20-11-2023, 18:39 | Prezident: Növbəti həftələrdə Kərkük,Ərbil və Bəsrə şəhərlərinə birbaşa reyslərimiz olacaq

İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.
AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
Azərbaycan və İraq paytaxtları arasında birinci birbaşa uçuşun baş tutduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək".
20-11-2023, 18:30 | İlham Əliyev: Heç bir beynəlxalq təzyiq iradəmizə təsir göstərə bilməz

Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.
AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
Ətraflı
Ad - 00:11
"Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq", - deyə dövlətimizin başçısı vurğulayıb.
20-11-2023, 18:26 | Prezident: İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir

Əminəm ki, bu səfər (İraq Prezidentinin rəsmi səfəri - Red.) ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
Təkbətək və nümayəndə heyətləri ilə görüşlərdə ikitərəfli gündəliyimizin bir çox məsələlərinin müzakirə olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik".
20-11-2023, 15:07 | Heydər Əliyevin bir günü: Ümummilli Lider 907-ci düzəlişin Azərbaycan-ABŞ münasibətlərinə zərəri barədə

Respublica.Az xəbər verir ki, Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.
Düz 24 il bundan əvvəl, 19 noyabr 1999-cu ildə "Çırağan sarayı"nda Ümummilli Lider Heydər Əliyevin həmin dövrdəki ABŞ prezidenti Bill Klinton ilə görüşü olub.
Bill Klintonun görüşdə dediyi kimi, əsas ixrac boru kəməri barəsində sənədlərin imzalanmasını böyük tarixi hadisədir.
"Azərbaycan prezidenti kimi, Sizin uzaqgörən, ardıcıl siyasətiniz sayəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Xəzər dənizinin enerji ehtiyatlarının bütün dünyaya açılmasının əsasını qoydu. Bakı-Ceyhan kəmərinin reallığa çevrilməsində Sizin misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm. Transxəzər qaz kəmərinin çəkilişinə dair imzalanmış sənədi də yüksək dəyərləndirirəm. Əmin olduğumu bildirirəm ki, bu kəmərlər region dövlətlərinin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq və onların iqtisadi tərəqqisinə böyük töhfə verəcəkdir. Amerika-Azərbaycan əməkdaşlığının sürətlə inkişaf etdirilməsi sahəsində Sizin göstərdiyiniz səylərdən məmnunam. Mən eləcə də aramızda yaranmış şəxsi dostluq münasibətlərini həmişə çox dəyərləndirirəm", - o deyib.
Heydər Əliyev də öz növbəsində Bakı- Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz magistralının reallaşması sahəsində Amerika dövlətinin prinsipial mövqeyindən razı olduğunu bildirib.
Bundan başqa, Ümummilli Lider Amerika Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin bu əməkdaşlığın sürətli inkişafına maneçilik törətdiyini bir daha nəzərə çarpdıraraq həmin düzəlişin aradan qaldırılmasının vacib olduğunu xüsusi vurğulayıb.
"Əmin olduğumu bildirirəm ki, ikitərəfli Amerika-Azərbaycan əlaqələri son illər ərzində, cənab prezident, Sizinlə birgə yaranmış möhkəm dostluq və əməkdaşlıq təməlinə söykənərək daim uğurlu olacaq, xalqlarımızın mənafelərinə xidmət edəcək, onların rifah halının yüksəlməsinə, ölkələrimizin iqtisadi dirçəlişinə kömək edəcək, bütün Qafqaz regionunda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olunması üçün böyük imkanlar açacaqdır. Azərbaycan ilə Amerika arasında həm enerji sektorunda, həm də digər sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin möhkəmləndirilməsi, iqtisadi münasibətlərin daha da sıxlaşdırılması ilə bağlı məsələlərin bu gün müzakirə edilməsi sözsüz ki, əhəmiyyətli nəticələr verəcəkdir. ATƏT-in İstanbul zirvə görüşünün tarixi sənədlərində irəli sürülmüş müddəaların həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələr barədə söhbətimiz, eləcə də beynəlxalq aləmdə, Qafqazda vəziyyət, regionda əməkdaşlığın perspektivləri və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər haqqında da fikir mübadiləmiz Amerika - Azərbaycan əlaqələrinin möhkəmlənməsində, regionda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyətə malikdir", - Heydər Əliyev deyib.
Qeyd etmək yerinə düşər ki, bu yaxında ABŞ Senatı hələ 1999-cu ildə Ümummilli Liderin bəhs etdiyi 907-ci düzəlişlə əlaqəli məsələni yenidən aktuallaşdırıb. Belə ki, senatorlar ABŞ prezidentinin 107-115 İctimai Qanundan istifadə edə bilməyəcəyini nəzərdə tutan C.3000 ermənipərəst qanunun qəbuluna səs veriblər. Akta əsasən, ABŞ prezidenti "Azadlığa Dəstək Aktı"na "907-ci düzəliş"in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Belə ki, 907 saylı düzəlişdə Azərbaycana yardım göstərilməsi qadağan edilir. ABŞ prezidenti 907 saylı düzəlişdən yan keçə və 2024-2025-ci illərdə büdcədən Azərbaycana yardım üçün maliyyə ayıra bilməz.
Belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır
Respublica.Az
20-11-2023, 14:54 | Prezidentin adından İraq Prezidentinin şərəfinə rəsmi nahar verilib

AZƏRTAC-a istinadən bildirir ki, Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verilib.
20-11-2023, 14:37 | Azərbaycan və İraq prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

AZƏRTAC-a istinadən bildirir ki, Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.
Xəbər yenilənəcək
8-11-2023, 11:49 | İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə hərbi paradda iştirak ediblər

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.
AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
8-11-2023, 09:51 | Şanlı Ordumuz qələbə qazanaraq ədaləti bərpa etdi - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Zəfər Günü münasibətilə paylaşım edib.
Bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
"Artıq 3-cü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!", - deyə qeyd edilib.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
8-11-2023, 09:48 | İlham Əliyev təkcə 8 kəndi yox, o əraziləri də alacaq - Keryan

Ermənistanın əsas müttəfiqi olan Rusiyanın hazırda Azərbaycanla daha çox əməkdaşlıq etməsi və KTMT-nin də fəaliyyətsiz olması səbəbindən yeni müharibə təhlükəsi ehtimalı artır.
Bu sözləri erməni mediasına politoloq Qarik Keryan deyib.
O iddia edib ki, indiki şəraitdə Azərbaycan üçün müxtəlif ölkələrin paytaxtlarına səfər etməkdənsə, məqsədinə hərbi yolla nail olmaq daha sərfəlidir:
"Yaxın Şərq və Ukrayna böhranları Ermənistan-Azərbaycan münaqişəsini arxa plana keçirib və İlham Əliyev bunu həm anklavları, həm də onlara bitişik əraziləri götürmək üçün fürsət kimi baxır. Əks halda Azərbaycana anklavları alacağı halda onlara çıxış yalnız Ermənistan ərazisi ilə mümkün olacaq. Lakin buna danışıqlar yolu ilə nail olmaq mümkün deyil, çünki bunu heç kim sənədlərlə qəbul etməyəcək, ona görə də Bakı hərbi əməliyyatlara əl ata bilər"
Keryan əlavə edib ki, gündəmdə daha üç məsələ qalıb: anklavlar, delimitasiya və demarkasiya, həmçinin Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması:
"Əvvəllər Azərbaycan anklavları yada salmırdı, Azərbaycanın ərazi bütövlüyünün - o cümlədən Qarabağ da daxil olmaqla - tanınmasını tələb edirdi. Ermənistan bütün bu tələbləri yerinə yetirib.
İndi anklavlar növbəsi gəlib. Paşinyan bəyan edib ki, bu anklavlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Söhbət Tavuş bölgəsindəki yeddi kənddən və Vedi bölgəsindəki Kərki kəndindən gedir. Azərbaycan bu kəndləri alana qədər Bakı nəinki sülh müqaviləsi imzalamayacaq, həm də delimitasiya və demarkasiyaya razı olmayacaq".
O qeyd edib ki, Qərb Qarabağ ermənilərinin "etnik təmizləməsi"nə göz yumub, lakin bu anklavlara da toxunaraq, intensiv olaraq ərazi bütövlüyü prinsipi əsasında sülh müqaviləsinin imzalanmasına çağırır:
"Azərbaycanın nəzarətində olan Başkəndin yuxarıda qeyd olunan səkkiz kəndlə dəyişdirilməsi Zəngəzur və Gürcüstana gedən yollara nəzarəti zəiflədəcək (bu yollara nəzarət Azərbaycana keçəcək - red.).
Keryanın iddiasına görə, "çevik danışıqlar aparmaq" və 8 kəndin Ermənistanda qalmasını, Başkəndin isə Azərbaycana verilməsini təmin etmək olar:
"Ancaq anklavlar haqda yalnız Azərbaycan danışır və əminəm ki, Bakı Başkəndlə bağlı müzakirədən imtina edəcək".//axar.az-//
8-11-2023, 09:46 | "İlham Əliyevin yürütdüyü siyasət regiona sabitlik gətirdi"

Azərbaycan ordusu torpaqlarında 30 illik işğala son qoyaraq tarixə düşən bir zəfər qazandı.
Bu barədə Trend-ə açıqlamasında türkiyəli general-mayor Özgür Tör deyib.
O qeyd edib ki, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etdi.
"Çox sayda şəhid və qazilərimizin canı, qanı hesabına azad olunan torpaqlarda yalnızca işğala son qoyulmadı, eyni zamanda region üçün sabitlik gətirildi. 30 ildir gözlədilən, həll edilməyən problem Azərbaycan ordusunun gücü, Prezident İlham Əliyevin qlobal, stratejik addımları, yürütdüyü siyasətlə həll edildi. Ümid edirik ki, bundan sonra da region sülh və sabitlik içərisində olar",- deyə o əlavə edib.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

















