2-06-2021, 14:17 | İcra başçısı Eldar Mahmudovun kadrından NİYƏ QORXUR? - İLGİNC FAKT

Binəqədi rayonu, Biləcəri qəsəbəsinin icra nümayəndəsi sakinlərin narazılığına səbəb olmaqdadır. Bu barədə DİA.AZ-a müraciət edən Biləcəri sakinləri bildirirlər ki, başçının qəsəbədəki nümayəndəsi Osman Qasımov açıq-aşkar arayış alveri ilə məşğuldur və hətta icra başçısı Elxan Allahgverdiyev də bu adamla bacarmır.

Xatırladaq ki, əslində Osman Qasımov keçmiş icra başçısı Xaləddin İsgəındərovdan qalma kadrdır və 2017-ci ildən sözügedən vəzifəni tutan Osman Qasımovun icra nümayəndəsi postuna gətirilməsində keçmiş MTN rəhbərliyinin rolu da olubmuş.
Dia.az bildirir ki, bu barədə yerli KİV-də də yetərincə informasiyalar yayılıb.
Osman Qasmovla bağlı apardığımız araşdırmalar zamanı ortaya ilginc bir fakt da çıxıb.
Sən demə, cənab Qasımov vaxtilə tanınmış jurnalist Pərviz Həşimlinin də həbsində müstəsna rol oynayıbmış. Bu barədə həmin dönəmdə yazan Gununsesi.info saytında qeyd olunur ki, Osman Qasımov jurnalist Pərviz Həşimlinin şərlənməsində də xüsusi rolu ilə seçilib. Belə ki, MTN-nin xüsusi təyinatlıları jurnalistin evinə silahlı hücum edərək, pəncərədən mənzilə daxil olub, silah yerləşdirən zaman Osman Qasımov saxta şahid kimi prosesə cəlb olunub. Baş verənləri inkar edən “şahid” istintaqa ifadəsində yalan ifadə verib.
İndi isə dia.az-a verilən informasiyalardan aydın olur ki, məhz belə bir İMTİYAZLI icra nümayəndəsi rayonun icra başçısı Elxan Allahverdiyev üçün olduqca çətin bir MANEƏDİR...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
1-06-2021, 08:38 | "Yenə də acı nəticələrlə üz-üzə qala bilərik" - XƏBƏRDARLIQ

Mayın 31-dən etibarən ölkədə karantin qaydalarında növbəti yumşaldılmalara start verildi. Belə ki, 31 may səhər saat 6-dan etibarən açıq havada tibbi maska taxmaq tələbi ləğv olundu, insanların uzun müddətdir ki, gözlədiyi xəbər - “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa edildi. Həmçinin ölkədaxili yerüstü və hava nəqliyyatı ilə sərnişindaşıma yenidən fəaliyyətə başladı. Bütün bunlar cəmiyyətdə böyük sevinclə qarşılanıb. İnsanlar yenidən əvvəlki normal həyatlarına geri dönüşün sevincini yaşayıblar.
Məlum məsələ idi ki, metronun uzun müddət bağlı qalması ictimai nəqliyyatı ciddi şəkildə yükləyirdi. Əvvəllər metro ilə yarım saata getdikləri yerə sərnişinlər bəzən 2 saatdan çox müddətə çatırdılar. Bu zamanı qısaltmaq üçün əksəriyyət “1 manatlıq” taksilərdən istifadə etməli olurdu ki, bunun da nəticəsində yollarda uzun tıxaclar yaranırdı.
Xatırladaq ki, bir neçə gün sonra, yəni 4-6 iyun tarixlərində Bakıda “Formula-1" yarışları başlayacaq. Bu səbəbdən paytaxtın bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkəti dayandırılıb. Metronun açılması həm də bu yükü bir qədər azaltmış olub.
Açıq havada tibbi maska taxmaq tələbinin də aradan qaldırılması insanların üzünə sevinc gətirib. Əslində tibbi maska bizi virusdan nisbi də olsa qorusa da, isti yay günlərində maskadan istifadə insanlarda nəfəs almaqda çətinlik yaradırdı.
Qeyd edək ki, mayın 31-dən tətbiq edilən yumşaldılmalar davamlı olacaq. Belə ki, iyunun 10-dan etibarən məlum tələblər çərçivəsində məscid və ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları, idman oyunu yerlərinin fəaliyyətinə icazə veriləcək. Lakin idman və sağlamlıq-bərpa obyektlərinə maskasız getmək mümkün olsa da, COVİD pasportu tələb olunacaq.
İyulun 1-dən isə bəzi iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin COVİD pasportuna və ya sertifikata malik olması istəniləcək.
COVİD pasportu nədir? Bu, vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alan şəxslərə verilən vaksinasiya və koronavirusa yoluxub, sağalmış şəxslərə verilən immunitet sertifikatıdır.
Beləliklə, yumşaldılmalar dövründə bizi nə gözləyir? Vətəndaşlar daha çox hansı məsələlərdə diqqətli olmalıdır?
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd etdi ki, məhdudiyyətlər aradan qaldırıldıqca, insanlar tələb olunan qaydalara daha məsuliyyətli yanaşmalıdır:
“Məhdudiyyətlərin aradan qaldırılması cəmiyyətimiz üçün çox sevindirici xəbərlər oldu. Məlum olduğu kimi, iyunun 10-dan etibarən bu yumşalmalar bir qədər də davam edəcək. Bütün bunlar çox yaxşı haldır. Artıq son günlərdə ölkədə gündəlik yoluxma və ölüm saylarında da dinamik azalma müşahidə olunur. Əlbəttə ki, bu, cəmiyyətin çoxdan gözlədiyi gözəl hadisələrdir. Bütün bu müsbət dinamik proseslər də təbii ki, Operativ Qərargaha bu cür pozitiv qərarlara imza atmağa imkan, dəstək verir.
Beləliklə, səhiyyə sisteminin, eyni zamanda ictimai təşkilatların apardığı təbliğat işləri, mətbuatın dəstəyi, insanlarımızın məsuliyyəti və sairə nəticəsində bugünkü tablo ortadadır. Lakin bir şeyi qeyd etmək lazımdır ki, açıq havada tibbi maskasız gəzmək, metronun açılması ünsiyyətin kəskin şəkildə artmasına səbəb olacaq. Çünki insanlarımız uzun zaman idi ki, maskadan qurtulmaq, davamlı olaraq bir yerdə vaxt keçirmək istəyirdilər, ictimai nəqliyyatda, hərəkətdə problemlər yaşayırdılar, metro bağlı, bölgələrə ictimai nəqliyyatla gediş-gəliş qadağan idi. Artıq bunların hamısı bərpa olundu. Lakin bunun fonunda biz ortada olan digər qaydalara riayət etməliyik. Məsələn, açıq havada tibbi maska taxmaq tələbi yoxdursa, yaxın ünsiyyətdə maskadan istifadə etmək lazımdır. Həmçinin hər birimiz maksimum dərəcədə gigiyenik qaydalara əməl etməliyik.
Hamımız birlikdə çox çətin, gərgin, həyəcanlı, itkilərlə dolu bir il yaşadıq. Əgər istəyiriksə ki, bu situasiya, karantin, xəstəlik yenidən geri dönməsin, onda deyilən qaydalara bu günlərdə də əməl etməliyik, üstəlik, daha məsuliyyətli şəkildə. Çünki virus hələ bitməyib, dünyada tüğyan etməkdədir. Həmçinin ölkəmizdə də hələ müəyyən əhəmiyyətli sayda yoluxma davam etməkdədir. Bir daha vurğulayıram ki, tələb olunan qaydalara yetərincə əməl etməsək, onda situasiya yenidən geri dönəcək. Ona görə də hər bir vətəndaşın üzərinə əvvəlkindən daha ciddi məsuliyyət düşür. Əks təqdirdə, yenə də acı nəticələrlə üz-üzə qala bilərik".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında Bakı metrosunun fəaliyyətə başlamasını çox təqdir etdiyini bildirdi:
“Çox sevindirici haldır ki, “Formula-1” yarışları ilə əlaqədar yolların bağlanıldığı gündən metro fəaliyyətə başladı. Çünki yarış zamanı insanlarımız yolda çox əziyyət çəkəcəkdi.
Məlum olduğu kimi, indiyə qədər avtobuslar metronun yükünü çəkirdi. Bu həftədən etibarən isə metro yarış günlərində avtobusların yükünü çəkmiş olacaq. Yarışların əhatə etdiyi ərazi o qədər də böyük deyil. Lakin həmin ərazilərdə yolların bağlanılması şəhər nəqliyyatına çox ciddi təsir göstərir. Bu gün səhər saatlarından müşahidə etdik ki, bəzi marşrutlar Bayıl istiqamətinə yönləndirilib. Nəticədə Dövlət Dəniz Administrasiyasının qarşısından başlanan tıxac Milli Məclisin qarşısına qədər davam edir. Yəni nəqliyyatda bu dərəcədə sıxlıq var, hətta bununla bağlı əvvəlcədən sürücülərə xəbərdarlıq olunmasına baxmayaraq.
Metro həm də tıxacların qarşısını almış olacaq. Çünki bundan əvvəl pik saatlarda yaranan tıxacların əsas səbəbi taksilərin hədsiz dərəcədə nəqliyyatda yüklənməsi ilə bağlı olurdu. Təkcə taksilər deyil, işdən sonra öz şəxsi avtomobili ilə metro stansiyalarının yanında sərnişin götürüb, pul qazanan sürücülər də az deyildi və bu faktın özü böyük tıxaclara gətirib çıxarırdı.
Bir həftədən sonra metro ilə paralel avtobuslar da normal xidmət göstərəcək və bu, həm sərnişinlər, həm də sürücülər üçün yaxşı proqnozlar verməyə insanı ruhlandırır. Sadəcə, bu bir həftəni yola verməliyik".
Sosioloq Əhməd Qəşəmoğlu da məhdudiyyətlərin aradan qaldırılmasının cəmiyyət üçün çox böyük əhəmiyyətə malik olmasından danışıb:
“Şərtlərin yumşaldılması çox gözəl hadisədir. Uzun müddət idi ki, buna çox böyük ehtiyac olduğu haqda müzakirələr aparır, fikirlər səsləndirirdik. Məsələn, ötən il bu vaxtı yoluxma sayı daha çox idi, insanlar bir yerdə hərəkətsiz qalmışdılar, Günəş enerjisi ala bilmirdilər, bu da insanlarda D vitamininin azalmasına gətirib çıxarmışdı, evdəki gərginlik və sairə bütün bunların hamısı xəstəliyin daha da artmasına, sürətlənməsinə təsir edirdi.
Dünya ölkələrinin təcrübəsindən də gördük ki, yumşalmalarla paralel bu xəstəliyin yavaş-yavaş tam sovuşmasının qaydalarını öyrənməliyik. Bundan əvvəl də açıqlamalarımda qeyd etmişdim - necə ki, kəndlərdə insanlar ilanlarla birgə yaşamağı öyrənir, eləcə də bu xəstəliklə yaşamağı öyrənməliyik. Yumşalmalar da onu deyir ki, biz indi daha çox məsuliyyətli olmağı öyrənməliyik. Əlbəttə ki, artıq bunu müəyyən qədər öyrənmişik, lakin bu yumşalma o demək deyil ki, xəstəliyin təhlükəsi də getdi. Bu xəstəliyin təhlükəsi hələ də bizimlədir. Ona görə də əhali arasında çox sayda müxtəlif maarifləndirmə işləri aparılmalıdır ki, əhalinin məsuliyyəti daha da artsın. Həmçinin insanlarla psixoloji söhbətlər aparılmalıdır ki, gələcəyə inamı artsın, qorxuları azalsın, insanlara qarşı etinasızlıq yavaş-yavaş aradan qaldırılsın".
1-06-2021, 06:42 | 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
31-05-2021, 09:43 | Bir ölür, min dirilirik: Vətən müharibəsində şəhid düşmüş XTQ-çilər - FOTO

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) Vətən Müharibəsində şücaəti, peşəkarlığı və cəsarəti ilə tarix yazdı.
Vətən Müharibəsində şəhid olmuş XTQ döyüşçülərinin bir qisminin fotolarını təqdim edir:
1. Musa Əlifağa oğlu Əsgərov
2. Babayev Rəşad Ağabəy oğlu
3. Sabir Ceyhun oğlu Heydərov
4. Məmmədov Kənan Niftali oğlu
5. Şəhriyar Nəsib oğlu Quliyev
6. Şəhriyar Kamil oğlu Abdullayev
7. Əlövsət Seyidxan oğlu İbrahimov
8. Mehti Yalçın oğlu Şıxəliyev
9. Xəyal İman oğlu Şəkərov
10. Devran Fazil oğlu Nayıbov
11. Əmrah Firavan oğlu Həmidov
12. Valeh Vahid oğlu Bədəlov
13. Zahir Eyvaz oğlu Feyzullayev
14. Elməddin Elşən oğlu Həsənov
15. Həmid Cavanşir oğlu Abbasbəyli
16. Rəşad Arif oğlu Abdullayev
17. Allahverdiyev Asiman Niyaz oğlu
18. Cabbarov Orxan Rövşən oğlu
19. Məmmədov Ayxan Rəfail oğlu
20. Şirinov Kamil Əliş oğlu
21. Atakişiyev Rüstəm Zahid oğlu
22. Musayev Sahib Musa oğlu
23. Xəlilov Namiq İlyas oğlu
24. Mirzəyev Elmar Şahin oğlu
25. Dünyamalıyev Ceyhun Zeynal oğlu
26. Vəliyev Elnur Əli oğlu
27. Fezullayev Beyrək Seyfullah oğlu
Allah rəhmət eləsin! Ruhunuz qarşısında baş əyirik!


























Milli.Az
31-05-2021, 09:28 | XƏBƏRDARLIQ: Göndərilən bu mesajları açmayın, əks halda...

"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur".
Bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib.
"Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin", - deyə mütəxəssis xəbərdarlıq edib.
Qeyd edək ki, oxşar kampaniya hazırda "WhatsApp" mesajlaşma tərbiqində sürətlə yayılır.
Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük.
31-05-2021, 00:30 | Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.
Bu gündən bir sıra yumşaldılma tədbirinin görülməsinə qərar verilib.
Bunlar aşağıdakılardır:
- Bu gün 06.00-dan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;
- Metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;
- Bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;
10 iyundan isə aşağıdakı yumşalmalar olacaq:
ibadət yerləri açılır;
- İri ticarət mərkəzləri açılır;
- Çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;
- İdman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.
- Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.
İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq
31-05-2021, 00:00 | Bu gündən açıq havada maska taxılması ləğv olunur

Bu gün 06.000-dan etibarən Azərbaycanda açıq havada maska taxılması ləğv olunur.
Azərbaycanda xüsusi karantin rejiminin bu gündən yumşaldılmasına qərar verilib.
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.
28-05-2021, 14:16 | Nazir bir gündə 25 vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyində kütləvi ixtisarlar başlanılıb.
Nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə, nazirliyin Audit, Telekommunikasiya və poçt, həmçinin digər müxtəlif şöbələrində çalışan 25 vəzifəli şəxs bir gündə işdən çıxarılıb.
(unikal.org)
28-05-2021, 13:55 | Magistraturaya qəbul imtahanının II cəhdinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il mayın 26-da keçirilmiş qəbul imtahanının II cəhdinin nəticələrini elan edib.
Mərkəzdən verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 14693 bakalavrdan 265 nəfəri imtahana gəlməyib. İmtahanda göstərilən ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qrupları üzrə 30, 40, 45 və ya 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var). Jurnalistika üzrə magistr ixtisaslaşmalarının və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarının müsabiqəsində iştirak etmək üçün qəbul imtahanının müsabiqə şərtlərini ödəməklə yanaşı, qabiliyyət imtahanı verib məqbul qiymət almaq tələb olunur. Həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrlar 2021-ci il iyunun 1-dən 6-dək DİM‑in internet saytında qabiliyyət imtahanında iştirak etmək üçün elektron qeydiyyatdan keçməli və DİM tərəfindən elan olunan tarixdə qabiliyyət imtahanı verməlidirlər.
İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tənzimlənir (həmin cədvəl "Magistr" jurnalının növbəti sayında dərc ediləcəkdir).
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 iyun 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 29 - 31 may 2021‑ci il tarixlərində DİM-in internet saytında yerləşdiriləcək elektron apellyasiya ərizəsini doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya zamanı bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
28-05-2021, 13:26 | Vaksinasiyaya görə növbə götürmək üçün bunu etmək lazımdır - VİDEO

Son günlər sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında poliklinikalarda olan növbə problemi ilə bağlı məlumatlar yayılır. Amma əslində bu problemlər olmaya da bilər. Bunun üçün isə randevu.its.gov.az saytına daxil olaraq qeydiyyatdan keçmək tövsiyə olunur.
Bu saytdan qeydiyyatdan keçməklə növbə gözləmədən peyvənd olunmaq mümkündür.
2 dəqiqə vaxt sərf etməklə uzun növbə gözləmədən peyvənd olunmaq mümkündür. Ancaq ya məlumatsızlıqdan, ya da laqeydlikdəndir ki, bəzi insanlar elektron xidmətlərdən istifadə etmirlər və nəticədə poliklinikalarda uzun növbələr yaranır.
Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan randevu.its.gov.az saytına daxil olub ordakı təlimatları yerinə yetirməklə rahatlıqla növbəyə yazılmaq mümkündür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Pərvin Baxşəliyeva deyib ki, bu sayt təkcə insanların rahatlığını təmin etmir, eyni zamanda işlərin daha tez həll olunmasına imkan verir.
Xatırladaq ki, sayt fevral ayından istifadəyə verilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:(xezerxeber.az)


















