ABŞ Dövlət Departamenti bəyanat yaydı - Azərbaycanla birgə...

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi istiqamətində üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılığa gəliblər.
Respublica.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında bu barədə üçtərəfli bəyanat yayılıb. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər.

Çoxnövlü tranzit marşrutu dövlət qurumlarının nümayəndələri və üç ölkənin texniki ekspertlərinin birgə fəaliyyəti çərçivəsində müzakirə olunacaq.Təşəbbüsün məqsədi uzunmüddətli sabitliyə, iqtisadi inkişafa, regional əlaqəliliyə və kommersiya rifahına töhfə verməkdir. Layihə, həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də əldə edilmiş Sülh Sammiti Bəyannaməsinin müddəalarının möhkəmləndirilməsinə xidmət edir.Bəyanatda qeyd olunub ki, tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri ilə məşğul olacaq ilk iki üçtərəfli planlaşdırma qrupunun yaradılması barədə razılığa gəliblər. Bu qrupların fəaliyyəti mürəkkəb texniki məsələlərin həlli və layihənin növbəti mərhələlərinə keçid, o cümlədən onun digər regional infrastrukturlarla əlaqələndirilməsi baxımından mühüm addım olacaq.

İştirakçılar TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan bütün mexanizmlərin mümkün qədər tez işə salınmasına sadiq olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Ermənistan hökuməti noyabrın 12-də parlamentin fövqəladə iclasını çağırmağı təklif edib.Gündəliyə "Səhmdar Cəmiyyətlər haqqında" Qanuna və əlaqəli qanunlara düzəliş layihəsi daxildir. Qanun layihələri paketində dövlətin iştirakı 25% və ya daha çox olan ratifikasiya olunmuş beynəlxalq müqavilələr əsasında yaradılan bütün şirkətlərə şamil ediləcək daimi qanunvericilik mexanizminin yaradılması tələb olunur. Bu düzəlişlər TRIPP layihəsinin həyata keçirilməsi üçün vacibdir. Paşinyan Amerika-Ermənistan birgə şirkətinin fəaliyyətə başlamasını gözləmədən marşrut üzrə hazırlıq işlərinə start vermək niyyətindədir. (Musavat.com )
Respublica.az
Tarix: Bu gün, 10:56
















