25-11-2020, 11:38 | Prezident İlham Əliyev: "Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın"

Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq.
Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır.
25-11-2020, 11:31 | Azərbaycan Prezidenti: "Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir"

Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən"
25-11-2020, 11:29 | Prezident İlham Əliyev: "Saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər"

Erməni "tarixçiləri" və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.
Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni "tarixçiləri" və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın".
25-11-2020, 11:24 | Prezident İlham Əliyev: "Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi"

Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər".
25-11-2020, 11:20 | Azərbaycan Prezidenti: "Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir"

Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir
Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar".
25-11-2020, 11:01 | Prezident İlham Əliyev xalqa müraciət edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edəcək.
Müraciət Azərbaycan Televiziyası ilə yayımlanacaq.
25-11-2020, 10:18 | Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək

Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Beləliklə 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxtın küçələrinə axışdılar. Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə ölkənin hər yerində davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan yüz minlərlə vətəndaş Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.
Heç şübhə yoxdur ki, Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunan 10 noyabr günü, sözün əsl mənasında, doğma yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyət tarixidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləməklə gələcəyimizə olan böyük inamı bu gün onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən ərazi bütövlüyümüzün təmin edilməsində gerçəkliyə çevrilib.
Bu il 27 sentyabr tarixindən başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.
Xüsusi qeyd etməyə dəyər ki, Şuşanın azad olunması müharibənin gedişində həlledici amil oldu. Möhtərəm Prezidentimizin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən isterik vəziyyətə düşdü.
Başlıca qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətlə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladılar.
Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatları davam etdirdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdan həmin sənədlər bizə əlavə güc verdi.
Ulu Öndərimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.
Gerçəkdən də cənab İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı: “Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.
Nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, cənnətməkan ruhu qarşısında baş əydi. Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, xalqımıza zəfər müşdəsi verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!
Böyük çətinliklər bahasına başa gələn bu şanlı qələbənin dəyəri bizim üçün misilsizdir. Müharibədən çıxardığımız tarixi dərsləri heç zaman unutmamalıyıq. Bu müharibədə, bir tərəfdən müasir dünyanın haqsızlıqlara, ədalətsizliklərə və aşkar terror cinayətlərinə göz yummasına, düşmənin bəzi “fake” xəbərlərinə isə dərhal reaksiya göstərərək münaqişənin həllinin öz maraqlarına uyğun dəyişməyə çalışmasına, digər tərəfdən isə qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyinə, etibarlılığına və ən başlıcası, yüksək vətənpərvərlik və qələbə ruhuna köklənən xalq-dövlət-ordu birliyinin sarsılmazlığına şahid olduq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.
Cabir Qurbanov,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
8 saylı yol istirmar idarəsinin rəhbəri.
24-11-2020, 06:37 | Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı - FOTO

Birinci xanım Mehriban Əliyeva ilə Ağdama səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı.




AZƏRTAC
24-11-2020, 06:27 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar - VİDEO - FOTO

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. (Səfərdən geniş hesabat noyabrın 24-də veriləcək).
Xəbər yenilənəcək AZƏRTAC
















24-11-2020, 06:15 | Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

Azərbaycanın Rus İcmasından Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə məktub ünvanlanıb.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!
İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.
Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.
Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.
Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.
Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.
Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.
Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.
Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada - Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.
Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.
Yaşasın Ali Baş Komandan!
Yaşasın çoxmillətli Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!"
AZƏRTAC


















