18-06-2022, 08:41 | Azərbaycanda sabiq nazir vəfat etdi

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.
teleqraf.com-a istinadla xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.
Mərhum Gəncədə torpağa tapşırılacaq.
Qeyd edək ki, Müzamil İmran oğlu Abdullayev 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Müzamil Abdullayev 1941-ci ildə Gəncə şəhərində anadan olub. 1996-ci ildə "Surət Hüseynov olayı"na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.
18-06-2022, 08:20 | Tovuzda VAZ yanıb

Tovuz rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Böyük Qışlaq kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
18-06-2022, 08:01 | Şamaxıda qəzada xəsarət alan məktəblinin anası: “Zərbə qızımı avtobusun ön şüşəsindən atıb” - FOTO

İyunun 12-də Bakı-Şamaxı yolunda avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtobusda 279 saylı məktəbin müəllimləri, şagirdləri və onların valideynləri olub. Anası ilə birlikdə kiçik qardaşını səfərdə müşayiət edən 9-cu sinif şagirdi Aleksandra Efimenko (14 yaş) qəzada ağır xəsarət alıb.
media.az qəzada xəsarət alan məktəblinin anası ilə söhbətləşib.
Qızın anası Natalya Varapayeva bildirib ki, 4-cü sinif şagirdlərinin valideynləri Şamaxıya tur barədə məlumatı sosial şəbəkələrdə "Empathy travel" turizm agentliyinin səhifəsindən əldə ediblər. Agentliyin işçisi ilə əlaqə saxladıqdan sonra səfərin təşkili ilə bağlı razılığa gəliblər.
"Səyahət agentliyi bizə proqramı və cədvəli göndərdi, həmçinin sürücüsü olan avtobus və iki qız bələdçi ilə təmin etdi", - deyə N.Varapayeva bildirib.
Uşaqlar və böyüklər Bakıya eyni avtobusla geri qaytarılıb. Qadının sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü avtomobili yüksək sürətlə idarə edib və özünü aqressiv aparıb.
"Mən onun arxasında oturmuşdum və gördüm ki, sürət hətta bir anda 120 km/saata çatıb. Orada isə yol çox dar və təhlükəlidir. Biz valideynlər dəfələrlə ondan sürəti azaltmağı xahiş etdik. O isə kobud cavab verərək işini daha yaxşı bildiyini və ümumiyyətlə proqramda göstərilən vaxtdan (23:00) gec gəlsək, şirkətin ona pul verməyəcəyini bildirdi. Üstəlik də bizi hədələdi və "Hamınıza pis olacaq" deyərək söydü", - deyə Varapayeva əlavə edib.
Zərərçəkənin anası avtobusun döngədə sürüşdüyünü, sürücünün idarəetməni itirdiyini və nəticədə avtobusun beton hasara çırpıldığını iddia edir.
"Qızım ön şüşədən uçdu və beton baryerin arxasında olan dərin dərəyə düşdü. Mən də yıxıldım və hasara dəydim. Məni çıxartdılar, Saşanı axtarmağa başladım. Qızımın uzanmış qanlı siluetini görəndə elə bildim ki, övladımı itirmişəm...
Yoldan keçən Sadıq adlı vətəndaş dayandı və qızımı dərədən çıxarmağa kömək etməyə başladı", - deyə Natalya Varapayeva əlavə edib.
Onun sözlərinə görə, valideynlər dərhal təcili yardım çağırıblar: "Həkimlər heç cür gəlmirdi, bizim üçün isə hər saniyə önəmli sayılırdı. Həmin şəxs bizi ən yaxın xəstəxanaya, Qobustan Mərkəzi Rayon Xəstəxanasına aparmağı təklif etdi. Biz ona çox minnətdarıq".
Qanlar içində olan 9-cu sinif şagirdi maşının arxa oturacağına qoyularaq xəstəxanaya çatdırılıb. Xəstəxanada ona qan köçürülüb, ilkin tibbi yardım göstərilib, dizi tikilib, anasının isə çənəsi yerinə bərkidilib.
"Ən çox Saşanın ayağı xəsarət almışdı, parçalanmışdı, sanki əks tərəfə bükülürdü, ayağı əvvəlkindən qısalıb sanki. Onun bütün bədəni, xüsusən də başı və üzü dəhşətli dərəcədə zədələnib", - deyə Natalya Varapayeva bildirib.
Məktəbli qızın anası (çənə və dişlərinin zədələnməsi istisna olmaqla) və onun oğlu nisbətən yüngül bədən xəsarətləri alıblar. Qobustan Mərkəzi Rayon Xəstəxanasından həkimlər A.Efimenkonun Bakının Sabunçu Xəstəxanasına göndərilməsini istəyiblər. Lakin qadın qızının Mərkəzi Klinikaya göndərilməsində təkid edib.
"Saşanı müayinə etdilər, yaraları tikildi və altı saat davam edən iki çətin əməliyyat aparıldı. Onun ombası və dizini sözün əsl mənasında yenidən hissə-hissə birləşdirirdilər. İndi ayağına dəmir implantlar qoyulub ki, bu da üzündəki çapıqlar kimi, ömürlük qala bilər. Qızım üçün indi həm mənəvi, həm də fiziki cəhətdən çox çətindir. Çox sayda ağrıkəsicilər onun vəziyyətini yüngülləşdirmir. Bir valideyn kimi bu, mənim üçün böyük zərbədir", - deyə zərərçəkənin anası kədərini ifadə edib.
Onun sözlərinə görə, müalicə üçün artıq 7 min manat ödəyib. Qadın rus dili və ədəbiyyatı müəllimi işləyir və bu məbləği təkbaşına ödəyə bilmədiyi üçün köməyinə həmkarları və dostları gəlib.
"Bütün bu müddət ərzində turizm agentliyindən bir dəfə də olsun uşağın vəziyyətini öyrənmək üçün zəng etmədilər. Burada hətta maliyyə dəstəyindən də söhbət getmir. "Empathy travel"in əməkdaşı yalnız üç digər uşağın tibbi müayinəsi üçün pul ödəyib, həmçinin deyib ki, tur zamanı bələdçi fotoaparatını itirib və səfər üçün ödədiyimiz pul yoxa çıxıb, əgər pulu tapsa, qalan xəsarət alanların da müalicə xərclərinin ödənilməsi barədə düşünəcək", - deyə Varapayeva qeyd edib.
Qarşıda Aleksandra Efimenkonu uzun reabilitasiya dövrü gözləyir. Tezliklə o, dizini necə bükməyi yenidən öyrənməli olacaq. Həkimlərin proqnozlarına görə, o, yalnız altı aydan sonra ayaqüstə dura biləcək və bu zaman da axsayaraq yeriyəcək.
Qeyd edək ki, A.Efimenko əlaçı tələbə olub, iki model agentliyində çalışıb, həmçinin moda nümayişlərində və müxtəlif məktəb tədbirlərində iştirak edib.
Qızın anası yol qəzasının araşdırılmasını tələb edir və həm sürücü, həm də turizm agentliyinin direktorunun günahkar olduğunu hesab edir.
"Cəmi dörd gün sonra polis əməkdaşları valideynlərdən ifadə almaq üçün məktəbə gəldilər. Mənimlə heç kim əlaqə saxlamayıb, baxmayaraq ki, mən daim Mərkəzi Klinikadayam və onlarla danışmağa hazıram. Mən sürücü və şirkət müdiri ilə bağlı düzgün araşdırma aparılmasını və onların ədalətli şəkildə cəzalandırılmasını tələb edirəm".
Media.az adıçəkilən qurumun əməkdaşı Kamran Məmmədovla əlaqə saxlayıb. Söhbətin əvvəlində həmin şəxs bu şirkətdə çalışıb-çalışmadığına qərar verə bilməyib, gah "Muradın (turun təşkilatçısı) yaxın dostu olduğunu" və agentliklə heç bir əlaqəsinin olmadığını deyib, gah əməkdaşı olduğunu, gah başqa şirkətin sahibi olduğunu...
K.Məmmədov qəzanı belə şərh edib: "Siz küçəni keçərkən və ya maşınla evə qayıdarkən sizə heç nə olmayacağına zəmanət verə bilərsinizmi? Restoranda müştəri yemək yeyib boğularaq ölüb. İndi heç kim yemək yeməsin? Bunlar real həyat hadisələridir. Bununla bağlı zəng edib vaxtınızı itirməyə dəyməz".
Media.az özünü Murad Qəhrəmanov kimi təqdim edən turun təşkilatçısı ilə də danışıb. O, Kamran Məmmədovun onların turizm agentliyinin əməkdaşı olduğunu təsdiqləyib.
Həmin şəxs qəzada "Empathy travel" şirkətinin iştirakını qəti şəkildə təkzib edib.
"Valideynlər turizm agentliyi ilə müqavilə imzalamayıblar, ona görə də bizim hadisə ilə heç bir əlaqəmiz yoxdur. Səfər şirkət adından deyil, fərdi şəkildə təşkil olunub. Onları avtobus və bələdçilərlə təmin etdim. Bu mənim şəxsi məsuliyyətimdir. Sadəcə sürücünün nömrəsini verdim. Qəzaya görə də o məsuliyyət daşıyır".
Elə öz sözlərinin də əksinə olaraq agentliyin hazırladığı tur proqramı ilə bağlı suala cavabında M.Qəhrəman bunun ümumi şablon olduğunu deyib.
O bildirib ki, zərərçəkənlərin yerləşdirildiyi xəstəxanaya baş çəkib, bəzilərinin müalicəsini ödəyib: "Hər kəsə kömək edə bilmərəm, məcbur da deyiləm. Vəkilimlə danışdım və o, günahsız olduğumu təsdiqlədi. Mən hadisə yerində deyildim. Sürücü isə avtobus sahibinin işçisidir", - deyə turun təşkilatçısı bildirib.
Onun sözlərinə görə, ağır yaralanan Aleksandra Efimenkodan bu yaxınlarda xəbər tutub: "Mən onun anasının telefon nömrəsini götürdüm və qızın vəziyyəti ilə maraqlanacam".
18-06-2022, 07:51 | Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə isitnadən xəbər verir.
Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17-06-2022, 06:30 | Ucarda yol qəzası zamanı velosipedçi ölüb - FOTO

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.
APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.
Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.
Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.
Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş.
Faktla bağlı araşdırma aparılır.
16-06-2022, 07:11 | Yağan güclü yağışdan sonra kəndə sel gəlib - FOTO

Daşkəsəndə günorta saatlarında yağan güclü leysan yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib.
kənd icra nümayəndəsi Kazım Kamalovun "report"un Qərb bürosuna bildirib ki, sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.
Onun sözlərinə görə, təbii fəlakət evlərə və təsərrüfata, həmçinin selin keçdiyi əraziyə yaxın idman kompleksinə də zərər vurmayıb.
Qeyd edək ki, bu gün Daşkəsən, Göygöl, Gədəbəy və Kəlbəcər rayonuna güclü yağış yağıb, dolu düşüb. Bəzi kəndlərdə dolu kənd təsərrüfatına və meyvə ağaclarına zərər vurub.
15-06-2022, 14:54 | Biçin mövsümünə başlanıb - Yanğından qorumaq üçün hansı tədbirlər görülür? - VİDEO

Azərbaycanın rayonlarında arpa biçininə başlanıb. Buğda biçininə isə sayılı günlər qalıb. Biçin mövsümü ilə bağlı taxıl sahələrinin yanğından qorunması da aktuallaşıb.
Xəzər TV-yə istinadən xəbər verir ki, Aran bölgəsinin ən isti rayonlarından olan Yevlaxda taxıl sahələrini yanğından qorumaq üçün təsərrüfatçılar lazımi tədbirlər görür.
Biçin zamanı nasaz texnikalar zəmilərə buraxılmır, həmçinin əkin traktorlarından istifadə edirlər.
Tovuzlu təsərrüfatçılar isə bildirir ki, taxıl sahəsində aqrotexniki işlərin hamısı yekunlaşıb.Biçində iştirak edən bütün kənd təsərrüfatı texnikaları yoxlanıb. Biçinə qədər təhlükəsizlik tədbirlərinin gözlənlməsi üçün bir sıra qaydalara əməl edirlər.
Fövqəladə Hallar Nazirliyi (FHN) isə taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.Bildirilib ki, biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması vacibdir. Taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır. Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır, yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir, taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir. İşdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
15-06-2022, 10:23 | Bakıda ana və iki azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, hadisə bu ilin fevral ayında baş verib.
Fevralın 20-si Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanlıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
15-06-2022, 10:20 | Bakı-Füzuli marşrutu da istifadəyə verilir - İlk səfərin tarixi açıqlandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.
Nazirlikdən verilən məlumata görə, daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcıların müəyyən olunması üçün "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı"na uyğun olaraq, 06 aprel 2022-ci il tarixində "Bakı - Füzuli - Bakı" şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə 12 may 2022-ci il tarixində keçirilib və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunub. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün 20 may 2022-ci il tarixində onunla "Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında" müqavilə bağlanılıb.
Reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.
Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet ala bilərlər.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.
Bakı - Füzuli - Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.
Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək.
Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.
15-06-2022, 10:10 | Arvadını öldürüb, qayınanası və qaynını bıçaqlayan şəxsdən XƏBƏR VAR

Bakıda həyat yoldaşını qətlə yetirib, qayınanası və qaynını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Trend-ə istinadən bildirir ki, cinayət işinin materialları toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.