Sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sosial şəbəkələrdə maddi yardım elanı paylaşanlara çağırış edib.
O, "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda keçirilən təlimdə deyib ki, bəzən sosial şəbəkələrdə müxtəlif şəxslərə tibbi yardım göstərilməsi üçün elan paylaşılır.
Z.Əliyev bildirib ki, Dövlət Agentliyinin əməkdaşlarına dərhal məsələni araşdırmaq üçün tapşırıqlar verir:
"Əməkdaşların məsələni araşdırmalarını və paylaşım edən şəxslərin niyə icbari tibbi sığortanın xidmətlərindən yararlanmadan belə addım atmasının səbəblərini öyrənmələrini gözləyirəm. Bəzən elə hal olur ki, onlar ölkədən kənarda əməliyyat olunmalıdırlar. Həmin xidmətləri təmin etməyə bizim əlimiz çatmır. Bəzən də lazım olan tibbi xidmətlər Xidmətlər Zərfində olmur. Amma əksər hallarda onlara lazım olan tibbi xidmət Xidmətlər Zərfində olur. Bu paylaşımı edən şəxslərə səslənirəm ki, ilk növbədə, bizə müraciət etsinlər. Əgər hər hansı səbəbdən onlara kömək edə bilməsək, o zaman yardım toplanması üçün elan yerləşdirsinlər".//milli.az/
Tarix: 22-11-2023, 19:58