13-12-2023, 13:12 | Mərkəzi Bankdan fırıldaqçılıqla bağlı əhaliyə XƏBƏRDARLIQ

Mərkəzi Bankdan fırıldaqçılıqla bağlı əhaliyə XƏBƏRDARLIQ



Kapital bazarlarında aparılan qeyri-qanuni fəaliyyət və fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bank tərəfindən ictimaiyyətin, o cümlədən, investorların mütəmadi məlumatlandırılması diqqət mərkəzində saxlanılır.

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.


Qeyd edilib ki, son dövrlər ölkə hüdudlarından kənarda yeni fırıldaqçılıq hallarına cəhd edildiyi müşahidə edilir:

"Mərkəzi Banka daxil olmuş vətəndaş müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, naməlum şəxslər sosial şəbəkələr üzərindən "Maryam Invest" investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər.


23-11-2023, 12:41 | Bu tarixdən təbii qaz qiymətləri kəskin ucuzlaşacaq – BEA

Bu tarixdən təbii qaz qiymətləri kəskin ucuzlaşacaq – BEA



2025-ci ildən başlayaraq dünya bazarında təbii qazın qiyməti azalacaq.

Bu fikirdə olan Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə bildirib ki, yaxın illərdə qlobal bazarlara maye qazın böyük axını baş tutacaq. Bu axın əsasən ABŞ və Qətərdən reallaşacaq – hazırda hər iki ölkədə maye qaz istehsalının kəskin artımını nəzərdə tutan nəhəng layihələrin icrasına başlanıb. Həmin layihələr çərçivəsində istehsal olunacaq əlavə maye qaz həcmləri 2025-ci ilin əvvəllərindən bazara daxil olmağa başlayacaq ki, bu da qiymətləri kəskin şəkildə aşağı çəkəcək.

BEA rəhbərinin fikrincə, yeni təbii qaz hasilatı layihələrinə pul yatırmaq böyük risklər yaradır: “Kim belə layihələrə sərmayə qoyacaqsa, onu itirmək təhlükəsi ilə üzləşəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Almaniya kansleri Olaf Şolz Afrika ölkələrində qaz layihələrinin həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib. Nigeriyanın Riverside LNG şirkəti və Almaniyanın Johannes Schuetze Energy Import AG şirkətləri onun iştirakı ilə noyabr ayında qaz tədarükü üçün müqavilə bağlayıblar. Tədazrüklərin 2026-cı ildə başlaması gözlənilir.

22-11-2023, 08:27 | Necə oldu ki, pomidordan 11 milyon dollar itirdik?

Necə oldu ki, pomidordan 11 milyon dollar itirdik?




Rusiya hökuməti azərbaycanlı biznes adamlarına Moskvaətrafı ərazilərdə “parnik” üçün daha əlverişli şərtlər və məhsuldar torpaq sahələri təklif edir

Azərbaycanın bir vaxtlar böyük həvəslə “qırmızı qızıl” adlandırılan pomidor ixracından gəlirləri ciddi şəkildə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında ölkədən 126 milyon dollar dəyərində 113,3 min ton pomidor ixrac edilib. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 11 milyon dollar azalıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 137.1 milyon dollar dəyərində 114,9 min ton pomidor ixrac olunmuşdu.

Qeyd edək ki, 2015-ci il neftdən gəlirlər kəskin azaldıqdan və valyuta çatışmazlığından sonra ölkədə ixracyönümlü məhsulların istehsalı prioritet elan olunub. Həmin ildən etibarən müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət büdcəsindən subsidiyalaşdırmaların həcmi artırılıb. O cümlədən ixracyönümlü pomidor istehsalı üçün zəruri olan müasir tipli istilikxanaların ölkəyə gətirilməsi və quraşdırılması subsidiyalaşdırılmağa başlayıb. Bundan əlavə, 2015-ci ildə məlum təyyarə hadisəsi zamanı Rusiya Türkiyədən pomidor idxalını tamamən dayandırıb. Bu, Azərbaycandan idxal üçün münbit zəmin yaradıb. Nəticədə dövlətin geniş subsidiya dəstəyi ilə iki ildə istilikxanaların sahəsi 400 hektardan 1500 hektara qədər artırılıb. Rəsmi məlumata əsasən, 2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 369 337,4 ton pomidor, 28873,8 ton xiyar istehsal edilib.

İstilikxanaların sayının və sahəsinin artması pomidor istehsalını ilbəil artırıb. 2020-ci illə müqayisədə 2021-ci ildə pomidor istehsalı 19 faizə qədər artmışdı. 2022-ci ildə isə 2021-ci illə müqayisədə yenə 7.6 faiz istehsal artıb. Amma məhz həmin ildə istehsalın artmasına baxmayaraq, artıq əvvəlki illərlə müqayisədə pomidor istehsalçılarının sayı 2 faiz azalmışdı. Eyni zamanda pomidor sahələri də azalmışdı. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə 6 faizə qədər az sahədə pomidor əkilmişdi. Eləcə də istixanaların sayı azalıb. İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a deyib ki, istehsalın və ixracın azalmasının əsas səbəbi bilavasitə pomidorun ixrac dəyərində olan qiymətin aşağı enməsidir ki, bu, pomidor istehsalçılarının davranışlarına təsir göstərən əsas faktordur. Məlumatlara görə, səbəblər sırasında pomidor ixracı ilə məşğul olan iri biznesmenlərin əkin işlərini Rusiya paytaxtına yaxın bölgələrə köçürməsidir. Azərbaycandan olan biznes adamları daha pomidor və digər kənd təsərrüfatı məhsullarının ölkəmizdən ixracını gəlirli hesab etmirlər. Moskvaətrafı ərazilərdə Rusiya hökuməti onlara daha əlverişli şərtlər və məhsuldar torpaq sahələri təklif edir. Onlar da istixanaları orada quraraq daha çox məhsul əldə edir və satmaqda da xüsusi çətinlik çəkmirlər.

Rəsmi məlumata görə, 2023-cü ildə Rusiyada istilikxana ilə əhatə olunan torpaqlar 3280 hektara çatıb. Göstərilən ümumi istixana sahəsinin 2165 hektarı müasir, 1066 hektarı isə köhnəlmiş istixanalardır və yenidənqurma tələb olunur.

2022-ci ilin sonunda Rusiyada qış istixanalarında tərəvəz məhsulu 1,52 milyon tona çatıb. Ölkə əhalisinin (146 milyon) örtülü torpaqlarda yetişdirilən tərəvəzə olan daxili tələbatı 2,196 milyon ton (adambaşına 15 kq nisbətində) təşkil edir. “Rosstat”ın məlumatına görə, 2022-ci ildə istixana xiyarları ilə özünütəminetmə səviyyəsi 95,5 faiz (849 min ton), pomidorla təminat isə 61,4 faiz (637 min ton) təşkil edib.

Yerli istehsal artdığına görə 2022-ci ildə istixana tərəvəzlərinin idxalı 2021-ci illə müqayisədə 12,9 faiz azalaraq 497,6 milyon ABŞ dolları dəyərlə 412,7 min ton təşkil edib. Rusiyaya istixana tərəvəzlərinin idxalı strukturunda aparıcı yerləri (pomidor, xiyar) aşağıdakı dövlətlər tutur: Türkiyə, Belarus, Çin, Azərbaycan, Türkmənistan və Özbəkistan.

Rusiya İstixanaları Assosiasiyası 2025-ci ilə qədər istixanaların sahəsini 3,4 min hektara, qış istixanalarında tərəvəzin ümumi istehsalını 1,7 milyon tona çatdırmağı planlaşdırır.

Azərbaycan istehsalçılarının çox ciddi problemi bazar asılılığıdır. İxracın 95 faizdən çoxu Rusiyaya reallaşır. Ölkənin rəsmi statistikasına əsasən, 2023-cü ilin yanvar-sentyabrında Azərbaycan xaricə 124 milyon 294.80 min dollarlıq 112 071.52 ton pomidor ixrac edib. Ötən ilin eyni dövründə 134 milyon 279.33 min dollar dəyərlə 112 354.16 ton ixrac olmuşdu.

Yanvar-sentyabrda pomidor ixracının 120 milyon 380,97 min dollarlıq 109 min 685,83 tonu Rusiyaya, qalanı Belarus, Qazaxıstan, Moldova, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qətər, Səudiyyə Ərəbistanı, Polşa, cüzi həcmdə Sinqapura ixrac edilib. Baxmyaraq ki, ixrac coğrafiyasında genişlənmə var, bu amil Azərbaycanın pomidor ixracında Rusiyadan asılılığının azalmasına gətirib çıxarmayıb.

İxracda Rusiyadan asılılığın yaratdığı problemlər kifayət qədər böyükdür. İlk növbədə Rusiyanın etibarlı tərəfdaş olmaması hər an bu ölkəyə ixracın dayanması təhlükəsini aktual edir. 2015-ci ildə Türkiyədən pomidor idxalının tamamən dayandırılması faktı ortadadır. Son 8 ildə Rusiya siyasi hakimiyyəti dəfələrlə müxtəlif ölkələrə qarşı belə idxal qadağası tətbiq edib. Bunun hamısı məhz “Rosselxoznadzor”un əli ilə və demək olar ki, eyni iddialarla həyata keçirilib. Hər dəfə “Rosselxoznadzor” idxal olunan bu və ya digər məhsulda ya zərərverici, ya da orqanizm üçün təhlükəli olan maddələr “tapır”. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırdıqdan sonra Moskva öz tələblərini yürütmək üçün ölkəmizdən pomidor və alma idxalını qadağan etdi. Nəticədə Azərbaycan ixracatçıları böyük zərərlə üzləşdilər

Türkiyə ilə münasibətlər normallaşmağa başlayandan dərhal sonra Rusiya oradan pomidor idxalına məhdudiyyətlərlə də olsa icazə verdi. Lakin Türkiyə sahibkarları bu icazəyə baxmayaraq, özlərini yenidən bu ölkəyə ixracdan asılı hala gətirmədilər. Onlar məhsullarını başqa istiqamətlərə yönəltmək istiqamətində böyük uğurlar əldə ediblər. Bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Türkiyə pomidorlarını 48 ölkə alıb. 2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda cəmi 29,563 milyon dollarlıq məhsul satılıb.

Təəssüflər olsun ki, Azərbaycan istehsalçıları pomidor ixracını diversifikasiya etmək sahəsində nailiyyət əldə edə bilməyiblər. 2020-ci ildə üzləşdikləri on milyonlarla dollarlıq zərər bu məsələdə sahibkarlarımız üçün yetərli olmayıb. Bazarlar genişlənmədiyinə görə ixrac həcmlərində artım azalma ilə əvəz olunmaqdadır.

Halbuki Rusiyanın özündə gedən proseslər qadğalar olmasa belə, tezliklə Azərbaycandan pomidor idxalının azalmasını şərtləndirəcək. Bu il oktyabrın 12-dək Rusiyada istixanalardan 1,23 milyon ton, ötən ilin eyni dövründəkindən 1,6 faiz çox məhsul toplanıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bunun 644 tonu xiyar, 512 tonu pomidor olub. İstehsalın artımı istilikxana təsərrüfatlarının genişləndirilməsi hesabınadır. 2018-ci ildən bəri 1,5 min hektar sahədə 4 və 5-ci nəsil istilikxana təsərrüfatı qurulub. Belə istilikxana təsərrüfatlarında yetişdirilən pomidorun rentabelliyi 20 faizdən yuxarıdır.

Bu ilin payız aylarında Rusiyada pomidorun qiymətində 20-27 faiz bahalaşma qeydə alınıb. Sentyabrdan başlanan bu proses Azərbaycanda da pomidorun kəskin bahalaşmasına gətirib çıxarıb: istehsalçılar daxili qiyməti ən böyük ixrac bazarına uyğunlaşdırırlar. Lakin noyabrın əvvəlindən Azərbaycanda pomidorun qiymətində xeyli azalma müşahidə olunur: 4-5 manatdan 3-3,5 manata qədər ucuzlaşma var. Bunu ölkədə istilikxanalarda becərilən məhsulun yetişməsi, həmçinin Rusiyada tələbatın azalması ilə əsaslandırırlar. Rusiyada tələbatın azalması isə ölkənin özündə istilikxana mövsümünün başlanması, yerli məhsulun bazara çıxmasıdır. Baxmayaraq ki, qiymətlər bahalaşır, yerli istehsal artdığına görə idxala tələbat da azalır.

Azərbaycan daxilində qiymətlərin Rusiya bazarından tənzimlənməsi yerli pomidor istehsalçıları, eləcə də adi vətəndaşlar üçün ciddi problemlər yarada bilər: qiymətlərin kəskin ucuzlaşması istehsalçı və ixracatçılar, bahalaşması isə əhali üçün.

Onu da qeyd edək ki, Azərbaycandan yalnız pomidorun deyil, bütün növ kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişlənməsi qarşısında olan ən mühüm problemlərdən biri də Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq, Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişinin imzalanmamasıdır. ÜTT üzvü olmayan ölkələr üçün üzv ölkələr tərəfindən müxtəlif baryerlər tətbiq olunur. Eyni zamanda Azərbaycan istehsalçıları ÜTT-nin verdiyi imtiyazlardan yararlana bilmirlər. Aİ ilə sazişin olmaması şəraitində Azərbaycan məhsulları Birlik ölkələrinə idxal zamanı bir neçə mərhələli yoxlamalara məruz qalır. Bu isə ixrac dəyərini artırır, vaxt itkisinə səbəb olur. Eyni zamanda saziş olmayan ölkələrdən idxal üçün Aİ-nin bir sıra əlavə rüsumları tətbiq olunur, yaxud onlara güzəşt verilmir. Bütün bunlar son nəticədə Azərbaycan ixracatçıları üçün ciddi problemlər yaradır.

Dünya SAKİT,
“Yeni Müsavat”

21-11-2023, 15:51 | "Həmin evlərə sənəd verilməyəcək" - RƏSMİ AÇIQLAMA

"Həmin evlərə sənəd verilməyəcək" - RƏSMİ AÇIQLAMA


Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin cox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür.

ARB TV-nin efirində yayımlanan "Günə Son" verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib: "Bir necə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən iyirmi altı, iyirmi yeddi minə yaxın sənədsiz ev vardı. Təsəvvür edin ki, Abşeron rayonunda iki yüz on beş min qeydiyyatda olan əhali var, lakin yeddi yüz minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək" - deyə o, bildirib


21-11-2023, 08:43 | Serbiya 2027-ci ildən Azərbaycandan 1 milyard kubmetr qaz idxal edə biləcək - Nazir

Serbiya 2027-ci ildən Azərbaycandan 1 milyard kubmetr qaz idxal edə biləcək - Nazir


Serbiya 2027-ci ildən başlayaraq Azərbaycandan hər il bir milyard kubmetr qaz idxal edə biləcək.

Bu barədə Trend-ə özəl müsahibəsində Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedovic-Handanoviç deyib.

"Serbiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç arasında dostluq münasibətləri və qarşılıqlı hörmət sayəsində qurulub. Müvafiq nazirliklər arasında Anlaşma Memorandumu imzalamaqla biz Serbiya ilə Azərbaycan arasında energetika sahəsində ikitərəfli əməkdaşlığı genişləndirdik və bu ölkədən 2026-cı ilə qədər ildə 400 milyon kubmetrədək qaz nəqlini təmin etdik", - deyə o bildirib.

Dubravka Cedovic-Handanoviç qeyd edib ki, təhlükəsizliyi yaxşılaşdıracaq və yeni tədarük marşrutu açacaq "Balkan axını" qaz kəmərinin tikintisi başa çatdıqdan sonra Serbiya hazırda tədarükçüləri şaxələndirmək və Mərkəzi Avropaya qaz nəqli üçün tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirmək kimi strateji məqsədinə nail olur:

"Biz yaxın günlərdə Serbiya-Bolqarıstan qaz kəmərinin tamamlanmasını gözləyirik ki, bu da qaz təchizatının yeni mənbəyi üçün infrastruktur ilkin şərtlərini yaradacaq. 2027-ci ildən Serbiyanın Azərbaycandan hər il bir milyard kubmetr qaz idxal etmək imkanı var".

Dubravka Cedovic-Handanoviç qeyd edib ki, memorandum iki ölkə arasında Türkiyə və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları vasitəsilə həmin qazın tədarükü və və təbii qaz elektrik stansiyalarının və qaz anbarlarının tikintisi üçün potensialın inkişafı üzrə potensial əməkdaşlıq üçün əlavə imkanlar açır:
Ətraflı

"Bütün proqnozlar göstərir ki, bu onillikdə Serbiyanın təbii qaza tələbatı artacaq. Ümumi qaz istehlakının 2022-ci ildəki təxminən üç milyard kubmetr qazdan 2030-cu ilə qədər təxminən dörd milyard kubmetrə qədər artacağı gözlənilir. Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə Memorandumun və müqavilənin imzalanması bizə daha böyük həcmdə qaz tədarükünü və daha çox təchizatçının tədarükünü proqnozlaşdırmağa imkan verir ki, bu da vətəndaşlarımızın və iqtisadiyyatımızın təchizatında təhlükəsizliyi gücləndirməyə kömək edəcək. Bundan əlavə, Bolqarıstana qaz kəmərinin tikintisi başa çatdıqdan sonra biz ilk növbədə Şimali Makedoniya ilə yeni interkonnektorlar planlaşdırırıq".

"Yaşıl" enerji sahəsində əməkdaşlıq

Dubravka Cedovic-Handanoviç vurğuladı ki, Serbiya və Azərbaycan dekarbonizasiya və karbon neytrallığına nail olmaq sahəsində əməkdaşlığı dərinləşdirə bilər:

"Serbiya hökumətinin iyun ayında qəbul etdiyi 2028-ci ilə qədər Enerji İnfrastrukturunun İnkişafı və Enerji Səmərəliliyi Planına əsasən, 2030-cu ilə qədər günəş və külək enerjisi gücünün 3,4 QVt artırılması planlaşdırılır. Bu il bərpa olunan enerji mənbələri haqqında qanuna dəyişikliklər edildi və tənzimləyici baza yekunlaşdırıldı ki, bu da Qərbi Balkanlar regionunda bərpa olunan enerji mənbələri üçün bazar mükafatlarının paylanması üçün ən böyük hərracların keçirilməsinə imkan verdi".

Nazirin sözlərinə görə, hərracın nəticələri göstərir ki, yaxın bir neçə il ərzində gücü 700 MVt olan doqquz yeni "yaşıl" elektrik stansiyası fəaliyyətə başlayacaq:

"Proqnozlara görə, nəticədə dövlət hər il 12-28 milyon avro qazanacaq. Qaydaları dəyişdirməklə biz əlverişli investisiya mühiti yaratmışıq ki, bunu ilk hərraclarda Aİ, BƏƏ, İsrailin nüfuzlu şirkətləri, eləcə də yerli investorların iştirakı sübut edir. 2050-ci ilə qədər dekarbonizasiya və karbon neytrallığına nail olmaq, yəni enerji sektorunun iqlimə mənfi təsirinin azaldılması bütün ölkələrin ümumi vəzifəsi və məqsədidir. Bu, Azərbaycanla əməkdaşlığımızı dərinləşdirə biləcəyimiz sahələrdən biridir".


21-11-2023, 06:38 | Market və apteklərdə qiymətlər ucuzlaşa bilər – Tariflər azaldılıb

Market və apteklərdə qiymətlər ucuzlaşa bilər – Tariflər azaldılıb


Mərkəzi Bank tərəfindən bir sıra "interchange" tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, eyni zamanda burada əsas məqsədlərdən biri də, banklar tərəfindən təklif edilən xidmətlər üzrə xərclərin azaldılması və buna uyğun olaraq əlçatanlığın genişləndirilməsindən ibarətdir.


"Ona görə də hesab edirəm ki, bu istiqamətdə tariflərin azaldılması, eyni zamanda həmin sahibkarların, ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Gözləntilər ondan ibarətdir ki, xərclərin azalması həmin məhsulların daha ucuz qiymətə təklif edilməsinə səbəb ola bilər", - deyə o, qeyd edib.

Qeyd edək ki, AMB interchange tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36 % azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33 %, yanacaq doldurma məntəqələrində 55 %, digər proqramlar üzrə isə 22 % azaldılıb.


19-10-2023, 12:50 | Ələt Azad İqtisadi Zonasında şirkətlərin fəaliyyət göstərməsi üçün şərtlər açıqlandı

Ələt Azad İqtisadi Zonasında şirkətlərin fəaliyyət göstərməsi üçün şərtlər açıqlandı




Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsi üçün şirkətlərə müəyyən tələblər qoyulub.

Respublica.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O qeyd edib ki, şirkətlər ixrac üçün yüksək əlavə dəyərli məhsullar istehsal etməlidir. Eyni zamanda, istehsal məhsullarının 75 faizi xarici bazarlara çıxarılmalıdır. V.Ələsgərov əlavə edib ki, ən əsas tələblərdən biri də məhsulların beynəlxalq standartlara cavab verməsinin təmin olunmasıdır.

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat - "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - "Aquatherm Baku" sərgilərini birləşdirən Xəzər İnşaat Həftəsi işə başlayır. Oktyabrın 19-dan 21-dək keçiriləcək sərgidə 23 ölkədən 391 şirkət iştirak edir. Bu isə ötən illə müqayisədə 20 faiz artım deməkdir.

Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alır. Almaniya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunurlar.

Respublica.Az


15-10-2023, 06:31 | Bakıda böyük söküntü olacaq rayonların adları açıqlandı

Bakıda böyük söküntü olacaq rayonların adları açıqlandı


Qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək.

Bunu əmlak eksperti Elnur Fərzəliyev Xəzər xəbər-ə deyib.

Onun sözlərinə görə, indiyə qədər Bakının müxtəlif ərazilərində istismar müddətini başa vurmuş bir neçə bina sökülüb, amma bəzi yerlərdə çox sayda belə bina qalmaqdadır.

Elnur Fərzəliyev açıqlayıb ki, ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal və Səbail rayonlarındadır.

Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, nəninki mərkəzi hissələrdə, paytaxtın digər ərazilərində də onlarla qəzalı vəziyyətdə olan bina var.

Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur.

O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər.


15-10-2023, 06:28 | Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı


Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri məlum olub.

Bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində proqnozlaşdırılır.


13-10-2023, 10:07 | Bu tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək

Bu tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək


Xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə edilir.

Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.