11-11-2020, 15:48 | Prezident İlham Əliyev: Paşinyan, sən harada imzalamısan bu sənədi?

Paşinyan, sən harada imzalamısan bu sənədi?
Bunu Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan?".
AZƏRTAC
11-11-2020, 15:36 | Türkiyənin Azərbaycan xalqının mübarizəsinə verdiyi tam dəstəyi gördük - Ceyhun Bayramov

Son 44 gün ərzində Türkiyə dövlətinin, türk xalqının, millət vəkillərinin, ictimai xadimlərinin Azərbaycan xalqının mücadiləsinə verdiyi tam dəstəyi gördük.
Bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu dəstəyi hər gün hiss edib: "Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu qısa müddətdə 5 dəfə Azərbaycanda olub".Trend
11-11-2020, 14:48 | Azərbaycan idmançıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər

Azərbaycan idmançıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.
Müraciəti təqdim edir.
Hörmətli cənab Prezident, Ali Baş Komandan İlham Əliyev!
Azərbaycan xalqının 30 illik həsrətinə son qoyub, işğal edilmiş ərazilərimizin azad olunmasında qazandığınız tarixi zəfər münasibətilə idman ictimaiyyəti adından Sizə səmimi təbriklərimizi və dərin təşəkkürümüzü çatdırırıq.
Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq törətmiş olduğu genişmiqyaslı təxribatlarına cavab olaraq Sizin rəhbərliyiniz və komandanlığınız altında rəşadətli Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu və sürətli əks-hücum əməliyyatı həyata keçirib. Şanlı Ordumuz Sizin rəhbərliyiniz altında gərgin və tarixi döyüş əməliyyatları gerçəkləşdirərək qısa zaman müddətində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, yüzlərlə qəsəbə və kəndlərimizi işğaldan azad edib.
8 noyabr tarixi isə Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Azərbaycanın fədakar oğulları hər hansı texnikanın iştirakı olmadan əsl möcüzə göstərərək, Qarabağın incisi qədim Şuşa şəhərini işğalçılardan təmizləyib, düşmən ordusuna sarsıdıcı zərbə endirdilər. Bu hadisə müharibənin gedişində əsl dönüş nöqtəsi oldu və nəticə etibarilə düşməni kapitulyasiya imzalamağa məcbur etdi.
Azərbaycan idmançıları daim Sizin siyasətinizi dəstəkləmiş, atdığınız hər bir addımda yanınızda olduqlarını söyləmişlər.
Biz daim Sizinləyik Ali Baş Komandanımız cənab Prezident İlham Əliyev!
Sizinlə fəxr edirik məğrur və mübariz Azərbaycan Ordusu!
Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!. AZƏRTAC
11-11-2020, 14:16 | Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq - Ərdoğan

Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bundan sonra da Azərbaycanla ortaq gələcəyimizin qurulması üçün birlikdə çalışacağıq
Trend
11-11-2020, 14:14 | Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzinin yaradılması haqqında razılaşma imzalayıb - Ərdoğan

Qarabağın işğaldan azad olunması ilə bağlı Azərbaycanı təbrik edirəm.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib: "Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında imzalayıb.
O qeyd edib ki, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq. Bəyanatın imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik".Trend
11-11-2020, 13:01 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.
Xəbər yenilənəcək.AZƏRTAC
11-11-2020, 12:55 | "Azərbaycan əsgəri vətən uğrunda canından keçməyə hazırdır və keçdi" - Zakir Həsənov

Azərbaycan xalqı 30 ildir ki, bu qələbənin həsrəti ilə yaşayırdı.
Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O bildirib ki, Azərbaycan xalqı daim ordusunu sevib, Azərbaycan Ordusuna dayaq olub: "Hər bir Azərbaycan əsgəri vətənini sevir, vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçdi". Trend
11-11-2020, 12:52 | "Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir" - Hikmət Hacıyev

Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:
"Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir.
Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur.
ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir.
Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı "Şuşi" deyil, Şuşadır".
11-11-2020, 12:50 | Pakistan Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edən açıqlama yayıb.
Azərbaycanın Pakistandakı səfirliyindən milli.az-a verilən məlumata görə, açıqlamada deyilir: "Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib.Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün yeni bir fürsət yaradır.
Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik."
11-11-2020, 12:46 | Avropa Azərbaycanlıları Konqresinin prezidenti Prezident İlham Əliyevə məktub göndərib

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan! Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin 28 illik Ermənistan işğalından azad edilməsi xəbəri Avropada Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azəbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.
Sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əmrinizlə şanlı Azərbaycan Ordusunün əks-hücum əməliyyatlarına başlayaraq işğalda olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.
Möhtərəm cənab Prezident!
Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi vətənpərvərlik harayına çevrilmişdi. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!
Möhtərəm Ali Baş Komandan!
Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.
işğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Avropa Azərbaycanlıları Konqresi adından Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik.
Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizi gözləyirik. İşimiz haqdır, qələbə bizimlədir!" AZƏRTAC