20-11-2023, 18:14 | XİN: Qarabağa böyük miqdarda silahların transfer edildiyi aşkarlanıb
"30 illik işğal dövründə yalnız Azərbaycan əraziləri işğal edilməyib, bu ərazilərə silah da daşınıb. Bu ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan bununla bağlı beynəlxalq tərəfdaşlara çağırış etsə də, bununla bağlı reaksiya görmədik".
APA-ya istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
"Azərbaycan Ermənistan tərəfinin Qarabağdakı qanunsuz separatçı qurumu silahla təmin etməsi, bu ərazilərə minaların yerləşdirilməsi ilə bağlı faktlar təqdim edib, indi də bu minalar mülki insanların həyatını təhdid edir", - XİN rəsmisi qeyd edib.
Ayxan Hacızadə bildirib ki, 24 saatlıq lokal antiterror tədbirlərinin nəticəsində Azərbaycanın Qarabağ regionuna böyük miqdarda silahların transfer edildiyi aşkar olunub.
"44 günlük müharibədən sonra nə qədər silahlar göndərilib. Bu silahların bir qismi 2021-ci il istehsalıdır. Azərbaycan əraziləri yeni istehsal olunmuş minalarla minalanıb, Azərbaycan ərazisində Ermənistan tərəfindən mülki və hərbi şəxslərə təlimlər keçirilib ki, onlar Azərbaycanın hərbi və mülki infrastrukturunu hədəf alsın", - o bildirib.
20-11-2023, 15:40 | Bakıda parkda dava: Gənc oğlan sevgilisini döydü, köməyə gələn veteranı isə öldürdü
Bakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Rüstəm əvvəllər tanımadığı, 1998-ci il təvəllüdlü Vüsalı (adlar şərti verilib – red.) qətlə yetirib.
Rüstəm 14 avqust 2022-ci ildə saat 22 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aybənizlə aralarında olan mübahisəni həll etmək məqsədilə Bakının 3-cü Alatava yaşayış massivində, “Beton park" adlanan ərazisində görüşüb.
Rüstəm Aybənizi ona xəyanət etməkdə günahlandırıb. Zor tətbiq edib və Aybənizin dəyəri 250 manat olan “Realme" markalı telefonununu sındırıb, üzünə şillə vurub. Telefonla baş və çiyin nahiyələrinə zərbələr endirib, müxtəlif dərəcəli xəsarətlər yetirib.
Həmin vaxt yaxınlıqda olan Vüsal dostları – Camal və Xəlil ilə ilə birlikdə onlara yaxınlaşıb. Vüsal Rüstəmə narahatlıq yaratması, səs-küy salması ilə bağlı irad bildirib.
Aybənizin qaçdığını görən Rüstəm onun arxasınca yolun digər tərəfinə qaçıb. Vüsal və Camal da ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Rüstəmin arxasınca yüyürüb.
Rüstəm Vüsalın onu itələyərək vurmasını bəhanə edib, ov bıçağı ilə Vüsala çoxsaylı zərbələr yetirib. O, aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanliq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aybənizlə bir yerdə yaşayıb və bir evdə qalıblar: “Elə alındı ki, mən Aybənizdən ayrılmalı oldum. Ayrılıq təxminən iki ay davam etdi. Amma arada Aybənizgilə gedib-gəlmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün işdən çıxaraq Aybənizgilə gedib:
“Həmin vaxt bıçaq da üzərində olub. Aybənizin telefonuna mesaj gəldiyini gördüm. Buna görə telefonu alaraq qırdım. Bu vaxt tanımadığım şəxslər mənə yaxınlaşdı və telefonu əlimdən dartaraq almağa çalışdılar. Telefonu vermək istəmədim. Onlardan uzaqlaşdıqda Vüsal məni vurdu. Yenə onlardan uzaqlaşmaq istədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin şəxsləri tanımayıb, onlarla düşmənçiliyi olmayıb: “Mən qorxdum, yerdən qalxaraq qaçmaq istədim. Lakin alınmadı. Bıçaq daimi üzərimdə olmayıb. İşdə lazım olduğu üçün üzərimdə saxlamışam.
Hadisə vaxtı döyülmüşəm. İki nəfərin üzərimə gəldiklərini görmüşəm və özümü müdafiə etmək üçün vurmuşam. Bıçaqdan həmin şəxsləri qorxutmaq üçün istifadə etmişəm. Bunlar kameraya da düşüb. Mənim Vüsalı öldürmək niyyətim olmayıb”.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Rüstəmin atasının sözlərinə görə, hadisənin şahidi olmayıb: “Evdə olduğum vaxt mərhum oğlum Vüsal mənə zəng etdi və evə gəlmək istədiyini bildirdi. Mən də gəlməsini istədim. Oğlum subay idi, 44 günlük vətən müharibəsində iştirak etmişdi. Hadisədən sonra təqsirləndirilən şəxsin valideyinlərindən və qohumlarından heç kim bizə gəlməyib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəm 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib.
Hüquqi varis təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılaraq ona ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayətin baxılması mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim olunub. Ərizədə onlar şikayətlərinin geri götürülməsini istəyiblər.
Bu səbəbdən hakimlər şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul ediblər./Teleqraf.com
20-11-2023, 15:30 | Toydan çıxan şəxs ağır qəza törətdi, ölən var
Gecə saatlarında Siyəzən rayonunda ağır yol qəzası baş verib.
Bakı-Quba yolunda "Kia Optima" markalı avtomobil Xaçmaz rayon sakini, 29 yaşlı Hüseynağa Qəribovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bildirilir ki, hadisəni törədən sürücü həmin gün toyda iştirak edib və dayısı oğluna məxsus avtomobili idarə edirmiş. Hadisədən sonra sürücü maşını orada qoyaraq ərazidən uzaqlaşıb.
Araşdırma aparılır.
17-11-2023, 13:30 | Fazil Qasımovun həbs müddəti uzadıldı
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.
İş üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar F.Qasımovun həbsdə saxlama müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
8-11-2023, 09:50 | Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
"İlkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb".
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 09:18-də baş verən zəlzələ sərhəd rayonlarında - Yardımlı, Lerik, Saatlı, Ağdamda hiss olunub.
------
09:26
Lənkəranda zəlzələ olub.
Saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib. Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar təqribən 3 - 4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib.
8-11-2023, 09:43 | Şamaxıda piyadanı avtomobil vuraraq öldürüb
Şamaxıda piyadanı maşın vurub.
Hhadisə gecə saatlarında Şamaxıda baş verib.
Nəticədə rayon sakini 1986-cı il təvəllüdlü Ağayev Ramiz Durasan oğlu aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.
Baş vermiş hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.// APA//
8-11-2023, 09:30 | Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər
Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.
Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. //report//
15-10-2023, 20:49 | Qubada AĞIR QƏZA: xəsarət alanlar var
Bu gün axşam saatlarında Quba-Nügədi yolunda avtomobil qəzası baş verib.
"VAZ-2106" və "Qazel" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Quba Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın mətbuat xidməti zərərçəkənlərlə bağlı məlumat verməkdən imtina edib.
Faktla bağlı araşdırma aparılır.//APA//
Respublica.Az
15-10-2023, 10:16 | Bakıda avtomobilinə yanacaq tökən sürücünün başına dəhşətli hadisə gəldi
Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.
Hadisə aeroport şossesində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Teymurov Ezim Rizvan oğlu avtomobilinə yanacaq tökmək üçün dayanıb.
Bu zaman digər avtomobil onu vurub.
Ağır zərbə nəticəsində E.Teymurov hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.//APA//
15-10-2023, 06:45 | Bakıda dörd maşın toqquşub, biri polis olmaqla üç nəfər ölüb
Bakıda dörd maşının iştirakı ilə baş verən qəzada ölənlərin sayı artıb.
Hadisə zaman üç nəfər ölüb.
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən 1980-ci il təvəllüdlü Məmmədtağıyev Teymur Mirzəağa oğlu həkimlərin səyinə baxmayaraq ölüb.
***
Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb, 2 nəfər ölüb.
APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, dörd maşının toqquşması nəticəsində Saidov Cavanşir Məhəmməd oğlu və sürücü hadisə yerində ölüb.
Hələlik naməlum kişi və 1976-ci il təvəllüdlü Muradova Könül Murad qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ölən Saidov Cavanşir Xətai Rayon Polis İdarəsinin əməkdaşıdır.//APA
Respublica.Az