26-11-2023, 18:33 | Sürücülərin NƏZƏRİNƏ! - Sabah...

Sürücülərin NƏZƏRİNƏ! - Sabah...


Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 27-də əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.



26-11-2023, 18:30 | Azərbaycanda 18 yaşlı qadınlar aborta müraciət edirlər - ARAŞDIRMA

Azərbaycanda 18 yaşlı qadınlar aborta müraciət edirlər - ARAŞDIRMA


İlk hamiləliyin abortu bəzən gələcəkdə sonsuzluqla nəticələnə bilər. Bu problem bir neçə abort keçirtmiş qadınlarda da yaranır. Abort zamanı uşaqlığın daxili divarı zədələnir, aşerman sindromu yaranır, qadın hamilə qala bilmir.

Azərbaycanda abortların sayı ilə bağlı statistika son 10 ildir ki, həyəcanlandırır. 2021-ci ildə bu say rekord həddə çatmışdı. 2022-ci ildəki rəqəmlər də ürəkaçan olmadı. 2021-ci ildə ümumi abortların sayı 46877, 2022-ci ildə isə 31747 idi. Mütəxəssislər real rəqəmlərin statistikadan dəfələrlə çox olduğu qənaətindədirlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqaləsində bu və digər suallara cavab axtarıb.

Ötən günlərdə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev də ölkədə abortların sayının hazırda yüksək olduğunu dilə gətirib. BMT nümayəndəsi həmçinin Azərbaycanın selektiv abortlara görə də dünya ölkələri arasında lider olduğunu bildirib. Bəs Azərbaycanda bu artımın səbəbi nədir? Nə üçün abort çıxış yolu hesab olunur? Ümumiyyətlə, abortların hansı təhlükələri var?

18-35 yaş arası qadınlar aborta müraciət edirlər

Məlumat üçün bildirək ki, Azərbaycanda abort hamiləliyin 12-ci həftəsinə qədər qanunidir. Həmçinin Cinayət Məcəlləsinin 141-ci maddəsində qanunsuz abort etmə ilə bağlı maddə mövcuddur. Heç bir tibbi göstəriş olmadan hamiləliyin süni surətdə pozulması üçün xüsusi məsuliyyət növü müəyyən edilib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, həkim mama-ginekoloq Aynurə Əmirova deyir ki, abortların əsas səbəblərindən biri kontraseptiv vasitələrdən istifadə olunmaması və qadınların hamiləliyin planlaması ilə bağlı məlumatlarının az olmasıdır: "Təbii ki, bu da arzuolunmaz hamiləliklərə gətirib çıxarır və nəticədə abortların sayı artır. Aborta müraciət edənlər arasında daha çox 18-35 yaş arası qadınlar üstünlük təşkil edir".

Abort ölümlə də sonlana bilər

Abortun təhlükəsinə gəldikdə isə, mama-ginekoloq vurğulayır ki, abort ümumiyyətlə qadının həm hormonal, həm də psixoloji durumuna mənfi təsir göstərir: "Abort, qaydalara riayət olunmadıqda, ciddi fəsadla, hətta ölümlə nəticələnə bilər. Xəstəxana şəraitindən kənar vəziyyətdə və uyğun olmayan şəraitdə həyata keçirilən abortlar infeksion ağırlaşmalara səbəb olur. Bəzi qadınlar ev şəraitində xüsusi dərmanlardan istifadə edərək hamiləliyi sonlandırmağa çalışırlar. Hamilə qadın həkim nəzarətində olmalıdır".

Abort sonsuzluqla da nəticələnir

Həkim vurğulayır ki, ilk hamiləliyin abortu bəzən gələcəkdə sonsuzluqla nəticələnə bilər: "Bu problem bir neçə abort keçirtmiş qadınlarda da yaranır. Abort zamanı uşaqlığın daxili divarı zədələnir, aşerman sindromu yaranır, qadın hamilə qala bilmir. Erkən həftələrdə baş tutan abort 12-ci həftədən sonra icra olunan abortdan daha az fəsad yaradır".

Bəzi qadınlar ailə planlaşdırmalarında növbəti uşağın dünyaya gəlməsini nəzərdə tutmur, aborta müraciət edirlər. Buna səbəb kimi iqtisadi və ya sosial səbəbləri göstərirlər. Bəziləri isə şüurlu şəkildə hamilə qalır, dölün cinsiyyətini öyrəndikdən sonra aborta müraciət edirlər. Mütəxəssislər bildirirlər ki, abortlar əsasən cins seçiminə görə baş verir. Təsadüfi deyil ki, biz, dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında zirvədəyik.

Acınacaqlısı odur ki...

"Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova deyir ki, qanunvericilikdə ananın həyatına təhlükə varsa, abort edilməsi halları mövcuddur. Amma məhz buna görə aborta müraciət edənlərin sayının çox az olduğunu düşünür: "Ümumi abort sayının neçə faizinin ananın həyatına təhlükə olduğu halda həyata keçirildiyi müəyyələşdirilməlidir. Təəssüflər olsun ki, bizdə əsas səbəb bu deyil. Hamımız bilirik ki, bizim ailələrdə hələ də qız uşağına yanaşma ürəkaçan deyil. Hətta ailədə üç qız, bir oğul varsa, ailə oğlanı evin tək uşağı kimi göstərir. Acınacaqlısı odur ki, biz 2023-cü ildə bunu müzakirə edirik".

Selektiv abortları edənlər cəzalandırılsa...

QHT sədri düşünür ki, abortların sayını azaltmaq üçün maarifləndirmə ilə yanaşı, qanunların işləkliyini artırmalıyıq: "Əminəm ki, bu gün abort qanunla qadağan edilsə belə, yenə də cinsiyyət bilindikdən sonra abort halları baş verir və gələcəkdə də verəcək. Çünki cəza mexanizmləri yoxdur. Selektiv abortları edənlər cəzalandırılsa, inanıram ki, ümumi abort sayında da azalmanı müşahidə edəcəyik".

Köçəri quş, maddi yük

Klinik psixoloq Rövşən Nəcəfov deyir ki, selektiv abortların sayının artmasında patriarxal düşüncənin psixoloji basqısı və müasir tibbi texnoloji vasitələrdən sui-istifadə əsas rol oynayır: "Dölün cinsiyyətini müəyyən etməyə imkan verən ultrasəs müayinə cihazlarının əlçatanlığı selektiv abortların artmasına şərait yaradır. Həmçinin patriarxal düşüncənin psixoloji basqısı da stereotip yanaşmalar yaradır. İnsanlar psixoloji olaraq, daha çox sağlamlığı yox, inancları qoruyurlar. Oğlan uşaqlarına verilən üstünlüyə haqq qazandıran yanlış düşüncələr mövcuddur. Qızlar isə inanclara görə köçəri quş, maddi yük hesab edilir".

Mütəxəssis vurğulayır ki, bu problemlə mübarizə aparmaq üçün düşüncə dəyişməlidir: "Psixologiyanın qızıl qaydası odur ki, insan düşüncəsini dəyişəndə həyatı dəyişir. İnsanların yanlış inancları dəyişməlidir. Alternativ düşüncələrin və izahların geniş təbliğata ehtiyacı var. Gender əsaslı cins seçiminin doğurduğu fəsadlar sırasında psixoloji travmalar da mövcuddur. Psixoloq müdaxiləsi ilə selektiv abortların qarşısını almaq mümkündür".


26-11-2023, 18:25 | Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda bu məhsul ucuzlaşdı

Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda bu məhsul ucuzlaşdı


Bitki yağlarının qiyməti enib.

Xəzər TV bildirir ki, ucuzlaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur.

Böyük supermarketlərin birində xaricdən gətirilən 2 litrlik bitki yağının qiyməti 14 manat 50 qəpikdən 11 manat 50 qəpiyə enib. Yerli məhsullar da müxtəlif adlar və çeşidlərdə təqdim olunur ki, onların da qiymətində nəzərəçarpacaq dərəcədə endirim var.

Ukrayna, Belarus və Zelandiyadan gətirilən kərə yağları da 1 manat - 1manat 50 qəpik arasında ucuzlaşıb.

İqtisadçı-ekspert Elmir Səfərlinin sözlərinə görə, duru yağların qiymətində enmə daha çox hiss olunur.

Elə alıcılar da son aylarda həm yerli, həm də müxtəlif ölkələrdən gətirilən duru yağların qiymətinin dəyişdiyini deyirlər.

İqtisadşı-ekspert Rəşad Həsənov isə bu ucuzlaşmanı dünya bazarında bitki yağlarının, eləcə də onların istehsalı üçün lazım olan xammalın qiymətinin enməsi ilə əsaslandırır.

İqtisadçılar bildirir ki, ucuzlaşmanın növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

Ümumiyyətlə isə ölkədə qarğıdalı və günəbaxan istehsalını genişləndirməklə xarici xammal bazarından asılılığa son qoymaq mümkündür ki, bu da qiymətlərin daha da enməsinə səbəb olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


24-11-2023, 05:49 | ATV-nin əvəzinə "Space" üzr istədi

ATV-nin əvəzinə "Space" üzr istədi


Space" televiziyasının "Səhərin statusu" layihəsinın aparıcısı Murad Əzimzadə yazıçı Çingiz Abdullayevdən üzr istəyib.

Respublica.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, bu barədə aparıcısı olduğu verilişdə bildirib.

"Üzümü Çingiz Abdullayevə tuturam. Çingiz müəllim, həmkarlarımız nəsə söz deyə və bu sizin xətrinizə dəyə bilər. Bu, bütün medianın sözü deyil. Bir jurnalistin, bir həmkarımızın sözü bütün medianın sözü ola bilməz. ATV bizə dost-doğma, qardaş kanaldır. Mən yaxın bir aya qədər ATV-də çalışırdım. Ona görə də orda baş verən hadisələrə görə, yeri gəlsə, bütün həmkarlarımın adından sizdən üzr istəyirəm. Çünki siz dövlətini, xalqını sevən yazıçısınız və mən buna görə Sizdən xətrinizə dəyən məsələyə görə üzr istəməyə hazlram", - teleaparıcı bildirib.

23-11-2023, 13:17 | Ceyhun Hüseynov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır

Ceyhun Hüseynov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır





Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis Ceyhun Hüseynov - Azərbaycanın müstəqillik tarixi ilə demək olar kı yaşıd olan Yeni Azərbaycan Partıyasının yaranması dövrün tələbi idi. İnsanlar bu partiyaya böyük inam bəsləyirdi. Bu da əsassız deyildi. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin dövlət, dövlətçilik, müstəqilliklə bağlı qətiyyətli addımlarını və göstərdiyi siyasi iradəni yüksək qiymətləndirirdi. XX əsrin 80-ci illərin sonu və 90-cı illərində baş verən bir neçə tarixi hadisələr zamanı bu dahi şəxsiyyətin cəsarətli və qeyri-adi münasibətini xatırlatmaqla fikrimizi əyani sübut edə bilərik. Yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən faciə zamanı Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi. 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndər Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən öz çıxışında deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...” Həmin dövrdə ölkəyə rəhbərlik edənlər tərəfindən Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Belə bir absurd fikir yaranmışdı ki, sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Əlbəttə ki, yalan idi və həqiqəti əks etdirmirdi. Çünki Ermənistandan azərbaycanlıların tarixi torpaqlarından qovulması, 20 Yanvar hadisəsinin baş verməsi, Azərbaycana qarşı edilən ədalətsizlik, Ermənistanın Qarabağı və Şərqi Zəngəzuru işğal etməsi, insanlar öz yurdunda məcburi köçkün vəziyyətinə düşməsi, azərbaycanlılara qarşı soyqırımı törədilməsi – bütün bunlar Azərbaycan xalqında haqlı olaraq Sovet rejiminə inamsızlıq yaradırdı. O zaman, Naxçıvan Muxtar Respublikasında Ulu Öndər referendumun keçirilməsinə imkan verməmişdir. Əlbəttə ki, bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Qeyd etmək lazımdır ki, 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ulu Öndər Heydər Əliyev də bu tarixi və obyektiv zərurəti görür və hiss edirdi. Bunu onun 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə verdiyi cavabdan da aydın etmək mümkün idi. O yazırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Bu təşkilat müasir Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Və xalqınetimadını qazandı.



Lakin bir məqamı da vurğulamaq lazımdır ki, o dövrdə bir çox qüvvələr, xüsusi ilə də xalqın heç bir problemini həll edə bilməyən, sadəcə öz himayədarlarının tapşırıqlarını yerinə yetirən qruplar Yeni Azərbaycan Partiyasının fəaliyyətinə maneə olur, onu nüfuzdan salmağa çalışırdılar. Lakin zaman göstərdi ki, bu partiya dövlətimizin müstəqilliyi, xalqımızın firavanlığı, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın bərpası üçün böyük mübarizə yolu keçdi və qarşıya qoyulan məqsədlərə doğru adım-addım getdi. Artıq Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, dünyada da öz nüfuzunu artırmaqdadır.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən çox şaxəli siyasət və əməkdaşlıqlar nəticəsində Azərbaycan bir çox parametrlər üzrə inkişaf etmişdir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti, nəqliyyat siyasəti enerji və nəqliyyat dəhlizlərinin yaranmasına səbəb olmuşdur. İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Belə ki, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığın qurulması zərurəti yaranmışdır.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ölkənin gələcək strateji hədəflərini elə planlaşdırıb ki, uzunmüddətli dayanıqlı və davamlı inkişaf təmin edilsin. Vaxtı ilə Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.” Artıq bu arzu deyil, biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların çox böyük əhəmiyyəti var. Bu həm də ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da öz əksini ifadə edir. Vətən müharibəsində parlaq Qələbə qazanaraq, Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Tarixi torpaqlarımız erməni işğalından azad olundu. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri öz töhfələrini verməklə, canları, qanları bahasına qəhrəmanlıq göstərərək tarixi Qələbəni qazandı. Bu Qələbə hər bir azərbaycanlıya stimul verdi, ləyaqətini qaytardı, əyilmiş qamətini dikəltdi. Əlbəttə bu həm də aparılan uzaqgörən, düşünülmüş, müdrik siyasətin nəticəsi idi.


Yeni Azərbaycan Partiyası islahatlar açıq bir siyasi təşkilatdır. Zamanın yeni çağırışlarına, yaranmış reallıqlara müsbət reaksiya verməyə, uyğun islahatları keçirməyə hər zaman hazırdır. Elə 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayını təşkilatın yeni inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 720 830 üzvü var. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin olundu. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, qadınların siyasi fəaliyyətə cəlb olunması, gender bərabərliyinin təmin olunması, bu sahədə çətinliklərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Partiya üzvlərinin 48,7%-ni qadınlar, 34,6%-ni isə gənclər təşkil edir. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına birləşmişdir. Partiya daxilində struktur dəyişiklikləri aparılmışdır. Yeni şöbələrin yaranması bir daha onu göstərir ki, Partiya cəmiyyətdə baş verən bütün məsələlər adekvat cavab verə bilir. Yeni Azərbaycan Partiyası ölkədə və qardaş ölkələrdə baş verən heç bir prosesdən kənarda qalmır. Həm iqtidar-müxalifət dialoquna öz töhfəsini verir, həm də beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər keçirir.

İqtidar partiyasının hakimiyyətdə olduğu son 20 ildə həyata keçirilən sosial islahatlar, ölkənin sosial-iqtisadi sahəsində əldə etdiyi nailiyyətlər bir daha göstərir ki, bu təşkilat bütün istiqamətlər üzrə etimadı doğrultmuşdur. Bu beynəlxalq hesabatlarda da öz əksini tapmışdır. Belə ki, Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmuşdur. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatmışdır. ÜDM-nin real həcmi 4 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artmışdır. Ötən müddət ərzində minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmış, pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlmışdır. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılmışdır.

Ötən müddət ərzində 60-dan çox yeni elektrik stansiyası istismara verilmış, regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötmüş, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a çatmışdır. Böyük hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunmuşdur. 43 Olimpiya İdman Kompleksi tikilmişdir. Artıq 3 ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurda nəhəng miqyaslı bərpa-tikinti işləri aparılır. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan vəsait ayrılmışdır.
Ceyhun Hüseynov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Bu gün biz çox sevinirik ki, Yeni Azərbaycan Partiyasını sədri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həm ərazi bütövlüyünü, həm də suveren hüquqlarını bərpa etmişdir. Dövlət başçısı İlham Əliyev Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda böyük qürur hissi ilə bildirdi: “20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.” Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcəkdir.
Ceyhun Hüseynov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
“Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində xüsusi yeri var. Yeni Azərbaycan Partiyası xalqın etibarını qazanıb və bundan sonra da təşkilatın sədri, Prezident İlham Əliyevin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atacaqdır.

23-11-2023, 12:44 | “140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”

“140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”



"Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir".

Bu sözlər Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının iştirakçılarına müraciətində yer alıb.

"Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına - Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur", - Prezident bildirib.

/musavat.com//

23-11-2023, 07:48 | Zabuxa növbəti köç karvanı yola salındı

Zabuxa növbəti köç karvanı yola salındı



Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Respublica.Az Trend-ə istinadən xəbər verir ki, noyabrın 23-də Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 93 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 121 ailənin, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib.




22-11-2023, 20:15 | “Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var”

“Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var”


"Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah var".

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.

İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə ödənilən aylıq əməkhaqqının artdığını deyən qurum rəsmisi qeyd edib ki, hazırda 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var.
Ətraflı

S.Səmədov əlavə edib ki, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.//qafqazinfo//





22-11-2023, 20:08 | Təhsildə artan repetitorluq fəaliyyəti - Sertifikasiyaya cəlb edilə bilərlər

Təhsildə artan repetitorluq fəaliyyəti - Sertifikasiyaya cəlb edilə bilərlər


Son dövrlərdə müəllimlərin şagirdləri repetitorluğa cəlb etməsi cəmiyyətdə haqlı narazılığa və etiraza səbəb olur. Əksər müəllimlərin dərsdən əlavə müəllimliklə - repetitorluqla məşğul olması təhsil sisteminin ən aktual problemlərindən biridir. Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilikləri vermir, bununla da şagirdləri əlavə saatlarda hazırlıqlara sövq etmiş olurlar.

Elm və təhsil naziri Emin Əmrullayev cari ildə jurnalistlərə açıqlamasında qeyd edib ki, repititorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər.

"Repetitorluq sahibkarlıq fəaliyyətidirsə, onun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz onu dəyərləndirək", - deyə nazir əlavə edib.

Bəs repetitorluq fəaliyyəti necə tənzimlənə bilər? Onlar üçün xüsusi sertifikasiya prosesi yaradılmalıdır mı?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov bildirib ki, artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Hazırda Bakı şəhərində repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata, hazırlıq kursları isə 150-250 manata hazırlaşdırırlar.

"Repetitorların vergi ödəməsi qanunidir və gəlir əldə edən hər bir şəxs buna görə vergi ödəməlidir. Əslinə prosesə 2020-ci ilin aprel ayında başlanılıb. Belə ki, pandemiya dövründə azad hərəkət etmək üçün portaldan icazə almaq lazım idi və buna görə də repititorlar müvafiq qurumdan qeydiyyatdan keçməli idilər.

Hal hazırda hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədə problemlər mövcuddur. Əsas məsələ məhz qeydiyyatsız formada öz evində və ya başqa məkanlarda fəaliyyət göstərən repititor müəllimlərin vergiyə və sertifkasiyaya cəlb olunmasıdır", - deyə o bildirib.

Ekspert həmçinin əlavə edib ki, repetitorlar indiki vəziyyətdə vergi ödənişindən kənardadırlar.

"Bu sahəyə demək olar ki, nəzarət yoxdur. Kim istəsə bir otaq götürüb 3-5 parta qoyur və başlayır dərs deməyə. Nə təhlükəsizliyə zəmanət var, nədə keyfiyyətə. Hesab edirəm ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin mövcud olacağı bir komisiya yaradıb, orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir.

Çoxları deyir ki, müəllim bütün ili repititor kimi məşğul olmur, aylar ürə müxtəlif xidmət haqqı alırıq, bir çox şagirdi pulsuz hazırlaşdırırıq. Rüb ərzində gəlir əldə etdiyini məbləğin 2 və ya 4 faiz vergisini ödəyirsiniz. Misal üçün bir ay 500, o biri ay 400, 3-cü ay 800 manat repititorluqdan gəlir əldə etmisiniz. 3 aylıq gəliriniz toplanır (500+400+800 =1700) onun 2 - 4 faizini vergi kimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə vergi bəyənnamənizi 0-la verə bilərsiniz. Deyəcəksiniz ki, kim müəyyən edəcək ki, mən nə qədər şagird hazırlayıram, nə qədər pul alıram. Bunu müəyyən etmə mexanzmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repetitorluğa tətbiq edilmir", - deyə o qeyd edib.

K.Əsədov vurğulayıb ki, heç kim dəqiq gəlirinin vergisini ödəmir.

"Qalıb bu insanların insafına. Sadələşdirilmiş vergi ödəyicisi kimi nə qədər qazandığınızı qeyd etsəz, onun 2 - 4 faizini ödəyəcəksiz. Bunun sizin üçün faydası çoxdur. Bankdan kredit götürəndə, təqaüdə çıxanda ödədiyiniz vəsaitlər sizə qayıdacaq. Müəllimlər yanlış olaraq narhatdırlar", - deyə o bildirib.




22-11-2023, 19:58 | Sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış

Sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış edib.

O, "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda keçirilən təlimdə deyib ki, bəzən sosial şəbəkələrdə müxtəlif şəxslərə tibbi yardım göstərilməsi üçün elan paylaşılır.

Z.Əliyev bildirib ki, Dövlət Agentliyinin əməkdaşlarına dərhal məsələni araşdırmaq üçün tapşırıqlar verir:

"Əməkdaşların məsələni araşdırmalarını və paylaşım edən şəxslərin niyə icbari tibbi sığortanın xidmətlərindən yararlanmadan belə addım atmasının səbəblərini öyrənmələrini gözləyirəm. Bəzən elə hal olur ki, onlar ölkədən kənarda əməliyyat olunmalıdırlar. Həmin xidmətləri təmin etməyə bizim əlimiz çatmır. Bəzən də lazım olan tibbi xidmətlər Xidmətlər Zərfində olmur. Amma əksər hallarda onlara lazım olan tibbi xidmət Xidmətlər Zərfində olur. Bu paylaşımı edən şəxslərə səslənirəm ki, ilk növbədə, bizə müraciət etsinlər. Əgər hər hansı səbəbdən onlara kömək edə bilməsək, o zaman yardım toplanması üçün elan yerləşdirsinlər".//milli.az/

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.