan rəhbəri ilə görüşlərində prinsipiallıq və böyük erudisiya; elitanın yeni transformasiyasında ardıcıl, məntiqi xətt; ölkənin ideoloji kursunun multikultural konsepsiyası; regionların inkişafına sistemli diqqət Azərbaycanın müstəqilliyinin nə qədər etibarlı əsaslara söykəndiyinin göstəricisidir.
Həmin prinsiplər yeni dövrün çağırışları zəminində Azərbaycanın inkişaf yolunun əbədi və dönməzliyini səciyyələndirərək vətəndaşlarımızın milli qürurunu və iftixar hisslərini artırır. Ölkə başçısının söylədiyi kimi: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”.
Müstəqilliyin ali dəyər olması ideyası yüksək siyasi mədəniyyət düşüncəsi olmaqla bu gün elitanın transformasiyasında mühüm prinsipə çevrildi. Bu ideya həm də özündə müasir idarəetmə fəlsəfəsini birləşdirməklə yeni zamana yol açır. Böyük dövlətlərin öz idarəetmə fəlsəfələri mövcuddur. Onlar öz idarəçilik fəlsəfələrini əsrlərlə formalaşdırıb və tətbiq edib. Müasir gənc dövlətlərin fəlsəfəsinin formalaşmasının isə obyektiv çətinlikləri daha çox ola bilir. Bu çətinliklər, ilk növbədə, dövlətin müasir dünyanın qlobal meyillərində sürətli, bəzən birtərəfli inteqrasiya xətti və suverenliyə təhdidləridir.
Azərbaycan ənənələrə söykənən modernləşdirmə istiqaməti ilə bu yolu uğurla keçməkdədir. Belə təhdidlərin qarşısının alınmasında ən əhəmiyyətli vasitə məhz çevik praqmatik siyasi kursun olmasıdır. İdeya-siyasi əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhkəmləndirilən, cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla irəli gedən müstəqil Azərbaycan dövlətinin dünyada tətbiq ediləsi “idarəetmə brendləri” mövcuddur. Bu idarəetmə brendlərinin məğzini ənənəvi demokratiyadan müasir demokratiyaya, ənənəvi multikulturalizmdən yeni multikulturalizmə keçid prosesi təşkil edir.
Azərbaycan özünün sosial-iqtisadi zəmində keçid prosesini başa vurmuşdur, ideoloji zəmində isə keçid prosesi uğurla davam etməkdədir. Dünyanın əksər ölkələrinin iştirakı ilə keçirilən mərhələli mədəniyyətlərarası dialoq-forumlar da bu zərurətdən yaranmışdır. Deməli, ideya-nəzəri boşluğun doldurulması üçün dünyanın gənc və ya yaşlı dövləti olmasının rolu deyil, prinsip və ideyaların bəşəri olması, kütlələrə yiyələnməsi əsasdır. Böyük siyasətçilərdən biri demişdir: “İdeyalar kütlələrə yiyələndikdə maddi qüvvəyə çevrilir”. Müasir dünyada insanların mənəvi qüvvəyə çevrilməsi istəkləri artır. Bu, ayrı-ayrı dövlətləri də düşündürür.
Bu kontekstdə Azərbaycanın yeni multikultural çağırışları öz mahiyyətində liberal və demokratiya ideyalarının vəhdətini yaradır, dünyanı vədləri yerinə yetirmək islahatlarına səsləyir. Ölkəmizdə keçirilən islahatların bir mühüm cəhəti də kompleks xarakter daşımasındadır. Belə ki, ölkənin ictimai, iqtisadi, sosial həyatını əhatə edən dəyişikliklər həm də BMT-nin 2016-2030-cu illəri əhatə edən möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyaların inkişafına dəstək vermək maddə və prinsiplərinin prioritetlərinə birbaşa cavab verir.
Dövlət idarəetmə maşınını XXI əsrin çağırışlarına müvafiq təkmilləşdirmək - elektron hökumətin idarəetmə funksiyalarını işə salmaqla yanaşı, həm də ehtimal edilə biləcək hər hansı bürokratik maneələrin tamamilə aradan qaldırılmasına istiqamətlənmişdir. Müasir dünyada son illərdə dəfələrlə siyasi hakimiyyət dəyişiklikləri ilə üzləşmiş hansısa ölkəsində dövlət idarəetmə maşınının modernləşməsi və bütövlükdə, modernləşdirmə proseslərinin sosial-siyasi dinamikası Azərbaycanda olduğu qədər əhəmiyyətli vüsət almamışdır. Həmçinin, elitanın transformasiyası proseslərində bilik və təcrübənin nəzərə alınması, dövlət idarəetmə aparatının daha sistemli fəaliyyətini əlaqələndirmək üçün idarəetmə təsisatlarının modernləşdirilməsi ölkədə keçirilən islahatların fəlsəfəsini təşkil edir.
Azərbaycan dövlətinin mövcud strateji islahatlar xətti bütünlükdə suveren dövlətin təminatı məqsədlərinə söykənir ki, bu da idarəetmə şəffaflığı və səmərəliliyi ilə bərabər, elita-xalq münasibətlərində yeni mərhələnin əsaslarını təmin edir. Bu, kompleks keçid prosesləri ilə xarakterizə edilərək strateji yol xəritələrinin yerinə yetirilməsi ardıcıllığını da tamamlayır. Qeyd olunan fikirlərdən yaranan nəticə ondan ibarətdir ki, Prezident İlham Əliyev 2003-cü ildə xalqa verdiyi vədlərin hamısını məhz ölkə ictimaiyyətinin arzu etdiyi, görmək istədiyi səviyyədə reallaşdırmışdır. Elə ona görə də xalqın öz liderinə olan inamı gündən-günə artır. Sonda cənab Prezidentin 2003-cü il oktyabrın 31-də andiçmə mərasimi zamanı xalqa vəd verərkən söylədiyi nitqdən bir hissəni xatırlatmaq istərdim: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm...”.
25-12-2020, 10:56 | Prezident İlham Əliyev Şamaxının Saqiyan kəndinin Günəşli adlandırılması haqqında qanunu təsdiqləyib

Prezident İlham Əliyev Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.
AZƏRTAC bildirir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir.
Prezidentin imzaladığı digər fərmanla "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.3.25.7-ci yarımbəndində "Saqiyan" sözü "Günəşli" sözü ilə əvəz edilib.
25-12-2020, 10:36 | Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadəsi qaydasında dəyişiklik edilib - FƏRMAN

Prezident İlham Əliyev "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 239) ilə təsdiq edilmiş "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci bəndə "hesabı" sözündən sonra, "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları" sözləri əlavə edilsin;
1.2. 2.4-cü bənddə "2020" rəqəmləri "2021" rəqəmləri ilə əvəz edilsin;
1.3. 2.5-ci bənddə "hesabında" sözü "və bank hesablarında" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin
AZƏRTAC
25-12-2020, 10:22 | Milli Məclisdə dövlət büdcəsinin müzakirələri başladı

Milli Məclisin plenar iclası öz işinə başlayıb.
Milli Məclisdən bildirilib ki, gündəlik aşağıdakı kimidir:
1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
2. "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
3. "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
4. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
5. "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
6. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
7. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
8. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
9. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
10. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.
11. Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.
12. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
13. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
24-12-2020, 13:47 | Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq yüksək nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə sanballı uğurlar əldə edib.
Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfəniz çox böyükdür. Ümidvaram ki, biz birgə səylərimizlə bütün istiqamətlərdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrini bundan sonra da inkişaf etdirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
24-12-2020, 13:34 | "Ermənilər Papadan daha müqəddəs olmağa çalışır"

Müxalifət lideri Marukyanın "Syunikdə (Zəngəzur) Rusiyanın 2-ci hərbi bazası yaradılsın" fikrinə Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenkonun münasibəti sərt olub.
İ.Korotçenkonun fikrincə, Rusiyanın Ermənistandakı hərbi varlığının formatı kifayət qədərdir. Gümrüdəki 102-ci hərbi baza, hər cəhətdən, Rusiyanın KTMT çərçivəsində müttəfiqlik öhdəlikləri də daxil olmaqla, ona həvalə edilmiş vəzifələri yerinə yetirir. Əgər Rusiyaya, həqiqətən, bir saniyə belə ehtiyac varsa, Ermənistandakı hərbi baza buna kifayət edir. Həm də ki belə bir zərurət olsaydı, bu mövzu artıq müvafiq kanallar üzərindən işlənmiş olardı.
"Marukyanın yeni baza açıqlaması böyük ehtimalla Ermənistanda hakimiyyət uğrunda mübarizənin, sadəcə, bir elementidir. Müxalifət Baş nazir Nikol Paşinyanı devirməyə çalışır, Paşinyan isə hakimiyyəti əlində tutmağa çalışır. Bu döyüşdə iştirak edən hər hansı bir erməni siyasətçi, Rusiyaya qarşı açıqlamalar da daxil olmaqla Papadan daha müqəddəs olmağa çalışır. Bu vəziyyətdə inanıram ki, bu populizmdir və özünü alovlu bir rusiyapərəst siyasətçi kimi təqdim edərək Ermənistanın içərisindəki rusiyapərəst seçicilərin rəğbətini qazanmaq cəhdidir və beləliklə, Marukyan özünə əlavə siyasi xal qazanmağa çalışır", - Korotçenko deyib.(milli.az)
24-12-2020, 13:02 | Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.AZƏRTAC
24-12-2020, 12:48 | Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, əməkdaşlığımızın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub. AZƏRTAC
24-12-2020, 11:57 | "Qarabağın bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb" - Spiker

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
S.Qafarova İkinci Qarabağ savaşının şəhidləri və qazilərinin ailələrinin məişət qayğıları barədə də danışıb: "Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq".

















