26-11-2021, 16:02 | Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Xəbər yenilənəcək
AZƏRTAC
26-11-2021, 13:06 | Rusiya türklərin ən böyük dövlətidir
Soçidə bu gün baş tutacaq görüş çox önəmlidir, çünki son görüşdən 10 aydan çox vaxt keçib, bu müddət ərzində Azərbaycanın haqlarının pozulmasına dair çoxlu sayda faktlar var. Bunu Rusiya da çox yaxşı bilir.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.
Onun sözlərinə görə, Rusiyanın üzərinə çox böyük məsuliyyət düşür:
"Hazırda Ermənistanın terror hərəkətlərinin, Qarabağda rus sülhməramlılarının arxasında gizlənərək siyasi ehtirasları qızışdırmasının, Zəngəzur dəhlizindəki müəyyən fəaliyyətlərinin bir səbəbkarı da Rusiyadır. Ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. İndi Rusiya bəyanat ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir. Rusiya Qarabağda sülhməramlıların fəaliyyət göstərdiyi yerlərdə Azərbaycanın haqlarını qorumalı, Ermənistanın Qarabağa iddialarının, bu istiqamətdə fəaliyyətlərinin, eyni zamanda sərhəd təxribatlarının qarşısını almalı, həm də Zəngəzur dəhlizinin açılmasına imkan yaratmalıdır".
Ekspert Ermənistan və Azərbaycan arasında sülhə qədər bütün proseslərin hüquqa uyğun şəkildə irəliləməsinin bütün bölgə ölkələrinin, xüsusilə Rusiyanın xeyrinə olacağını vurğulayıb:
"Lakin daha geniş bir çərçivədə Rusiyanın böyük təzyiqlə üzləşə və ya hansısa qlobal bir oyunun içərisində ola biləcəyini də diqqətdən kənarda qoymamalıyıq. Bu məqamda qeyd etməliyəm ki, türk ölkələri arasında əlaqələrin güclənməsi Rusiyaya qarşı deyil, əslində onun üçün də yararlıdır. Hazırda Rusiyanın daxilində müxtəlif türk boylarından olan çoxlu sayda xalq var. Hətta bu nöqteyi-nəzərdən Rusiya dünyanın ən böyük türk ölkələrindən biridir. Rusiya burada yaşayan türk xalqları vasitəsilə yeni formalaşmaqda olan geosiyasi sistemdə ən önəmli faktorlardan birinə çevrilə bilər. Düşünürəm ki, Rusiya ilə türk dünyası, Azərbaycan və Türkiyə arasında çox önəmli geosiyasi əlaqələr qurula bilər. Ancaq hər şeydən əvvəl Rusiyanın bu reallığı öncədən görməsi, qəbul etməsi və praktiki fəaliyyət göstərməsi, öz baxış istiqamətini genişləndirməsi lazımdır".
26-11-2021, 12:04 | Prezident İlham Əliyev Soçi şəhərinə işgüzar səfər edib
Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər edib.
Xəbər yenilənəcək
AZƏRTAC
26-11-2021, 12:01 | Soçidəki danışıqlar: Azərbaycan nə gözləməlidir? - TƏHLİL
Məlum olduğu kimi, bu gün Soçidə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında görüş keçiriləcək. Bu görüş zamanı bir sıra məsələlərin, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin müzakirəsi gözlənilir. Soçidə üçtərəfli görüşün keçirilməsi faktı onu göstərir ki, Yerevan, nəhayət yeni reallıqla barışıb. Bu baxımdan, görüşdən gözləntilər böyükdür. Soçi görüşü ötən il imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müzəffər Ordumuzun Zəfəri nəticəsində yaranmış reallıqların qəbul edilməsidir.
Məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko hesab edir ki, Soçidə görüş konkret nəticələr gətirəcək.
"Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-Yerevan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür", - deyə o qeyd edib.
Bu görüşdə müzakirəsi gözlənilən mövzulara gəlincə, M.Şevçenko sərhədlərin delimitasiyasının ən vacib mövzu olduğunu vurğulayıb:
"Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, "Telegram" kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzur üçün də ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək" - M.Şevçenko deyib.
Amerikalı ekspert Piter Teys qeyd edir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşdə iştirakı irəliyə atılan nəhəng addımdır.
Onun sözlərinə görə, son onillikdə Ermənistan ölkənin zəif idarə olunması nümunəsini sərgiləyib və Soçidə üçtərəfli görüşdə iştirak uğursuz qərarlar silsiləsini qırmaq üçün şansdır.
"Ermənistan beynəlxalq hüquqa əməl etməlidir. Azərbaycanla sülh sazişi barədə razılığa gəlməli, ticarət və kommersiya sahəsində əməkdaşlıq üçün imkanları tədqiq etməlidir", - deyə ekspert bildirib.
O qeyd edib ki, gələcək görüş çox vacib siyasi məqama malikdir, belə ki, görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının statuslarının müzakirəsi gözlənilir, bu isə regionun gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Rusiyalı politoloq Andrey İvanov isə Trend-ə açıqlamasında deyib ki, bu görüş bu gün işlək olan müddəalara sadiqliyi təsdiq etməlidir.
"Görünən odur ki, Yerevan ənənəvi olaraq problemi unutdurmaq taktikasından istifadə etmək istəyirdi. Ermənistanın daxili siyasəti uzun illərdir ki, millətçi ritorikanın qızışdırılması üzərində dayanır. Amma daxili auditoriya üçün yaxşı olan amil beynəlxalq siyasətdə qəbul olunmur. Məğz etibarilə tənzimləmə prosesi çox yavaş gedir, amma bunu sürətləndirmək olar. Vacib olan odur ki, indi söhbət torpaqların işğalından, ərazi bütövlüyündən yox, regionda normal həyatın qurulması mexanizmindən gedir", - deyə politoloq vurğulayıb.
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova öz növbəsində bildirib ki, Nikol Paşinyan Soçi görüşündən qorxur.
"Çünki görüş zamanı ermənilər üçün ən kəskin məsələlər müzakirə olunacaq. Ermənistan hər vəchlə görüşdən yayınmağa çalışırdı. Görüşdə toxunulacaq məsələlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyası olacaq. Böyük ehtimalla, bu məsələ ilə daha fəal məşğul olacaq işçi qrupu yaradılacaq. Soçidə diqqətə alınacaq daha bir məsələ Zəngəzur dəhlizi ola bilər", - deyə o bildirib.
Nikol Paşinyanın danışıqlar masasına gətirilməsi Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. Paşinyan növbəti dəfə regiondakı reallıqları qəbul etməyə məcbur qaldı.
"Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuz da uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən, sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yoxdur. Azərbaycan Ermənistanı məcbur etdi ki, danışqılara getsin və Azərbaycanın şərtlərini qəbul etsin.
Soçi görüşünə ümidlər böyükdür. müəyyən zaman kəsiyində İkinci Qarabağ müharibəsinin nəticələri səbəbindən yaranan bəzi reallıqların dəyişə biləcəyinə ümid bəsləyən və çoxsaylı məkrli gedişləriylə buna çalışan Ermənistanın bütün ümidləri puça çıxarıldığından, rəsmi İrəvan Azərbaycanın dəyişdirilməsi mümkün olmayan şərtləri daxilində danışıqlara getməkdən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa heç bir çıxış yolunun olmadığını qəbul etməyə məcbur olub. Görüşlərin intensivliyi sülh razılaşmasının imzalanması üçün vacib əhəmiyyət daşıyır.
Trend-in Təhlil şöbəsi
26-11-2021, 11:47 | Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin görüşü olacaq
Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il tarixli münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə görüş keçiriləcək.
Trend-ə istinadən bildirir ki, görüş zamanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların icrasının gedişatını nəzərdən keçirmək, eləcə də regionda sabitliyin gücləndirilməsi və dinc həyatın qurulması üzrə gələcək addımlar müəyyənləşdiriləcək.
Qeyd olunub ki, görüşdə ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq.
Kremldən bildiriblər ki, V.Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.
22-11-2021, 21:07 | Tezliklə Ağdama səfər edəcəm - ABŞ səfiri
Tezliklə Ağdama səfər edəcəm.
Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.
Səfir bildirib ki, o Zəngilanda olub. Regionlara səfərlər onun işinin tərkib hissələrindədir.
"Hansı ərazilərə səfər etməmişəmsə, həmin ərazilərə tezliklə səfər edəcəm".
22-11-2021, 21:02 | Prezident İlham Əliyev Uqandanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.
AZƏRTAC-a istinadən bildirir ki, səfir Muhammad Tezikuba Kisambira etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin olduğu bildirildi. Həmçinin Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Bu baxımdan Prezident İlham Əliyev Uqanda Respublikasının Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı verilən qərara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu hərəkatın sədri kimi Azərbaycan üzv dövlətlər arasında birliyin gücləndirilməsi, xüsusilə COVID-19 ilə mübarizədə praktiki dəstəyi təmin etmək üçün fəal iş aparıb. Azərbaycan Prezidenti ölkəmizin bundan sonra da Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Prezident İlham Əliyev bildirib ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, "ASAN xidmət"in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır.
Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan etimad fondu layihəsinə dəstəyi yüksək qiymətləndirildi.
Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambira Uqanda Prezidenti Yoveri Museveninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Muhammad Tezikuba Kisambira bildirdi ki, ölkəmizə səfir təyin olunarkən Uqanda Prezidenti ona beynəlxalq aləmdə ölkələrimiz arasında siyasi dəstəyi gücləndirmək barədə tapşırıq verib. Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlətimizin başçısına çatdırdı. O, həmçinin vurğuladı ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır. Diplomat dedi ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.
17-11-2021, 08:19 | Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı təbrik edib
Türkiyənin Azərbaycandakı səfirliyi 17 noyabr Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib.
Səfirliyin rəsmi Twitter səhifəsində paylaşılmış təbrikdə deyilir:
"Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə və Azərbaycan qardaşlığı kimi əbədi olmasını arzu edirik!".
15-11-2021, 08:22 | Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rasim Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rasim Həsən oğlu Əliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Nekroloqun mətnində deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan memarlıq məktəbinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar memar Rasim Həsən oğlu Əliyev 2021-ci il noyabrın 13-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Rasim Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdir.
Rasim Əliyev ali təhsilini başa vurduqdan sonra, 1958-1965-ci illərdə "Azərdövlətlayihə" İnstitutunda işləmişdir. O, 1965-1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974-1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980-1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdur.
Rasim Əliyev həyatını quruculuq işlərinə sərf edərək Azərbaycanda şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına layiqli töhfələr vermişdir. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çox sayda layihənin müəllifi olmuşdur. İçərişəhərin regenerasiya planı da bilavasitə onun başçılığı ilə hazırlanmışdır. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən Rasim Əliyev özünün yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, yaşayış massivlərinin və əsas parkların, habelə paytaxtda və digər şəhərlərimizdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında onun əvəzsiz xidmətləri vardır. Sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir. Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır.
Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət", 2009-cu ildə "Şərəf" və 2014-cü ildə "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Tanınmış memar, səmimi insan Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu, həmçinin Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev, Eldar Əzizov, Fərəh Əliyeva, Anar Kərimov, Anar Quliyev, Ömər Eldarov, Elbay Qasımzadə, Fərhad Xəlilov, Fazil Nəcəfov və Hafiz Əmirxanov imzalayıblar.
AZƏRTAC
11-11-2021, 10:40 | Azərbaycan UNESCO ilə razılığa gəldi
Xarici işlər naziri Ceyhun Bayramov UNESCO Baş Konfransının 41-ci sessiyasının ümumi siyasət debatında çıxış edib.
Bu barədə XİN məlumat yayıb.
Nazir çıxışında UNESCO-nun yaradılmasının 75 illiyinin qeyd edildiyi bir vaxtda təşkilatın aktuallığının hər zamankından çox olduğunu vurğulayıb.
Dünyanın COVID-19 pandemiyası ilə mübarizəsinə diqqəti cəlb edən nazir Azərbaycanın ilk gündən pandemiyanın öz əhalisinə, eləcə də, beynəlxalq ictimaiyyətə mənfi təsirini minimuma endirmək üçün ciddi tədbirlərindən danışıb.
Əhalimizin 60%-i artıq peyvənd olunduğu, ölkəmizin pandemiya ilə mübarizəni dəstəkləmək üçün 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdiyini vurğulayıb.
Azərbaycanın UNESCO üzvlüyünün gələn il 30 illiyinin qeyd edəcəyi bildirilib və Azərbaycanın Birinci vitse-prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri sayəsində UNESCO ilə güclü, dinamik tərəfdaşlığın mövcud olduğu vurğulanıb.
Belə ki, Azərbaycan dünyanın müxtəlif yerlərində UNESCO-nun missiyasını dəstəkləyir və mədəniyyətlərarası dialoqun təşviqində təşkilatın əsas tərəfdaşlarından biridir.
Azərbaycan və UNESCO arasında yaradılmış Etimad Fondu vasitəsilə Afrika, Asiya və Latın Amerikası regionlarındakı UNESCO-ya üzv dövlətlərə dəstək verilir.
Azərbaycan 2020-ci ilin martında UNESCO tərəfindən yaradılmış Qlobal Təhsil Koalisiyasına qoşulmaq niyyətini ifadə edib.
Bu baxımdan, Azərbaycan bütün dünyada tələbələrə, xüsusən də ən həssas olanlara kömək etmək məqsədi daşıyan fəaliyyətlərə öz töhfəsini verəcək.
Nazir Ceyhun Bayramov Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirib.
İşğal dövründə mədəni sərvətimizə qəsdən vurulmuş ziyandan, mədəni irsimizin tamamilə dağıdılması, talan edilməsi, tarixi-mədəni xarakterinin dəyişdirilməsindən danışıb.
Bundan əlavə, Ermənistanın minalanmış ərazilərin xəritələrini paylaşmaqdan boyun qaçıraraq, qəsdən qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının qarşısını aldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Ermənistanın törətdiyi bu kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə UNESCO-ya xəbərdarlıq etdiyi və son 30 il ərzində işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığı səsləndirilib. Lakin Ermənistanın bu missiyanın göndərilməsinə əngəl törətdiyi və bunun UNESCO-nun 2005-ci il hesabatında etiraf edildiyi vurğulanıb.
Hazırkı münaqişə sonrası mərhələdə Azərbaycan hökuməti tərəfindən görülən bərpa və yenidən qurma işləri, o cümlədən, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəniyyət və dini abidələr mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizəsi və bərpası işləri qeyd edilib.
Qeyd edilib ki, Azərbaycan münaqişədən sonrakı reabilitasiya prosesində UNESCO ilə əməkdaşlıq etmək istəyindədir və işğaldan azad edilmiş ərazilərimizə texniki missiyanın göndərilməsi məqsədilə Azərbaycan və UNESCO-nun fəal şəkildə dialoq aparılır. Tərəflər missiyanın səmərəliliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlərdə razılığa gəliblər.
Azərbaycan 2021-2025-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasına namizəd ölkədir, əgər seçilərsə, Azərbaycan UNESCO-ya öz məqsəd və ideallarını həyata keçirməkdə daha çox töhfə vermək və yardım göstərmək imkanlarına sahib olacaq.
milli.az