22-01-2021, 10:39 | Xəzərin səviyyəsi daha da aşağı düşəcək? - ETSN aydınlıq gətirdi

Son vaxtlar Xəzər dənizinin səviyyəsi ilə bağlı müxtəlif fikirlər mətbuatda yer alır. Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər.
Bunu ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, bunlardan biri də dənizin gələcəkdə 9-18 metr aşağı düşəcəyi haqqında proqnozla bağlıdır.
U.Tağıyeva əhaliyə bu cür proqnozların heç bir tarixi əsasının olmadığını və yalnız yüzdə bir faiz ehtimal oluna biləcək bir fərziyyə kimi nəzərə almalarını tövsiyə edib.
"Ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri mütəmadi xarakter daşıyıb. Belə ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunan ən aşağı həddə - Baltik sistemi ilə -29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq -26,5 metrə çatıb".
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sözlərinə görə, Xəzər dənizi üzərində aparılmış uzunmüddətli müşahidələrə əsasən dənizin səviyyəsinin dəyişmə amplitudası son 100 ildə 3 metrdən artıq olmayıb.
"Avropalı alimlərin verdiyi proqnoz, onların Xəzər dənizinin cazibə səviyyəsi barədə anlayışlarının olmadığını göstərir. Cazibə səviyyəsi o deməkdir ki, dənizin səviyyəsi qaxdıqca güclü buxarlanma baş verir və səviyyənin aşağı düşməsinə səbəb olur. Səviyyə azalanda dənizdə buxarlanma da azalır və nəticədə suyun səviyyəsinin yenidən qalxır".
Akademik onu da qeyd edib ki, riyazi modellərin nəticələrinin təhlilində istənilən ərazinin təbii-coğrafi şəraiti nəzərə alınmalıdır. Əks halda həqiqətə uyğun olmayan bu cür yanlış proqnozlar üzə çıxmış olur.
"Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Bunun səbəbi iqlim faktoru ilə bağlı kifayət qədər qeyri-müəyyənliklərin olması, dənizə tökülən iri çayların sululuğunun həcmi, baş verən dənizdibi tektonik proseslər və digər amillərlə izah edilir".
22-01-2021, 10:10 | Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Beyləqan, Qubadlı, Zəngilan, Tərtər, Tovuz və Xocavənd rayonları ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 7, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.
Agentlikdən verilən məlumata görə, daxil olmuş 8 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 124 ədəd partlamamış hərbi sursat (PHS), 7 ədəd piyada əleyhinə mina, 3 ədəd təlim məqsədli tank əleyhinə mina, 197 ədəd müxtəlif çaplı patronlar, 23 ədəd top mərmisinin gilizləri və 2 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 543 669 kv.m (1 354 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.
Agentliyin mütəxəssisləri tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
29-12-2020, 12:49 | Azərbaycan Ordusunun 5 generalı "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.
Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Sərəncama əsasən Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş general-leytenant Mirzəyev Hikmət İzzət oğlu, general-leytenant Vəliyev Kərim Tofiq oğlu , general-mayor Bərxudarov Mayis Şükür oğlu, general-mayor Rzayev Mübariz Balağa oğlu və general-mayor Sultanov Ağamir Əzizxan oğlu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif ediliblər.
Təltif olunanların tam siyahısı AZƏRTAC
29-12-2020, 10:21 | Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı - FOTO

Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.
Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın "Facebook" sosial şəbəkəsində topçunu təhqir edəcək rəy yazmışdı.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhlə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib:
"O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib.
M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib"
29-12-2020, 10:15 | Deputatlar bu gün 17 məsələni müzakirə edəcək

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.
Trend bildirir ki, büdcə zərfinin müzakirələri iclasda üçüncü oxunuşda davam etdiriləcək.
Parlamentin iclasının gündəliyi aşağıdakı kimidir:
1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
5. "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
6. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
7. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
8. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
9. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
10. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.
11. Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.
12. "Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə" dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
13. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
17. "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
28-12-2020, 13:56 | Dekabrın 31-də "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda gündəlik yoluxanların sayı kəskin düşüb. Belə ki, dekabrın 27-də Azərbaycanda koronavirus infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib. Bir neçə gündən sonra ölkə ərazisində Yeni il bayramı qeyd ediləcək. Bir çoxları bayram günlərində "sms icazə" sisteminin ləğv ediləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Dekabrın 31-də Azərbaycanda "sms icazə" sistemi ləğv edilə bilərmi?
Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilir:
"Sərt karantin rejiminə görə ölkədə "sms icazə" sistemi də tətbiq edilir. Təbii ki, tam bayram havasında olmasaq da insanlarımız bir-birinin evinə bayramlaşmağa gedirlər. Bu baxımdan düşünürəm ki, "sms icazə" sistemi tətbiq edilməlidir. Əgər yanvarın 18-nə kimi yoluxma sayı 3 rəqəmliyə düşərsə Operativ Qərargah "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı qərar qəbul edəcək. Çünki istənilən halda sərt karantin rejimi dövlətin iqtisadiyyatına da təsir edir. İndiki məqamda olmasa da yanvarın 18-dən sonra "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı məsələyə baxıla bilər".
28-12-2020, 11:37 | Deputat 190 manat ödəmənin artırılmasını təklif edib

Dövlət əhaliyə yaşayış minimumu həddində yardım edir. İndiyədək bu, 190 manat idi. İndi yaşayış minimumu 196 manat olacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, yaşayış minimumuna uyğun bu yardımın da məbləği artırılsa, yaxşı olar.
Deputat Tahir Mirkişili bildirib ki, qəbul ediləcək qanun layihəsi 1 yanvarda qüvvəyə minəcək: "Əhalinin həssas təbəqəsinə edilən yardımlar, hələ ki, 2020-ci ildə veriləcək. Əgər bu yardımlar gələn il də davam edərsə, bu məsələyə baxmaq olar".
28-12-2020, 11:36 | Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılır

Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanununun layihəsidə əksini tapıb.
Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.
Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
28-12-2020, 09:56 | Hadrut və Zəngilanda nə baş verir?

Ötən gün erməni terrorçularının Hadrut qəsəbəsinə təxribat hücumu olub.
pravda.az xəbər verir ki, bu haqda gecə saatlarından başlayaraq sosial şəbəkələrdə məlumat yayılır. Hələlik bu saata qədər heç bir rəsmi qurumdan bu haqda açıqlama olmayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə iddia olunur ki, hadisə nəticəsində Azərbaycanın bir əsgəri şəhid olunub. Ermənilərdən isə 6 nəfərin məhv edildiyi və 6-nın əsir götürüldüyü qeyd olunur.
Ermənilərin analoji təxribatı Zəngilanda da törətdiyi haqda xəbərlər var.
28-12-2020, 09:38 | Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb

2020-ci ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 228,7 milyon manat məbləğində ipoteka krediti verilib.
Trend bu barədə Mərkəzi Bankın statistika hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 43,9 faiz və ya 69,8 milyon manat çoxdur.
Hesabat dövründə fondun təkrar maliyyələşdirdiyi kreditlərin məbləği ötən illə müqayisədə 35,7 faiz azalıb və 138,3 milyon manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondua dövlət büdcəsindən ayrılan vəsait iki dəfə artaraq 161,2 milyon manata bərabər olub.


















