28-12-2020, 13:56 | Dekabrın 31-də "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA

Dekabrın 31-də "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda gündəlik yoluxanların sayı kəskin düşüb. Belə ki, dekabrın 27-də Azərbaycanda koronavirus infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib. Bir neçə gündən sonra ölkə ərazisində Yeni il bayramı qeyd ediləcək. Bir çoxları bayram günlərində "sms icazə" sisteminin ləğv ediləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Dekabrın 31-də Azərbaycanda "sms icazə" sistemi ləğv edilə bilərmi?

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilir:

"Sərt karantin rejiminə görə ölkədə "sms icazə" sistemi də tətbiq edilir. Təbii ki, tam bayram havasında olmasaq da insanlarımız bir-birinin evinə bayramlaşmağa gedirlər. Bu baxımdan düşünürəm ki, "sms icazə" sistemi tətbiq edilməlidir. Əgər yanvarın 18-nə kimi yoluxma sayı 3 rəqəmliyə düşərsə Operativ Qərargah "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı qərar qəbul edəcək. Çünki istənilən halda sərt karantin rejimi dövlətin iqtisadiyyatına da təsir edir. İndiki məqamda olmasa da yanvarın 18-dən sonra "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı məsələyə baxıla bilər".

28-12-2020, 11:37 | Deputat 190 manat ödəmənin artırılmasını təklif edib


Deputat 190 manat ödəmənin artırılmasını təklif edib

Dövlət əhaliyə yaşayış minimumu həddində yardım edir. İndiyədək bu, 190 manat idi. İndi yaşayış minimumu 196 manat olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, yaşayış minimumuna uyğun bu yardımın da məbləği artırılsa, yaxşı olar.

Deputat Tahir Mirkişili bildirib ki, qəbul ediləcək qanun layihəsi 1 yanvarda qüvvəyə minəcək: "Əhalinin həssas təbəqəsinə edilən yardımlar, hələ ki, 2020-ci ildə veriləcək. Əgər bu yardımlar gələn il də davam edərsə, bu məsələyə baxmaq olar".

28-12-2020, 11:36 | Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılır


Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılır

Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılır.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanununun layihəsidə əksini tapıb.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

28-12-2020, 09:56 | Hadrut və Zəngilanda nə baş verir?


Hadrut və Zəngilanda nə baş verir?

Ötən gün erməni terrorçularının Hadrut qəsəbəsinə təxribat hücumu olub.

pravda.az xəbər verir ki, bu haqda gecə saatlarından başlayaraq sosial şəbəkələrdə məlumat yayılır. Hələlik bu saata qədər heç bir rəsmi qurumdan bu haqda açıqlama olmayıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə iddia olunur ki, hadisə nəticəsində Azərbaycanın bir əsgəri şəhid olunub. Ermənilərdən isə 6 nəfərin məhv edildiyi və 6-nın əsir götürüldüyü qeyd olunur.

Ermənilərin analoji təxribatı Zəngilanda da törətdiyi haqda xəbərlər var.

28-12-2020, 09:38 | Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb


Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb


2020-ci ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 228,7 milyon manat məbləğində ipoteka krediti verilib.

Trend bu barədə Mərkəzi Bankın statistika hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 43,9 faiz və ya 69,8 milyon manat çoxdur.

Hesabat dövründə fondun təkrar maliyyələşdirdiyi kreditlərin məbləği ötən illə müqayisədə 35,7 faiz azalıb və 138,3 milyon manat təşkil edib. İpoteka və Kredit Zəmanət Fondua dövlət büdcəsindən ayrılan vəsait iki dəfə artaraq 161,2 milyon manata bərabər olub.

28-12-2020, 09:32 | Suqovuşana həyat yenidən qayıdır - REPORTAJ - FOTO

Suqovuşana həyat yenidən qayıdır - REPORTAJ - FOTO

Növbəti səfərimiz şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilmiş Suqovuşan kəndinədir. Avtomoibilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirəm. Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq.

AZƏRTAC bildirir ki, Suqovuşan kəndi 1990-cı illərin əvvəllərində Ermənisan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kənd müzəffər ordumuz tərəfindən azad ediləndən sonra buraya Tərtər şəhərindən yeni asfalt yol çəkilib. Sevinc və iftixar hissi ilə kəndi gəzirik. Dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur. Kənddə təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər.

Suqovuşan sakini - Bu gün xəyyallarımız, ümidlərimiz gerçəkləşir

Kənd sakini Xaliq Hümbətov Suqavuşanın işğaldan azad edilməsi, kəndə yol çəkilməsi ilə xəyalların, ümidlərin gerçəkləşdiyini bildirdi: "Kəndimiz işğaldan azad olunandan sonra yol çəkilişinə başlanıldı. Bu yol xayalların, ümidlərin yoludur. Bu gün xayallarımız, ümidlərimiz gerçəkləşir. Əvəzolunmaz bir hissdir. Məcburi köçkün kimi indi anlayırıq ki, Vətəndən gözəl heç nə yoxdur. Vətən insana anadır, hətta anadan da əzizdir. Çox sevinirik. Bura gəlib dağlara baxıram. Dağlar o qədər əziz gəlir. Əgər dağların dili olsaydı danışmaq istəyər ki, neçə illərdir yağı düşmən tapdağında idi. Düşmən bizim sularımızı kəsirdi, torpaqlarımızı əkib-becərib gəlirini Ermənistana aparırdı. Bu gün şükür Allaha, ən böyük arzumuza çatmışıq. İndi kəndimizin sakinləri Suqovuşana qayıdacaqları günü gözləyir. Kəndimizin hər bir sakininin xəyalı var ki, gəlib quruculuqla məşğul olsun. Biz bu müharibəni hamılıqla udduq. Əsgərə məktub yazan altı yaşlı uşaqlarımızla, evdə əsgərlər üçün əlcək, isti paltarlar toxuyan ana-bacılarımızla, öz dualarını əskik etməyən insanlarımızla biz qalib gəldik. Biz bundan sonra bu torpaqları daha çox qorumalıyıq, burada yaxşı işlər görməliyik, çalışmalıyıq ki, bizim bu yerlər al-əlvan olsun".

Hərbçilərimiz qələbə əhval-ruhiyyəsi ilə xidmət aparır

Azərbaycan əsgəri qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini yüksək əhval-ruhiyyə ilə aparır. Suqovuşanda əsgərlərlə söhbət edərkən hər birində yenilməz əzmin, məğrurluğun, Vətən sevgisinin və qələbə sevincinin şahidi olduq. Əsgər Ruslan İsmayılzadə Vətən müharibəsinin iştirakçısı olduğu, torpaqlarımızın azad edilməsində iştirak etdiyi üçün qürur duyduğunu bildirib: "Mən fəxr edirəm ki, Azərbaycan ordusunda xidmət edirəm. Sağ olsun Prezidentimiz, bu qalibiyyəti bizə yaşatdı. Qalib olduğumuz üçün əhval-ruhiyyəmiz də yüksəkdir. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır".

Əsgər Aqil İslamzadə isə deyib: "Ağdam rayonunun Yusifcanlı kəndindənəm. Kəndimizi görməsəm də, həmişə həsrəti ilə yaşayırdıq. Çox şükür ki, torpaqlarımızı işğaldan azad etdik. Mən özüm Suqovuşan və Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bunun üçün fəxr edirəm. Bu gün də burada xidmət edirəm. Qalibiyyətlə bitən Vətən müharibəsində iştirak etdiyim üçün qürurluyam".

Hərbi qulluqçularla söhbət zamanı bir daha şahidi olduq ki, Vətən müharibəsinin qəhrəmanları azad etdikləri doğma torpaqlarımızda xidmətlərini qələbə əhval-ruhiyyəsi ilə aparırlar.

Su anbarının işğaldan azad edilməsi ilə susuz qalan torpaqlara yeni həyat gəlib

Suqovuşanın müzəffər ordumuz tərəfindən azad edilməsi həm siyasi, mənəvi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, kənd ərazisində su anbarı və ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları var. 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edir. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşan su anbarından Tərtərçaya suyun verilməsinin təmin olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradacaq.

Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Suqovuşanın turizm potensialı böyükdür

İşğaldan azad edilmiş Suqovuşan kəndi turizm potensialı ilə seçilən ərazilərdəndir. Kəndin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Sadaladığımız bu amillər, eyni zamanda, kəndə gedən avtomibil yolunun yenidən qurulması gələcəkdə Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Əminik ki, gözəl Qarabağımızda, o cümlədən Suqovuşanda tezliklə turizm inkişaf edəcək.

25-12-2020, 12:34 | Azərbaycanı xoşbəxt gələcəyə aparan Lider

Azərbaycanı xoşbəxt gələcəyə aparan Lider

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra qısa tarixi dövr ərzində ümummilli lider Heydər Əliyev uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi, siyasi sahələrdə inkişafı reallaşdırılmışdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi müstəqillik strategiyasını son 17 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyini zəruri saymışdır.
Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Ötən illər ərzində dövlət başçısı İlham Əliyev, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu fəaliyyəti ilə sübut etdi. Son illərdə respublikamızda həyata keçirilən taleyüklü tədbirlər, ölkəmizin qüdrətlənməsi, insanların rifah halının yüksəlməsi, Azərbaycanın qısa müddət ərzində Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq arenaya çıxması, dünya dövlətləri sırasında özünə layiqli yer tutması bunun bariz ifadəsidir. Şübhəsiz ki, əldə edilən bütün bu uğurlarda İlham Əliyev fenomeni mühüm rol oynamışdır. Azərbaycan Prezidenti ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün, ilk növbədə, vətəndaş həmrəyliyini, qarşılıqlı münasibətləri, cəmiyyətdə sağlam iqlimin yaradılmasını diqqət mərkəzində saxlamış, şəxsi nümunəsi ilə insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini gücləndirmişdir. Eyni zamanda, vətəndaşlarda öz ölkəsini sevmək, Vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq hissinin aşılanmasına mühüm önəm vermişdir.
İlham Əliyev Prezident seçildiyi elə ilk gündən uzaqgörən dövlət xadimi olaraq iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasının, sahibkarlığın vüsət almasının, kənd təsərrüfatının dinamik inkişafının bərpası istiqamətində təcili, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirdi. Bu, gənc, müstəqil bir dövlətin hərtərəfli inkişafı üçün atılan qətiyyətli addımlar idi. Dövlətimizin başçısı inkişaf tempi ilə hamını heyrətdə qoyan, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilən paytaxt Bakıdakı işgüzar ab-havanı regionlara köçürdü. Rayonlarımıza ardıcıl səfərləri, hər bir bölgəni diqqət mərkəzində saxlaması ilə abadlıq-quruculuq işlərinin miqyasını genişləndirdi. Yeni yolların çəkilməsi, sənaye obyektlərinin istifadəyə verilməsi, müasir tibb müəssisələrinin tikilməsi, park və xiyabanların salınması, yeni məktəb və bağçaların öz qapılarını balalarımızın üzünə açması bu vətənpərvər, müdrik dövlət xadiminin xalqa nə qədər yaxın, doğma, əziz olduğunu göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 ildə gördüyü əzəmətli, möhtəşəm işlər, gerçəkləşdirdiyi layihələr, doğrudan da, hər bir azərbaycanlıda qürur, fəxarət hissi doğurur. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan idmançılarının qazandığı böyük uğurlar ölkəmizi dünyanın tanınan idman dövlətləri sırasına çıxarmışdır. Ən qısa vaxt ərzində respublikamızda inşa olunan nəhəng idman kompleksləri, ölkəmizdə keçirilən ilk Avropa və İslam Həmrəyliyi oyunları, “Formula-1” yarışları Azərbaycanın Avropada, dünyada nüfuzunu daha da gücləndirmişdir. Ötən müddətdə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirmiş, bu sahədə müasir Avropa və dünya siyasətinin incəliklərinə dərindən bələd olduğunu sübuta yetirmişdir. Azərbaycan Prezidenti tarixi İpək yolunun bərpası üçün bütün müqavimətlərə baxmayaraq, qətiyyət nümayiş etdirmiş, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail olmuş, bu strateji layihənin gerçəkləşdirilməsi ilə Azərbaycanı türk dünyası, eləcə də Asiya və Avropa ilə daha da yaxınlaşdırmışdır. Dövlətimizin başçısı prezidentlik fəaliyyətində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün neft və qaz boru kəmərləri marşrutlarının şaxələndirilməsinə, alternativ ixrac istiqamətlərinə mühüm önəm vermişdir. İlk dəfə bu təşəbbüslə çıxış edən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiyanı yüksək qiymətləndirmişdir.
Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu boru kəməri (TANAP), qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihələrinin uğurla gerçəkləşməsi Prezident İlham Əliyevin müdrik dövlət xadimi olmasının bariz ifadəsidir.
“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarımızın müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”— deyən möhtərəm Prezidentimiz qısa müddət ərzində müstəqilliyin və suverenliyin yeganə təminatçısı olan güclü Silahlı Qüvvələrin yaradılmasına nail olmuşdur.
İllər öncə Azərbaycan qarşıya qoyduğu hədəflərə uğurla yetişib. Ali Baş Komandanın qeyd etdiyi kimi, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminin həllinə nail olduq. Dövlət başçısı bu problemin siyasi yolla həllinə çalışsa da, torpaqlarımızın azad edilməsi üçün lazımi məqamda qətiyyətli addımların atılacağını da heç zaman istina etməyib.
Nəhayət, torpaqlarımızın azadlığı uğrunda sentyabr ayının 27-dən başlanan və 44 gün davam edən müqəddəs savaş da bunu təsdiq etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 30 ilə yaxın idi davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yaratdı.
Bu savaşı, bu Qələbəni xalqımız 30 il idi ki, gözləyirdi. Bununla belə hər bir zəfərin, hər bir uğurun mütləq zamana ehtiyacı var. Həmin zamanı yetişdirənlər isə öz xalqının taleyi ilə yaşayan dahi şəxsiyyətlər, liderlərdir. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyevin son 17 ildə layiqincə davam etdirdiyi siyasi kurs da bizim üçün torpaqlarımızın işğaldan azad edilməsinin zamanını yetişdirdi. Bu zamanın əsas tələbləri isə Azərbaycanın güclənməsi, ordumuzun döyüş qabiliyyətini artırması idi. Beləliklə, müdrik rəhbər, düzgün zaman, güclü dövlət və qüdrətli ordu formulu, o cümlədən milli həmrəyliyimiz torpaqlarımızın azad edilməsini şərtləndirən əsas amillər oldu.
Silahlı Qüvvələrimizın əzm və rəşadəti uzun illərdir ki, bu anı gözləyən xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hisslərinin alovlanmasına səbəb oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən lideri, rəhbəri var! Və hər birimiz tam əminik ki, İlham Əliyevin müdrik siyasəti nəticəsində bu yol əbədiyyətə qədər davam edəcək.



25-12-2020, 10:45 | Azərbaycanda toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA

Azərbaycanda toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə 10 aya yaxındır ki, toyların və kütləvi toplantıların keçirilməsinə qadağa qoyulub. Artıq İngilərə və digər ölkələrdə koronavirus əlehinə vaksinasiya başlayıb. Azərbaycanda gələn ilin əvvəlində vaksinasiyaya başlası gözlənilir. Bundan əlavə gündəlik yoluxanların sayə günbəgün azalır. Belə ki, Azərbaycanda yoluxanların sayı 4000-dən 2000-nə düşüb. Yoluxma sayı azalma dinamikası ilə davam edərsə martdan sonra 35-50 nəfərlə toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı professor Adil Qeybulla bildirib ki, bu məsələ o dövrə kimi yaranacaq vəziyyətdən asılı olacaq:

"Vaksinasiya başlayandan sonra yoluxma zənciri qırılmağa başlasa, ölkədə epidemioloji vəziyyət xeyli dəyişəcək. Düşünürəm ki, yəqin mart ayından sonra az insanların dəvət edilməsi şərti ilə toyların keçirilməsinə icazə veriləcək. Əgər dövlət sərt tədbirləri görürsə, deməli bu yaranan zərurətdən irəli gəlir.

Avropada, İngiltərədə, Almaniyada və digər ölkələrdə çox sərt karantin tədbirləri görülür. Bəziləri televiziyalarda çıxıb, ağzılarına gələni danışırlar ki, hər yer açılmalıdır. Dünya təcrübəsi var. Koronaavirusun yeni növü asanlıqla digər ölkələrə daşına bilər.

Əgər sərt karantin rejimi olmasa bunun qarşısını almaq olmaz. Epidemioloji ocağın sönməsi üçün karantin rejiminin tətbiq edilməsi və insanların qoyulan qaydalara əməl etməsi vacibdir.


Toyların və kütləvi tədbirlərin qadağa olunması insanlarımızı qorumaq üçün dövlət tərəfindən atılan addımdır. Aydındır ki, toyların keçirilməsinə qoyulan qadağa genofonda müəyyən mənfi təsiri olur. Hesab edirəm ki, marta qədər bütün bu məsələlər öz həllini tapacaq".(sonxeber.az)

25-12-2020, 10:33 | Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO

Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO

Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün "Azərenerji" ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

"Azərenerji"dən milli.az-a verilən məlumata görə, eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyası tam yenidənqurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır. Bunun üçün mənbəyi "İmişli" yarımstansiyasından "Şükürbəyli yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarəolunması təmin ediləcək.

Ən əsası isə hazırda paralel olaraq Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən "Füzul-Şuşa" hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.

110 kilovoltluq "Füzuli-Şuşa" xətti yaxın müddətdə istismara veriləcək və bununla da uzun illərdən sonra Şuşada öz işığımız yanacaq.

25-12-2020, 10:28 | Dövlət Xidməti qoruyucu maska seçimi ilə bağlı əhaliyə müraciət etdi

Dövlət Xidməti qoruyucu maska seçimi ilə bağlı əhaliyə müraciət etdi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara müraciət edib.

Xidmətdən verilən xəbərə görə, koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir. Standartların tələblərinə görə, birdəfəlik tibbi maskalar, burun və ağız boşluğunu əhatə edən və yoluxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üçün maneə yaradan vasitə olmalıdır. Qoruyucu maskaların tibbi və respirator növləri mövcuddur. Pandemiya dövründə əhali tərəfindən daha çox tibbi maskalardan istifadə olunur: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) qəbul edilib. Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır. Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır.

Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara tövsiyə edir ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatlarını tələb etsinlər. İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətə müraciət edə bilərlər".


Qurumdan bildirilib ki, hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib: "Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur".
(milli.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.