12-10-2021, 04:34 | 44 günlük Vətən müharibəsinin xronikası: 12 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verib.
- Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Düşmən alayının tabor komandiri və xeyli sayda canlı qüvvəsi məhv edilib.
- Emənilərin Tərtər rayon Kəngərli kəndini top atəşinə tutması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
- Müdafiə Nazirliyi düşmənin 3 PUA-sının məhv edilməsinin videogörüntülərini yayıb.
- Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.
- Müdafiə Nazirliyi Cəbrayılın işğaldan azad olunan Süleymanlı kəndindən videogörüntülər yayıb.
- Emənilərin Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10- a çatıb.
Trend
9-10-2021, 10:50 | Talış kəndinə çəkilən yolda genişmiqyaslı tikinti işləri aparılır - FOTO

Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə genişmiqyaslı tikinti işlərinə start verilib.
Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir.
4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.
Dövlətimizin başçısının tapşırığına əsasən Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 13 və 10 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1.8 km-lik hissəsində artıq asfaltlanma işləri icra olunub. Yolun Talış-Tapqaraqoyunlu hissəsində isə layihəyə uyğun olaraq torpaq yatağı tikintisi icra olunur. Bunun üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yol yatağı genişləndirilir.
Daha sonra layihəyə uyğun olaraq torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşasına start veriləcək, ardınca isə yeni asfalt-beton örtüyü döşənəcək.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunacaq, zəruri yerlərdə yeniləri inşa ediləcək. Bundan başqa layihə çərçivəsində yolun Tapqaraqoyunlu hissəsində İncəçay üzərində yeni avtomobil körpüsünün tikintisi də icra olunacaq.
Bütün işlər "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən agentliyin rəhbərliyinin nəzarəti altında aparılır.
Qeyd edək ki, görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.
Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.
Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.
5-10-2021, 08:03 | - Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən texnikasının görüntüləri. - Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olduğunu və 121 nəfər yaralan

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad ediyini açıqlayıb.

- Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən texnikasının görüntüləri.
- Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olduğunu və 121 nəfər yaralandığını açıqlayıb.
- Ermənistan Silahlı Qüvvələri Bərdə, Gəncə, Göygöl və Goranboyu atəşə tutub.
- Bərdəyə atılan raket mərmisinin qəlpələrindən 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntüləri yayılıb.
- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb.
- Ermənistan Ağcabədini atəşə tutub yaralananlar olub. Düşmənin 4 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib
Trend
4-10-2021, 12:00 | Məktəb yaxınlığında siqaret satan köşklərlə bağlı monitorinq keçiriləcək

Orta məktəblərə yaxın yerlərdə qəzet köşklərində siqaret satılması ilə bağlı monitorinq keçiriləcək.
Bu barədə Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, ümumilikdə parlamentin payız sessiyası ərzində "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası ilə bağlı monitorinq keçiriləcək və monitorinqin nəticələri geniş müzakirəyə çıxarılacaq.
Komitə sədri vurğulayıb ki, qanuna əsasən, bütün qapalı məkanlarda siqaret çəkməyə görə cərimələr nəzərdə tutulub:
"Qanun məktəblərin yaxınlığında siqaret satışını qadağan edir. Ancaq təəssüflər olsun ki, qanunun tələbləri pozulur, məktəbə yaxın yerlərdə, əsasən qəzet köşklərində siqaret satışı, o cümlədən siqaretin ədədlə satılması müşahidə edilir. Bizə bu barədə müraciətlər daxil olur. Ona görə biz istəyirik ki, bu məsələ ilə bağlı monitorinq keçirək və payız sessiyasının sonunda geniş müzakirəyə çıxaraq".
4-10-2021, 11:52 | Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi - VİDEO - FOTO

44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu yalnız irəliyə gedərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov və hərbi ekspert Ruslan İmanquliyev Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibələri zamanı 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi qələbəsini şərh ediblər.
Ş.Ramaldanov qeyd edib ki, Vətən Müharibəsindəki hərbi əməliyyatlar əvvəlcədən hazırlanan plan üzrə gedirdi:
"Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi. Həmin ərazi strateji cəhətdən çox əhəmiyyətli idi. Ordumuzun cənub istiqamətində əməliyyat aparması düşmən üçün gözlənilməz oldu. Çünki onlar bizi Ağdam-Xankəndi istiqamətində gözləyirdilər."
Ehtiyatda olan polkovnikin sözlərinə görə, döyüşlərin vahid mərkəzdən idarə olunması çox vacib amil idi. Ali Baş Komandan Prezident İlham Əliyev bütün döyüşlərə bilavasitə özü rəhbərlik edib qərarları təsdiq edirdi:
"İkinci Qarabağ müharibəsi 21-ci əsrin tələblərinə cavab verən müasir tipli müharibə idi. Birinci Qarabağ müharibəsini görmüş biri kimi hazırkı inkişaf etmiş ordumuzla qürur duyuruq. Bütün inkişaf qələbə üçün idi və biz bu qələbəyə nail olduq"
Hərbi ekspert Ruslan İmanquliyev həmçinin Cəbrayıl istiqamətindəki döyüşlərin çox təhlükəli olduğunu bildirib:
"Xüsusi Təyinatlı Qüvvələrin, eyni zamanda hərbi hava qüvvələrinin, raket artilleriya qoşunlarının dəstəyi ilə bu çətin əməliyyat uğurla başa çatdı.
Düşmən sadəcə bizim ordunun tərkibindəki "YAŞMA" adlandırılan, onların qorxulu yuxusuna çevrilən xüsusi təyinatlılarımız haqda bilirdi. Digər qurumlardakı xüsusi təyinatlılardan xəbərdar deyildilər. Dərinliklərdə bütün xüsusi təyinatlı qüvvələrin, eyni zamanda havadan piltosuz uçuş aparatlarının tətbiq olunması düşməni bir anda şok vəziyyətinə saldı."
30-09-2021, 07:42 | Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadə Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. O, ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb.
Görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlayıb. 1948-1958-ci illərdə AEA-nın Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. O, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləyib.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib. Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak edib.
Alim 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət neft və Sənaye Universiteti) kafedra müdiri işləyib. O, orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.
Azad Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.
Görkəmli alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri həllini tapıb. 400-dək elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
A.Mirzəcanzadə həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak edib. O, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. Dünya şöhrətli akademikin elmi kadrların və yüksəkixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında əvəzsiz rolu olub, onun elmi məktəbinin davamçıları nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərdə və istehsalat müəssisələrində çalışırlar.
Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də vəfat edib. Azərbaycanın elmi ictimaiyyəti dünya şöhrətli alim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadənin xatirəsini daim dərin hörmətlə anır.
AZƏRTAC
24-09-2021, 06:20 | “İnsanları öldürən COVID-19 deyil” - Professordan maraqlı AÇIQLAMA

"Koronavirus xofunu birdəfəlik unudaq"
"İnfeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur".
ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyevin COVID-19-la əlaqəli əhalini maraqlandıran sualları cavablandırarkən belə deyib.
Professor qeyd edib ki, mutant ştammından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir:
"Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır".
M.Qəniyevin sözlərinə görə, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır:
"Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də, yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür.
Hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölümü xəbəri verilir. Bu da digər insanlara güclü psixoloji təsir göstərir. Əslində ölümün səbəbi rəsmi mənbələrə istinadən yalnız patoloq-anatomun təsdiqindən sonra verilməlidir. Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Canlı toxuma, postnatal inkişafın yaş dövrlərinə uyğun olaraq, məruz qaldığı mərhələli dəyişikliyin hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətini yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni, ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər əbədi yaşam qanunudur. İnsanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur".
M.Qəniyev əvvəlki ştammlara nisbətən daha yoluxucu və daha aqressiv olan "Lyambda" və "Mu" ştamlarının yayılması haqqında xəbərlərə də aydınlıq gətirib:
"Bu ştamlar COVID-19-dan genom fərqliliyi göstərən 24 mutant ştammdan bir neçəsidir. Onların hər birinin ayrı-ayrılıqda mutasiya variantları var. Məsələn, "Lyambda" ştammının virogen fəallığına nisbi təsir göstərən səkkiz, virogen fəallığına praktik olaraq təsir göstərməyən, iyirmi funksional aktiv mutasiyası var. Bunların içərisində yalnız T76I и L452Q, eləcə də NTD-domeni mutasiyasının patogen fəallığının yüksək olması ehtimal olunur. T76I и L452Q mutasiyası virusu tənəffüs yolu epitel hüceyrələrinin ACE2 reseptorlarına bağlayan SHCO14 spayka (yapışan) zülal fraqmentinin özündə, sonuncu isə, spayka zülalın özünün bağlandığı domendə baş verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 30-da nəzarətə götürdüyü və hazırda dünyada koronavirusa ümumi yoluxmanın cəmi 0,1%-ni təşkil edən "Mu" ştammında genom dəyişikliyi, yenə də virusu ACE2 reseptorlarına bağlayan SHCO-14 spayka zülalında baş verir, yəni 146 N nuklen əlavəsi (N-terminal domendə, AAC kodonda 3 nukleotid- Aspargin aminturşusu (Asn/N) əlavəsi) və furin parçalanma- genom sahəsində (S1/S2 parçalanma saytı) P681 mutasiyası. Göründüyü kimi, istər "Lyambda", istərsə də "My" ştamında ana virus - COVID-19-dan fərqlilik yalnız SHCO-14 zülalında törənən dəyişiklikdir. SHCO-14-ün yeganə funksiyası virusa yoluxmanın təminatçısı olmaqdır. Odur ki, bu struktur vahidində törənən dəyişiklik heç bir halda virusun patogen fəallığı və letallıq əmsalının yüksəlməsi və ya xəstəliyin ağır gedişinə səbəb ola bilməz".
Professor xatırladıb ki, COVID-19-un genom fərqliliyi göstərən bütün mutantları, o cümlədən "Lyambda" və "Mu" ştammları da ana ştammdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı və s.) ilə fərqlənməlidir:
"Bu, mutasiyaya uğramanın əsas şərtidir, əks halda ana ştammın (COVID-19) mutasiyaya məruz qalmasını söyləmək olmaz. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet - hər kəsi, bütün mutant ştammlardan, o cümlədən, "Lyambda" və "Mu" ştammndan da aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrar yoluxma ehtimalı 0,002 faiz nisbətindən yüksək olmamalıdır. Bu baxımdan ştammların yalnız ehtimal olunan xüsusiyyətlərini reallıq kimi qiymətləndirib yazmaq, danışmaq, insanları şiddət altında saxlamaq yolverilməzdir".
Professor bildirib ki, əhalinin 40-60%-nin vaksinləşəcəyi təqdirdə guya virusun daha dözümlü mutant ştammlar yaradacağı ilə bağlı deyilənlər də əsassızdır:
"Bu mutasiyalar virus RNT-sinin simbioz yaşamağa xidmət edən, letallıq mutasiyasının nəticəsi kimi əmələ gəldiyindən, vaksinlərin ona təsiri, ana ştamma təsirilə müqayisədə daha güclü olmalıdır. Həmçinin, istənilən virus populyasiyasında əsaslı genom fərqliliyi göstərən, letallığı çox yüksək və son dərəcə patogen virus ştammı, yalnız orqanizmin məlum virus ailəsini mütləq şəkildə "özündən təcridə" son cəhdi halında əmələ gələ bilər. Ana ştammın (COVID-19) bu dəyişikliyə uğraması üçün ən azı 8-10 il vaxt lazımdır.
COVID-19 insanları öldürmür. İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu - yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus "xofunu" birdəfəlik unutmaqdır".
modern.az
23-09-2021, 05:44 | BNA sərnişindaşıma şirkətlərinə tapşırıq verdi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinə tapşırıq verib.
Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara xəbərdarlıq məktubu ünvanlanıb: "Yeni tədris ilinin başlanması ilə əlaqədar daşıyıcı şirkətlərin rəhbərləri ilə keçirilən görüşdə də sürücülərin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasına dair tapşırıqlar verilib".
Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə göstərilir ki, iş və xidmət sahələrində işçilərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir.
22-09-2021, 05:59 | Bu gündən I-IV siniflərdə dərslər başlayır

Bu gündən etibarən ölkədəki bütün məktəblərdə I-IV siniflərdə dərslər bərpa olunur.
V-XI siniflərdə əyani təhsil isə 29 sentyabr tarixindən başlayacaq.
Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.
Qeyd edək ki, yeni tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.
21-09-2021, 20:03 | Yoluxanlarla bağlı günün statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1594 yeni yoluxma faktı qeydə alınıb, 2543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 26 nəfər COVID-19-dan dünyasını dəyişib.


















