2-12-2020, 17:03 | "Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur"

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı həm də mühüm tarixi proseslərin əsasını qoyur.
Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsinin tarixi əhəmiyyətini yalnız müasir dövrün pəncərəsindən deyil, həm də gələcəyə yönəlmiş praqmatik baxış bucağından qiymətləndirmək vacibdir:
"Azərbaycan təbii ki, müharibədə qalib gəlmiş ölkə kimi, regionda hərbi, siyasi təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Mənim fikrimcə, bu qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az əhəmiyyət kəsb etmir. Bu, region ölkələri ilə, eləcə də bölgədə fəal iqtisadi-siyasi rıçaqlara malik dövlətlərlə münasibətlərə təsir göstərəcək. Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirəcək".
R.Məmmədov qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabr ayının 10-da imzaladığı birgə bəyanatda əksini tapmış müddəalar mahiyyət etibarilə həm də regionun yeni geosiayasi mənzərəsini müəyyənləşdirən tarixi əhəmiyyətli sənəddir:
"Kommunikasiyaların açıqlaması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı bəndlər regionun yeni nəqliyyat xəritəsinin konturlarını müəyyənləşdirir. Bu, əslində yalnız Azərbaycan üçün deyil, reallıqlara daha praqmatik yanaşan bütün maraqlı tərəflər üçün faydalı olacaq".
Milli Məclisin deputatı bildirib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.
Bu rayonların zəngin təbii sərvətləri, yardılacaq yeni inqtisadi infrastruktur, yeni kommunikasiya xəttləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin rifahına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən bu yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın investisiya baxımından cəlbediciliyini artıracaq: "İnvestisiya üçün vacib şərtlərdən biri təhlükəsizlik və sabitlikdir. Cənab Prezident də xalqa müraciətində vurğuladı ki, Azərbaycan bölgədə yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaradıb. Fikrimcə, bu format təhlükəsizliyin davamlı və möhkəm olmasına etibarlı zəmin formalaşdıracaq".
2-12-2020, 17:01 | Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

Hazırda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır.
Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, tezliklə həmin mərkəzdə nəzarət prosesi başlayacaq:
"Çox qısa bir müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək. Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcək".Trend
2-12-2020, 16:55 | Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.
Nazirlikdən milli.az-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-12-2020, 16:50 | Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir - Mövlud Çavuşoğlu

Türkiyə hər zaman bölgədə sülh və sabitliyi dəstəkləyib. Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir vurğulayıb ki, Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəkləyir.
Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan 10 noyabr bəyanatını dəstəklədiyini diqqətə çatdıran M.Çavuşoğlu bildirib ki, bu bəyanat bölgədə sülh üçün atılan ən böyük addımdır. Nazir əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmaqla yanaşı regional əməkdaşlığı da dəstəkləyib.
2-12-2020, 16:47 | Azərbaycan üçün yeni dövr başlayır

Bu müharibə tək işğalda olan torpaqlarımızı yox, eyni zamanda xalq olaraq bizi bizə qaytardı. Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam və xalq-iqtidar birliyi 44 günlük Vətən Müharibəsinin 30 illik həsrətə son qoyması ilə nəticələndi. Bu tarixi qələbənin əsas memarı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsgəridir. II Qarabağ savaşı itirdiyimiz torpaqlarla birlikdə, özgüvənimizi, qürurumuzu, millət olaraq birliyimizi bizə qaytardı. Artıq 30 ilə yaxın idi hər il qara təqvim kimi "qeyd etdiyimiz" tarixləri şərəfli qələbə günləri əvəz edəcək.
Haqq və Şərəf işimiz olan, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədəki Qələbəmiz qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin canı-qanı bahasına, bütövlükdə xalqımızın əzmi, iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi hesabına əldə edildi. Bu Qələbə bizə əsgərlərimizin canı-qanı bahasına başa gəldi. 44 günlük Vətən Müharibəsinin gedişatında azad edilmiş ərazilərdə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya alınmış hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusu 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü militarizasiya edilmiş bölgəyə çevirən, güclü artilleriya sisteminə malik, silahlı birləşmələrinin tərkibində Rusiyadan, Fransadan və digər aparıcı Avropa ölkələrindən erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlulara qarşı vuruşaraq Ermənistan üzərində inamlı Qələbə qazandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin dünən xalqa müraciətində dediyi kimi, Ermənistanın 30 ilə yığdığı hərbi texnika 44 günə məhv edildi.
Noyabr ayının 10-da Azərbaycan, Rusiya prezidentləri və erməni baş nazirin imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı kimi yadda qaldı. Bu sənədə əsasən ötən gün Azərbaycanın ən böyük rayonlarından biri hesab edilən Laçının (Ağdam - 20 noyabr, Kəlbəcər- 25 noyabr) bir güllə belə atılmadan Azərbaycana təhvil verilməsi baş tutdu və ərazi bütövlüyümüz bərpa edildi. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini faktiki olaraq özü icra etmiş sayıldı.
Azərbaycan bu tarixi Qələbə sayəsində düşmənə istəklərini diqtə etdirməyi bacardı. Belə ki, bəyanatda yer alan Zəngəzur dəhlizi tarixi nailiyyətimiz kimi hələ neçə əsrlər tarixdə öz layiqli yerini saxlayacaq. Prezident İlham Əliyev də bu dəhlizin Azərbaycan, region üçün əhəmiyyətini xüsusilə qeyd edib: "Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz".
Azərbaycan hərbi meydanda qazandığı qələbənin davamını siyasi müstəvidə də uğurla davam etdirir. Və Naxçıvana quru yol ilə Azərbaycanın birbaşa əlaqəsi bölgədə uzunmüddətli sülh üçün geniş imkanlar açır. Bunun üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Azərbaycan Prezidenti bu bəndin əlavə edilməsində göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, Azərbaycan əməkdaşlığa hazırdır. Bizim üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır.
Təhməz Əsədov
Milli.Az
2-12-2020, 16:45 | Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalyıb.
, Sərəncamda deyilir:
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, "yeni ərazilər uğrunda yeni müharibə" çağırışı, mülki şəxslərdən ibarət "könüllü dəstələri" yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
AZƏRTAC-
2-12-2020, 16:43 | Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:
1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".AZƏRTAC
1-12-2020, 17:03 | Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında" Fərman imzalayıb.
Fərmana əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə" "Zəfər" və "Qarabağ" ordenləri təsis olunub.
Eyni zamanda "Vətən Müharibəsi Qəhrəmanı", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları təsis olunub.AZƏRTAC
1-12-2020, 16:46 | “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında Qanunu imzalayıb.
Qanunla Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edilir.
Həmçinin, "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında Əsasnamə" təsdiq edilir (əlavə olunur).AZƏRTAC
1-12-2020, 15:02 | Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər:
1.1. üç və ya daha çox uşağı olan;
1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
1.4. ailənin tək övladı olan;
1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
AZƏRTAC-