21-05-2021, 07:03 | “Leş mafiyası” iş başında: Ətə qırmızı rəng qatılır - Ölüm saçır!

Sosial şəbəkədə istifadə etdiyimiz ətə qırmızı rəng qatılması barədə foto paylaşılıb. Görüntüdə göstərilir ki, marketdən alınan ətin bir hissəsi qaba qoyulur. Müəyyən müddət keçəndən sonra həmin qabda ətdən çıxan suyun rəngi marağa səbəb olub. Qabda suyun rənginin qan rəngində deyil, bənövşə rəngində olduğu görünür. Bu isə o deməkdir ki, ətə rəng qatılıb.
Dəfələrlə sosial şəbəkədə xarici mütəxəssislərin süni ət hazırlaması haqqında müxtəlif formada videolar yayılıb. Bir neçə gün öncə ölkəmizdə yayılan video əhali arasında narahatlığa səbəb olub.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "serg.az"a açıqlamasına görə, AİİB 20 ildən çoxdur ki, təhlükəli ətlərlə mübarizə aparır. Onun sözlərinə görə, ölkəmizdə leş ətlərin satışını həyata keçirən mafiya var:
"Həmin ətləri restoran və kafelərə göndərən qruplar mövcuddur. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Təəssüf ki, DİN həmin insanları həbs etsə də məhkəmələr azad edir. Ölkəmizdə hətta kiloqramı 3 manata olan ətlər var. Həmin ətlər qanuni kəsilir, lakin həddindən artıq qocalmış heyvan ətləridir. Belə ətlər bazara çıxarılmır, 2-3 manata kolbasa və sosiska sexlərinə verilir. Qida Təhlükəsizliyi Agentliyi (QTA) mövcud durumu düzəltmək üçün işlər görür.
Düşünürəm ki, yaxın 2-3 ildə bu məsələ həll olunacaq. Heyvanların identifikasiyası həyata keçiriləcək, dünyaya gələndən sona qədər izlənilmə sistemində olacaq. Belə olduğu halda pis və yaxud rəng qatılan ətlər bazara çıxarıla bilməyəcək. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları, o cümlədən ətlər paketlərə bükülsün və üzərində buraxılma tarixi və yararlılıq müddəti olsun.
QTA satışa çıxarılan hər bir ətin üzərində müəyyən identifikasiya olması və məhsulu mobil tətbiqlərdə oxumaq üçün işlər görür. Yəni bilinsin ki, məhsul hansı fermer təsərrüfatından gəlib, neçə yaşında olub, nə vaxt kəsilib və.s. Düşünürəm ki, ölkəmiz buna doğru gedir".
E.Hüseynov vurğulayıb ki, bütün insanlar QTA-nın apardığı işə dəstək verməlidir:
"Kim təhlükəli əti satır, onu kimyalaşdırır və rəng vurursa, böyük ictimai qınaq həyata keçirilməlidir. Cəmiyyət əl-ələ verib mübarizə aparmazsa, nəticə olmayacaq. QTA və DİN vaxtaşırı olaraq belə qanunsuzluqları ifşa edir".
21-05-2021, 06:56 | Avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO

Xüsusi karantin rejimini xeyli vaxtdır yumşaldılıb, eləcə də bəzi təhsil ocaqları, iş yerləri açılıb. Hər gün yüzlərlə insan mənzil başına çatmaq üçün ictimai nəqliyyatdan istifadə edir. Son günlər havaların isti keçməsi və avtobuslarda sərinləşdiricilərin işə salınmaması vətəndaşlar arasında ciddi narazılıq yaradıb.
Havaların isti keçməsinə baxmayaraq ictimai nəqliyyatlarda sərinləşdirici sistem hələ də işə salınmayıb.
Yazın son ayı mayda adətən insanlar üçün hava temperaturunun ən komfort göstəriciləri müşahidə edilir. Lakin bu ilin may ayının birinci yarısında havanın orta sutkalıq temperaturu 17 dərəcəyə yaxın olub ki, bu da normadan 0,9 dərəcə yüksək hesab edilir. Havaların isti keçdiyi bu günlərdə ictimai nəqliyyatda sərinləşdiricinin işlədilməməsi sərnişinlərin şikayətinə səbəb olub.
Sürücülər də bildirirlər ki, hava isindikcə vətəndaşların narazılıqları artıb. Hələki ictimai nəqliyyatlarda nəfəslikləri açırlar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, nəqliyyatların sərinləşdirici sistemləri qarajlarda tənzimlənir. Əgər gün başlanğıcında sistem yandırılarsa sadəcə qaraja gələndə söndürmək olur. Belə olanda isə səhər və axşam havanın sərin olduğu vaxtda avtobusların daxili sərnişinlər üçün hədsiz soyuq olar.
Mais Ağayev onu da bildirib ki, əgər istiləşmə artsa tarix dəyişə bilər. xezerxeber.az
20-05-2021, 06:45 | Bu gün 18 minə yaxın şagird "Azərbaycan dili" imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində "Azərbaycan dili" (dövlət dili kimi) fənnindən test imtahanı keçirilir.
DİM-dən averilən məlumata görə,İmtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Xatırladaq ki, hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.
İmtahan 45 dəqiqə müddətində aparılır.
İmtahanda ümumilikdə17987(Bakıda 11844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1690 nəzarətçi-müəllim ayrılıb, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.
20-05-2021, 06:37 | Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucalan İsmayıl Salmanov - VİDEO - FOTO

Şəhid İsmayıl Salmanov Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucaldı. 24 yaşı tamam olan İsmayılın şəhadətdə olan ilk doğum günü qeyd edilir. İsmayıl cismən həyatda olmasa da, şanlı tariximizin səhifələrində əbədi yaşayacaq.
AZƏRTAC bildirir ki, Salmanov İsmayıl Rəhman oğlu 1997-ci ilin bu günündə məcburi köçkün ailəsində İmişli rayon Bəhrəmtəpə qəsəbəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarındaykən ermənilərin Azərbaycan xalqına etdiyi zülmlər haqda valideynlərindən məlumat alıb. Birinci Qarabağ müharibəsində şəhid olan dayısının qəhrəmanlıqlarından xəbərdar olan İsmayıl vətənpərvər ruhda böyüyərək gələcəyin hərbçisi olacağına qərar verib. Yeniyetmə çağlarında isə İsmayıl və ailəsi Zobucuq qəsəbəsində məskunlaşır. Orta məktəbdə oxuyarkən hərbi akademiyada təhsil almaq istəsə də, bəzi çətinliklər səbəbindən onun arzusu gerçəkləşmir. Həqiqi hərbi xidmətə yollanan İsmayıl ön cəbhədə qulluq edir. Hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışmağa başlayır. İsmayıl hərbçi olmaq arzusunun arxasınca gedir, mülki işindən imtina edərək hərbçi olur və həmlə taborunda Vətənin keşiyində dayanır.
Şəhid anası Yeganə Hüseynova söyləyib ki, İsmayıl işğal altında olan torpaqlarımızın azad ediləcəyi günə inanırdı. Ana yurdu Xocavənd, ata yurdu isə Füzuli rayonu olan İsmayıl öz ailəsinə "sizləri o torpağa qovuşduran biz olacağıq", - deyə söz verib. O, sözünə sadiq qalaraq torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər qəhrəmancasına döyüşüb. Ata və anasına isə "torpaqlarımız azaddır", - deyə müjdəsini çatdırıb.
Şəhid İsmayılın qəhrəmanlığından danışan dayısı Namiq Hüseynov bildirib ki, İsmayıl kimi qəhrəman oğulların şücaəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad oldu. Hələ 1990-cı illərdə erməni vəhşiliyinə şahid olan şəhidin dayısı söyləyib ki, ermənilər dinc əhaliyə qarşı amansızlıq törədərək bizləri doğma torpaqlarımızdan didərgin saldılar. Vaxtilə torpaqlarımızda qucaq açdığımız ermənilər bizlərə qarşı namərdlik etdi. Lakin bu gün qəhrəman oğullarımız torpaqlarımızı azad etməklə şəhidlərimizin qisasını aldı. İsmayılın döyüş yolundan söhbət açan şəhid dayısı deyib ki, sentyabrın 27-də düşmənin hücumunun qarşısını almaq məqsədilə başlayan əks-həmlə əməliyyatlarında İsmayıl ilk döyüşə atılanlardan oldu. Onun döyüş yolu Cəbrayıl, Xocavənd, Füzulidən keçib. Həmlə taborunda snayperçi olan İsmayıl düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak edib. Vətən müharibəsinin 28-ci günündə, oktyabrın 24-də İsmayıl Füzuli rayonu ərazisində İlandağ deyilən yerdə gərgin döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İsmayıl Füzuli rayonu Alxanlı kəndində torpağa tapşırılıb. Qeyd edək ki, İsmayıl döyüşlərdə göstərdiyi şücaətinə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.















20-05-2021, 06:11 | 65 yaşlı kişi avtobusda gördüyü qadına görə Elgizin verilişinə çıxdı - VİDEO

65 yaşlı azərbaycanlı kişi avtobusda tanış olduğu qadını axtarır.
Vasib adlı şəxs bunun üçün "Elgizlə izlə" verilişində müraciət edib:
"Firuzə adlı qadını axtarıram. Onunla avtobusda tanış olmuşam. Dedi ki, yoldaşım rəhmətə gedib. Baxdım, yaxşı qadındır. Mən gələn il pensiyaya çıxacam. Xahiş edirəm ki, onu tapın. Düz 8 aydır Bakıda qalır. Yoldaşım 2013-cü ildə rəhmətə gedib, iki qızım var. Tək yaşayıram". lent.az
20-05-2021, 06:05 | Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.
Qeyd edək ki, 2020-ci ilin 3 ayında 12 311 nikah dövlət qeydiyyatına alınmışdı. Boşanmaların sayı isə 3940 təşkil etmişdi. Hər iki göstərici üzrə ötən illə müqayisədə azalma qeydə alınıb.Trend
19-05-2021, 07:10 | Açıq havada maska məcburiyyəti ilə bağlı AÇIQLAMA

"Həkimlər yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşıdır".
Bunu "ARB 24"ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Vüqar Qurbanov deyib.
O bildirib ki, açıq havada maska məcburiyyətindənsə, maskadan düzgün istifadə daha əhəmiyyətlidir:
"Bu gün tətbiq olunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölüm halları da müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik.
Bu gün açıq havada maskanın taxılıb-taxılmaması müzakirə olunur. Biz həkimlər ilk gündən yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşı olmuşuq. Bəzi insanlar həftələrlə eyni maskanı istifadə edir. Belə hallarda onun açıq və ya qapalı məkanda taxılmasının heç bir mənası yoxdur. Buna görə maskadan düzgün istifadə daha əhəmiyyətlidir".
17-05-2021, 00:30 | Bu gündən məktəblər açılır

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.
Trend bildirir ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.
Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.
Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. Xüsusi məktəblərin ibtidai və ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə), karlar, zəif eşidən və sonradan karlaşmış və kor şəxslər, həmçinin nitqi qüsurlu şəxslər üçün xüsusi internat məktəblərinin ibtidai və ümumi orta təhsil səviyyəsində tədris (I-XI, I-XII, I-X, I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani keçiriləcək.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.
Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilmişdi.
15-05-2021, 06:08 | Damarların tıxanması və qanın qatılaşması xəstəlik yox, simptomdur - Həkim əsl səbəbi AÇIQLADI

Tanınmış həkim, manual terapevt doktor Şişonin ateroskleroz kimi tanınan damar tıxanmasının əsl səbəbini açıqlayıb.
O bildirib ki, ateroskleroz onurğa arteriyalarında qan dövranın pisləşməsini göstərən simptomdur, ayrıca özlüyündə yaranan xəstəlik deyil.
Bu problemi olan xəstələr onurğa və boyun arteriyalarının UZİ-sini etdirməlidir. Onurğa arteriyaları beyin kökünü qidalandırır.
Damarlarda yaranan pitraqlaşmalar köpüklü olur, onlar qanın köhnəlmiş makrofaqlarıdır, hansı ki, damarların divarından içəri sızıb və burda pis xolesterini yeyərək bərkiyir.
Bu mübadiləni aparan mərkəz isə beyindəki hipotalamusdur. O, lazım olan qədər qanla qidalanmadıqda, onurğaya gedən qan dövranı pozulur, damarların içində atrerosklerostik tıxanmalar yaranır.
Normal hipotalamus makrofaqlara düzgün əmr verir və onlar damarın içində lazım olmayanı yeyib, digər yerə aparmalıdır.
Burdan belə aydın olur ki, təzyiq xəstəliyi, diabet, damarların tutulması heç də müstəqil xəstəlik yox, beyin kökü və hipotalamusun oksigen aclığı və qan dövranı pozulmasının nəticəsidir.
Hipotalamusu qidalandıran onurğa arteriyalarıdır. Bu arteriyaların sıxılması, hərəkətsizlik, ostexondroz, protruziya və s. hipotalamusun işini pozur. Ona görə də gənclər yuxarıdakı xəstəliklər yaranmasın deyə, onurğa və boyun arteriyalarının yaxşı işləməsini yoxlamalı və onurğanı daim hərəkətdə saxlamalıdırlar. /medicina.az
13-05-2021, 00:30 | Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün Azərbaycanda Ramazan bayramıdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.
Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.
İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.
Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
QMİ-nin fətvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Qeyd edək ki, Ramazan ayı aprelin 14-də başlamışdı.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləridir. İş həftəsi mayın 16-dan başlayacaq.


















