28-12-2020, 09:32 | Suqovuşana həyat yenidən qayıdır - REPORTAJ - FOTO

Növbəti səfərimiz şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilmiş Suqovuşan kəndinədir. Avtomoibilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirəm. Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq.
AZƏRTAC bildirir ki, Suqovuşan kəndi 1990-cı illərin əvvəllərində Ermənisan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kənd müzəffər ordumuz tərəfindən azad ediləndən sonra buraya Tərtər şəhərindən yeni asfalt yol çəkilib. Sevinc və iftixar hissi ilə kəndi gəzirik. Dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur. Kənddə təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər.
Suqovuşan sakini - Bu gün xəyyallarımız, ümidlərimiz gerçəkləşir
Kənd sakini Xaliq Hümbətov Suqavuşanın işğaldan azad edilməsi, kəndə yol çəkilməsi ilə xəyalların, ümidlərin gerçəkləşdiyini bildirdi: "Kəndimiz işğaldan azad olunandan sonra yol çəkilişinə başlanıldı. Bu yol xayalların, ümidlərin yoludur. Bu gün xayallarımız, ümidlərimiz gerçəkləşir. Əvəzolunmaz bir hissdir. Məcburi köçkün kimi indi anlayırıq ki, Vətəndən gözəl heç nə yoxdur. Vətən insana anadır, hətta anadan da əzizdir. Çox sevinirik. Bura gəlib dağlara baxıram. Dağlar o qədər əziz gəlir. Əgər dağların dili olsaydı danışmaq istəyər ki, neçə illərdir yağı düşmən tapdağında idi. Düşmən bizim sularımızı kəsirdi, torpaqlarımızı əkib-becərib gəlirini Ermənistana aparırdı. Bu gün şükür Allaha, ən böyük arzumuza çatmışıq. İndi kəndimizin sakinləri Suqovuşana qayıdacaqları günü gözləyir. Kəndimizin hər bir sakininin xəyalı var ki, gəlib quruculuqla məşğul olsun. Biz bu müharibəni hamılıqla udduq. Əsgərə məktub yazan altı yaşlı uşaqlarımızla, evdə əsgərlər üçün əlcək, isti paltarlar toxuyan ana-bacılarımızla, öz dualarını əskik etməyən insanlarımızla biz qalib gəldik. Biz bundan sonra bu torpaqları daha çox qorumalıyıq, burada yaxşı işlər görməliyik, çalışmalıyıq ki, bizim bu yerlər al-əlvan olsun".
Hərbçilərimiz qələbə əhval-ruhiyyəsi ilə xidmət aparır
Azərbaycan əsgəri qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini yüksək əhval-ruhiyyə ilə aparır. Suqovuşanda əsgərlərlə söhbət edərkən hər birində yenilməz əzmin, məğrurluğun, Vətən sevgisinin və qələbə sevincinin şahidi olduq. Əsgər Ruslan İsmayılzadə Vətən müharibəsinin iştirakçısı olduğu, torpaqlarımızın azad edilməsində iştirak etdiyi üçün qürur duyduğunu bildirib: "Mən fəxr edirəm ki, Azərbaycan ordusunda xidmət edirəm. Sağ olsun Prezidentimiz, bu qalibiyyəti bizə yaşatdı. Qalib olduğumuz üçün əhval-ruhiyyəmiz də yüksəkdir. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır".
Əsgər Aqil İslamzadə isə deyib: "Ağdam rayonunun Yusifcanlı kəndindənəm. Kəndimizi görməsəm də, həmişə həsrəti ilə yaşayırdıq. Çox şükür ki, torpaqlarımızı işğaldan azad etdik. Mən özüm Suqovuşan və Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bunun üçün fəxr edirəm. Bu gün də burada xidmət edirəm. Qalibiyyətlə bitən Vətən müharibəsində iştirak etdiyim üçün qürurluyam".
Hərbi qulluqçularla söhbət zamanı bir daha şahidi olduq ki, Vətən müharibəsinin qəhrəmanları azad etdikləri doğma torpaqlarımızda xidmətlərini qələbə əhval-ruhiyyəsi ilə aparırlar.
Su anbarının işğaldan azad edilməsi ilə susuz qalan torpaqlara yeni həyat gəlib
Suqovuşanın müzəffər ordumuz tərəfindən azad edilməsi həm siyasi, mənəvi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, kənd ərazisində su anbarı və ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları var. 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edir. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşan su anbarından Tərtərçaya suyun verilməsinin təmin olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradacaq.
Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.
Suqovuşanın turizm potensialı böyükdür
İşğaldan azad edilmiş Suqovuşan kəndi turizm potensialı ilə seçilən ərazilərdəndir. Kəndin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Sadaladığımız bu amillər, eyni zamanda, kəndə gedən avtomibil yolunun yenidən qurulması gələcəkdə Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Əminik ki, gözəl Qarabağımızda, o cümlədən Suqovuşanda tezliklə turizm inkişaf edəcək.
25-12-2020, 12:34 | Azərbaycanı xoşbəxt gələcəyə aparan Lider

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra qısa tarixi dövr ərzində ümummilli lider Heydər Əliyev uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi, siyasi sahələrdə inkişafı reallaşdırılmışdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi müstəqillik strategiyasını son 17 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyini zəruri saymışdır.
Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Ötən illər ərzində dövlət başçısı İlham Əliyev, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu fəaliyyəti ilə sübut etdi. Son illərdə respublikamızda həyata keçirilən taleyüklü tədbirlər, ölkəmizin qüdrətlənməsi, insanların rifah halının yüksəlməsi, Azərbaycanın qısa müddət ərzində Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq arenaya çıxması, dünya dövlətləri sırasında özünə layiqli yer tutması bunun bariz ifadəsidir. Şübhəsiz ki, əldə edilən bütün bu uğurlarda İlham Əliyev fenomeni mühüm rol oynamışdır. Azərbaycan Prezidenti ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün, ilk növbədə, vətəndaş həmrəyliyini, qarşılıqlı münasibətləri, cəmiyyətdə sağlam iqlimin yaradılmasını diqqət mərkəzində saxlamış, şəxsi nümunəsi ilə insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini gücləndirmişdir. Eyni zamanda, vətəndaşlarda öz ölkəsini sevmək, Vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq hissinin aşılanmasına mühüm önəm vermişdir.
İlham Əliyev Prezident seçildiyi elə ilk gündən uzaqgörən dövlət xadimi olaraq iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasının, sahibkarlığın vüsət almasının, kənd təsərrüfatının dinamik inkişafının bərpası istiqamətində təcili, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirdi. Bu, gənc, müstəqil bir dövlətin hərtərəfli inkişafı üçün atılan qətiyyətli addımlar idi. Dövlətimizin başçısı inkişaf tempi ilə hamını heyrətdə qoyan, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilən paytaxt Bakıdakı işgüzar ab-havanı regionlara köçürdü. Rayonlarımıza ardıcıl səfərləri, hər bir bölgəni diqqət mərkəzində saxlaması ilə abadlıq-quruculuq işlərinin miqyasını genişləndirdi. Yeni yolların çəkilməsi, sənaye obyektlərinin istifadəyə verilməsi, müasir tibb müəssisələrinin tikilməsi, park və xiyabanların salınması, yeni məktəb və bağçaların öz qapılarını balalarımızın üzünə açması bu vətənpərvər, müdrik dövlət xadiminin xalqa nə qədər yaxın, doğma, əziz olduğunu göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 ildə gördüyü əzəmətli, möhtəşəm işlər, gerçəkləşdirdiyi layihələr, doğrudan da, hər bir azərbaycanlıda qürur, fəxarət hissi doğurur. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan idmançılarının qazandığı böyük uğurlar ölkəmizi dünyanın tanınan idman dövlətləri sırasına çıxarmışdır. Ən qısa vaxt ərzində respublikamızda inşa olunan nəhəng idman kompleksləri, ölkəmizdə keçirilən ilk Avropa və İslam Həmrəyliyi oyunları, “Formula-1” yarışları Azərbaycanın Avropada, dünyada nüfuzunu daha da gücləndirmişdir. Ötən müddətdə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirmiş, bu sahədə müasir Avropa və dünya siyasətinin incəliklərinə dərindən bələd olduğunu sübuta yetirmişdir. Azərbaycan Prezidenti tarixi İpək yolunun bərpası üçün bütün müqavimətlərə baxmayaraq, qətiyyət nümayiş etdirmiş, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail olmuş, bu strateji layihənin gerçəkləşdirilməsi ilə Azərbaycanı türk dünyası, eləcə də Asiya və Avropa ilə daha da yaxınlaşdırmışdır. Dövlətimizin başçısı prezidentlik fəaliyyətində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün neft və qaz boru kəmərləri marşrutlarının şaxələndirilməsinə, alternativ ixrac istiqamətlərinə mühüm önəm vermişdir. İlk dəfə bu təşəbbüslə çıxış edən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiyanı yüksək qiymətləndirmişdir.
Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu boru kəməri (TANAP), qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihələrinin uğurla gerçəkləşməsi Prezident İlham Əliyevin müdrik dövlət xadimi olmasının bariz ifadəsidir.
“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarımızın müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”— deyən möhtərəm Prezidentimiz qısa müddət ərzində müstəqilliyin və suverenliyin yeganə təminatçısı olan güclü Silahlı Qüvvələrin yaradılmasına nail olmuşdur.
İllər öncə Azərbaycan qarşıya qoyduğu hədəflərə uğurla yetişib. Ali Baş Komandanın qeyd etdiyi kimi, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminin həllinə nail olduq. Dövlət başçısı bu problemin siyasi yolla həllinə çalışsa da, torpaqlarımızın azad edilməsi üçün lazımi məqamda qətiyyətli addımların atılacağını da heç zaman istina etməyib.
Nəhayət, torpaqlarımızın azadlığı uğrunda sentyabr ayının 27-dən başlanan və 44 gün davam edən müqəddəs savaş da bunu təsdiq etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 30 ilə yaxın idi davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yaratdı.
Bu savaşı, bu Qələbəni xalqımız 30 il idi ki, gözləyirdi. Bununla belə hər bir zəfərin, hər bir uğurun mütləq zamana ehtiyacı var. Həmin zamanı yetişdirənlər isə öz xalqının taleyi ilə yaşayan dahi şəxsiyyətlər, liderlərdir. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyevin son 17 ildə layiqincə davam etdirdiyi siyasi kurs da bizim üçün torpaqlarımızın işğaldan azad edilməsinin zamanını yetişdirdi. Bu zamanın əsas tələbləri isə Azərbaycanın güclənməsi, ordumuzun döyüş qabiliyyətini artırması idi. Beləliklə, müdrik rəhbər, düzgün zaman, güclü dövlət və qüdrətli ordu formulu, o cümlədən milli həmrəyliyimiz torpaqlarımızın azad edilməsini şərtləndirən əsas amillər oldu.
Silahlı Qüvvələrimizın əzm və rəşadəti uzun illərdir ki, bu anı gözləyən xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hisslərinin alovlanmasına səbəb oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən lideri, rəhbəri var! Və hər birimiz tam əminik ki, İlham Əliyevin müdrik siyasəti nəticəsində bu yol əbədiyyətə qədər davam edəcək.
25-12-2020, 10:45 | Azərbaycanda toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə 10 aya yaxındır ki, toyların və kütləvi toplantıların keçirilməsinə qadağa qoyulub. Artıq İngilərə və digər ölkələrdə koronavirus əlehinə vaksinasiya başlayıb. Azərbaycanda gələn ilin əvvəlində vaksinasiyaya başlası gözlənilir. Bundan əlavə gündəlik yoluxanların sayə günbəgün azalır. Belə ki, Azərbaycanda yoluxanların sayı 4000-dən 2000-nə düşüb. Yoluxma sayı azalma dinamikası ilə davam edərsə martdan sonra 35-50 nəfərlə toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı professor Adil Qeybulla bildirib ki, bu məsələ o dövrə kimi yaranacaq vəziyyətdən asılı olacaq:
"Vaksinasiya başlayandan sonra yoluxma zənciri qırılmağa başlasa, ölkədə epidemioloji vəziyyət xeyli dəyişəcək. Düşünürəm ki, yəqin mart ayından sonra az insanların dəvət edilməsi şərti ilə toyların keçirilməsinə icazə veriləcək. Əgər dövlət sərt tədbirləri görürsə, deməli bu yaranan zərurətdən irəli gəlir.
Avropada, İngiltərədə, Almaniyada və digər ölkələrdə çox sərt karantin tədbirləri görülür. Bəziləri televiziyalarda çıxıb, ağzılarına gələni danışırlar ki, hər yer açılmalıdır. Dünya təcrübəsi var. Koronaavirusun yeni növü asanlıqla digər ölkələrə daşına bilər.
Əgər sərt karantin rejimi olmasa bunun qarşısını almaq olmaz. Epidemioloji ocağın sönməsi üçün karantin rejiminin tətbiq edilməsi və insanların qoyulan qaydalara əməl etməsi vacibdir.
Toyların və kütləvi tədbirlərin qadağa olunması insanlarımızı qorumaq üçün dövlət tərəfindən atılan addımdır. Aydındır ki, toyların keçirilməsinə qoyulan qadağa genofonda müəyyən mənfi təsiri olur. Hesab edirəm ki, marta qədər bütün bu məsələlər öz həllini tapacaq".(sonxeber.az)
25-12-2020, 10:33 | Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO

Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün "Azərenerji" ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.
"Azərenerji"dən milli.az-a verilən məlumata görə, eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyası tam yenidənqurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır. Bunun üçün mənbəyi "İmişli" yarımstansiyasından "Şükürbəyli yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarəolunması təmin ediləcək.
Ən əsası isə hazırda paralel olaraq Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən "Füzul-Şuşa" hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.
110 kilovoltluq "Füzuli-Şuşa" xətti yaxın müddətdə istismara veriləcək və bununla da uzun illərdən sonra Şuşada öz işığımız yanacaq.
25-12-2020, 10:28 | Dövlət Xidməti qoruyucu maska seçimi ilə bağlı əhaliyə müraciət etdi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara müraciət edib.
Xidmətdən verilən xəbərə görə, koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir. Standartların tələblərinə görə, birdəfəlik tibbi maskalar, burun və ağız boşluğunu əhatə edən və yoluxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üçün maneə yaradan vasitə olmalıdır. Qoruyucu maskaların tibbi və respirator növləri mövcuddur. Pandemiya dövründə əhali tərəfindən daha çox tibbi maskalardan istifadə olunur: "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) qəbul edilib. Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır. Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır.
Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara tövsiyə edir ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatlarını tələb etsinlər. İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətə müraciət edə bilərlər".
Qurumdan bildirilib ki, hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib: "Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur".
(milli.az)
24-12-2020, 14:01 | Xalqa və dövlətə şərəfli xidmət missiyası

Xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. İllərdir hər bir azərbaycanlının köksündə yara bağlamış Vətən həsrətinə, Qarabağ ayrılığına son qoyulur. Vətən torpağı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimizin layiqincə davam etdirdiyi uğurlu siyasəti, güclü və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində düşmən tapdağından azad olundu. Qalib xalq olaraq möhtəşəm bir tarixə şahidlik edirik. Bu zəfərin qazanılmasında cənab İlham Əliyevin zəngin dünyagörüşü, uzaqgörənliyi, dərin tarixi və diplomatik bilikləri, ölkəmizin dünya arenasında layiqli təmsil olunması əsas rol oynadı. Onun rəhbərliyi ilə yaradılan güclü Ordumuz düşmənin 30 ildə qurduğu barrikadaları, mövqeləri 44 günün içində yerlə-yeksan etdi. Xalqın inamını özünə qaytardı, onu bir yumruq kimi birləşdirdi. Cənab Prezident erməni vandallarına sübut etdi ki, millətimiz qorxmaz, döyüşkən, mübariz və lazım gələrsə, istənilən düşmənin başını yumruqla əzməyə qadir olan millətdir. Fenomen şəxsiyyətlərə xas idarəetmə bacarığı ilə nəinki Azərbaycan tarixinə, dünya tarixinə də adını qətiyyətli, müdrik, lider dövlət başçısı kim qızıl hərflərlə yazdırdı, müqəddəs torpaqlarımızın xilaskarı oldu. Çoxsaylı bəyanatları ilə daima vüqarlı, cəsur xalq olduğumuzu isbat etdi. Xalqın ürəyində qurulan sevgi taxtını zirvələrə ucaldıb, qürurumuz, fəxrimiz, inam yerimiz oldu. Onun siyasi və hərbi iradəsi, xalqımızın birliyi və Ordumuzun əzmkarlığı sayəsində üçrəngli bayrağımız müqəddəs Qarabağımızda əzəmətlə dalğalanır. Bununla regionda sülh və əmin-amanlığın bərpa olunacağına inanırıq.
Bu gün tarixi zəfərlə öz gücünü, sarsılmaz qüdrətini mümayiş etdirən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın, güclü ordu quruculuğunun fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu baxımdan Azərbaycanın bir dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Cənab İlham Əliyev ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən liderdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Liderin gücü, nüfuzu həm də onun təsir imkanlarının coğrafi əhatə dairəsi ilə ölçülür. Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, fəal faktorlardan birinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir. Azərbaycanın lideri, Prezident İlham Əliyev ölkəni lider dövlətlər sırasına yüksəldib.
Aərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”. Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqəsini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Ötən qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə onun həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər ölkəmizin bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir. Doğma Qarabağımızla bütövləşən Azərbaycan bunun real təntənəsidir. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi. Erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltdi. Beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.
Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Bu mənada “Biz birlikdə güclüyük” şüarı ilə möhtərəm Prezidentimizin ətrafında sıx birləşən xalqımız ən çətin sınaqların öhdəsindən layiqincə gəlməyi bacarır. İndi bütün dünyanın kabusuna çevrilən pandemiya ilə mübarizədə də görülən işlər, nəticələr uğurlu siyasətin məntiqi davamıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiya ilə əlaqədar gördüyü qabaqlayıcı tədbirlərin, yəni Azərbaycan modelinin hazırda dünya təcrübəsində analoqu yoxdur. Xalqın Ali Baş Komandanına inamı, onun da xalqa arxalanmağı, ordu-xalq birliyinin gücü Vətən müharibəsində möhtəşəm tarixi zəfərimizi təmin etdi”. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”-söyləyən ölkə başçısının bu fikirləri sarsılmaz birliyimizə verdiyi yüksək dəyərin ifadəsidir. Zəfər Paradı möhtərəm Prezidentimizin bəyanatının, vədlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda beynəlxalq arenada apardığı mübarizənin təsdiqi günüdü. 17 ildə yaradılan hərbi strategiyanın, güclü ordu quruculuğunun məntiqi nəticəsinin nümayişi, Ali Baş Komandanın böyük güclər qarşısında, diplomatik təzyiqlər önündə dəyanətinin, mərd duruşunun, əzminin təcəssümü oldu. Bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin iftixarla vurğuladığı “Bir millət, iki dövlət”in zəfəri, əbədi qardaşlığımızın təntənəsi oldu.
Onu da xüsusi qeyd edim ki, ölkə rəhbərinin və birinci xanımın işğaldan azad olunan rayonlarımıza səfərləri zamanı yerli sakinlər tərəfindən izdihamla, sevgi ilə qarşılanmaları bir tərəfdən insanların öz Prezidentinə sıx bağlılığını, bu vəhdətdən irəli gələn məhəbbətini ifadə edirdisə, digər tərəfdən ona Qələbə minnətdarlığının ifadəsi idi. Dövlətimizin başçısının orada şanlı Azərbaycan bayrağını qaldırması müdrik rəhbərimizin tariximizə, mənəviyyatımıza nə qədər bağlı olduğunu göstərməklə bərabər, bizi qürurlandırdı, torpağımızın, Vətənimizin etibarlı əllərdə olması əminliyini bir daha möhkəmlətdi. İnanırıq ki, Füzuli-Şuşa avtomobil yolunun inşası Qarabağ torpaqlarına yeni nəfəs gətirəcək. Bu yolun tezliklə istifadəyə verilməsinin nəzərdə tutulması qədim, əzəli ərazilərimizin yaxın dövrdə çiçəklənməsi, gülüstana çevrilməsi deməkdir. Prezident İlham Əliyev bu səfəri zamanı işğaldan azad olunan torpaqlarda düşmənin bütün infrastrukturumuzu dağıtdığını, kənd və şəhərlərimizi, demək olar ki, yerlə-yeksan etdiyini, bununla da qəsbkarın Qarabağ torpağına vurduğu ziyanın dəqiq hesablanacağını, zərərçəkmiş bütün insanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlarını, bütün bu işlərin planlı şəkildə gerçəkləşdiriləcəyini vurğulayıb. Bəli, neçə illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq.
Bu o deməkdir ki, güc mərkəzinə çevrilən ölkəmiz möhtərəm Prezidentimizin rəhbərliyi ilə gələcəyə inamlı addımlar atır, xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır. Dövlət başçısı Vətənə, xalqa məhəbbətini öz əməlləri, ölkənin daha coşqun inkişafı, Azərbaycan xalqı naminə göstərdiyi fəaliyyətlə sübut edir. Hər bir qədirbilən azərbaycanlı zəmanəmizin uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidentimizlə qürur duyur. Onun zəngin siyasi təcrübəsi və yüksək peşəkarlığı Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Dünya miqyasında uzaqgörən və praqmatik siyasəti, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığı sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal iştirak edir. Bu məsuliyyətli fəaliyyətində möhtərəm Prezidentimizə dəstəyimizi ifadə edir, ən xoş arzularımızı bildiririk.
Həmid Pənahov,
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri.
24-12-2020, 12:03 | Mutasiyaya uğramış COVİD-19 xəstəliyin ağırlıq dərəcəsində elə bir dəyişiklik yaratmayıb - TƏBİB

Xoşbəxtlikdən hələ indiyə qədər mutasiyaya uğramış COVİD-19 virusunun xəstəliyi törətməsində, xəstəliyin ağırlıq dərəcəsində elə bir dəyişiklik etdiyi müşahidə edilməyib.
Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda yalnız virusun yoluxma sürətinin artmasından danışılır:
"Təxminən bir həftədən sonra mutasiya olunmuş bu virus haqqında daha geniş məlumatlarımız olmağa başlayacaq. Çünki bu virusun xəstəliyin daha hansı xüsusiyyətlərinə təsir etməsi ilə bağlı dərin araşdırmalar aparılmağa başlanılıb. Araşdırmalara görə, virusun digər xüsusiyyətlərində hələ bir dəyişiklik özünü göstərməyib".
24-12-2020, 11:48 | Xilaskarlıq misiyası və bugünümüzün həqiqqətləri

Müstəqil Azərbaycan dövləti bu gün dünyada sabit və davamlı inkişaf edən bir dövlət kimi tanınır. Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl siyasi, sosiai-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailliyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyin təminatı milli iqtisadiyyatın şaxələndirilmiş, davamlı inkişafından asılıdır. Ulu öndər Heydər Əliyevin göstərdiyi kimi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin idarə edilməsində tutduğu istiqaməti də onun öz ifadəsi ilə yada salaq. “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”. Məhz elə həmin yolun nəticəsidir ki, ölkəmiz beynəlxalq aləmdə iqtisadiyyatı yüksək inkişaf edən, rəqabətqabiliyyətli bir dövlət kimi tanınır.
Azərbaycan Prezidenti həyata keçirdiyi çoxşaxəli, ardıcıl islahatlarla sübuta yetirir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Məhz bu islahatların nəticəsi olaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu güclənib. Ölkəmiz dünya miqyasında daha yüksək mövqelər əldə edib. Təşəbbüskarı və əsas icraçısı olduğu qlobal layihələrlə, beynəlxalq arenada qazandığı böyük nüfuzla Azərbaycan regionda əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb. Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib.
Ölkəmizin uğurlarını şərtləndirən həm də o amildir ki, Azərbaycanın dövlət başçısı son 17 ildə xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Prezident İlham Əliyev bir daha qətiyyətlə vurğulayıb ki, ulu öndərin qoyduğu yol yeganə düzgün yoldur: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son illər ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Son 17 ildə ulu öndər Heydər Əliyevin parlaq ideyaları Azərbaycanın mayakı olub və xalqımızın, dövlətimizin yolunu işıqlandırıb. Bəhs olunan dövrdə ümummilli lider Heydər Əliyevin yolu ilə gedən respublikamız böyük uğurlara imza atıb, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”, - deyə dövlət başçısı bildirib.
Dövlət idarəçiliyinə müasirlik ruhu gətirmiş cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi də elə insanlara layiqli xidmətdir. Onların rifahını yaxşılaşdırmaqdır. O, lider kimi əsl siyasəti konkret işdə görür. Hər bir məsələdə vətəndaş maraqlarını önə çəkir. İnsanların rifahını, cəmiyyətin sabitliyi və inkişafını əsas məqsəd kimi müəyyənləşdirir. Ona görə də bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi ölkə prezidenti kürsüsündə görməkdən çox məmnundur. Çünki ölkənin heç bir vətəndaşı məmləkətin gələcəyindən, övladının sabahından nigaran deyil. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasət Azərbaycan insanı qarşısında aydın, firavan bir gələcək yaradır. Vətəndaşların güzəranı yaxşılaşır. Bir çox sosial problemlər həllini tapır.
Ötən illərin mənzərəsinin bəzi aspektlərinə qısaca nəzər salmaqla xalqın İlham Əliyevə verdiyi növbəti etimad mandatının əsasında hansı səbəblərin dayandığını görmək olar. Bu dövrdə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, Azərbaycanın inkişafı və güclənməsi məqsədlərinə yönəlib. Cənab İlham Əliyev bu illər ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirib.
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev öz fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də vətəndaşların yanında olmuş, onlara diqqət və qayğısını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşmüş, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə nail olmuşdur. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırmış, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə, xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlmişdir.
Göründüyü kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir, regionda söz sahibi olan ölkəmizin dünyada da nüfuzu getdikcə güclənir. Ötən 17 ildə əldə edilən uğurlar, başqa sözlə, dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xəttinin müsbət nəticələri respublikamızın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların reallaşdırılmasını sürətləndirir.
27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı.
Prezident cənab İlham Əliyev zəngin idarəçilik təcrübəsinə malik, dövlət və xalq üçün aydın hədəflər müəyyən edən, o hədəflərə nail olmaq üçün ciddi siyasi iradə nümayiş etdirən, çevik qərarlar qəbul edə bilən, xalqı səfərbər edərək dinamik və ardıcıl fəaliyyət göstərən, bacarıqlı təşkilatçı, aydın təfəkkürlü rəhbər, məqsədyönlü və novator siyasətçi, uzaqgörən siyasi liderdir. Onun yüksək intellektual potensialı, geniş təfəkkürü optimal qərarlar qəbul etməyə imkan verir.
Yola salmağa sayılı günlər qalan 2020-ci il xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 44 günlük müharibədə müzəffər ordumuz 5 min kvadratkilometrə yaxın ərazini işğaldan azad etdi. Qısa müddət ərzində bu qədər ərazinin azad olunması tarixi bir qələbədir. Bu Qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı, yaralılara şəfa diləyirəm. Cəbhədə olan əsgərlərimizə isə uğurlar arzulayıram.
Müzəffər Ordumuzun peşəkarlığı güclü silahlı qüvvələri malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi. Qeyd olundu ki, Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır. Noyabrın 8-də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu, Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur. 44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanatla başa çatdı. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Ali Baş Komandan xalqa sonuncu müraciətində bu məqamı xüsusi vurğuladı: “Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi mərhələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik”. Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Ermənistanın kapitulyasiyası ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Prezident cənab İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. ...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmə qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da Qələbəyə xidmət etmişdir.
Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu günü səbirsizliklə gözləyirdik. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi.
Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədi həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu möhtəşəm qələbə sevincini Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımız yaşatdılar. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr-Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, “Bir millət - iki dövlət” strategiyasının real təntənəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında rəşadətli ordumuzun qəhrəmanlığından geniş danışdı. Dedi ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
Dövlət başçımız çıxışını məşhur kəlamla yekunlaşdıraraq dedi: “ ... Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Biz hamımız Möhtəşəm Qələbədən bir daha ilhamlandıq, qürurlandıq, gücləndik, daha da birləşdik və öz qədrimizi, dəyərimizi, dostumuzu, düşmənimizi tanıdıq, gördük. Çox şükürlər olsun ki, biz bu günləri yaşayırıq və istədiyimiz nəticələri əldə edirik. Çox şükürlər olsun ki, bu gün bizim rəşadətli Ordumuz, onun əzmkar əsgəri, qəhrəman, dünya hərb tarixinin fatehləri olan sərkərdələrimiz, generallarımız və Azərbaycanı dünyada ucaldan, öz iradəsi, bacarığı ilə hər şeyi diktə edən və istədiyi hədəfə doğru inamla, uğurla irəliləyən və Azərbaycan xalqına hər gün sevinc bəxş edən Ali Baş Komandanımız vardır. Qoy bu birliyimiz, qürurumuz, vüqarımız əbədi olsun. Həmişə Ali Baş Komandanımızın rəhbərliyi ətrafında Allah-Təala yeni-yeni uğurları bizə nəsib etsin, Azərbaycanı, bütün Türk dünyasını uca pillədə bərqərar etsin. Yaşasın, var olsun Azərbaycan!
Əvəz Qocayev,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədrinin birinci müavini.
24-12-2020, 06:27 | Tarix yazan lider Prezident İlham Əliyev müstəqil Azərbaycanımızı bundan sonra daha böyük nailiyyətlərə və möhtəşəm qələbələrə aparacaq

2003-cü il oktyabr ayının 15-də Azərbaycan xalqı bir daha öz iradəsini nümayiş etdirərək İlham Əliyevi Ölkə Prezidenti seçməklə ilk növbədə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Bununla, Azərbaycanı işıqlı gələcəyə aparan yeganə siyasi kursa inamını və sadiqliyini nümayiş etdirən xalqımız bugünkü uğur və zəfərlərimizin əsasını daha da gücləndirdi. Bu tarixi seçimi ilə Azərbaycan xalqı sülhün, stabilliyin, inkişafın və quruculuğun tərəfində olduğunu bir daha təsdiqlədi və ölkəmizdə bu siyasətə alternativin olmadığını göstərdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı ilə bağlı olmuşdur. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı ilk fərmanlardan biri “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman olmuşdur. Danılmaz bir həqiqətdir ki, ötən 17 il ərzində ölkəmizdə heç bir sosial layihə təxirə salınmadı, Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən, öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanan ölkəyə çevrildi. Özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq ölkəmiz Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirdi, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynadı. Bu gün isə Azərbaycan iqtisadi baxımdan tam müstəqil bir siyasət həyata keçirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır.
Təbii ki, bütün bu nailiyyətlərin fonunda Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasəti Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul edilməsini şərtləndirdi. Təkcə 2019-cu ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bu mövqeyin getdikcə möhkəmləndiyini bir daha təsdiq etdi. Belə ki, ötən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşü, UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir. Aydındır ki, belə tədbirlər birmənalı olaraq Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edir və bundan sonra da edəcəkdir.
Əlbəttə ki, bütün bu illər ərzində Azərbaycanın həllinə nail olmağa çalışdı ən mühüm problem ərazilərimizin 20%-ni əhatə etmiş erməni işğalına son qoymaqdan ibarət idi. Otuz ilə yaxın bir müddət ərzində davam edən bu işğal xalqımızın ən ağrılı problemi olmuşdur. Eyni zamanda da dövlət başçımızın bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasəti, böyük məharətlə həyata keçirdiyi xarici diplomatiyası ilk növbədə məhz
bu problemin həllinə yönəlmişdi. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb edir. Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu işi sonrakı illərdə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Qısa müddət ərzində Silahlı Qüvvələrimiz tamamilə modernləşdirilmiş, hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuşdur. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər yüksək texnoloji vasitələrlə təchiz olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu. Şanlı Azərbaycan Ordusunun əsl gücünü, yüksək döyüş qabiliyyətini isə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya müşahidə etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Dəfələrlə qeyd olunduğu kimi, hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Noyabr ayının 8-də Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra isə, şanlı döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına aldı. Bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətə düşdü. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.
Bu tarixi qələbə ilə Azərbaycan özünün xalq-iqtidar-ordu birliyi timsalında bütün dünyaya bir həmrəylik, birlik dərsi verdi. Hər kəs gördü ki, Azərbaycan xalqının öz Prezidentinə və ordusuna olan inamı, sevgisi, etimadı və dəstəyi qarşısıalınmaz bir gücün mənbəyidir.
Heç şübhəsiz, bu gün bütün Azərbaycan xalqı üçün ən önəmli tarixi günlərdən biridir. Hamımız bilirik ki, son 2-3 əsr ərzində Azərbaycan özünün itirilmiş, işğal edilmiş ərazilərindən az bir hissəni olsun belə geri ala bilməmişdi. Yalnız bu gün bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi!
Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi, Professor.
24-12-2020, 06:21 | Bu gün Prezident İlham Əliyevin ad günüdür

24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.
Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin edib.
Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, bütün azadlıqların təmin olunduğu müasir, demokratik ölkədir.
Prezident seçkilərindən bir il sonra (2019-cu ilin aprelində) Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərdi ki, əhalinin 85 faizdən çoxu İlham Əliyevin rəhbərliyi altında aparılan işləri dəstəkləyir.
Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı daha bir rəy sorğusu noyabrda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilib. Sorğunun nəticələri göstərib ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab edilir.
Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib. Prezidentin oktyabrın 3-də "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı "Qarabağ Azərbaycandır və nida işarəsi" deməsi əhalidə vətənpərvərlik hissini gücləndirib, dövlətə olan inam və etibarı artırıb. Ümumiyyətlə, respondentlərin 84,9 faizi Prezidentin "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin fəaliyyətinin bariz göstəricilərindən biri Dünya Bankının "Doing Business 2020" hesabatıdır. Bu hesabata əsasən Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil olub. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkə hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu, islahatlara yönəlmə səviyyəsi üzrə 5-ci yeri tutub.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda islahatlar daha dərin xarakter daşıyıb. Dövlət idarəçiliyi sistemində köklü islahatlar və kadr dəyişiklikləri aparılıb ki, bu da Azərbaycanın uğurlu ölkə kimi gələcək inkişafını təmin edəcək. Bunların ardınca beşinci çağırış Milli Məclis buraxıldı və yeni parlament seçkiləri təyin edildi.
"U.S.News" jurnalının tərtib etdiyi ən güclü ölkələr reytinqində Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşıb.
İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədi ilə icra edilən dövlət siyasətinin davam olaraq növbəti sosial paketi təsdiqləyib. Reallaşdırılan iri sosial paket 4,2 milyondan çox insanın büdcəsinə müsbət təsir göstərdi. Minimum əmək haqqı iki dəfə, minimum pensiya 70 faiz artıb. Məcburi köçkünlər üçün müavinətlərdə də mühüm artım qeydə alınıb.
2019-cu il Azərbaycan rəhbərliyinin növbəti xarici siyasi uğuru ilə əlamətdar oldu. Oktyabrın 25-26-da Bakıda üzv-dövlətlərin sayına görə BMT-dən sonra ikinci ən iri təşkilat olan Qoşulmama Hərəkatının XVIII Sammiti keçirildi. Bu qurumda sədrlik 2019-2022-ci illər üçün Azərbaycana keçdi.
2019-cu il noyabrın 14-də isə Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib. Bu, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında vacib rol oynadığını və oynamaqda davam edəcəyini təsdiqləyir.
2019-cu il, həmçinin noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin vacib elementi olan, layihəni Avropa ilə birləşdirəcək TANAP boru kəmərinin bir hissəsinin açılışı ilə əlamətdar oldu. Bu hadisə möhtəşəm "Cənub Qaz Dəhlizi" layihəsinin uğurunun təcəssümü və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin inamlı qələbəsi idi. "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması Azərbaycanın enerji siyasətinin müstəqilliyini və uğurunu, eləcə də xaric tərəfdaşların etimadını göstərir. Məhz Bakı Avropaya enerji təhlükəsizliyini artırmaq və tədarükü şaxələndirmək üsulunu təklif edib.
2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən, 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduğunu bəyan etdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu - Torpaqlarımızdan rədd olub getmək.
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər döyüşlə işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi.
Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.
Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanı cənginə almış COVİD-19 bəlası ilə səmərəli mübarizə aparmağı bacardı. Bu mübarizədə dövlət başçısı insanların sağlamlğını və xalqın rifahını əsas götürərək bu istiqamətdə sistemli tədbirlər həyata keçirdi. O cümlədən, ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək və pandemiya nəticəsində baş verə biləcək böyük itqisadi geriləmənin qarşısını almaq məqsədilə iqtisadi dəstək paketi icra olundu və bu gün də icra olunmaqda davam edir. Bunun nəticəsində bu gün Azərbaycan pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Azərbaycan eyni zamanda pandemiya ilə qlobal mübarizəyə də mühüm dəstək verdi, 30-a yaxın ölkəyə humanitar yardım etdi və BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail oldu.
Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.
Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Respublica.Az internet portalının kollektivi Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir!


















