1-12-2020, 15:00 | Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov

Bayrağımız bu gün Laçınımızda dalğalanır! Geri dönüşün mübarək, Laçın!
Bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov rəsmi "Twitter" hesabında etdiyi paylaşımda deyib. Trend-
1-12-2020, 14:58 | Azərbaycan Prezidenti: Fransa Senatı qətnamə qəbul edir, xoşları gəlirsə, Marsel şəhərini ermənilərə versinlər

Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq "Dağlıq Qarabağ münaqişəsi" termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar". AZƏRTAC
1-12-2020, 14:55 | Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsi icra müddəti 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci il nəzərdə tutulurdu.
Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsinin icra müddəti isə 2021-2024-cü illər müəyyənləşdirilib. Bundan əvvəl bu müddətin 2020-2023-cü illəri əhatə etməsi nəzərdə tutulurdu.AZƏRTAC
1-12-2020, 14:40 | Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı İnstaqram səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!"Trend

30-11-2020, 16:29 | Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc və qürur hissləri ifadə olunan məktublarda dövlətimizin başçısına minnətdarlıq bildirilir, Zəfər təbrikləri çatdırılır.
Həmin məktubların təqdim edir.
Ramil Teymurovdan, Bonn, Almaniya
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Biz, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar ölkəmizdə baş verən son siyasi və hərbi prosesləri, Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı qanı və canı bahasına necə işğaldan azad etməsini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsində Ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi mənfur erməni işğalçılarından azad etdi, müstəqil Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunur. Bu mübarizədə biz, hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməli, bununla fəxr etməlidir.
Düşmənin hərbi əməliyyatlardan kənarda yerləşən Gəncə şəhərinə və onun dinc əhalisinə edilən raket zərbələrini şiddətlə qınayırıq. Heç bir insani çərçivəyə sığmayan bu hərəkətlər düşmənin zəifliyinin əlamətidir. Gəncə əhalisinə və xalqımıza səbir diləyirik.
Möhtərəm Prezident, Sizin siyasi və hərbi iradəniz, xalqımızın birliyi və Ordumuzun əzmkarlığı sayəsində müstəqil Azərbaycanımızın üçrəngli bayrağı tezliklə Qarabağımızın mərkəzi Xankəndi şəhərində dalğalanacaq, regionda sülh və əmin-amanlıq bərpa olunacaq və Azərbaycan xalqı Sizin adınızı tarixə qızıl hərflərlə yazacaqdır. Siz xalqımızın fəxrisiniz.
Tanrı Sizi və xalqımızı qorusun!
Allah ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!
Şarani Utsiyevdən, Kassel, Almaniya
Hörmətli cənab Prezident!
Sizin və Ordunuzun möhtəşəm qələbəsi münasibətilə təbriklərimi çatdırır, həmçinin minnətdarlığımı bildirirəm. Bu, ümumi qələbəmizdir.
Əlil olmasaydım azərbaycanlı qardaşlarımızla birlikdə döyüşüb şəhid olmaqdan şərəf duyardım.
Qələbənizlə məni xoşbəxt bir insan etdiniz. Allah Sizi xeyirlə mükafatlandırsın! Əmin olun ki, çeçen xalqı həmişə Sizin yanınızda olacaq.
Sahilə Fərmanovadan, Beyləqan, Azərbaycan
Müzəffər Ali Baş Komandan! Azərbaycanımızın şərəfli tarixində misli görünməmiş uğurlu addımlarınıza görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətinizlə, fenomen şəxsiyyətlərə xas idarəetmə bacarığınızla nəinki Azərbaycan tarixinə, dünya tarixinə silinməz İlham Heydər oğlu Əliyev imzası atdınız. Müqəddəs torpaqlarımızın xilaskarı oldunuz. Xalqın ürəyində qurulan sevgi taxtını zirvələrə ucaltdınız. Qürurumuz, fəxrimiz, inam yerimiz oldunuz. Çıxışlarınızla vüqarlı, cəsur xalq olduğumuzu hər dəfə isbat etdiniz. Tanrı Sizi, cəsur, yenilməz Ordumuzu qorusun. Tanrı Sizi, ailənizi bəd nəzərdən, xətadan, bəladan hifz etsin. Var ol, yaşa Prezidentim! Nə qədər ki, Siz varsınız, biz də varıq. Bütöv Azərbaycan var. Dünyaya isbatladığınız haqqınız mübarək! Qarabağ Azərbaycandır!
Həbib Əhmədlidən, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Mən 258 nömrəli məktəbin 3b sinif şagirdiyəm. Sizi şanlı Qələbəmiz münasibətilə təbrik edirəm. Sizinlə və müzəffər Ordumuzla fəxr edirəm. Böyüyəndə mən də hərbiçi olmaq, Vətənimin keşiyində dayanmaq istəyirəm.
Cənab Prezident, istərdim ki, Şuşanın ən yüksək bir yerində torpaqlarımızı işğaldan azad etmiş qəhrəmanlarımıza abidə ucaldılsın. Mən Sizi çox sevirəm və çox xoşbəxtəm ki, bizim ölkəmizə Sizin kimi müdrik şəxsiyyət rəhbərlik edir.
Qarabağ Azərbaycandır!
Eliza İsayevadan, Ağdam, Azərbaycan
Cənab Prezident ! Mən bu məktubu Sizə sevinc göz yaşları ilə yazıram. Üzümü Allaha tutub deyirəm: "Nə yaxşı ki, mənim xalqıma Sizin kimi sadə, alicənab, Vətəninə bağlı, xalqını sevən belə bir rəhbər bəxş edib. Tanrı Sizi qorusun cənab Ali Baş Komandan! Siz və Sizin başçılıq etdiyiniz Milli Ordumuzun sayəsində xalqımızın 27 illik torpaq həsrətinə son qoyuldu. Mənə də uşaqlıq və gənclik illərimin xatirəsi olan doğma Ağdam torpağına qovuşmaq nəsib oldu. Cənab Prezident, Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanımın işğaldan azad olunmuş torpaqlarımıza gəlişiniz xalqımızı çox sevindirir. Siz Ağdamda Cümə məscidinə Məkkədən gətirdiyiniz Qurani-Kərimi bağışladınız və çıxışınızda qeyd etdiniz ki, Məkkədə ziyarətdə olarkən işğal altında olan torpaqların azad edilməsi üçün dua etmisiniz. Şükürlər olsun ki, bu arzunuz həyata keçdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Sizin kimi ölkə başçısı var. Azərbaycan xalqı Sizə inanır. İnanırıq ki, xarabalığa çevrilmiş torpaqlarımız gülüstana çevriləcək. Bütün bunları həyata keçirmək üçün Tanrıdan Sizə və Sizin ətrafınızda sıx birləşən xalqımıza güc-qüvvət diləyirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Sevil Mansurovadan, Bakı, Azərbaycan
Əziz Prezidentim!
Mənim 9 yaşım var, 183 saylı məktəbin 4-cü sinif şagirdiyəm. Siz Qarabağ müharibəsini dayandırdınız. Sizə eşq olsun! Sizinlə fəxr edirəm! Siz dünyada ən güclü, ən ağıllı siyasətçi, dəmir iradəsi olan gözəl Prezidentsiniz! Noyabrın 10-u ikiqat sevindim, qürurlandım. Çünki həmin günü mənim də ad günümdür. Sizə çox minnətdaram, Sizi çox sevirəm. Çox istərdim ki, Sizinlə görüşüm.
Zərnişan Abbasovadan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezidentimiz və Ali Baş Komandanımız!
Torpaqlarımızın işğaldan azad olunması münasibətilə Sizi, ailənizi, Ordumuzu və xalqımızı təbrik edirəm. Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin göstərdiyiniz şücaət, düzgün siyasətiniz sayəsində Ordumuz Qələbə qazandı və 30 illik həsrətə son qoyuldu. Allah Sizə möhkəm cansağlığı versin. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Mayis Abdullayevdən, Mingəçevir, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi, bütün ailə üzvlərinizi və Azərbaycan xalqını torpaqlarımızın azad olunması və böyük Qələbə münasibətilə təbrik edirəm.
Cənab Prezident, bu Qələbəyə görə biz Sizə, şanlı Ordumuzun bütün zabit və əsgərlərinə borcluyuq. Allah vətən uğrunda canından keçmiş bütün qəhrəman şəhidlərimizə rəhmət eləsin! Mən şəhidlərimizin müqəddəs ruhları, onların valideynləri qarşısında baş əyirəm.
Cənab Prezident, 30 ildir bizlər özümüzü çox günahkar hesab edirdik, sınmışdıq, başıaşağı gəzirdik. Üzdə deyib-gülsək də qəlbən ağlayırdıq, əzab çəkirdik. Xalqımızda bir ruh düşkünlüyü var idi. Çox sağ olun ki, Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz.
Cənab Prezident, Siz erməni vandallarına sübut etdiniz ki, millətimiz qorxmaz, döyüşkən, mübariz və lazım gələrsə, istənilən düşmənin başını yumruqla əzməyə qadir olan millətdir.
68 yaşıma və 2-ci qrup əlil olmağıma baxmayaraq, mən də səfərbərliyə alınmaq üçün müraciət etmişdim.
Uca Allah Sizə uzun ömür, cansağlığı versin. Allah Sizi bu millətə çox görməsin.
Arzu edirəm ki, Siz ömürlük Prezident seçiləsiniz.
Zəka Binyətovdan, Ucar, Azərbaycan
Müzəffər Ali Baş Komandan, əvəzolunmaz Sərkərdə.
Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. İllərdir gözü yolda qalan torpaqlarımız Sizin və müzəffər Ordumuz sayəsində işğaldan azad olundu. Halal olsun Sizə, Ali Baş Komandanımız!
Siz bütün xalqın iftixarısınız. Azərbaycan Fatehi, Allah Sizə uzun ömür, cansağlığı versin. Yaşasın ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz İlham Əliyev! Ulu Öndərimiz Azərbaycan xalqını xilas etdi. Siz də ərazi bütövlüyümüzü bərpa etdiniz.
Var olun, cənab Prezident!
Eşq olsun Ali Baş Komandanımıza!
Amil İsmayılovdan, Ağdam, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin Komandanlığınızla müzəffər Ordumuzun şücaəti sayəsində 30 il düşmən əsarətində qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi.
Siz bizim üçün başımızı uca, çiyinlərimizi dik tutmağa zəmin yaratdınız.
Təkrarolunmaz siyasi və hərbi taktikanızla mənfur düşmənə və onun havadarlarına iki kəlmə ilə dediniz: Şah! Mat!
Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır!
Uca Yaradan Sizi, Ordumuzu, dövlətimizi, xalqımızı qorusun!
Samirə Qasımovadan, Qusar, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bir Azərbaycan vətəndaşı kimi Sizə bu məktubu yazmağı özümə borc bilirəm. Siz illərdir hər bir azərbaycanlının köksündə yara bağlamış Vətən həsrətinə, Qarabağ ayrılığına son qoydunuz. Düşmən tapdağı olan Vətən torpağı əsası ulu öndər Heydər Əliyev tərəfındən qoyulan və Sizin layiqincə davam etdirdiyiniz uğurlu siyasət, güclü və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində azad olundu. Biz bütün Azərbaycan xalqı olaraq böyük bir tarixə şahidlik edirik. Sizin zəngin dünyagörüşünüz, uzaqgörən siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında əsas rol oynadı.
Cənab Prezident, Sizin rəhbərliyinizlə yaradılan güclü Ordumuz düşmənin 30 ildə qurduğu barrikadaları, mövqeləri 44 günün içində yerlə-yeksan etdi. Bu qürurlu tarixə şahid olduğumuz üçün Sizə sonsuz minnətdarıq.
Var olsun müdrik Prezidentimiz!
Var olsun Azərbaycan xalqı!
Var olsun Azərbaycan Ordusu!
İlqar Quliyevdən, Cəbrayıl, Azərbaycan
Cənab Prezident.
Keçmiş məcburi köçkün olaraq Vətən müharibəsində apardığınız hərbi və diplomatik uğurlarınıza görə Sizi təbrik edirəm və Qələbə münasibətilə sonsuz təşəkkür edirəm.
Müzəffər Ali Baş Komandan, Sizin hər bir çıxışınız 10 milyonluq xalqın ürəyindən xəbər verir. Həmişə dəmir yumruğunuz var olsun! Əminik ki, İnşallah, tez bir zamanda Qarabağı cənnət diyara döndərəcəksiniz.
Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın güclü Ordumuz!
Qurban Qurbanovdan, Bərdə, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizi Qələbə münasibətilə təbrik edirəm. Mən uzun illərdir Şuşa həsrəti ilə yaşayıram. Şuşanı görməsəm də, atam onun haqqında bizə çox danışıb, oranı yalnız şəkillərdə göstərib. Şuşanın düşməndən azad edildiyini eşidəndə çox sevindim, çünki doğma şəhərimizi artıq şəkillərdə yox, real olaraq görəcəyik.
Sizə çox-çox təşəkkür edirəm. Allahdan Sizə, ailənizə və yaxınlarınıza uzun ömür, cansağlığı arzulayıram.
İslam Şabanovdan, Lerik, Azərbaycan
Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Lerik rayonunun sakinləri adından erməni işğalçıları üzərində qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bu Qələbə Sizin, qalib Ordumuzun və Azərbaycan xalqının həmrəyliyi və qətiyyəti sayəsində əldə olundu. Eşq olsun Sizə! Eşq olsun Azərbaycan xalqına!
Leyla Salehlidən, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm. Ərazi bütövlüyümüzün bərpa edilməsində yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizin rəhbərliyiniz altında şanlı Ordumuz əzəli torpaqlarımızı bizə qaytarmaqla üzərimizdən "köçkün" adı götürüldü.
Mən fəxr edirəm ki, Sizin kimi müdrik, uzaqgörən və Vətənini, xalqını sevən ölkə başçımız var.(Trend)
30-11-2020, 15:53 | Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib

Pakistan Senatının üzvü, "Camaat-e-İslami Pakistan" Partiyasının sədri Sirac ul Haqdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan ilə Ermənistan arasındakı müharibənin dayandırılması ilə bağlı atəşkəs razılaşmasının imzalanması Pakistan İslam Respublikasının xalqı tərəfindən də böyük məmnunluqla qarşılandı. Bu, Azərbaycanda sülh və tərəqqi üçün yeni imkanlar yaradacaq.
Həmçinin Şuşa şəhərinin və işğal altında olan digər dörd rayonun Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi, Ermənistanın işğal etdiyi digər rayonları qaytarmağa razılıq verməsi də böyük məmnunluq doğurur. Bütün bunlara görə şəxsən öz adımdan, "Camaat-e-İslami Pakistan"ın üzvləri və Pakistan xalqı adından Sizi, hökumətinizi və Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram".AZƏRTAC
30-11-2020, 15:47 | İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İraq Parlamentinin Baş katibi Servan A.İsmaildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir.
Mən və çoxmilyonlu xalqımız Sizin rəhbərliyinizlə bu atəşkəs razılaşmasının reallaşmasında böyük rolu olan digər liderlərlə əməkdaşlığınızdan qürur duyuruq.
İnanıram ki, bu razılaşma hər iki ölkənin və bölgədəki bütün xalqların maraqlarını təmin edəcəkdir".
AZƏRTAC-
27-11-2020, 14:10 | Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam

Prezident İlham Əliyev "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AZƏRTAC bildirir ki, Sərəncama əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
27-11-2020, 09:33 | "Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir"

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə bildirib ki, erməni lobbisinin təsiri altında qəbul edilən qətnamə həm də regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir: "Əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına düşür. Yəni Ermənistan və Gürcüstanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən iki dəfə azdır. 2019-cu ilin məlumatına əsasən Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon ABŞ dolları olub. Müqayisə üçün deyək ki, Ermənistanın 2019-cu ildə Fransaya ixracı cəmi 8,72 milyon ABŞ dolları, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon ABŞ dolları olub. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə görə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlığını üstün tutur".
V.Qasımlı qeyd edib ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub: "2019-cu ildə Azərbaycandan Fransaya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb. Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Azərbaycanın 2019-cu ildə Fransadan idxal elədiyi məhsullara qatarlar, dəmir yolu və metro avadanlıqları, efir yağları, ətir və kosmetik vasitələr, dərman preparatları, nüvə reaktorları, elektrik avadanlıqları, avtomobil, mebel, işıqlandırma məhsulları və s. aiddir. Fransa Senatı erməni lobbisinin təsiri altında qəbul etdiyi qərarla öz şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflədirlər. Həm də Azərbaycan bazarında illik 200-300 milyon dollar mal satan, milyardlarla dollar tenderlərdə iştirak edən Fransa şirkətlərinin verdikləri verginin hesabına həmin senatorlar maaş alırlar. Belə çıxır ki, Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. 10 milyonluq Azərbaycan və 83 milyonluq Türkiyə istehlak bazarlarında Fransa şirkətlərinə çətinlik yaradan senatorları başa düşmək çətindir. Azərbaycan bazarında məhsul satan fransız mənşəli şirkətlər - Michelin, Renault, Citroen, Peugeot, Tefal, Loreal, Dior, Lancome, YvesSaintLaurent, Louis Vuitton, Lacoste, Chloe, Chanel, Nina Ricci, Cartier, Givenchy, Garnier, Danone, Activia, President, Perrier, Evian, Elle&Ville, Doux kimi bizneslər gərək Senatı başa salsınlar ki, bu şirkətlər Fransa büdcəsinə vergini öz ölkələrinin milli maraqları üçün ödəyirlər, erməni təəssübkeşliyi üçün yox".
Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan həm də Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir: "Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri enerji (Total), nəqliyyat (Alstom, Thales, Iveco, Systra), ətraf mühit (Suez CNIM), kənd təsərrüfatı və qida (Lactalis, Danone), otel biznesi (ACCOR), bankçılıq (Societe Generale), aviasiya və kosmik sənaye (Airbus, Thales) kimi mühüm sahələrdə fəaliyyət göstərirlər. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyub, bunun 2 milyard dolları neft sektoruna, 194,1 milyon dolları qeyri-neft sənayesinə yönəldilib. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon ABŞ dolları təşkil edib. 2004-2018-ci illərdə Fransız şirkətləri ölkəmizə aid 2,3 milyard ABŞ dolları həcmində sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdırlar. Xüsusən də Azərbaycanda post-konflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentarlara və hökumətə izah etsinlər ki, aşırı erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir".
Mərkəz rəhbəri daha sonra bildirib ki, Fransanın Total şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5% və Abşeron offshore ərazisində 50% paya sahibdir: "Fransanın Total şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Bəlkə Total şirkəti Fransa parlamentinə və hökumətinə bunu izah etsin ki, Fransanın Azərbaycandakı çoxmilyardlı sərmayə qoyuluşları Ermənistan tərəfindən təhdid olunur. Bu ilin iyulunda Ermənistan Tovuz bölgəsində təkcə Azərbaycana deyil, həm də Totalın payçı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsinə hücum etmişdi. Azərbaycan təkcə öz ərazi bütövlüyünü deyil, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyi üçün əhəmiyyətli olan infrastrukturu da erməni faşizmindən qoruyur. Bunun müqabilindəmi Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edir? Fransa özünü Avropanın siyasi lideri kimi təqdim etməyə çalışdığı halda, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol alan Azərbaycanı niyə özündən narazı salır? Cənubi Qafqazda gərginlik yaratmaq Fransanın və Avropanın həyati maraqlarına ziddir.
Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqlarının əleyhinədir. Əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geostrateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Fransanın bu bölgədəki maraqları da sülh və təhlükəsizlikdirsə, Azərbaycanla əməkdaşlıq yeganə həldir. Əks təqdirdə itirən Fransa olacaqdır. Fransa öz milli maraqlarını erməni havadarlığına qurban verməməlidir".
26-11-2020, 15:15 | Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar. Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.